Məhkəmə qərarları › İş №2(105)-1166/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1166/2021

07.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1166/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Musayev Elvin İsrafil oğlunun katibliyi, Cavabdeh, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şabran rayon məhkəməsinin 15 noyabr 2019-cu ci il tarixli, 2(031)-836/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran rayon məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddianın qismən təmin edilməsi, iddiaçı Pirimova (Əlicanova) Tünzalə Aydın qızının azyaşlı övladı 09 yanvar 2019-cu il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməsi, iddianın qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq onu azyaşlı övladı 09.01.2019-cu il tarixdə doğulmuş X3 ilə Cavabdeh məxsus ünvan 2 ünvanda yerləşən yaşayış evinə köçürülməklə həmin yaşayış evindən və köməkçi vasitələrindən istifadə hüququnun tanınması barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğlu X4 ilə 28.01.2018-ci il tarixdə el adəti ilə toy edərək ailə qurmuşlar. Nikahları 06.03.2018-ci ildə Şabran rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Ailə qurarkən Cavabdeh məxsus ünvan 3 ünvanda yerləşən (bəzi sənədlərdə səhvən Natəvan küçəsi 39 göstərilmişdir) yaşayış evinə gəlin köçmüş, orada yaşadığı müddətdə 09.01.2019-cu il tarixdə Atilla adlı bir övladları anadan olmuşdur. Həmin evdə 2-3 ay yaşadıqdan sonra cavabdehlə aralarında tez-tez mübahisələr yaranmış, dəfələrlə Orxan iş üzrə cavabdeh olan anasının sözünə görə onu döymüş, körpə uşağı müalicə etdirməmişlər, müalicəsini valideynləri etdirmişdir. 21.02.2019-cu il tarixdə yenə uşağın xəstəliyi ilə əlaqədar pul lazım olduğundan evdə mübahisə yaranmış, məcbur olub valideynlərini çağıraraq, evdən uşaqla bərabər getmək məcburiyyətində qalmışdır. Hazırda müvəqqəti olaraq, o, valideynlərinin evində qalır, azyaşlı övladı ilə birlikdə cavabdehə məxsus yaşayış evinə köçərək orada yaşamaq istəyir. Qeyd edir ki, göstərilən yaşayış evi əvvəllər yəni, o, həmin evə köçərkən xüsusi mülkiyyətdə olmamış, 12 dekabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə müvafiq olaraq cavabdeh öz adına 27.12.2018-ci il tarixdə çıxarış almışdır. Xaçmaz Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qətnaməsi ilə onun cavabdehdən X4 ilə 2018-ci ilin yanvar ayında evlənməkləri, nikahlarının 06.03.2018-ci il tarixdə rəsmiləşdirilməsi, birgə nikahdan 19.01.2019-cu il tarixdə A.O.Əlicanlı adlı bir övladlarının doğulması, nikahın pozulması və uşağın saxlanılması üçün aliment kəsilməsi müəyyən edildiyindən həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Onların arasında hüquq münasibətləri yaranan zaman mübahisə predmeti olan yaşayış evi cavabdehin adına xüsusi mülkiyyətdə olmadığına görə hazırkı mübahisəyə görə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Şabran rayon məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual normalarını düzgün tətbiq etməmişdir. Aralarında olan hüquq münasibətləri yaranan zaman mübahisə predmeti olan yaşayış evi cavabdehin adına xüsusi mülkiyyətdə olmadığına görə hazırkı mübahisəyə görə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Məhkəmə hazırkı mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etməkdə səhvə yol vermişdir. Yaşayış evi Cavabdeh adına qeydiyyata alınsa da həmin yaşayış sahəsi həm də övladının atası Orxan Əlicanovun daimi yaşayış yeridir. O.Əlicanov doğma övladı üçün yaşayış yeri təmin etməyə borcludur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi iddiaçının mübahisəli tikilidən öz iradəsindən asılı olmayan səbəbdən çıxması onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməməsi, iddiaçının normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməli olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddianı təmin etmişdir. Bu nəticədən narazı qalan Cavabdeh qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən məhkəmənin qüvvədə olmayan normaya istinad edərək iddiaçını mübahisəli mənzildə istifadə hüququ əldə etməsi ilə bağlı nəticəsinin düzgün hesab edilə bilməməsi, iddiaçının nikaha daxil olmazdan əvvəl mübahisəli evin hüquqi vəziyyətini düzgün müəyyən etməli və buna münasibətdə maddi hüquq normalarının tətbiqini müəyyən etməli, evin hüquqi qeydiyyata alınmazdan əvvəl iddiaçının mübahisəli evdə onun tərəfindən və birgə nikahda olduğu şəxs tərəfindən evin yaxşılaşdırılması ilə bağlı hər hansı işlərin görülməsini aydınlaşdırmalı, iddiaçı ilə mülkiyyətçi arasında yeni hüquq münasibətinin yaranıb-yaranmamasını müəyyən etməli və bununla da, işə yenidən apellyasiya qaydasında baxılan zaman qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməklə mübahisələndirilən hissə ilə bağlı dəlillərə eləcə də, araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişini və apellyasiya şikayətinin mübahisələndirilən hissə ilə bağlı dəlillərini nəzərə alaraq aşağıdakı qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı cavabdehin oğlu Orxan Əlicanovla 28.01.2018-ci il tarixdə nikaha girərək ailə həyatı qurmuş, ailə qurduqdan sonra mübahisəli evə köçərək 21.02.2019-cu il tarixədək həmin ünvanda yaşamış və sonradan öz istəyi və valideynlərinin köməkliyi ilə evi tərk edərək əvvəldən yaşadığı ünvana qayıtmışdır. Bundan sonra o, mübahisəli mənzildə yaşamamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (MPM-nin 14.1. maddəsi). Bu baxımdan məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü iddiaçının nikaha daxil olmazdan mübahisəli evin hüquqi vəziyyətini düzgün müəyyən etmək və eləcə də evin hüquqi qeydiyyata alınmazdan əvvəl iddiaçının və birgə nikahda olduğu şəxs tərəfindən evin yaxşılaşdırılması ilə bağlı hər hansı bir işlərin görülməsini aydınlaşdırmaq məsədilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Şabran rayon mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinə, Şabran rayon İcra Nümayəndəliyinə və Şabran rayon Mənzil Kommunal Təsərrüfat birliyinə soğular verilmiş və Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 29.06.2021-ci il tarixli məktubundan görünür ki, Şabran şəhəri X.Natavan küçəsi 21 saylı fərdi yaşayış evində olduqları və 28.01.2018-ci il tarixdən 27.02.2019-cu il tarixədək həmin ünvanda tikinti işləri aparılması müəyyən edilməmişdir. Əvvələrdə həmin ünvanda tikinti işlərinin aparılması barədə Şabran şəhər nümayəndəliyinə məlumat daxil olmamışdır. Həmçinin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 19.05.2021-ci il tarixli məktubundan da müəyyən edilir ki, Dəvəçi şəhəri XDS İcraiyyə Komitəsinin 12.10.1990-cı il tarixli 16 saylı protokolundan çıxarışa əsasən X1 fərdi evin tikintisi üçün 500 kv.m torpaq sahəsi ayrılmış və ona fərdi mənzil tikintisinə icazə verilmişdir. Həmin ev 24.10.2018-ci ildə Telman Əlicanovun adına reyestr xidmətində ilkin qeydiyyatdan keçmiş və daha sonra həmin ev 27.12.2018-ci il tarixdə cavabdeh Sədaqət Priquliyevanın adına rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçı nikaha daxil olarkən həmin ev öz başına tikinti olmamış, onun qanuni sahibi əvvəlcə Telman Əlicanov olmuş və sonuncunun adına mülkiyyət hüquq 24.10.2018-ci ildə alınmış və sonra həmin evə mülkiyyət hüququ 27.12.2018-ci ildə cavabdeh S.Priquliyevanın adına keçmişdir. İddiaçı ilə istər əvvəlki mülkiyyətçi istərsə də, sonuncu mülkiyyətçi olan cavabdeh S.Priquliyeva ilə heç bir hüquq münasibəti yaranmamışdır. Tərəflər arasında hüquq münasibəti 2018-ci ildə, yəni hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu ildən sonra yarandığından, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisəyə Mənzil Məcəlləsinin 30-cı maddəsinin tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir. Mənzil Məcəlləsinin 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Həmin qərara əsasən Mənzil Məcəlləsinin 30.1. maddəsinin ikinci cümləsinin “digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qardaş, bacı, baba, nənə, nəvə, ögey ata və anadır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdeh Sədaqət Priquliyevaya münasibətdə Ailə Məcəlləsinin 15-ci fəslinə uyğun özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, iddia tələbini bu hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Şabran rayon məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar