Məhkəmə qərarları › İş №2(105)-1146/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1146/2024

07.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1146/2024 07.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Xanhüseynova (Məhərrəmova) Amalya Pərviz qızına və Cavabdeh3 qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), X4 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4 iştirakı ilə, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-144/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 641/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Huseynovnanın cavabdehler Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X8, Xanhuseynova (Məhərrəmzadə) Amalya Pərviz qızına və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair” iddiası təmin edilərək, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X5, Xanhuseynova (Məhərrəmzadə) Amalya Pərviz qızının və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qətnamə qanun qüvvəyə minmiş və icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-564/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X8, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızına, Cavabdeh3 qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh4, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızının, Cavabdeh1, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızının və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 641/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi icra olunan günə kimi, iddiaçının xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, 54 nömrəli evin 22 nömrəli mənzilindən istifadəyə görə mənzilin sahibi X6 xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay üçün ödədiyi 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh1, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)9595/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-641/2019 saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Huseynovnanın cavabdehlər Cavabdeh4, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh1, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh3 qarşı cavabdehlərdən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzili boşaldılaraq ona təhvil verilənədək hər ay üçün 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqı və digər xərclərə görə birdəfəlik ödəmə qismində 30 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərə görə 2.000 manat pulun tutulması barədə iddiasının rədd edilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2692/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-9595/2021 saylı qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)5645/2022 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-641/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 1771/2023 saylı qərarının surətindən görünür ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, tərəfindən birgə qaydada verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5645/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Xanhüseynova (Məhərrəmova) Amalya Pərviz qızından və Cavabdeh3 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 641/2019 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən, yəni, xx.xx.2019-cü il tarixindən xx.xx.2020-ci il tarixinə qədər olan müddətdə, ona məxsus mənzildən qanunsuz istifadə etmələrinə görə vurulmuş ziyana görə hər ay üçün 500 manat kirayə haqqı olmaqla, cəmi 20 ay 10 günə görə 10167 manat, 127,50 manat dövlər rüsumu, mənəvi zərərə görə 2000 manat və hüquqi yardıma görə 320 manat məbləğində pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyət hüquqi əsasında ona məxsus Bakı şəhəri, Y.Yasamal-1 küçəsi, ev 7, 72 saylı mənzildən sahiblik və istifadə hüququndan qanunsuz olaraq məhrum olunmuşdur və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcüddur. Mübahisə ondan ibarətdir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Xanhüseynova (Məhərrəmova) Amalya Pərviz qızı və Cavabdeh3 qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmirlər, yuxarıda qeyd edilən mənzili boşaldıb ona təhvil verməkdən boyun qaçırırlar. Yasamal rayon məhkəməsinin 2(004)-641/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlərin Y.Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və ona təhvil verilməsi qət edilmişdir. Qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Lakin üstündən 1 il 8 ay keçməsinə baxmayaraq həmin qətnamə icra olunmur, cavabdehlər qanunsuz olaraq qərarı icra etmirlər və bunun nəticəsində ona maddi və mənəvi zərər vururlar. Cavabdehlər qətnamə qanuni qüvvəsini aldığı gündən xx.xx.2019cu il tarixindən xx.xx.2020-ci il tarixinədək olan müddət ərzində qanunsuz istifadə edirlər, bu qanunsuz istifadə hələ də, davam edir. Cavabdehlərin qanunsuz əməllərindən (hərəkətsizliklərindən) maddi zərərlə yanaşı mənəvi iztirab çəkir, hər dəfə bir evdən başqa evə köçmək taqətində deyil, mənəvi cəhətdən tam olaraq sarsılmışdır. Cavabdehlərin qanunsuz hərəkətləri mülkiyyət hüququnu pozur, ona həm maddi zərər vurur həm də mənəvi iztirab çəkməyə məcbur edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsi onda qanunun olmaması ilə eyni təsürat yaradır. Bu səbəbdən hesab edir ki, dəymiş mənəvi zərərə və iztiraba görə cavabdehlər ona 2000 manat məbləğində təzminat ödəməlidirlər.

9. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərdilər ki, Cavabdeh4 Şuşa şəhərindən məcburi köçkün, İ Qarabağ müharibəsi veteranıdır. Cavabdeh1 İİ Qarabağ Vətən müharibəsi veteranı Füzuli, Xocavənd rayonlarının və Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərin iştirakçısıdır. Ailələri 1992-ci ildən Şuşa şəhərindən məcburi köçkün olaraq, Yasamal rayonu, Yeni Yasamal 1, bina 7, mənzil 72 də məskunlaşmışlar. İstifadəyə verilməyən yarım tikilidə öz vəsaitləri hesabına şərait yaratmışlar. Məskunlaşdıqdan 6 ay sonra, 1992ci ilin noyabr ayında Cahangirov Mişanın adına Yeni Yasamal 1, bina 7, mənzil 72-yə order verilib. X19 idarəsinin işçisi olduğu üçün ailəsi ilə birlikdə Nərimanov prospektində Azərbaycan Dəniz Gəmiçilik idarəsinin ailəvi yataqxanasında 2 otaqlı evi olmuşdur. Yeni Yasamaldaki yarım tikili olduğu üçün razılıq vermişdir ki, Şuşa şəhərinə qayıdana kimi qalsınlar. Binada məcburi köçkünlərin yaşadığı evlərin sahibləri Yasamal rayon İcra Hakimiyyətinə şikayət etmiş, məcburi köçkünlərə qonşu binadan ev verib köçürmüşdürlər. Lakin, Mişa bundan xəbərdar olsa da şikayət etməmiş və razı olmuşdur ki, burdan Şuşaya gedənə kimi qalsınlar. Hal-hazırda yaşadıqları binada onlar kimi məcburi köçkünlər yaşayır. Şuşaya tezliklə qayıdıb evi təhvil verəcəklər. Evin ilk sahibi Cahangirov Mişa rəhmətə gedəndən sonra arvadı İddiaçı mənzili adına keçmişdir. Qarşı tərəfin vəkili Vəkil bütün məhkəmə proseslərində Xaniça xanımın tək imkansız olduğunu, başqa yaşayış yerinin olmadığını və ona imkansız olduğu üçün pulsuz vəkillik etdiyini deyərək hakimlərinin apardıqları işləri başqa səmtə yönəltmişdir. Xanica xanımın oğlu X11 "xxxx" MMC-nin rəhbəri X2 cangüdənidir, şəkilləri əlavə olunub. xx.xx.2020-ci il tarixli ev kirayəsi müqaviləsinə əsasən Bakı şəhər Nərimanov rayon T.Əliyev küçəsi 54 nömrəli evin 22 saylı mənzili ev sahibi kimi göstərilən X1 Asiyat Paxradinovnanın yaxın qohumudur. İlkin məhkəmə prosesində bu hallar araşdırılmadan və məhkəmə olan gün xx.xx.2021-ci il tarixdə açıq ürək əməliyyatı olduğu üçün məhkəmə prosesində iştirak etməmişlər. Qətnamədə vəkil İlham Mehdiyevin təqdim etdiyi sənədlərdəki məlumatlar həqiqəti əks etdirməmişdir. X12 xx.xx.1996-cı ildə vəfat etmişdir. Cavabdeh2 2017-ci ildən ailəlidir və başqa ünvanda ünvan 1ayəsi ödəyir (maaşının 50 % miqdarında) Cavabdeh3 2019-2022ci illər ərzində İqtisad Universitetinin tələbəsi olduğu halda onun hər ay maaşından 50 % ev kirayəsi tutulur. Evin işiq pulu, qaz pulu qəbzi, sayğaclar da Cavabdeh4 adınadır. 2020ci ilin sentyabrından hesablanaraq bu günə kimi borc yığılıb. Hər ay ailə üzvlərinin maaşlarının 50 faizi miqdarında təxminən ayda 800 manata yaxın aylıq ev kirayəsi tutularaq İddiaçı verilir. Ailə üzvlərinin əmək haqqlarından ümumi olaraq 2023-cü ilin sentyabr ayından xx.xx.2024-cü ilə kimi 4891.33 manat ev kirayəsi ödəmişlər. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdirlər.

10. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-144/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının aid edilməsi qət edilmişdir (hakim Sərdar Mehrəliyev).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21.1, 21.2, 385.1, 386.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2017-ci il tarixli qərarlarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 82.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verib, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin hakitiki hallarından və təqdim edilmiş sübutlardan eyni zamanda cavabdehin etirafından müəyyən olunur ki, mübahisəli mənzil 2019-2020-ci illər ərzində cavabdehlərin sahiblik və istifadəsində olmuşdur. Belə olduğu halda məhkəmə deliktin yaranıb-yaranmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə iddianı rədd edərkən Mülki Məcələnin 152-ci maddəsinin tələblərini nəzərə almamışdır, iddiaçının cavabdeh tərəfindən Konstitusiya ilə qorunan mülkiyyət hüququnun pozulub pozulmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə iddiaçı tərəfindən 2019-2020-ci illər ərizndə əmlakından istifadə, sahiblik hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasına və bunun nəticəsinə Mülki Məcəllənin 21-ci maddəsinin pozulmasına hüquqi qiymət verməmişdir. Göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən iddianın rədd edilməsini əsaslandırmamış, maddi və prosessual hüquq normalarını sadalanmaqla kifayətlənmişdir. Qətnamə əsaslandırılmamışdır. Qətnamənin məzmunundan göründüyü kimi, qətnamənin əsaslandırıcı hissəsi ümumiyyətlə yoxdur. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində məhkəmə işin faktiki hallarını sadalamaqla kifayətlənmiş, iddianın hansı əsaslara görə rədd edilməsini belə qeyd etməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında Cavabdeh4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh5, Cavabdeh1, Xanhüseynova (Məhərrəmova) Amalya Pərviz qızı və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər.

18. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-144/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Ona görə də kollegiya Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)- 144/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

38. İddiaçının iddiasına görə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Xanhüseynova (Məhərrəmova) Amalya Pərviz qızından və Cavabdeh3 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-641/2019 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən, yəni, xx.xx.2019-cü il tarixindən xx.xx.2020-ci il tarixinə qədər olan müddətdə, ona məxsus mənzildən qanunsuz istifadə etmələrinə görə vurulmuş ziyana görə hər ay üçün 500 manat kirayə haqqı olmaqla, cəmi 20 ay 10 günə görə 10167 manat, 127,50 manat dövlət rüsumu, mənəvi zərərə görə 2000 manat və hüquqi yardıma görə 320 manat məbləğində pulun müştərək qaydada tutularaq ona ödənilməlidir.

39. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halları bundan ibarət olmuşdur ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X12, Xanhuseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qətnamə qanun qüvvəyə minmiş və icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Sonradan iddiaçı həmin cavabdehlərə qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-564/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-641/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi icra olunan günə kimi, iddiaçının xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, 54 nömrəli evin 22 nömrəli mənzilindən istifadəyə görə mənzilin sahibi X6 xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay üçün ödədiyi 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir.

40. Apellyasiya icraatı zamanı aydın olmuşdur ki, cavabdehlər Şuşada mənzillə təmin olunmuşlar və iddiaçıya məxsus mənzili boşaldıb tərk etmişlər.

41. İddiaçı hazırkı iddia tələbini əvvəlki iddia tələbinin eyni ilə əsaslandırmış, ona maddi və mənəvi zərər dəyməsinə dair sübutu nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyası məhkəməsində təqdim etməmişdir.

42. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı əvvəla qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

43. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

44. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

45. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.

46. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X16rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

47. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-144/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar