Məhkəmə qərarları › İş №2(105)-115/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-115/2023

03.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-115/2023 03.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X13 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Nuru qızına, Cavabdeh1, Cavabdeh2 qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(031)-23/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) İddiaçı cavabdehlər Cavabdeh3 Nuru qızına, Cavabdeh1, Cavabdeh2 qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Şabran rayonu, Qələgah kəndində yerləşən 2.193 ha torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən ona geri qaytarılması və cavabdehlər Cavabdeh3 Nuru qızından, Cavabdeh1 və Cavabdeh2 ona vurduqları zərərə görə 7845 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Şabran rayonu, Qələgah kəndində yerləşən 2.193 ha torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən ona geri qaytarılması, cavabdehlər Cavabdeh3 Nuru qızından, Cavabdeh1, Cavabdeh2 ona vurduqları zərərə görə 13078 (on üç min yetmiş səkkiz) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi rayonu, Aqrar İslahat Komissiyasının 26 sentyabr 1997-ci il tarixli, 09 №-li qərarı ilə X7, X3, Cavabdeh3 Nuru qızının, Cavabdeh1, Cavabdeh2 ümumi mülkiyyətinə Şabran rayonu, Qələgah kəndi ərzisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 4.38 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN 0019 saylı, kod 30406038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. 26 dekabr 2003-cü il tarixdə X8 digər mülkiyyətçilərin razılığı ilə 4.38 ha torpaq sahəsindən 3.03 ha (30335.63 kv.m) torpaq sahəsini ona satmışdır. Bu barədə akt da tərtib edilmişdir. JN 0019 saylı, kod 30406038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ona təqdim edilmişdir. X1 rəhmətə getmişdir. O, əqdi icra etsə də, yəni torpağın pulunu ödəsə də X8, Cavabdeh3 Nuru qızı, Cavabdeh1, Cavabdeh2 əqdin notariat qaydasında təsdiqlənməsi üçün notariat kontoruna getməmişlər. Belə olan halda əqd rəsmiləşdirilə bilməmişdir. Ona görə də o, cavabdehlər Cavabdeh3 Nuru qızına, Cavabdeh1, Cavabdeh2 qarşı JN 0019 saylı, kod 30406038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında onunla X8 arasında Dəvəçi (indiki Şabran) rayonu, Qələgah kəndində yerləşən 4.38 ha torpaq sahəsindən 3.03 ha (30335.63 kv.m) torpaq sahəsinin alqı-satqısı üzrə bağlanmış 26 dekabr 2003-cü il tarixli əqdin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Şabran rayon məhkəməsinə müraciət etmişdir. Şabran rayon məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 2(031 )-369/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, JN 0019 saylı, kod 30406038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında onunla X8 arasında Dəvəçi (indiki Şabran) rayonu, Qələgah kəndində yerləşən 4.38 ha torpaq sahəsindən 2.193 ha pay torpaq sahəsinin alqı-satqısı üzrə bağlanmış 26 dekabr 2003-cü il tarixli əqd etibarlı hesab edilmişdir. İş məhkəmənin icraatına olarkən cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət edərək mübahisəli 4.38 ha torpaq sahəsinə dair qanunsuz olaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli çıxarışlar əldə etmişlər. Həmçinin o, 2.193 ha torpaq sahəmin sərhədlərini müəyyənləşdirmək istəsə də, cavabdeh onunla mübahisə yaratdığından o, torpaq sahəsinin sərhədlərini müəyyənləşdirə bilməmişdir. Ona görə də Şabran rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Hüquqların Döv qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiy; nömrəli, **********78 reyestr nömrəli və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömr; **********19 reyestr nömrəli çıxarışların ləğv edilməsi və Şabran rayonu, Qələgah kəndində yerləşın 2.193 ha torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi barədə qətnamə qəbul edilməs xahiş etmişdir. Şabran rayon məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli 2(031 )-664/2018 saylı qətaməsi ilə iddia təmin edilmiş və qət edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017ci il tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli çıxarışlar ləğv edilsin və Şabran rayonu, Qələgah kəndində yerləşən 2.193 ha torpaq sahəsinin sərhədləri yerində, (naturada) müəyyən edilsin. Şabran rayon məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli 2(031)- 664/2018 saylı qətnaməsindən Cavabdeh3 Nuru qızı apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 2(105)-1216/2019 saylı qətnaməsi ilə Cavabdeh3 Nuru qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran rayon məhkəməsinin 2(031)-664/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmişdir. Qətnamə ilə qət edilmişdir ki, Şabran rayonu, Qələgah kəndində yerləşən 3.03 ha torpaq sahəsinə dair X7, X8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nuru qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə 66 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində aparılmış qeydiyyatı və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli çıxarış ləğv edilsin. Şabran rayonu, Qələgah kəndində yerləşən 3.03 ha torpaq sahəsinin iddiaçıya düşən 2.193 ha hissəsinin sərhədləri yerində (naturada) müəyyən edilib ona verilsin. İddia qalan hissədə təmin edilməsin. Sumqayıt Apellyasiya məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 2(105)-1216/2019 saylı qətnaməsindən Cavabdeh3 Nuru qızı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh3 Nuru qızının kassasiya şikayəti təmin edilməmişdir. O, 26 dekabr 2003-cü il tarixdən məhkəmədə cavabdehlərə qarşı “əqdin etibarlı hesab edilməsi tələbinə dair iddia qaldırana qədər qeyd olunan torpaq sahəsini əkib becərməklə həmin torpaq sahəsinə mülkiyyətçi kimi sahiblik etmiş, ondan istifadə etmişdir. Şabran rayon məhkəməsində cavabdehlərə qarşı "əqdin etibarlı hesab edilməsi” tələbinə dair iddia qaldırdığı vaxtdan (2017-ci ilin fevral ayından) cavabdehlər ona məxsus torpaq sahəsini özbaşına olaraq zəbt etmişlər. Məhkəmə prosesləri getdiyi ərəfədə yalanlar uyduraraq guya dövlət aktının itdiyini bildirərək qəzetlərdə elan verməklə dövlət aktının etibarsız hesab etməyə belə cəhd göstərmişlər və hətta adlarına mülkiyyət sənədləri belə almışlar. Lakin, onların çirkin əməlləri sonda baş tutmamış, əldə etdikləri saxta mülkiyyət sənədi ləğv edilmişdir. Cavabdehlər bu gün də torpağını zəbt etməklə çıxarılmış məhkəmə qərarlarına sayğısızlıq və etinasızlıq nümayiş etdirirlər, onu şantaj etməkdən belə çəkinmirlər. Cavabdehlərin qanunsuz sahibliyindən dəfələrlə əmlakını geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. Göründüyü kimi o, faktiki olaraq mülkiyyətindən məhrum olmuşdur. Ona görə də cavabdehlərin əməllərinə məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Mülkiyyətində olan 2.193 ha torpaq sahəsi faktiki istifadəsində olan zaman həmin torpaq sahəsinə lazımi diqqət və aqrotexniki qulluq göstərərək, torpaq sahəsinə gübrələr səpərək həmin torpaq sahəsindən ildə 10 tona yaxın buğda götürürdü. Cavabdehlər mülkiyyətində olan 2.193 ha torpaq sahəsindən 3 ilə yaxın müddət ərzində özbaşına olaraq istifadə etməklə həmin torpaq sahəsində taxıl əkmişlər. X16 İnkişaf Mərkəzinin verdiyi arayışa əsasən Şabran rayonu üzrə məhsuldarlıq əsas götürülməklə hesablasaq 2017-ci ilin fevral ayından iddia qaldırdığı 25.11 2019-cu il tarixədək 2.193 ha torpaq sahəsindən 161 sentnerdən (16.1 tondan) çox buğda götürə bilərdi. Göründüyü kimi X16 İnkişaf Mərkəzi hər il üçün təxminən 53.7 sentner məhsuldarlıq hesablanmışdır. O, da icraatın dayandırıldığı xx.xx.2019-cu il tarixdən hal-hazıradək olan təxminən 2 illik müddət üçün də zərəri hesablayır. Belə ki, xx.xx.2019-cu il tarixdən hal-hazıradək olan son iki il üçün də 2.193 ha torpaq sahəsindən 107.4 sentnerdən çox buğda götürə bilərdi. Buğdanın hər kiloqramının qiymətini 45 qəpikdən hesablasalar təxminən son iki il ərzində ona əlavə olaraq 4833 manat məbləğində zərər dəymişdir. Bundan əlavə 2.193 ha torpaq sahəsinə görə dövlət tərəfindən ona verilməli olan 400 manat məbləğində subsidiyanı da (hər il üçün 200 manat olmaqla son 2 il üçün 400 manat) cavabdehlər dövlətdən özləri almışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Şabran Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Alternativ ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli 24 saylı rəy əsassızdır. Belə ki, ekspertin rəyinə əsaslansa cavabdehlərin ona satdıqları torpaq sahəsinin dərə ərazisinə düşdüyü müəyyən olunur. Çünki 137 m. şimal hissə əkin üçün yararsız dərə ərazisidir. Həmçinin Dövlət aktında əks olunmuş mübahisəli torpaq sahəsinin sxemi ilə ekspertin rəyində ortofoto görüntüdə döngə nöqtələrinin koordinatları da ziddiyyətlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehlər Şəfəq və Tahirə Xıdırovların nümayəndəsi Cavabdeh3 Nuru qızı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh3 Nuru qızının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməməsi və bu halların məhkəmə iclasında öz təsdiqini tapmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Dəvəçi rayonu, Aqrar İslahat Komissiyasının 26 sentyabr 1997-ci il tarixli, 09 №-li qərarı ilə X7, X3, Cavabdeh3 Nuru qızının, Cavabdeh1, Cavabdeh2 ümumi mülkiyyətinə Şabran rayonu, Qələgah kəndi ərzisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 4.38 ha torpaq sahəsi və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN 0019 saylı, kod 30406038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı verilməsi, 26 dekabr 2003-cü il tarixdə X8 digər mülkiyyətçilərin razılığı ilə 4.38 ha torpaq sahəsindən 3.03 ha (30335.63 kv.m) torpaq sahəsini İddiaçı satması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması və zərərin əvəzinin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. və 21-ci maddələri təşkil edir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə mülki iş üzrə ekspertiza təyin etmiş, keçirilmiş ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat .Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Əşrəf Cəfərovun mütəxəssis rəyində qeyd edilir ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 2.193 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən hissəsi ölçüldü. Ölçmə zamanı məlum oldu ki, Cavabdeh3 Nuru qızının həyat yoldaşı X14 tərəfindən şumlanıb, sərhədləri boyunca çəkilmiş arxlara əsasən ümumi sahəsi 2.7994 ha torpaq sahəsinin 0.19 ha hissəsi X4. 0.238 ha hissəsi Dəvəçi bələdiyyəsinə, 1.6113 ha hissəsi İddiaçı, 0.6822 ha hissəsi mülkiyyətçisi bəlli olmayan şəxslərə, 0.0779 ha hissəsi ümumi istifadədə olan yollara məxsusdur. İddiaçı məxsus zəbt olunmuş hissə sahənin şimal-şərq, cənub-qərb və şimalqərb hissəsini təşkil edir. İddiaçı yerdə qalan 0.4761 ha sahəsinə digər tərəflərdən girişçıxış olmadığı üçün hal-hazırda istifadəsiz qalmışdır. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Torpaq Məcəlləsinin 49, 111-ci maddələri) Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 1,6113 hektar hissəsi Cavabdeh3 Nuru qızı tərəfindən zəbt olunaraq istifadə edilir, digər cavabdehlərin həmin torpaq sahəsindən istifadə etmələri iş üzrə ekspertiza rəyi ilə öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 iddiaçıya məxsus torpaq sahəsinin 1,6113 ha hissəsindən istifadə etdiyi öz təsdiqini tapdığından, bu hal da iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, iddia tələbi torpaq sahəsinin 1,6113 ha hissəsindən Cavabdeh3 Nuru qızının qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissədə isə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin şəxslərin iddiaçıya məxsus mübahisəli torpaq sahəsini zəbt etmələri iş materialları və eləcə də ekspertiza rəyi ilə öz təsdiqini tapmadığından, iddia tələbi onlara aid hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası zərərə görə 13078 (on üç min yetmiş səkkiz) manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, X16 İnkişaf Mərkəzinin 04 aprel 2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, 2016-2017-ci təsərrüfat ilində Rayonda fermerlərə verilən əkin subsidiyaların hesablanması və torpaq sənədlərinə nəzarət Şabran Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən həyata keçirilmişdir. X16 İnkişaf Mərkəzi fermerlərə veriləcək subsidiyaların hesablanması və torpaq sənədlərinə nəzarəti 2017-2018-ci təsərrüfat ilindən başlayaraq həyata keçirir. Şabran X2 məlumatlara görə 2017- 2018-ci təsərrüfat ilində Cavabdeh3 Nuru qızının, X10 və Cavabdeh2 ümumi mülkiyyətində olan **********78 reyestr nömrəli Çıxarış üzrə 3.00 ha torpaq sahəsi və **********19 reyestr nömrəli Çıxarış üzrə 1.00 ha torpaq sahəsi Cavabdeh3 Nuru qızı tərəfindən bəyan edilmişdir. Məlumat üçün bildiririk ki, 2017- 2018-ci təsərrüfat ilində 1 hektar buğda əkininə görə 90 manat məbləğində və 1 hektar arpa əkininə görə 50 manat məbləğində əkin subsidiyası təsdiqlənmişdir. Cavabdeh3 Nuru qızı 2,50 ha torpaq sahəsində buğda əkinini və 1,50 ha torpaq sahəsində arpa əkinini bəyan etmişdir. Bəyan edilmiş buğda əkininə görə 225 manat məbləğində və arpa əkininə görə isə 75 manat məbləğində, ümumilikdə 300 manat məbləğində subsidiya hesablanmışdır. Dəvəçi Bələdiyyəsinin 30 nömrəli 25 aprel 2023-cü il tarixli arayışında isə göstərilmişdir ki, 2015-2022-ci illər ərzində Qələgah kəndi ərazisində əkilmiş buğda sahələrində orta məhsuldarlıq 2300-2500 kq arası olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin zərərin əvəzinin ödənilməsi hissəsinə gəldikdə isə hesab edir ki, maddi zərərə görə 2017-2018 və iddiaçının hazırkı tələblə 2019-cu il tarixdə iddia qaldırdığı nəzərə alınsa, həmin il də daxil 1 hektar torpaq sahəsinə buğda əkininə görə (90x2=180, 2017-2019-cu illər) subsidiya 180 manat məbləğində hesablandığından, iddiaçının maddi zərərə görə tələb etdiyi məbləğ həcmində deyil, 180 manat məbləğində pul Cavabdeh3 Nuru qızından tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı məhkəmə kollegiyası keçirilmiş ekspertiza xərci ilə bağlı qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh3 Nuru qızından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 Nuru qızı İddiaçı məxsus Şabran rayonu, Qələgah kəndində yerləşən torpaq sahəsinin 1,6113 hektar hissəsindən çıxarılsın. Cavabdeh3 Nuru qızından maddi zərərin əvəzi kimi 180 (yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh3 Nuru qızından ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (X5, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar