Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1158/2025 19.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarma tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)- 434/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qubadlı Rayon Məhkəməsinin e-2(028)-434/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Ramiz Quliyev) İddiaçı mənzildən çıxarma tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin e-2(028)-434/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinə əsasən iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzildən çıxarılmaları, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onun hesabına köçürülmələri barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin 2(060)-4456/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmış, qərardadda Azərbaycan Respublikası MPM-nin 35-ci maddəsinin tələblərinin pozulması göstərilmişdir. Bu səbəbdəndə iddiaçı cavabdehlərin rəsmi qeydə alındığı yer üzrə Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin e-2(028)-434/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardad Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsi ilə əsaslandırılmışdır. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-434/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-in 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)- 434/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia ərizəsindən görünür ki, iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli orderə əsasən ona verilmiş mübahisəli mənzildən cavabdehlərin çıxarılmasını tələb edir. Müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
13. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin və ona əlavə olunmuş sənədləri MPM-nin 152.1.3-cü maddəsinə əsasən geri qaytarması əsaslı olmuş, odur ki, şikayət təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-434/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Şikayət təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-434/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.