Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1152/2021 14.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalıoğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3, onun, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X11 oğlunun qanuni nümayəndəsi Cavabdeh, onun vəkili Vəkil1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(060)-5081/2020 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X11 oğlunun qanuni nümayəndəsi Cavabdeh apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(060)-5081/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X11 oğlunun qanuni nümayəndəsi Cavabdeh qarşı mənzilə köçürülmə tələbi barədə ilk iddiasının qismən təmin edilməsi, İddiaçı3 ünvan 1 ünvanına köçürülməsi, mənzildən yaşayış və istifadə hüquqlarının həyata keçirilməsinə maneənin törədilməsinin cavabdeh X11 oğlunun qanuni nümayəndəsi Cavabdeh qadağan edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, X11 oğlunun qanuni nümayəndəsi Cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanına istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının qanuni nümayəndəsi qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ilə məhkəməyə müraciət edərək onların Sumqayıt şəhəri, 17-ci mikrorayon, 14 saylı evin 18 saylı mənzilinə köçürülmələri, mənzildən yaşayış və istifadə hüquqlarının həyata keçirilməsinə maneçiliyin törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışlar ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 14 saylı evin 3 otaqlı 18 saylı mənzili 1990-cı ildə işlədiyi müəssisədən İddiaçı1 verilmişdir. 2012-ci ildə həmin mənzil İddiaçı1 adına özəlləşdirilmiş, 2019-cu ilin oktyabr ayında isə mənzil İddiaçı3 bağışlanmışdır. 23.02.2020-ci il tarixdə İddiaçı1 etibarnamə əsasında İddiaçı3 adından mənzili 24.06.2008-ci il təvəllüdlü nəvəsi X11 oğluna bağışlamışdır. Ailədə yaranmış problemlərə görə cavabdeh onları mənzilə buraxmır. Hazırda onların qeydiyyatda olduqları, istifadə və yaşayış hüquqları olan mənzilə daxil olmaq imkanları qanunsuz olaraq cavabdeh tərəfindən əllərindən alınmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlar mənzilə gedə bilmirlər, cavabdeh onların mənzilidə yaşamalarına maneçilik törədir, bununla da onların və uşaqlarının hüquqları pozulur. Cavabdehlə ailə münasibətlərinə xitam verilsə də, övladları-nəvələri ilə birlikdə həmin mənzilidə yaşamaq, təsərrüfat aparmaq, yaşayış sahəsindən istifadə etmək hüquqları vardır. İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində göstərilmiş Cavabdeh X11 oğlunun qanuni nümayəndəsi kimi qəbul olunmasını xahiş etmişdir. X11 oğlunun qanuni nümayəndəsi Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 14 saylı evin 18 saylı mənzilindən yaşayış hüquqlarının itirilmiş hesab edilmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehlər onun keçmiş həyat yoldaşı, həyat yoldaşının atası və anasıdır. O, cavabdehlərdən İddiaçı3 ilə 27.04.2005-ci ildə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuş, birgə nikahlarından 31.01.2006-cı il tarixdə X4 və 24.06.2008-ci il tarixdə X11 oğlu anadan olmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin 05.03.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı3 ilə nikahları pozulmuşdur. O, ailə qurduğu gündən hazırki mübahisəli mənzildə fasiləsiz olaraq yaşamış və hazırda da yaşayır. Birgə nikahları dövründə keçmiş həyat yoldaşı ilə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 90 A saylı evin 17 saylı mənzilini, Sumqayıt şəhəri, 30-cu məhəllə, 3/4 saylı evin 42 saylı mənzilini, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 7A saylı evin 11 saylı mənzilini, Sumqayıt şəhəri, 3-cü mikrorayon, 21/31 saylı evin 38 saylı mənzilini və Sumqayıt şəhəri, 2-ci mikrorayon, 27/69B saylı evin 26 saylı mənzilni almışlar. Həmin mənzilləri keçmiş həyat yoldaşı onun adından saxta etibarnamə düzəltdirərək atasının adına özgəninkiləşdirmişdir. Boşandıqları ərəfədə isə hazırki Sumqayıt şəhəri, 17-ci mikrorayon, 14 saylı evin 18 saylı mənzilinin oğlunun adına bağışlanması, aralarındakı razılaşma ilə baş vermiş, hər kəsin könüllü razılığı ifadə edilmişdir. Hazırda mənzil oğlunun mülkiyyətindədir. Məhkəmə qətnaməsi ilə oğlu onun himayəsindədir, oğlunun qanuni nümayəndəsidir. Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia ərizəsində texniki olaraq səhvən özünü iddiaçı qismində qeyd etdiyini, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 14 saylı evin 18 saylı mənzili oğlunun adına olduğu üçün onun 24.06.2008-ci il təvəllüdlü X11 oğlunun qanuni nümayəndəsi sayıldığını, buna görə də qarşılıqlı iddia ərizəsində iddiaçı kimi oğlu X11 oğlunun qanuni nümayəndəsi kimi qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə onların Sumqayıt şəhəri, 17-ci mikrorayon, 14 saylı evin 18 saylı mənzilinə köçürülməsi və sair ilk iddia tələbinin rədd edilməsi və onların Sumqayıt şəhəri, 17-ci mikrorayon, 14 saylı evin 18 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, məhkəmənin qətnamədə gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir, maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********85 saylı, 07 avqust 2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 17-cı mikrorayon, 14 saylı evin 18 saylı mənzili Sumqayıt şəhər DTİ və MHQ idarəsinin 20.02.1998-cı il tarixli, 08 saylı protokolu və Sumqayıt şəhər XDS İK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 24/24 saylı, 14.08.1990-cı il tarixli order əsasında İddiaçı1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı1 İdarəyə müraciəti əsasında qeydiyyat vəsiqəsi ********** nömrəli, 23.05.2012-ci il tarixli dövlət reyestrindən çıxarışla əvəz edilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə- 810 reyestr nömrəli, 27.10.2019-cu il tarixil bağışlanma müqaviləsi əsasında mənzil İddiaçı3 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 31.10.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-92 reyestr nömrəli, 23.02.2020-ci il tarixli bağışlanma müqavilə əsasında mənzil X11 oğlunun adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 28.02.2020-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikr, 14 saylı evin 18 saylı mənzili tam mülkiyyət hüququ ilə X11 oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 28.02.2020-ci il tarixdə qeydə alınmışdır. Sumqayıt şəhəri İcra Hakimiyyəti MKTİB-nin 11 saylı MKS-nin 17.08.2020-ci il tarixli, 1374 saylı arayışından görünür ki, İddiaçı1, X3 və İddiaçı3 Sumqayıt şəhəri, 17-ci mikr, 14 saylı evin 18 saylı mənzilində 1990-cı ildən qeydiyyatdadırlar. Mübahisə predmeti olan mənzil order əsasında 12.08.1990-cı il tarixdə İddiaçı1 istifadəsinə ayrılmış, 1998-ci ildə mənzil üzərində İddiaçı1 mülkiyyət hüququ qeydə alınmış, bundan sonra, 27.10.2019-cu il tarixdə müqavilə əsasında İddiaçı3 bağışlanmış və sonuncunun mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, 23.02.2020-ci il tarixdə isə İddiaçı3 mənzili oğlu azyaşlı Murad Hacızadəyə bağışlamaqla hazırda əmlak sonuncunun mülkiyyətindədir. İddiaçı3 ilə cavabdehin qanuni nümayəndəsi Cavabdeh arasında 26.04.2005-ci il tarixdə nikah bağlanmış və məhkəmə qətnaməsinə əsasən 05 mart 2020-ci il tarixdə nikah pozulmuşdur. İddiaçı1 və İddiaçı2 2011-ci ildən, İddiaçı3 isə ailə münasibətləri pozulduğu vaxtdan, təxminən 2019-cu ilin sonlarından həmin mənzildə yaşamırlar. Bu hallar mübahisə edilmir, lakin məhkəmənin öz düşüncə tərzinə uyğun olaraq bu halların baba və nənənin hüquqlarının itirilməsi istiqamətinə yönəltməsi subyektiv amillərlə qiymətləndirilə bilər. Məhkəmənin tətbiq etdiyi normalar Azərbaycan Respublikasında istifadə hüquqlarının yaranması və xitamını tənzimləyən qanunvericilik bazasına aid olsa da, hazırki hüquq münasibətlərinə tətbiqi absurddur. Məhkəmə hesab etmişdir ki, 28.02.2020-ci il tarixdə mübahisəli mənzil cavabdehin mülkiyyətinə keçməklə yaşayış evinin tərkib hissəsindən istifadənin yeni hüquqi əsası yaranmışdır. Bununla belə məhkəmə hesab etmişdir ki, həmin hüquqi əsas yaşayış evinin tərkib hissəsindən istifadə hüququ olan iddiaçıdan yeni mülkiyyətçi ilə müqavilə bağlamağı tələb etmir. Lakin məhkəmə bu qənaəti ancaq iddiaçılardan birinə, İddiaçı3 aid etmişdir. Məhkəmə onların 9 ildir, yəni təxminən 2011-ci ildən mübahisəli mənzildən könüllü olaraq başqa yaşayış sahəsinə köçərək həmin vaxtdan davamlı olaraq başqa yaşayış sahəsində yaşamasını münasibətləri tənzimləyən qanunvericiliyin tələbinə əsasən yanlış qiymət verərək hüququn əldə edilməsini zəruri edən əsaslar aradan qalxdığından İddiaçı1 və İddiaçı2 istifadə hüquqlarının itirilmiş hesab edilməsi ilə bağlı hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir kimi absurd nəticəyə gəlmişdir. Qanunvericiliyin tələbləri baxımından, hazırda mülkiyyətçinin dəyişməsi əmlakın əvəzli özgəninkiləşdirilməsi institutunun tərkib hisəsinə aid deyildir. Əmlakın bağışlanması, yəni əvəzsiz özgəninkiləşdirilməsi halında maddi zənginləşən şəxs həm də zənginləşdirənin hüquq və vəzifələrini, öhdəliklərini qəbul edir. İddiaçı1 və X3 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin onların mənzilə köçürülməsi və mənzildən yaşayış və istifadə hüquqlarının həyata keçirilməsinə maneənin törədilməsinin cavabdehə qadağan edilməsi tələbinin rədd edilməsi, X11 oğlunun qanuni nümayəndəsi Cavabdeh onlara qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinin təmin edilməsi hissələrində ləğv edilməsi, ilk iddianın onlara aid hissədə tam təmin edilməsi, qarşılıqlı iddianın onlara aid hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X11 oğlunun qanuni nümayəndəsi Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin İddiaçı3 oğunun Sumqayıt şəhəri, 17-ci mikrorayon, 14 saylı evin 18 saylı mənzilinə köçürülməsi, İddiaçı3 hüququnun itirilməməsi hissəsindən narazıdır. Qətnamədə onun Azərbaycan Respublikası MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88, Azərbaycan Respublikası Mülkü Məcəllənin 152, 1159, 1243-cü maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnaməni qanunsuz və əsassız hesab edir. Məhkəmə işə baxarkən bütün sübutlara qiymət verməmiş, qarşılıqlı iddianı qismən təmin etmiş, İddiaçı1 və X2 mənzilə olan hüquqları itirilmiş, İddiaçı3 isə hüququ itirilməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı3 hazırki mülkiyyətçinin ailə üzvidir, ona görə də hüquqlarının itirilməsi mümkün deyildir. Bu səbəbdən də İddiaçı3 iddiası təmin edilmiş və mənzilə köçürülmüşdür. Lakin məhkəmə işin faktiki hallarını nəzərə almamış, İddiaçı3 onlara qarşı olan kəskin və barışmaz mövqeyinə qiymət verməmişdir. İddiaçı3 məqsədi onlarla birlikdə yaşamaq yox, nəyin bahasına olursa olsun, onları incitmək, onların hüquqlarını pozmaqdan ibarətdir. Məhkəmə baxışı zamanı iddiaçılar özləri də etiraf etdilər ki, İddiaçı1 və X3 uzun müddətdir mübahisəli mənzildə yaşamırlar, heç bir hüquq və vəzifə yerinə yetirmirlər. İddiaçı3 da artıq uzun müddətdir mənzildə yaşamır, heç bir hüquq və vəzifə yerinə yetirmir, mənzilə də ehtiyacı yoxdur. İddiaçı3 valideynlərinə məxsus olan yaşadıqları evlərində bütün şəraitləri var. Apellyasiya şikayətində iş üzrə qətnaməsinin İddiaçı3 oğunun mənzilə köçürülməsi və maneənin aradan qaldırılması hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılması xahiş olunmuşdur. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil2 məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X11 oğlunun qanuni nümayəndəsi Cavabdeh özünün apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 məhkəmə iclasında X11 oğlunun qanuni nümayəndəsi Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin ona münasibətdə dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçıların apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ilk iddianın təmin olunmamış və qarşılıqlı iddianın təmin olunmuş hissələrində ləğv edilməsinə, X11 oğlunun qanuni nümayəndəsi Cavabdeh apellyasiya şikayəti ilk iddianın təmin edilmiş və qarşılıqlı iddianın təmin edilməmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 14 saylı evin 18 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına 23 may 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 177 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********85 saylı, 07 avqust 2020-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 18 saylı mənzil Sumqayıt şəhər DTİ və MHT idarəsinin 20.02.1998-cı il tarixli, 08 saylı protokolu və Sumqayıt şəhər XDS İK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 24/24 saylı, 14.08.1990-cı il tarixli order əsasında İddiaçı1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı1 İdarəyə müraciəti əsasında qeydiyyat vəsiqəsi ********** nömrəli, 23.05.2012-ci il tarixli dövlət reyestrindən çıxarışla əvəz edilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-810 reyestr nömrəli, 27.10.2019-cu il tarixli bağışlanma müqaviləsi əsasında mənzil İddiaçı3 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 31.10.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-92 reyestr nömrəli, 23.02.2020-ci il tarixli bağışlanma müqavilə əsasında mənzil X11 oğlunun adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 28.02.2020-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan 23 fevral 2020-ci il tarixdə Sumqayıt şəhər 3 saylı notariat ofisində təsdiq edilərək 4Ə-92 sayla reyestrdə qeydə aınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı3 adından çıxış edən İddiaçı1 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 14 saylı evin 18 saylı mənzilini X11 oğluna bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 14 saylı evin 18 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında X11 oğlunun adına 28 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhəri İcra Hakimiyyəti MKTİB-nin 11 saylı MKS-nin 17.08.2020-ci il tarixli, 1374 saylı arayışından görünür ki, Sumqayıt şəhəri, 17-ci mikr, 14 saylı evin 18 saylı mənzilində İddiaçı1, İddiaçı2, X12 qızı, İddiaçı3, X7, X8, Cavabdeh, X4 və X11 oğlu qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-307/2020 saylı, 05 mart 2020-ci il tarixli qətnaməsindən çıxarışın surətindən görünür ki, İddiaçı3 ilə Cavabdeh arasında Sumqayıt şəhər Nikah evində 26.04.2005-ci il tarixdə bağlanmış, 408 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(060)-452/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı3 cavabdehlər Cavabdeh, İddiaçı1 və X11 oğluna qarşı əqdlərin etibarsız hesab olunması, birgə nikah dövründə əldə olunmuş əmlakın və kredit borcunun bölünməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş birgə nikah dövründə əldə edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha, **********842 reyestr nömrəli torpaq sahəsi üzərində paylar, ½ hissədə İddiaçı3, ½ hissədə Cavabdeh olmaqla bərabər müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 2011-ci ildə mübahisəli mənzildən daimi yaşamaq üçün başqa evə köçmüşlər, 9 ildən artıqdır İddiaçı1 və İddiaçı2 davamlı olaraq başqa yaşayış sahəsində yaşayırlar. İddiaçı3 mübahisəli mənzildən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçüb getməsi isə iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdir və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən taşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, 28.02.2020-ci il tarixdən mübahisəli mənzil X11 oğlunun mülkiyyətinə keçməklə yaşayış evinin tərkib hissəsindən istifadənin yeni hüquqi əsası yaranmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Konstitusiya Məhkəməsinin həmin Qərarında həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk və qarşılıqlı iddiaların təmin edilməməsinə aid hissələrdə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(060)-452/2021 saylı qətnaməsi ilə Sumqayıt şəhəri, 17-ci mikrorayon, 14 saylı evin 18 saylı mənzilin X11 oğluna bağışlanmasına dair 23 fevral 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddia rədd edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər iş üzrə qətnamənin ilk və qarşılıqlı iddiaların təmin edilməməsinə aid hissələrində apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X11 oğlunun qanuni nümayəndəsi Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(060)-5081/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1152/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1152/2021
14.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver