Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1165/2024 04.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinə zəruri avtomobil yolunun verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(012)-748/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus torpaq sahəsinə gedib-gəlmək üçün cavabdehin torpaq sahəsindən zəruri avtomobil yolunun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində X1 məxsus olan 0,065 ha torpaq sahəsinin 0,03 hissəsini o, qalan 0,035 ha hissəsini isə cavabdeh xx.xx.2012-ci il tarixdə notariat kontorunda alqı-satqı yolu ilə almışdır. Torpaq sahəsini alarkən satıcı ilə cavabdehə düşən torpaq sahəsindən ona zəruri yolun verilməsini razılaşmışlar. Həmin vaxt cavabdeh də bu razılaşmaya etiraz etməmişdir. Onlar aldıqları torpaq sahəsini dövlət reyestrində qeyd etdirməklə müvafiq çıxarış almışlar. Bir neçə ay bundan öncə, mülkiyyətində olan torpaq sahəsində ailəsi ilə birgə yaşamaq üçün fərdi yaşayış evi tikdirmək niyyətilə getdikdə görmüşlər ki, cavabdeh ona məxsus olan torpaq sahəsinə girmək üçün darvazanı iddiaçıya məxsus olan torpaq sahəsinin girişini bağlamaqla qoymuşdur. Mülkiyyətində olan torpaq sahəsinin olmasına baxmayaraq cavabdeh ümumi istifadədə olan küçəyə çıxış yolunun qarşısını bağlamışdır. Torpaq sahəsinə daş maşınlarının, başqa maşınların girişini və hətta piyada girişini belə tam məhdudlaşdırmışdır. Cavabdeh bütün vasitələrlə torpaq sahəsinə girişə qərəzli şəkildə maneçilik yaradır. Bunun nəticəsində isə onun hüquqları kobud şəkildə pozulur. Ona məxsus olan torpaq sahəsinə başqa hissədən zəruri yolun verilməsi mümkün deyildir. Qanunda göstərildiyi kimi hər kəs mülkiyyətində olan torpaq sahəsindən maneəsiz istifadə etməlidir, lakin cavabdehin hərəkəti nəticəsində o, xüsusi mülkiyyətindən mərhum olmuşdur. Ona məxsus torpaq sahəsinə daxil ola bilmir, orada təyinatına uyğun olaraq fərdi yaşayış evi tikdirə bilmir. Qeyd edilənlərə əsasən iddiaçı məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-748/2023 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia rədd olunmuş, iş üzrə ödənilmiş dövlət rüsumu və mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş vəsaitin iddiaçiya aid edilməsi və ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pulun iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdən İddiaçı, RX ******* nömrəli çıxarışa əsasən isə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,035 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Bu sahədən iddiaçıya dəyəri ödənilmədən zəruri yolun verilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. Qanunvericiliyə görə iddiaçı cavabdehlə servitut barədə razılaşma olmadıqda, onun şərtlərinin tətbiq edilməsilə bağlı məhkəməyə müraciət edə bilər. Mübahisələndirilən torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Hazırki halda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi ona indiki iddianı qaldırmağa hüquqi əsas vermir. Başqa sözlə iddiaçı ona hüquqi əsas verən rəsmi sənəddəki torpaq sahəsinə bitişik cavabdehin mülkiyyətində olan sahədən servitut əldə etməklə oraya zəruri yolun verilməsini təmin edə bilər.
6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci, Mülki Məcəllənin (bundan sonra – MM) 139.1, 152.1, 152.5, 157.4, 158.3, 170.2, 239, 255.1, 255.4, 255.8-ci, Torpaq Məcəlləsinin 54-cü, “Avtomobil yolları haqqında” Qanununun 7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2008-ci il tarixli qərarına, Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-748/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyanın 02 noyabr 2023-cü il tarixli, 2(105)-1857/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-748/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyanın 2 noyabr 2023-cü il tarixli, 2(105)-1857/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-1472/2024 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 2(105)-1857/2023 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində R.Rəhimova məxsus 0,065 ha torpaq sahəsinin 0,03 ha hissəsini o, qalan 0,035 ha hissəsini isə cavabdeh alqı-satqı qaydasında özgəninkiləşdirmişdir. Həmin torpaq sahəsi alınarkən ilkin razılaşma əsasında cavabdeh istifadəsində olan (həmin 0,035 ha hissədən də artıq istifadəsində olan) torpaq sahəsindən istifadə etməyə razılıq vermişdir (məhkəmə iclasının audio-video yazılarında da bu barədə etirafedici xüsusat mövcuddur). Çünki torpaq sahəsi satılarkən orada onun mülkiyyətinə keçən torpaq sahəsinə gediş-gəliş üçün faktiki yol olmuşdur. Lakin cavabdeh torpaq sahəsinə gedişgəlişi məhdudlaşdırmaqdan ötrü torpaq sahəsinin giriş hissəsinə darvaza qoymuşdur. Bununla da cavabdeh hüquqdan sui-istifadə edərək, torpaq sahəsindən istifadə etməyə məhdudiyyət yaratmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi əsası kimi bir iddia tələbinin sübut olunmamasını, ikincisi isə hüquqi əsasının olmamasını göstərmişdir. İddia tələbi üzrə ədalətli məhkəmə araşdırmasını təmin etməklə sual doğuracaq hallardan azad məhkəmə qətnaməsi qəbul etməli olduğu halda, sübutlar üzrə natamam araşdırma (bu hal prosessual maddələr ilə bağlı hissədə qeyd ediləcəkdir) aparmış, əsassız olaraq da iddia tələbinin hüquqi əsası olmadığını göstərmişdir. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarları baxımından, həmçinin qeyd edilən maddi hüquq normaları baxımından onun torpaq sahəsindən istifadə etməkdən ötrü zəruri keçid avtomobil yolunun ayrılması təmin edilməlidir. Əks halda bu onun mülkiyyətindən sərbəst surətdə sahiblik və istifadə hüququnu məhdudlaşdırır ki, mülkiyyət hüququna müdaxilə istənilən formada qanunsuzdur. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını sadalasa da, həmin normaları ya tətbiq etmək istəməmiş, səhv təfsir etməklə tətbiq etmişdir. Belə ki, torpaq sahəsinə gediş-gəliş üçün yol sahəsinin verilməsindən ötrü qonşu torpaq mülkiyyətçisi olan cavabdehdən torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Yuxarıda göstərilən maddi hüquq normalarının və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının məna və məzmununa görə torpaq sahəsinə gediş gəliş üçün zəruri avtomobil yolu verilməlidir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinə giriş-çıxışını məhdudlaşdıran hərəkətin (hərəkətsizliyin) edilməsi faktiki olaraq mülkiyyət hüququnun yalnız kağız üzərində qalmasını, mülkiyyətində olan torpaq sahəsindən sahiblik, həmçinin istifadə etmək hüququnu mümkünsüz etmişdir. Bu qeyd edilən xüsusatlar isə onu ehtiva edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını səhv təfsir etməklə tətbiq etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, qətnamə baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktları əks etdirir, iş üzrə müəyyən edilən faktlar və qətnamədə göstərilən hallar işin materiallarına tam uyğundur və bu qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətində mülkiyyət hüququnun toxunulmaz olduğunu dəfələrlə qeyd edən iddiaçı, öz mülkiyyət hüququnun onun mülkiyyət hüququndan daha üstün olduğunu iddia edir və onun mülkiyyətində olan torpaq sahəsindən ona yol verilməsini tələb edir. Lakin nəzərə almamışdır ki, hərkəsin mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. İddiaçının yol tələb etdiyi torpaq sahəsi dövlət tərəfindən qanunvericiliyin tələbləri uyğun olaraq qeydiyyata alınmışdır və dövlət tərəfindən qorunur. Azərbacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX0072808 saylı xx.xx.2012-ci il tarixli reyestrdən çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.035 ha torpaq sahəsi onun mülkiyyətindədir. Hazırki iddia və şikayət həm faktlar baxımından həm də hüquqi baxımdan əsassızdır. Mülkiyyətində olan əmlakdan başkasına yol verilməsi ən başda onun konstitusiya ilə müəyyən edilmiş hüquqlarına müdaxilədir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, torpaq sahəsi 6,5 sot olmuşdur. Birinci instansiya məhkəməsində üçüncü şəxs Rəhman Rəhimovun iştirakının təmin olunması ilə bağlı addımlar atmamışdır. Üçüncü şəxs torpağı tərəflərə satan şəxsdir. 6,5 sot torpağın 3 sotunu iddiaçıya, 3,5 sotu isə cavabdehə satılmışdır. 3.5 sot cavabdehə veriləndə faktiki razılaşma olmuşdur ki, iddiaçının öz torpaq sahəsinə sərbəst giriş-çıxışı təmin olunsun. Cavabdeh sonradan torpaq sahəsinin iddiaçıya məxsus olan hissəsini tam bağlayaraq iddianın giriş-çıxışının qarşısını almışdır. Orada darvaza da var. Ümumi giriş-çıxışın təmin olunmasını, avtomobil yolu ilə öz həyətinə girişinə şərait yaradılmasını istəyir. Təmsil etdiyi şəxsin bildirdiyinə görə məcburiyyət qarşısında qalaraq hasar çəkmişdir. Tərəflər arasında sonra mübahisə olmuşdur. Barışığın əldə olunması istəyirlər. Cavabdehin təklif etdiyi torpaq sahəsinin əyri hissəsinin götürülərək, cavabdehdən də iki metr alınaraq əvəzləşdirilməsi ilə bağlı iddiaçı ilə danışıb barışıq əldə olunması üçün addımlar ata bilər. Tərəflər arasında razılaşma olmuş, əraziyə baxış keçirilmişdir. Qeyd olunan qaydada razılıq əldə olunmuşdur. İddiaçı tərəfindən cavabdehin qeyd etdiyi hissədə və məsafədə götürülərək, darvaza üçün cavabdehə yer veriləcək. Barışıq sazişi notarial qaydada təsdiq olunacaq, təmsil etdiyi şəxs özü bu prosesdə iştirak edəcək. Bu həftə ərzində razılaşma üzrə söküntü və hasarın çəkilmə prosesi həyata keçiriləcək və barışıq sazişi imzalanacaqdır.
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. O, qarşı tərəfə etibar etmir. Belə ki, usta gətirmiş, hasarı hörəndə imkan verməmiş, nəticədə usta işi yarımçıq qoyub getmişdir. 10 ildir ki, torpaq sahəsində heç nə edə bilmirəm. Məhkəmənin suallarına cavabdında isə bildirmişdir ki, mövcud hasarı o çəkdirmişdir. Torpağı alanda deyildi ki, qapı yeri yoxdur. Ümumi yol var, müştərək istifadə üçündür. Alqı-satqı zamanı özü şəxsən iştirak etməmişdir. Maşın yolu ilə bağlı razılaşma sənədləşməmişdir. Belə ki, savadsız olmuş, bilməmişdir. Qarşı tərəfin qardaşı alqı-satqı işi ilə məşğuldur. Özləri ölçüb-biçib sənədləri hazırlamış və ona imza etdirmişlər.
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının yeznəsi və ağsaqqallın iştirakı ilə qeyd olunan razılaşma iki il əvvəl də olmuşdur. İddiaçı Aidə xanım mübahisəli əraziyə razılaşma üçün gəlmir. Hər dəfə bir bəhanə gətirir. Ona verdiyi hissənin yarısını da versə, razılaşır. Dünən nəhayət iddiaçının yeznəsi gəlib, hansı ki, həmin şəxslə ortaq məxrəcə gəlmək üçün bir neçə dəfə görüş olsa da, nəticə olmamışdır. Bu günə qədər hələki barışıq olmamışdır. İddiaçının kompensasiya verməklə, torpaq sahəsindən müəyyən bir hissəni götürməsinə razı deyil. Özünə məxsus olan torpaq sahəsinin heç bir hissəsini qarşı tərəfə vermir. Çöldəki darvazanı oğurluq hadisəsinin olmaması, qoyun-quzunun sahəyə daxil olmaması üçün qoyub. Sonrakı məhkəmə iclasında isə bildirmişdir ki, barışıq sazişinin şərtləri ilə tanış olmuş və qəbul etmir. Bununla yanaşı məhkəmədən kənar iddiaçıya maşın yolu üçün keçdidə imkan yaradacaq. Amma hər hansı sazişi imzalamaq, rəsmi qayda torpaq sahəsinin hər hansı hissəsindən imtina etmək istəmir. Buna baxmayaraq yol verməyə hazıram. Qarşı tərəfdən də hər hansı hissəni istəmir. Keçən iclasda razılaşdıqları qaydada yol verməyə razıdır. Sadəcə olaraq bunu məhkəmədən kənar etmək istəyir.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs X2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
17. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qarşılıqlı iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
18. RX ******* saylı, xx.xx.2012-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2012-ci il tarixli, AA 044165 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.
19. RX ******* saylı, xx.xx.2012-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,035 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Orada yerləşən fərdi yaşayış evinə dair onun adına xx.xx.2021-ci il tarixli, 9036 saylı texniki pasport tərtib olunmuşdur.
20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-2/3-32/2-2755/2023 saylı mütəxəssis rəyindən görünür ki, RX ******* saylı, xx.xx.2012-ci il tarixli reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə gedən yol elektron məlumat bazasında göstərilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. Ümumi istifadədə olan yol sxemdə göstərilmişdir.
21. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2076 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 14 mart 2023-cü il tarixli 3-2/3-32/2-2755/2023 nömrəli mütəxəssis rəyinə əsasən, RX ******* saylı, xx.xx.2012-ci il tarixli reyestrdən çıxarışla İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə gedən yol elektron məlumat bazasında göstərilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. Ümumi istifadədə olan yol mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.3. Mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqları sayılır. 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.4. Sservitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir.
24. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
54. Servitut-bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut-torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: -torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək;
25. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
26. Abşeron Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(012)-748/2023 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(012)-748/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, işin mübahisə edilməyən halına əsasən Abşeron rayonu, Saray qəsəbəsində üçüncü şəxs X1 məxsus olan 0,065 ha torpaq sahəsinin 0,03 hissəsini iddiaçı, qalan 0,035 ha hissəsini isə cavabdeh alqısatqı yolu ilə alaraq mülkiyyətlərinə keçirmişlər. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-2/3-32/2-2755/2023 saylı mütəxəssis rəyindən və həmin rəyə əlavə edilmiş mübahisəli torpaq sahələrinin yerləşmə vəziyyətinə görə sxemdən də göründüyü kimi küçədən iddiaçının və cavabdehin mülkiyyətində olan torpaq sahəsinin girişinə qədər olan dalan qismində olan yol (sxemdə yaşıl rənglə qeyd olunan torpaq sahəsi) ümumi istifadədə olan torpaq sahəsi olmuşdur.
29. Məhkəmə kollegiyası tərəfindən yerində baxış zamanı isə müəyyən edilmişdir ki, dalan qismində olan küçə tərəfdən yolun başlanğıcında iddiaçı tərəfindən dəmir darvaza quraşdırılmışdır. Dalanın sonunda iddiaçının və cavabdehin mülkiyyətində olan torpaq sahələri yerləşir ki, iddiaçıya mülkiyyətində olan torpaq sahəsinə yalnız piyada keçidi üçün giriş nəzərdə tutulmuşdur. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə avtomobilin girişi mümkün olmamaqla, avtomobil girişinin təmin edilməsi yalnız cavabdehin mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsi ilə mümkündür.
30. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-2/3-32/2-2755/2023 saylı mütəxəssis rəyindən və həmin rəyə əlavə edilmiş mübahisəli torpaq sahələrinin yerləşmə vəziyyətinə görə sxemdən görünür ki, cavabdehin mülkiyyətində 0,035 ha torpaq sahəsi olsa da faktiki istifadəsində olan torpaq sahəsi 0,0369 ha, yəni 19 kv.m artıq torpaq sahəsi olmuşdur. Sxemdə olan cizgilərdən isə göründüyü kimi həmin artıq istifadə olunan 19 kv.m torpaq sahəsi cavabdehin evinin arxa və yan tərəfində olan əraziyə düşməklə (sxemə əsasən cavabdehin mülkiyyətində olan göy rəngli xətlə işarələnmiş torpaq sahəsi ilə mavi rəngli xətlə işarələnmiş faktiki torpaq sahələrinin yerləşmə fərqi), iddiaçının zəruri keçidinin ayrılmasını tələb etdiyi torpaq sahəsi hissəsinə düşməməkdədir.
31. Məhkəmə kollegiyası iddia tələbinə və apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk öncə qeyd edir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində cavabdehin hər iki torpaq sahəsinə daxil olmaq üçün ümumi istifadədə olan torpaq sahəsinin qarşısında darvaza qoyaraq ümumiyyətlə torpaq sahəsindən istifadəyə mane olmasını qeyd etsə də onun tələbi konkret olaraq torpağına daxil ola bilməsi üçün cavabdehin mülkiyyətində olan 0,35 ha torpaq sahəsindən zəruri avtomobil yolunun verilməsi olmuşdur. Əks təqdirdə iddiaçı ümumi istifadədə olan torpaq sahəsinin girişində cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın sökülməsi və (və ya) ümumi istifadədə olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması tələbini sürməkdə haqlı hesab oluna bilərdi. Hərçənd ki, məhkəmə kollegiyasının iclasında da tərəflər arasında hər iki torpaq sahəsinə daxil olmaq üçün nəzərdə tutulan, ümumi istifadədə olan torpaq sahəsindən istifadə ilə bağlı mübahisənin mövcud olması müəyyən edilməmişdir.
32. Bundan başqa iddiaçı torpaq sahəsi alınarkən satıcı ilə cavabdehə düşən torpaq sahəsindən ona zəruri avtomobil yolun verilməsini razılaşdırıldığını iddia etsə də buna dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
33. Məhkəmə kollegiyası iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən avtomobil yolu üçün keçid verilməli olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə avtomobilin girişinin təmin edilməsi yalnız cavabdehin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi üzərində olan hüquqlarının məhdudlaşdırılması və ya mülkiyyətinin bir hissəsinə xitam verilməsi ilə mümkündür. Yuxarıda istinad olunan Mülki Məcəllənin 175-ci maddəsinin məzmunundan isə göründüyü kimi zəruri keçid müvafiq əvəz ödənilməklə, yəni kompensasiya verilməklə ayrılır. İddiaçının isə öz torpaq sahəsinə piyada yolu qismində zəruri keçidi mövcud olmuşdur. Avtomobil yolu üçün isə iddiaçının müvafiq kompensasiya verilməklə zəruri keçid ayrılması ilə bağlı tələbi mövcud olmamışdır.
34. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının torpaq sahəsinə avtomobillə keçidin təmin edilməsi üçün cavabdehlə servituta dair müqavilə bağlamaq hüququ olmalqa, belə razılaşma mümkün olmadığı təqdirdə isə məhkəmə qaydasında servitutun və servitut üzrə haqqın miqdarının müəyyənləşdirilməsi ilə də bağlı tələbi də olmamışdır. Buna görə də birinci instasniya məhkəməsi haqlı olaraq iddia tələbindən kənara çıxmayaraq, verilmiş tələb üzrə işə baxmış və iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə kollegiyasının iclasında tərəflər arasında barışıq əldə edilməsi üçün müvafiq təşəbbüslər göstərilsə də barışıq əldə edilməsi mümkün olmamışdır. Bununla yanaşı qeyd olunur ki, iddiaçı və cavabdehin mülkiyyətində olan torpaq sahələrinin yerləşmə xüsusiyyəti, qarşılıqlı mənafeləri nəzərə alınmaqla iddiaçının torpaq sahəsinə müvafiq kompensasiya verilməklə avtomobil keçidi ayrılması, o cümlədən servitut müəyyən edilməsi mümkün olan haldır. Hərçənd ki, məhkəmə kollegiyasının iclasında cavabdeh kompensasiya verilməklə avtomobil keçidi ayrılmasına razı olmamaqla, məhkəmədən kənar qaydada mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməklə iddiaçının torpaq sahəsinə avtomobil yolu keçidi ayrılmasına etiraz etmədiyini (dolayısı ilə servitut müəyyən edilməsinə) bildirmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehlə olan qarşılıqlı münasibətlərini nəzərə almaqla, məhkəmədən kənar müvafiq razılığa gəlmədikdə kompensasiya təklif etməklə avtomobil keçidi ayrılması və ya servitut müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
36. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(012)-748/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.