Məhkəmə qərarları › İş №2(105)-1160/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1160/2022

13.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1160/2022 13.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: X12, Cavabdehlərin nümayəndəsi və vəkili: Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X3 ünvan 1 ünvanına istifadə hüquqlarının itirilmiş hesab olunması, hazırkı qətnamənin göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin və yetkinlik yaşına çatmayan X3 Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 35 ünvanında yerləşən 40 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7012/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizə təqdim etdiyindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 35 ünvanında yerləşən 40 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehlərdən Cavabdeh1 onun gəlini, Cavabdeh2 və Cavabdeh3 isə onun nəvələridir. Cavabdeh1 1992-ci ilin yanvarında onun oğlu ilə nikaha daxil olmuş, Sumqayıt şəhəri, 13cü mikrorayon, ev 35 ünvanında yerləşən 40 saylı mənzilə gəlin gəlmiş, onların birgə nikahlarından Cavabdeh2 və Cavabdeh3 anadan olmuşlar. Cavabdeh1 Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 35 ünvanında yerləşən 40 saylı mənzilə 1992-ci ildə gəlin gəlsə də, mənzildə bir müddət yaşadıqdan sonra, qızı Dinarə dünyaya gəldikdən sonra mənzildən həyat yoldaşı Ruslanla birlikdə köçüb kirayədə yaşamağa başlayıblar. 1993-cü ilin iyul ayında isə onlar daimi yaşamaq üçün Rusiya Federasiyasına köçüblər. 1996-cı ildən Rusiyadan qayıtdıqdan sonra əvvəlcə Corat qəsəbəsində, daha sonra Sumqayıt şəhəri, 2ci və 4-cü mikrorayonlar ərazisində müxtəlif ünvanlarda kirayədə yaşayıblar. Daha sonra isə Ruslan və Solmaz övladları ilə birlikdə Bakı şəhərinə köçüb orada yaşamağa başlamışlar. Onların uşaqları Dinarə və Arif orta təhsillərini Bakı şəhərində alıblar. Bakı şəhərində yaşadıqları müddətdə Ruslanla Solmazın ailə həyatına faktiki son qoyulub və onların faktiki olaraq ayrılıblar. Bundan sonra onun oğlu Ruslan onun yanına, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 35 ünvanında yerləşən 40 saylı mənziə qayıdaraq orada yaşamağa başlamış, Solmaz isə uşaqları ilə birlikdə öz valideynlərinə məxsus Ceyranbatan qəsəbəsi ərazisində yerləşən evdə yaşamağa başlamışlar. 2007-ci ildə onun oğlu X11 vəfat etmişdir. Həyat yoldaşı vəfat edəndən sonra Cavabdeh1 bir dəfə yas mərasimində iştirak etmək üçün həmin evə gəlmişdir. Hazırda cavabdehlərin Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 35 ünvanında yerləşən 40 saylı mənzilə hər hansı bir bağlılıqları yoxdur, həmin mənzildə onlara aid heç bir əşya yoxdur. Onların mənzilə olan qeydiyyatı formal xarakter daşıyır. Bundan əlavə Cavabdeh2 azyaşlı övladı X7 da həmin mənzildə qeydiyyatdadır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh3 və qeyriləri apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən onların daimi yaşayış yerinin, heç birinin mənzilinin, evinin olmamasını, həmçinin qeydiyyata düşəcək ünvanlarının olmamasını nəzərə almamışdır. Münasibətlər yaranan vaxtdan mənzilin hüquqi rejimi araşdırmamışdır. Məhkəmə hətta 28 noyabr 2014-cü il təvəllüdlü Mədətli Teyyubun da istifadə hüququnu itirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına göstərilən sübutlarla təstiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli aydın şəkildə izah verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2(060)-144/2022 saylı qətnaməsini ləğv edib, iddia təbələnin rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili A.E.Qasımlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehlərin mübahisəli evdə uzun müddət yaşamamasına, mübahisəli evin iddiaçının mülkiyyətində olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X8 hissəsində qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 və qeyrilərinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən iddiaçı xx.xx.1950-ci ildə, Cavabdeh1 xx.xx.1973-cü ildə, Cavabdeh2 xx.xx.1992-ci ildə, Cavabdeh3 isə xx.xx.1996cı ildə anadan olmuşdur. Tərəflər hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 (bundan sonra – mübahisəli mənzil) iddiaçının adına xüsusi mülkiyyət kimi xx.xx.2014-cü il tarixində qeydə alınmışdır. İşdə olan 15 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və sahə ustası Bayramova X. , Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 35, mənzil 39-da yaşayan X4, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 35, mənzil 38-də yaşayan X2, Sumqayıt şəhəri, 13cü mikrorayon, ev 35, mənzil 29-da yaşayan X9 tərəfindən tərtib edilərək imzalanmış akta əsasən cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, bu mənzildə yaşamırlar. 15 saylı Mənzil-Kommunal Sahəsinin 845 saylı arayışına əsasən ünvan 1 ünvanında hal-hazırda İddiaçıa yaşayır, cavabdehlər isə mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. İşə əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2013-cü ildə vəfat etmiş Cavabdeh3 Bayram oğlunun vərəsələri olan iddiaçı, X14 və X15 mübahisəli mənzildən bərabər payda irs almalıdırlar. xx.xx.2014-cü il tarixli miras payın bağışlanma müqaviləsinə əsasən T.Cavabdeh3 və Z.Cavabdeh3 miras əmlakda olan paylarını iddiaçıya bağışlamışlar. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə kollegiyası cavabdehlərin iş üzrə qətnamə qəbul edilən zaman düzgün qanunun tətbiq olunmaması barədə gətirdiyi dəlilə qiymət verərək, hesab edir ki, həmin dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 1992-ci ildə iddiaçının oğlu ilə nikaha daxil olaraq mübahisəli mənzilə köçmüşdür. Cavabdeh2 xx.xx.1992-ci ildə, Cavabdeh3 isə xx.xx.1996-cı ildə anadan olmuşlar. Bu səbəbdən cavabdehlərə münasibətdə mübahisəyə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Göründüyü kimi, cavabdehlər mübahisəli mənzili tərk edərək daimi yaşamaq üçün başqa yerə getmişlər və onların mübahisəli mənzildə heç əşya və əmlakları yoxdur. Bu səbəbdən onların mənzildən istifadə hüquqlarına xitam verilməsi üçün tam qanuni əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü kimi mübahisəli mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlər həmin mənzildə yaşamırlar və formal olaraq mənzildə qeydiyyatda qalmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddianın təmin edilməsi və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 28 noyabr 2014-cü il təvəllüdlü Mədətli Teyyubun mübahisəli mənzildə istifadə hüququnun itirilməsi barədə gəldiyi nəticəni əsassız hesab edir və bu hissədə qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, cavabdehlər uzun illər, yəni 1993-cü ildən mübahisəli mənzildən köçüb daimi yaşamağa başqa yerə getmiş və mübahisəli mənzildə qeydiyyatları formal olaraq qalmışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdikləri digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 15 fevral 2022-ci il tarixli 2(060)-144/2022 nömrəli qətnaməsi qismən ləğv edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X3 ünvan 1 ünvanına istifadə hüquqlarının itirilmiş hesab olunması hissəsində iddia təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar