Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1162/2025 21.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Qaçqınların və X5 üzrə Dövlət Komitəsini cəlb edilməklə) “mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-15/2025 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-15/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 yetkinlik yaşına çatmayanlar - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə, bina 14-dəki 15 nömrəli (yeni qaydalarla: AZ5011, ünvan 1 ünvanındakı) mənzildən çıxarılmaları, bu qətnamənin Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsas olması qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Qətnamədən Cavabdeh5 (vəkili-nümayəndəsi Vəkil2) tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, məhəllə 47, ev 14-dəki 15 nömrəli mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı və ailə üzvlərindən ibarət daha 9 nəfər həmin mənzildə qeydiyyatda olsalar da, iddiaçının mənzili Qubadlı rayonundan məcburi köçkünlər Cavabdeh4 və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. Uzun illərdir həmin şəxslərin məcburi köçkün olduqları Qubadlı rayonu işğal altında olduğu üçün onların mənzilindən çıxarılması barədə məhkəməyə müraciət etməmişdir. Hazırda cavabdehlərin qeydiyyatda olduqları Qubadlı rayonu işğaldan azad olunmuşdur. Ona görə də, iddiaçı ona məxsus olan mənzildən cavabdehlərin çıxarılmalarını istəyir. Dəfələrlə iddiaçı ona məxsus mənzili könüllü şəkildə boşaltmaları barədə cavabdehlərə xəbərdarlıq etsə də, onlar məcburi köçkün statuslarının olduğunu, məcburi köçkünü məskunlaşdıqları yerdən çıxarmağa heç kimin ixtiyarı olmadığını bildirərək, mənzilini boşaltmaqdan imtina etmişlər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh4, Cavabdeh5, X4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus olan ünvan 2 ünvanından çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edir. Sonradan iddiaçının vəkili-nümayəndəsi tərəfindən ərizə təqdim edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yetkinlik yaşına çatmamalarını nəzərə almaqla, cavabdehlər sırasından çıxarılmalarını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh5 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-15/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh5 (vəkili-nümayəndəsi Vəkil2) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X2 20 saylı MKS-in xx.xx.2023cü il tarixli, 707 saylı arayışında bildirilmişdir ki, cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3 va Cavabdeh2 Sumqayıt şəhəri, məhəllə 47, 14 saylı evin 15 nömrəli mənzilində yaşayırlar. Bu ailə Qubadlı rayonundan məcburi köçkün kimi 1993-cü ildən bu mənzildə məskunlaşmışlar... Göründüyü kimi, cavabdehlər iddiaçıdan əvvəl həmin mənzildə qanuni əsaslarla məcburi köçkün kimi məskunlaşmışlar. Lakin məhkəmə bu halı nəzərə almamışdır. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən isə məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki: "...Qubadlı rayonunun Muradxanlı kəndindən məcburi köçkünlər – Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 va Cavabdeh3 Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən məcburi köçkünlərin sıx məskunlaşma obyekti olan 14 saylı evin İddiaçı məxsus 15 nömrəli mənzilində məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin edilməmiş və onlara mənzil təklif olunmamışdır. Sözügedən ailənin üzvləri məskunlaşdıqları ünvan üzrə qeydiyyata alınmışlar. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı"na uyğun olaraq Qubadlı rayonunun Muradxanlı kəndindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı həmin ailənin də öz doğma yurduna köçürülməsi həyata keçiriləcək”. Sübut etməyə ehtiyac yoxdur ki, işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlər öz iradələri ilə deyil, dövlət orqanları tərəfindən müəyyən edilmiş qaydada, planlı şəkildə köçürülürlər. Məhkəmənin qətnamədə istinad etdiyi iş üzrə üçüncü şəxs olan Komitənin cavab məktubunda da qeyd edildiyi kimi, iş üzrə cavabdehlər mənzillə təmin edilməmiş, onlara mənzil təklif olunmamışdır. Məhkəmə cavabdehlərə köçürülməli olduqları mənzil ayrılması barədə heç bir sübut təqdim edilmədən onların mənzildən çıxarılmaları, "Bu qətnamə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsasdır” qənaətinə gəlməkdə haqlı olmamışdır. Halbuki, məhkəmə öz qətnaməsində qeyd etmişdir ki,”1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir”. ““Qaçqınların va məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli Sərəncamının 2ci bəndinə əsasən, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapsırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürüİənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən va digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər... Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir... Cavabdehin və onun ailə üzvlərinin sözügedən mənzildə məskunlaşması faktı işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının cavabdeh və onun ailə üzvlərinə qarşı ötən 30 il müddətində müvafiq dövlət orqanına hər hansı şikayəti olmamış, bununla da müvafiq icra hakimiyyəti orqanı cavabdehlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməmiş, cavabdehlərin mənzildə məskunlaşmasından 30 il sonra iddiaçı cavabdehlərə qarşı "mənzildən çıxarılma tələbinə dair” iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə cavabdehlərin iddiaçıya məxsus əmlakı öz təsir dairəsində saxlayıb orada yaşamaları hüquqla tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir, lakin bu fikir AR Prezidentinin yuxarıda istinad edilən Sərəncamının məqsədinə, o cümlədən "məskunlaşmaq” sözünün mahiyyətinə ziddir. Hazırkı işdə cavabdeh və onun ailə üzvlərinin mübahisəli mənzildə yerləşdirilməsi istinad edilən qanunun tələblərinə müvafiq surətdə həyata keçirilmişdir. Göründüyü kimi, yuxarıda istinad edilən Qanun və Sərəncam cavabdeh və onun ailə üzvlərinin mənzildə məskunlaşmasının tamamilə qanuni olduğunu təsdiq edir. Belə vəziyyətdə məhkəmə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərindən istifadə edərək qətnamədə onun icra edilmə müddətini göstərməklə, cavabdeh və onun ailə üzvlərinin mənzildən çıxarılmalarını onların doğma yerlərinə qayıtması vaxtı ilə şərtləndirə bilərdi. Məhkəmə bu halı da nəzərdən qaçırmışdır... Odur ki, apellyasiya şikayətinin təmin olunmasını, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-15/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu, qarşı tərəfin etiraz dəlillərinə isə Ali Məhkəmə səviyyəsində qəbul olunan məhkəmə aktlarında hüquqi qiymət verilərək rədd edildiyini bildirmiş, işə onların (iddiaçının və onun) iştirakı olmadan baxılıb apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırıb, işin hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli, 2(060)-15/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 (yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Məzahir Abdullayev küçəsi, ev 19, M8, 1 saylı mənzil) xx.xx.2023-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli, 543 nömrəli arayışından (ailə tərkibi haqqında) görünür ki, Qubadlı rayonundan məcburi köçkün Cavabdeh4 ünvan 2 ünvanında ailə üzvləri - Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan İddiaçı “mənzildən çıxarılma tələbinə dair” mülki işlə bağlı Qubadlı rayonunun Muradxanlı kəndindən məcburi köçkünlər – Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi köçkün kimi qeydiyyatdan keçib-keçməmələri, mənzillə təmin olub-olmaması (mənzil ehtiyacı olan şəxslərin siyahısında adlarının olubolmaması, onlara hər hansı yerdə inşa edilmiş evlərdə mənzil təklif edilib-edilməməsi, əgər varsa həmin şəxslərin gələcəkdə yaşayış sahəsi ilə təminatı ilə bağlı nəzərdə tutulmuş tədbirlər, hazırda müvəqqəti olaraq başqa bir yaşayış sahəsində yerləşdirilməsi imkanları və s.) barədə məlumatın verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə daxil olmuş sorğuya Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Bildirilir ki, Qubadlı rayonunun Muradxanlı kəndindən məcburi köçkünlər – Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən məcburi köçkünlərin sıx məskunlaşma obyekti olan 14 saylı evin İddiaçı məxsus 15 nömrəli mənzilində məskunlaşmış, məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin edilməmiş və onlara mənzil təklif olunmamışdır. Sözügedən ailənin (şəxslərin) adları məskunlaşdıqları ünvan üzrə qeydiyyata alınmışdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Qubadlı rayonunun Muradxanlı kəndindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı həmin ailənin də öz doğma yurduna köçürülməsi həyata keçiriləcək. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, Sumqayıt şəhər, 47-ci məhəllə, ev 14-də yerləşən 15 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzildə cavabdehlər - Qubadlı rayonundan olan məcburi köçkünlər məskunlaşmışlar. Hazırda iddiaçı cavabdehlərin mənzildən çıxarılmalarını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-ci maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2 və 157.4-cü maddələrinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər... Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 yetkinlik yaşına çatmayan ailə üzvləri - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə, bina 14-dəki 15 nömrəli (yeni qaydalarla: AZ5011, ünvan 1 ünvanındakı) mənzildən çıxarılmalarını qət etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməli olması barədə qənaətini onunla əsaslandırmışdır ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər... İstinad olunan normanın tələbləri baxımından cavabdehlər məcburi köçkün olduqları üçün dövlətin imkanları (resursları) hesabına başqa yaşayış yeri ilə təmin olunmalıdırlar və qətnamə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsasdır. Sözügedən mənzil isə İddiaçı mülkiyyəti olduğundan cavabdehlərin həmin mənzildə məskunlaşması və mənzildən çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur, ona görə də iddiaçının ona məxsus mənzil üzərində mülkiyyət hüququ təmin edilməli, cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün imkan və vasitələrdən istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı əsaslı qətnamə qəbul etmişdir. Belə ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan mənzilin hər hansı hüquqi əsas olmadan zəbt edilməsi işin mübahisəsiz halıdır. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin oxşar mübahisələrlə bağlı Azərbaycana qarşı işlər üzrə qərarlarında formalaşmış hüquqi mövqeyə əsasən cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə hər hansı hüquqi əsas olmadan yaşamaları və iddiaçının tələbinə baxmayaraq mənzildən çıxmamaları iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Cavabdehlərin iddiaçıya məxsus mənzildə heç bir qanuni əsas olmadan məskunlaşması iddiaçının mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcədə pozduğundan, iddiaçını həmin əmlak üzərində öz mülkiyyət hüquqlarından istifadə etmək imkanından məhrum etdiyindən birinci instansiya məhkəməsi iddianın təmin edilməsi üzrə qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir. İş materiallarından həmçinin görünür ki, cavabdehlər mübahisəli mənzildə onlar məskunlaşandan sonra iddiaçıya həmin mənzilə dair order verilməsinin qanunsuzluğunu, bu orderin və onun verilməsinə əsas olmuş rəsmi sənədlərin ləğvini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmişlər. Lakin onların iddiası uğurlu olmamış, məhkəmələr tərəfindən cavabdehlərə onların müvafiq inzibati orqanlara qarşı belə tələb irəli sürməyə subyektiv hüquqlarının olmadığı bildirilmişdir. Ona görə ki, cavabdehlər sözügedən mənzildə heç bir qanuni əsas olmadan məskunlaşmış, həmin məzil barəsində hər hansı hüquq əldə etməmişlər. Belə vəziyyətdə onların həmin mənzil üzərində başqasının hüququnu və bu hüququ verən (müəyyən edən) sənədləri mübahisələndirməsi istisna olunur. Cavabdehlərin özbaşına zəbt edib məskunlaşdıqları mənzildə uzun müddət (hətta, 30 ildən artıq) yaşamaları onların həmin mənzilin sahibi kimi tanınmalarına əsas vermir. İddiaçı isə 1976-cı ildən Sumqayıt şəhərində “Üzvi sintez” İstehsalat Birliyində işləmiş, iş yerindən 1982-ci ildə mənzil növbəsinə götürülmüş və 1995-ci ildə ona 5 nəfər ailə tərkibi ilə 3 otaqlı mənzil verilmişdir ki, bu mənzili də məcburi köçkün olan cavabdehlər zəbt edib orada məskunlaşmışlar. Halbuki, iddiaçının 1982-ci ildən həmin mənzilə (yəni işlədiyi müəssisənin maliyyə vəsaiti hesabına inşa ediləcək binadan ona mənzil verilməsinə) “qanuni gözlənti” hüququ olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş tələbi qanuni və əsaslı olmuş, məhkəmə də həmin tələbi təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olan qətnamə qəbul etmiş, işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Cavabdeh5 (vəkili-nümayəndəsi Vəkil2) apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qəbuledilməz olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh5 (vəkili-nümayəndəsi Vəkil2) tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-15/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1162/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1162/2025
21.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver