Məhkəmə qərarları › İş №2(105)-1160/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1160/2024

16.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1160/2024 16.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tikintiyə çəkilmiş xərclərin 2/3 hissəsinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X13 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh, üçüncü şəxs X1 və üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı tikintiyə çəkilmiş xərclərin 2/3 hissəsinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(074)-23/2024 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1085/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 09 noyabr 2009-cu il tarixdə Şamaxı rayon Mirikənd icra nümayəndəliyində 24 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 iddiaçının (anasının) - İddiaçı himayəsində saxlanılması və xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 12 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. Tərəflər arasında mübahisə Şamaxı rayonu, Mirikənd kəndində yerləşən fərdi yaşayış evinin tikintisinə çəkilən xərcin bölünməsi ilə bağlı yaranmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Mirikənd kəndində yerləşən, öz vəsaitləri hesabına tikilmiş iki mərtəbəli evin tikintisinə sərf olunmuş 40000 manat vəsaitin 2/3 hissəsinin, yəni 26600 manat məbləğin və ödənilmiş 170 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 09 noyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olub. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə doğulmuş Elmira və xx.xx.2017-ci il tarixdə doğulmuş Elif adlı iki qızları var. Nikahları xx.xx.2022-ci il tarixdə Şamaxı Rayon Məhkəməsində pozulmuşdur. Məhkəmənin qərarı ilə uşaqlar onun yanında saxlanılmışdır. Məhkəmə qətnaməsinə əsasən hər ay Xəyal iki uşağa görə 320 manat aliment ödəməlidir. Lakin bu günə kimi bir manat da olsa aliment ödəməmişdir. Üstəlik hər gün gəlib onu narahat edir və evdən çıxmasını bildirir. Hansı ki, həmin evi onlar öz vəsaitləri ilə tikiblər. O, özü də işləyib. Atası və qardaşları da maddi cəhətdən onlara yardım ediblər. Xəyal özü bənna işlərini görüb. Evin suvağını və döşəmənin vurulmasını o, özü edib. Evin üstünü atası, qardaşları və Xəyal birlikdə düzəldiblər. 10 m X 16 m ölçüdə ev tikiblər. 40000 manatlıq vəsait sərf olunmuşdur. O, cavabdeh və iki uşaqlarından başqa kimsə evdə yaşamamışdır. Ev tikilən zaman torpaq sahəsi qaynanası Elmiranın adına idi. 2020-ci il tarixdə həmin torpaq sahəsini Xəyala bağışlamışdı. Tikilmiş ev hələ dövlət qeydiyyatına alınmayıb. Odur ki, onun ev kimi bölünməsi mümkün deyil. Lakin çəkilmiş xərclər aralarında bölünə bilər. Uşaqların da onun yanında qalmalarını nəzərə alaraq çəkilmiş xərclərin 2/3 hissəsinin, yəni 26600 manatın ona verilməsini istəyir. O, bundan sonra evdən çıxa bilər.

5. İddiaçı daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Mirikənd kəndində yerləşən, onun vəsaiti hesabına tikilmiş iki mərtəbəli evin tikintisinə sərf olunmuş 41600 manat vəsaitin 2/3 hissəsinin, yəni 27733 manat pulun və ödənilmiş 170 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Mirikənd kəndində yerləşən, öz vəsaiti hesabına tikilmiş iki mərtəbəli evin tikintisinə sərf olunmuş 40000 manat vəsaitin 2/3 hissəsinin, yəni 26600 manat pulun və ödənilmiş 170 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, evi 2010-cu ildə tikməyə başlayıblar və 2017-ci ildə bitiriblər və həmin evdə yaşamağa başlayıblar. Evin tikintisinə pulun hamısını anası Elmira verib. Buna görə həmin evdə anasınındır. İddiaçı yalan danışır, onun qardaşı və atası evin tikintisinə heç bir pul xərcləməyib. O, ölkə xaricində işləyərək Ayselə pul göndərib. Bu barədə qəbzləri bankdan almaq olar. Mahir Məlikov həqiqətən onların evlərinin qapı-pəncərələrini düzəltmişdir.

8. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında bildirmişdir ki, sözügedən həmin ev mərhum oğlu X4 olub. Oğlu rəhmətə getməmişdən torpağa daş qum tökdürmüşdür ki, ev tikdirsin. Hətta evi bir neçə daş qaldırmışdır. Lakin bununla bağlı hazırda sübutu yoxdur. O, bilsəydi ki, belə olacaq həmin vaxt oranın şəklin çəkərdi. Evi də o dəfələrlə kredit götürərək tikdirib. Sonra oğlu vəfat edib torpaq onun adına qeydiyyata alınıb. Sonra o, torpağı oğlu Xəyala bağışlayıb. Bu torpağın alınmasının və üzərindəki tikilinin Ayselə heç bir aidiyyatı olmamışdır. Sonra da oğlu Aysel ilə ayrılıb. Ayrılandan sonra oğlu yenidən torpağı ona qaytarıb. Ümumiyyətlə o, bu evi özü üçün tikdirmiş, Xəyala ata evini vermək fikri olmuşdur. Lakin o, işdə olarkən Xəyal və Aysel ondan xəbərsiz bu evə köçmüşdür. Buna görə onlardan incimişdir. Evin tikilməsinə və təmirinə görə bütün xərci o, çəkmişdir. Torpaq halhazırda da onun mülkiyyətindədir. Dəfələrlə evi qeydiyyata aldırmaq istəyib. Lakin Aysel daşınmaz əmlakdan gələn mütəxəssislərin evə girməsinə imkan verməmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsinə bildirmişdir ki, o, qapıpəncərə ustasıdır. Tərəfləri də elə tanımışdır. Belə ki, o, təxminən 2014-cü ilin yay aylarında onların yeni tikilən evinin qapı və pəncərələrini düzəltmişdir. Buna görə ona pulu isə Ayselin atası Əlihüseyn kişi vermişdir. Evin qapı pəncərəsini düzəldən zaman evin üstü artıq vurulmuşdur.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsinə bildirmişdir ki, onun Kamazı var və daş satır. İddiaçı və cavabdehi qonşu kəndin sakini kimi tanıyır. Onlara evlərinin tikintisi üçün daş satmışdır. Daşı ona Elmira sifariş etmiş və pulunu da Elmira ödəmişdir. O, daşı satanda torpaqda heç bir tikinti yox idi. Həmin vaxtın hansı il olması isə yadından çıxıb.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsinə bildirmişdir ki, Xəyalın bibisi oğludur. Tikilən ev onun yaşadığı evin qonşuluğundadır. Evin tikintisində yaxından iştirak edib. Evin tikintisi üçün bibisi Elmira Azərbaycan Beynəlxalq Bankından müəyyən məbləğdə kredit götürüb. Evin üst qatında olan pəncərələri onun tanıdığı usta düzəldib. Həmin pəncərələr qoyulanda orada yaşayış var idi. Pəncərələrin pulunu bibisi Elmira verib. Evin tikintisində onların qohumları qonşuları iştirak edib. O, Ayselin yaxınlarının orada işlədiyini görməyib.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsinə bildirmişdir ki, Xəyalın bibisi oğludur. Özü usta kimi təmir işləri görür. Lakin həmin evdə o, işləməmişdir. Çünki o, həmin vaxtlar Dağıstanda işləmişdir. Xəyalda onunla bərabər təxminən bir il orada işləmiş, qazandığı pulu isə ailəsinə göndərmişdir. Xəyalla həmin vaxtlar söhbət edərkən ev tikdiklərini və qazandığı pulu ora göndərdiyini demişdir.

13. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Şamaxı rayonu, Mirikənd kəndi ərazində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.

14. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Şamaxı rayonu, Mirikənd kəndi ərazində yerləşən 0,12 ha torpaq sahəsi X1 mülkiyyətindədir.

15. İş materiallarında olan 30 may 2018-ci il tarixli Qeydiyyat şöbəsinin arayışından görünür ki, X4 nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlı vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2010-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır.

16. İş materiallarında olan AZ-İ 442849 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 oktyabr 2010-cu il tarixdə 11 nömrə ilə qeyd edilmişdir.

17. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli X2 məxsus Azərbaycan Respublikası, Şamaxı rayonu, Mirikənd ünvanında 0.6104 ha torpaq sahəsi üzərində yerləşən (ölçüləri 10 m X 16 m) fərdi yaşayış evinə çəkilmiş xərclərin qiymətləndirilməsi üzrə hesabatdan görünür ki, hesablamaların yekunu olaraq X2 məxsus Şamaxı rayonu, Mirikənd ünvanında 0.6104 ha torpaq sahəsi üzərində yerləşən (ölçüləri 10 X 16 m) fərdi yaşayış evinə çəkilmiş xərclərin 28 aprel 2023-cü il tarixə 1 kv.m üçün 130 manat olmaqla, ümumi dəyəri 41600 manat həcmində müəyyən edilmişdir.

18. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2023-cü il tarixli, 10/4191 saylı ekspert rəyinə əsasən, Şamaxı rayonu, Mirikənd kəndində yerləşən 0,12 hektar torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin tikintisi və təmiri olunmasına çəkilmiş xərc orta bazar qiymətlərinə uyğun təqribən 28295 manat məbləğində müəyyən olundu.

19. İş materiallarında olan “Finca Azerbaijan” MM QBKT-yə edilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli, **********0237 nömrəli kredit müqaviləsinə əsasən “Finca Azerbaijan” MM QBKT ilə X3 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən “Finca Azerbaijan” MM QBKT tərəfindən X2 həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30 faiz olmaqla, 12 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir.

20. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-yə edilmiş sorğuya cavab məktubundan görünür ki, LPO "xxxx" ASC-də xx.xx.1952-ci il təvəllüdlü (AZE 818402, FİN 1KG3KHJ) X2 məxsus kart hesabı və hər hansı kredit müqavilələri aşkar olunmur.

21. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-yə edilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.2014-cü il tarixli, 1829/14 TKİ nömrəli “kredi kartının verilməsi və istifadəsi üzrə müqavilə”sinə əsasən Ləğv prosesində olan "xxxx" ASC tərəfindən İddiaçı 300 manat məbləğində kredit xətti ayrılmışdır.

22. İş materiallarında olan "xxxx" ASC-yə edilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli, SMLMB-2727 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı istehlak məqsədilə illik 30 faiz olmaqla, 24 ay müddətinə 2600 manat məbləğində kredit verilmişdir.

23. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(074)-23/2024 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia qismən təmin edilərək, Cavabdeh 14.147,50 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat və 50 manat mediasiya xərcinun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 25 manat, İddiaçı 25 məbləğində ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

24. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36.1, 36.3, 37.1-ci, Mülki Məcəllənin 225.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

25. Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X1 və üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

31. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı:

32. 4.11.Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

34. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

35. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

38. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

39. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verməmişdir. Şikayət mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmişdir.

42. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə kollegiyasının iclasında verdiyi izahata əsasən dəlili ondan ibarət olmuşdur ki, dörd müxtəlif bankdan kreditə pul götürməklə mübahisə olunan evi tikmişlər. Oğlu Cavabdeh usta olduğu üçün evi o, tikmişdir, amma tikilmə xərclərini o özü çəkmişdir. Həmin evi özü üçün tikdirmişdir. Evin tikilməsinə 10000 manat xərc çəkmişdir. Ev 2010-2011-ci illərdə tikilmişdir. 2017-ci ildə isə iddiaçı cavabdehlə birlikdə həmin evə köçmüşdür. Ev yeddi il ərzində tikilmişdir. Tikinti işləri tam yekunlaşmamışdır, işlər yarımçıq qalmış və hazırda evin içərisi təmirsizdir. Belə ki, evin daxili qapıları quraşdırılmamışdır. İddiaçı atası evin tikilməsi zamanı 5 ədəd pəncərə almışdır və pəncərələr quraşdırılmışdır. Onun atası bundan başqa heç bir şey etməmişdir. İddiaçı evdar xanım olmuşdur, onun başqa xərc çəkməyini bilmir.

43. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. İş üzrə tərəflərin izahatlarına, işin araşdırılmış hallarına və tədqiq olunmuş sübutlarla məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə, daha sonra xx.xx.2023-cü il tarixdə üçüncü şəxs X1 mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Lakin onun üzərində yerləşən mübahisəli evə dair hər hansı hüquq dövlət reyestrində qeydə alınmamışdır. Həmin evi üçüncü şəxs məhz özü üçün tikdirdiyini bildirsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, evdən yaşayış sahəsi kimi yalnız iddiaçı və cavabdeh istifadə etmiş və onlar birgə nikah zamanı tikinti və müəyyən təmir işləri görərək evdə yaşamaq üçün zəruri olan şərait yaratmışlar. Hazırda həmin evdə iddiaçı azyaşlı uşaqları ilə birlikdə yaşayır və ev sökülməmişdir. İddiaçı tikintiyə çəkilmiş xərcin bölünəcəyi təqdirdə evdən çıxacağını göstərir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz.

46. Sadalananlara və iş üzrə müəyyən olunmuş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev özbaşına tikili olsa da, fiziki obyekt olaraq özündə tərəflərin ər-arvad kimi əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, iddiaçının mövcud iddiası əsasında həmin tikiliyə çəkilmiş xərcin yarısının cavabdehdən tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir, həmçinin hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(074)-23/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar