Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1165/2023 30.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Siyəzən rayon dövlət notariat ofisinə və Bank "xxxx" ASC-yə qarşı icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(059)-73/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) İddiaçı cavabdehlər Siyəzən rayon dövlət notariat ofisinə və Bank "xxxx" ASC-yə qarşı icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Siyəzən rayon dövlət notariat ofisinə və Bank "xxxx" ASC-yə qarşı icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş 26 oktyabr 2022ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 19 mart 2010-cu il tarixli, 254 saylı lisenziya və nizamnamə əsasında fəaliyyət göstərən Bank ‘'BTB'’ Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında 13 may 2019cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona şəxsi istifadə məqsədilə 60 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 250000 manat məbləğində aylıq əsasla qaytarmaq şərtilə kredit verilmişdir. Kreditin təminatı qismində "xxxx" ASC-nin müdiri X1 13 may 2019cu il tarixdə bankla ipoteka müqaviləsi bağlayaraq ASC-yə məxsus Siyəzən şəhərinin Xətai küçəsindəki 149 saylı ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni ipotekaya qoymuşdur. Eyni zamanda, X2 13 may 2019-cu il tarixdə bankla zaminlik müqaviləsi bağlayaraq ona verilən kredit məbləğinə zamin durmuşdur. Öhdəliyin icrası onun tərəfindən mütəmadi icra olunsa da, ölkədə baş vermiş pandemiya nəticəsində müqavilə öhdəliyi üzrə icra olunacaq işlərdə problemlər yarandığına görə öhdəliyin icrasında müəyyən səbəblərdən dolayı yubanmalar baş vermişdir. Bank tərəfindən 2021-ci il tarixdə tərəflərə qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsində kredit və ipoteka müqaviləsindən irəli gələn mübahisələr üzrə iddia qaldırılmış, məhkəmə gedişi zamanı tərəflər arasında şifahi razılaşma mövcud olduğundan iddia tələbi irəli sürən tərəfindən verilmiş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri götürülməsi barədə məhkəməyə ərizə ilə müraciət edilmiş, məhkəmə müraciəti təmin etmişdir. Hazırki vəziyyətdə cavabdeh Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Siyəzən rayon icra və probasiya şöbəsinə 26 oktyabr 2022-ci il tarixli icra qeydi verilərək, “ünvan 1 ünvanda yerləşən əmlaka tutmanın yönəldilmiş və bununla bağlı öhdəliyi müəyyən edən müqaviləyə əsasən vaxtında ödənilməmiş 238196,40 manat əsas, 3674,80 manat faiz, 11909,82 dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 253781,02 manat müəyyən edilmişdir. 26 oktyabr 2022-ci il tarixdə Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş icra qeydi qanunsuz və əsasız olmaqla, heç bir hüquqi nəticə yaratmır, icra qeydində yazılanlar həqiqəti əks etdirmir. Odur ki, qeyd olunan icra qeydinin etibarsız hesab olunması barəsində qanuni və əsaslı məhkəmə qətnaməsi qəbul olunmalıdır. Belə ki, o, Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli icra qeydinin verilməsindən xəbərsiz olmuş, kredit və ya iş üzrə bağlanmış ipoteka müqaviləsi tərəflərin razılığı və ya məhkəmə qaydasında ləğv edilməmişdir. Notarius bankın təqdim etdiyi sənədləri, mübahisənin olub-olmamasını aydınlaşdırmadan icra qeydi vermişdir. Bankın tələb etdiyi məbləğ qanunsuzdur və qəsdən şişirdilmişdir. Cavabdeh bankın təqdim etdiyi sənədlər əsasında icra qeydi verilərək, normal məhkəmə araşdırmasına vaxt itirməmək kimi yeni təcrübə formalaşdırmağa çalışılmışdır. Bank kredit sazişi üzrə məhkəmə münasibətlərindən çəkinərək qanunsuz icra qeydinin verilməsinə nail olmuşdur. Bankla onun arasında mübahisə olduğundan bu mübahisə yalnız məhkəmə qaydasında öz həllini tapa bilər. Qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatlan ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda — notarius tərəfindən icra qeydi verilməklə, tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq, belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissəhissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, mövcud qanunvericiliyə əsasən sadalanan tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsinin olması, habelə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda sadalanan məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsinin notariat orqanlarının üzərinə düşməsi nəzərə alınmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı İmanov X3 Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin mövqeyi yanlışdır, məhkəmə cavabdehlər Siyəzən rayon Dövlət Notariat Ofisinə və Bank "xxxx" ASC-yə əsassız olaraq haqq qazandırmış, qeyri-hüquqi, özbaşınalıgı təlqin edən məhkəmə təcrübəsi yaratmışdır. Məhkəmə bu işə baxarkən ədalət mühakiməsi prinsiplərini kobud surətdə pozmuşdur. Qətnamə maddi və prosessual normalara zidd çıxarılmış, odur ki, qətnamə ləğv edilməli iş üzrə düzgün, ədalətli və qanuni qətnamə qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 254 saylı 19 mart 2010- cu il tarixli lisenziya və nizamnamə əsasında fəaliyyət göstərən Bank "xxxx" Acıq Səhmdar Cəmiyyəti ilə onun arasında xx.xx.2019-cu il tarixli, AKİAD-00002-15/19A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona şəxsi istifadə məqsədi ilə 60 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 250.000 (iki yüz əlli min) manat məbləğində, aylıq əsasla qaytarmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində "xxxx" ASC-nin müdiri X1 xx.xx.2019cu il tarixdə bankla AKİADG-00002-15/19A saylı ipoteka müqaviləsi bağlayaraq “ünvan 2 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni ipotakaya qoymuşdur. X6 oglu xx.xx.2019-cu il tarixdə bankla AKİADZ-00002-15/19A saylı zaminlik müqaviləsi bağlayaraq ona verilən kredit məbləğinə zamin durmuşdur. Öhdəliyin icrası tərəfindən mütəmadi icra olunmuş ölkədə baş vermiş pandemiya nəticəsində müqavilə öhdəliyi üzrə icra olunacaq işlərdə problemlər yarandığından öhdəliyin icrasında müəyyən səbəblərdən dolayı yubanmalar baş vermişdir. Bank tərəfindən 2021-ci il tarixdə tərəflərə qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsində kredit və ipoteka müqaviləsindən irəli gələn mübahisələr üzrə iddia qaldırılmış məhkəmə gedişi zamanı tərəflər arasında şifahi razılaşma mövcud olduğundan iddia tələbi irəli sürən tərəfindən verilmiş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məhkəmədən geri götürülməsi barədə məhkəməyə ərizə ilə müraciət edilmişdir. Məhkəmə müraciəti təmin etmişdir. xx.xx.2022-ci il tarixdə Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş icra qeydi qanunsuz və əsassızdır, hec bir hüquqi nəticə yaratmır, icra qeydində yazılanlar həqiqəti əks etdirmir. Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin verilməsindən xəbərsiz olmuşdur. Notarius bankın təqdim etdiyi sənədləri araşdırmadan, mübahisənin olub-olmamasını aydınlaşdırmadan icra qeydi vermişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, iş üzrə tərəflərə göndərilən bildirişlər tərəflərə rəsmi qaydada verilməmişdir. Qətnamədən açıq şəkildə görünür ki, məhkəmə işə səthi baxmış sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə baxışı zamanı cəkişmə prinsipinə əməl edilməmiş, tərəfindən iş üzrə təqdim edilmiş sübutları və iş üzrə verdiyi dolğun izahatını qəbul etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni mübahisə predmetini təşkil edən 26 oktyabr 2022-ci il tarixli icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilməsi, habelə onun etibarsız hesab edilməsi üçün hər hansı əsasın müəyyən edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan İddiaçı bu nəticəni mübahisələndirərək, qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı ilə “Bank "xxxx" ASC arasında 13 may 2019-cu il tarixdə 60 ay müddətinə illik 8 faiz ödəmək şərtilə 250000 manat məbləğində kreditin verilməsi barədə müqavilənin bağlanması, “ünvan 3 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə bank qarşısında ipoteka ilə yüklü edilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi icra qeydinin etibarsız hesab edilməsi barədədir. İddia tələbinin qanuni əsasını “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76 və 79cu maddələri təşkil edir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Notarius tərəfindən icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılmalıdır. Göründüyü kimi qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissəhissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi icra qeydinin verilməsi prosedurunun pozulduğuna və ona ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlə həm borcluya və həm də ipoteka saxlayana məlumat verilmədiyinə əsaslanmışdır. Bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Belə ki, mülki işin 81-ci səhifəsindəki “Atlas Ekspress” sürətli çatdırılma xidmətinin təqdim etdiyi qəbzdən görünür ki, alan qrafasında iddiaçının adı, soyadı və ata adı yazılmış olsa da, xx.xx.2022-ci il tarixli həmin qəbzi imzalayan şəxsin məhz başqa şəxs olması və həmin şəxsin ünvan sahibinə münasibəti məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Halbuki iddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında həmin ünvanda yaşamadığını bildirmişdir. Eyni zamanda ipoteka qoyan "xxxx" ASC-nin hüquqi ünvanına icra qeydi barədə bildiriş xx.xx.2022-ci il tarixdə göndərilsə də, lakin həmin bildirişin müvafiq vəzifəli şəxsinə, özünə və digər şəxsə (tutduğu vəzifə göstərilməklə) verilməsi görünmür. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1. və 76.2. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə əsasən iddiaçının icra qeydinin etibarsız hesab olunması barədə ərizəsində göstərdiyi halı təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etdiyindən, iddia tələbi təmin edilməli, Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin etibarsız hesab edilməlidir. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1165/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1165/2023
30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver