Məhkəmə qərarları › İş №2(105)-1154/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1154/2024

17.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1154/2024 17.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mülkiyyət hüququnun müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1831/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri”ndən MH seriyalı, ******* saylı, 21 fevral 2008-ci il tarixli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda istifadədə olan 0,126 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 3-cü mərtəbəsində yerləşən 65,35 kv.m ümumi, 39.83 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş 065260 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.

3. AZ-İ 390420 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı və Cavabdeh1 arasında bağlanmış nikaha 07 noyabr 2018-ci il tarixində xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 187 № ilə qeyd edilmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5069/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 15000 (on beş min) manat kompensasiya verilməklə cavabdehlərin ünvan 3-də yerləşən 45 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-345/2023 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5069/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1875/2023 saylı qərarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-345/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 ünvan 1 ünvanında, Cavabdeh1 ünvan 2yatdadırlar.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 3 ünvanında yerləşən, 45 saylı mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ikinci qrup müharibə əlili (qazi) olduğu üçün Sumqayıt şəhəri, 18-cı mikrorayon, 18 saylı evdə yerləşən, ümumi sahəsi 65.35 kv.metr, yaşayış sahəsi 39.83 kv.metr, üç otaqdan ibarət olan mübahisəli 45 nömrəli mənzil dövlət tərəfindən ona bağışlanmışdır. Həmin mənzil üzərində onun mülkiyyət hüquqları Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və ona xx.xx.2008-cı il tarixdə MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır. Onunla xx.xx.1993-cü il tarixdə bağlanmış rəsmi nikahları Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci iltarixli qətnaməsinə əsasən pozulmuşdur. Digər cavabdehlər birgə nikahdan olan övladlarıdır. Son bir neçə ildir ki, ailələrində mənzillə bağlı mübahisələr baş verdiyinə görə, o, mənzilin mülkiyyətçisi olaraq mənzil üzərində olan mülkiyyət hüquqlarını istədiyi kimi həyata keçirə bilmir. Cavabdehlər düşünülmüş tərzdə, bilərəkdən birgə yaşayış qaydalarını pozur, ona məxsus mənzildə rahat yaşamağına imkan vermirdilər. O, mənzilin mülkiyyətçisi olaraq sərəncam hüququnu həyata keçirmək məqsədilə cavabdehlərə kompensasiya verməklə onların mənzildən istifadə hüquqlarına xitam vermək qərarına gələrək ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5069/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlərə ümumilikdə 15000 manat məbləğində kompensasiya verilməklə onların ünvan 3-də yerləşən, 45 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüwəyyə mindikdən sonra icraya yönəldilmişdir. Cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilsə də, onlar ona məxsus mənzildə qanunsuz yaşamaqla mənzilə olan mülkiyyət hüququnu aşkar şəkildə pozurlar. Dəfələrlə cavabdehlərə xəbərdarlıq etməyinə baxmayaraq onlar qanuna zidd əməllərini davam etdirirlər. Mülkiyyət hüququnun pozulmasına son qoymaq məqsədilə o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1831/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 3-də yerləşən 45 saylı mənzildən çıxarılmaları qət edilmişdir (hakim Vəfa Şirəliyeva).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.5, 157.2-ci maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 119.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1831/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbini təmin edən məhkəməsi göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər,həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

14. Məhkəmə belə nəticəyə gəlmişdir ki, onların iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 38 saylı evin, 45 saylı mənzilində yaşamaqları onun mülkiyyət hüquqlarını pozduğu üçün onlar həmin mənzildən çıxarılmalıdırlar. Halbuki işdə olan “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri”ndən MH seriyalı, ******* saylı, 21 fevral 2008-ci il tarixli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda istifadədə olan 0,126 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 3-cü mərtəbəsində yerləşən 65,35 kv .m ümumi, 39.83 kv .m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin vaxt o, iddiaçıya ilə rəsmi nikahda olmuş və uzun illər davam edən evlilik dövründə bu mənzili birgə vəsaitlə təmir etdirmiş və bu hal da həmin mənzilin onların birgə əmlakı kimi tanınmasına əsas verir. Bundan başqa, onlar təklif olunan kompensasiyanı almamışlar və ümumiyyətlə həmin kompensasiyanı qəbul etmək də istəmirlər, iddiaçı bu gün onu, doğma uşaqlarını bu mənzildən çıxarmaqla faktiki olaraq onları daimi yaşayış yerindən məhrum edir ki, bu da hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Lakin məhkəmə bu halları, cavabdehlərin iddiaçının ailə üzvləri olmasını nəzərə almaqla həmin mənzildə müəyyən müddət yaşamağa möhlət verməli olduğu halda bunu etməmiş və qeyd-şərtsiz onların mənzildən çıxmalı olduqlarını qət etmişdir.

15. Mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmış, onun tərəfindən səsləndirilən hallara, təqdim olunan sübutlara əhəmiyyət belə verməmiş və nəticədə birtərəfli qətnamə qəbul etmişdir. Məhkəmə araşdırlan bütün sübutları düzgün təhqiq etməmiş,birtərəfli və qeyri-obyektiv mövqe nümayiş etdirmiş,psixoloji problemlər yaşayan və öz övladlarına qarşı bu addımı atan şəxsin əsassız iddiasına haqq qazandıraraq hazırki qətnaməni qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə teleqram ünvanlayaraq məhkəmə iclasına gələ bilmədiyini və başqa tarixə keçirilməsini xahiş etmiş, lakin heç bir üzrlü səbəb göstərməmişdir.

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

19. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

21. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1831/2024 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, digər cavabdehlər onun ailə üzvləri olmaqla mübahisənin predmeti bölünməzdir. Ona görə də məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. İddia tələbinin mahiyyətindən görünür ki, tələb cavabdehlərin mübahisəli mənzildən çıxarılması barədə olmaqla, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 38 saylı evin, 45 saylı mənzilindən cavabdehlərin çıxarılması barədədir. İddiaçının sözügedən mənzildən çıxarılmasını istədiyi şəxslər keçmiş arvadı və yetkinlik yaşına çatmış övladlarıdır.

37. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında bundan əvvəldə həmin mənzil üzərində istifadə hüququ ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Belə ki, hazırki iş üzrə iddiaçının cavabdehlərə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair iddiası üzrə Sumqayıt şəhər Məhkəməsini xx.xx.2022-ci il tarixli, 2(060)-5069/2022 saylı qətnaməsi ilə İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 15000 manat kompensasiya verilməklə cavabdehlərin ünvan 3-də yerləşən 45 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin qətnamədə qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 17-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Mübahisəli mənzil xx.xx.2008-ci ildə iddiaçının adına özəlləşdirilmiş və Cavabdeh1 bununla bağlı razılığı alınmışdır.

38. Burdan o nəticəyə gəlmək olur ki, cavabdehlərin mənzildən istifadə hüquqlarına qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında xitam verilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

39. Əvvəla kollegiya qeyd edir ki, hazırkı iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır.

40. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

41. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

42. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

43. Apellyasiya şikayəti vermiş cavabdeh iş üzrə cavabdehlərin sözügedən mənzilə dair hər hansı hüquqlarının olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bununla belə, iddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində kompensasiyanı qəbul etmədiklərini bildirsə də bu, hazırkı halda qanuni qüvvəsini almış məhkəmə aktının mövcudluğunu istisna etmir.

44. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülkiyyətçi olan iddiaçı özgəsinin yəni cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir.

45. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

47. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 1831/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1831/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar