Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-116/2025 22.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş ziyanın ödənilməsi tələbi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1966/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, qaz paylayıcı bu müqavilə ilə istehlakçı Cavabdeh keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
2. xx.xx.2019-cu il tarixili, ******* nömrəli aktın surətindən görünür ki, aşkar olunmuş nöqsan – abonent sayğacsız olaraq təbii qazdan qeyri qanuni istifadə etmişdir. Cavabdeh həmin aktı imzalamaqdan imtina etmişdir.
3. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejmi 6 saat və hesabat müddəti 90 gün, sac altının maksimal saatlıq qaz sərfi 2 m3 / saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 1728 m3 itirilmiş qaz müəyyən edilmişdir.
4. **********03090 kodlu abonentin saldosundan görünür ki, Quba rayonunun Barlı kəndində yaşayan abonent X2 2018-ci ilin iyul ayına 2266.20 manat məbləğində qaz sərfiyyatı borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2266.20 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, X9 İstismar İdarəsinin əməkdaşları tərəfindən küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirələrkən, qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Qeyd olunan faktla bağlı Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən 172.80 manat ziyan hesablanmış, həmçinin cavabdehin əvvəlki illərdən 2093.40 manat borcu qalmışdır. Cavabdehin bu hərəkətləri nəticəsində onlara ümumilikdə 2266.20 manat ziyan dəymişdir. Ona xəbərdarlıq edilməsinə baxmayaraq həmin pulu ödəməmişdir. Bununla əlaqədar məhkəməyə müraciət olunmuşdur.
7. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1966/2019 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 2266.20 (iki min iki yüz altmış altı manat, iyirmi qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı İB-yə ödənilməsi qət edilmişdir (hakim Rahim Həsənov).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 425.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 4.1, 6.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 2(027)- 1966/2019 saylı, 30 sentyabr 2019-cu il tarixli qətnaməsini ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi qətnamə qəbul edərkən mülki və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında kəskin uyğunsuzluq vardır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən istinad etdiyi hal, guya onun təbii qazdan qeyri-qanuni sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməsi həqiqəti əks etdirmir. İddiaçı tərəfindən bu halı təsdiq edən hər hansı bir sübut da iş materiallarında yoxdur. Ona görə də hesab edir ki, qətnamə ləğv olunmalı iş üzrə yeni qətnamə qəbul olunmalıdır.
11. O, öz ailə üzvləri ilə birlikdə Quba rayonunun Barlı kəndində yaşayır. Yaşadıqları müddət ərzində təbii qazdan qanunauyğun şəkildə istifadə etmişdir. X7 Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən küçə qaz xətlərinə, eləcə də onun fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirələrkən qaz xəttinə özbaşına qoşulduğu müəyyən olunmuşdur. Qeyd olunan faktla bağlı Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən 172.80 manat ziyan hesablanmış, həmçinin guya onun əvvəlki illərdən 2093.40 manat borcu qalmışdır. Məhkəmənin nəzərinə bir daha çatdırır ki, o heç vaxt təbii qazdan sayğacdankənar xətt vasitəsi ilə istifadə etməmişdir. Başqa sözlə, ona məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Bundan başqa onun istehlak etdiyi qaza görə Birliyə hazırkı iş üzrə yazılmış iddia ərizəsində göstərilən məbləğdə borcu qalmamışdır.
12. Qanunvericilikdə təsbit olunmuş normaların tələbinə görə Birliyin əməkdaşları əgər sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmə halı aşkarlasa idilər belə bu barədə istehlakçıya və inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir. Yalnız qanunsuz qoşulma halı təsdiq olunduqdan sonra qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri nəzərə alınmaqla hesabatın aparılması ilə zərəri tələb edə bilərdi. Hazırkı halda onun təbii qazdan qanunsuz istifadə etməsi heç bir sübutla təsdiq olunmadığı halda Birliyin əməkdaşları tərəfindən ondan iddia tələbində göstərilən məbləğin tələb edilməsi heç bir halda qanuni və ədalətli ola bilməz. Göründüyü kimi Quba Rayon Məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də hesab edir ki, qətnamə ləğv olunmalı, iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul olunmalıdır.
13. Quba Rayon Məhkəməsi hazırkı iş üzrə qətnamə qəbul edərkən prosessual hüquq normaların tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə qətnamə qəbul edərkən sübutları tam araşdırmamış, işdə olan sübutlara obyektiv qiymət verilməmişdir. Belə ki, Məhkəmə yalnız iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi aktlarla kifayətlənmişdir. Halbuki həmin aktların tərtib olunmasında o iştirak etməmişdir. Aktlar isə yalnız iddiaçının əməkdaşları tərəfindən imzalanmışdır.
14. Məhkəmə qanunvericiliyin ona verdiyi səlahiyyətdən istifadə etməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sübutları həqiqiliyini təsdiq etmək məqsədi ilə məhkəmə müvafiq ekspertiza təyin edə bilərdi ki, bunu etməmişdir. Bu onu deməyə əsas verir ki, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Bununla da onun hüquqlarına toxunan qətnamə qəbul etmişdir.
15. Birinci instansiya məhkəməsi qətnamədə onu məhkəmənin yeri və vaxtı barədə lazımı qaydada xəbərdar etməsini qeyd etsə də, əslində bunu etməmişdir. Bununla da məhkəmə onu özünümüdafiə hüququndan məhrum etmişdir. Bundan başqa məhkəmə iclasında iştirakının təmin olunmaması onun tərəfindən iş üzrə fundamental əhmiyyət kəsb edən sübutların məhkəməyə təqdim edə bilməməsinə səbəb olmuşdur.
16. İşin müəyyən olunmuş həqiqi hallarından məlum olur ki, sözügedən ünvanda təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə halı mövcud olmamışdır. Bundan başqa istehlak etdiyi təbii qazın dəyərinə görə onun iddiaçıya iddiaçının iddia tələbində göstərdiyi qədər borcu qalmamışdır. Belə olduğu halda ondan hər hansı əlavə vəsaitin tələb edilməsi mülki qanunvericiliyin normaları ilə yanaşı ədalət və insaf prinsiplərinə ziddir. Ona görə də hesab edir ki, məhkəmənin qəbul etdiyi qətnamə onun hüquqlarına toxunur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında cavabdeh X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.
20. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
21. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçınmın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
22. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymis ziyana görə məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” (25 iyun 2023-cü il tarixədək olan redaksiya)
23. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
24. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
25. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
32. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Cavabdeh Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1966/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)- 1966/2019 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
39. Belə ki, iddiaçının tələbinə görə İddiaçı İB ilə Cavabdeh arasında qazın alqısatqısı barədə müqavilə bağlanmış, iddiaçı olan təşkilatın əməkdaşları tərəfindən xidməti ərazilərə baxış keçirilərkən cavabdehin sayğacsız boru vasitəsilə təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkar olunmuş, bununla əlaqədar akt tərtib edilmişdir. Cavabdehin ümumi borcu 2266,20 manat məbləğində borc hesablanmışdır.
40. İddia ərizəsinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin araşdırması zamanı abonentin qeyri-qanuni təbii qazdan istifadə etməsi mötəbər sübutlarla öz təsdiqini tapmamışdır.
41. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı məhkəməyə yalnız 172,8 manat məbləğində borcun hesablanmasına əsas olmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktının surətini təqdim etsə də, iddiada cavabdehdən heç bir sübut təqdim etmədən 2266,2 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
44. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
45. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
46. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1966/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia rədd edilməlidir.
47. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
48. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1966/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.