Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1163/2023 15.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(060)-2921/2023 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq faktının müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1947-ci il təvəllüdlü mərhum X5 ilə münasibətdə qohumluq faktı kimi X3 onun qardaşı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2921/2023 saylı, 13 aprel 2023-cü il tarixli qərardadı ilə Ərizəçi Maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsinin və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması, ərizəçiyə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sənədləri təqdim etməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunması qərara alınmışdır. Ərizəçi nümayəndəsi və vəkili Vəkil qərardaddan şikayət verərək onun ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1952-ci il tarixdə Laçın rayonunun Məzməzək kəndində anadan olmuşdur. X8 onun atasıdır. X4 onun anasıdır. X5 onun qardaşıdır. X1 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Lakin qardaşının doğum haqqında şəhadətnaməsi yoxdur. Özü vəfat etdiyinə görə doğum aktının qeydə alınması ilə bağlı məhkəməyə müraciət edə bilməz. Qardaşı oğlu X9 ona torpaq sahəsi bağışlamaq istəyir. Bununla əlaqədar olaraq X3 onun qardaşı olması faktı ona lazımdır. Qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2921/2023 xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Şəbnəm Həxiyeva) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Maddə 307.1.Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.1. Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarı ilə bu qəbildən olan işlər vahid məhkəmə təcrübəsinin formalaşması üçün məhkəmələrin diqqətinin hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsi tövsiyə edilmişdir. Qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə kollegiyası izah edir ki, ərizəçi qeyd edilən faktın müəyyən edilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə əlaqədar olduğundan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlar qeydinin bərpası ilə bağlı müraciət etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itirilmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan tələbləri baxımından hesab edir ki, Ərizəçi mərhum X3 onun qardaşı olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyini, yaxud itirilmiş sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən hər hansı sənədi ərizəyə əlavə etməmişdir. Halbuki, ərizəçi bu sənədlərin əldə edilməsi və ya bərpası üçün ilk öncə aidiyyəti orqanlara müraciət etməlidir. Ərizəçi mərhum qardaşının doğum haqqında şəhadətnaməsinin alınması ilə bağlı müraciət edildiyini və ona həmin şəhadətnamənin verilməsindən imtina edilməsini də təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ərizədə göstərilən hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən edilməsi üçün hələ ki, hüquqi əsas yaranmamışdır. Bu da öz növbəsində ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Ərizəçi şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(060)-2921/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1163/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1163/2023
15.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver