Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1166/2023 19.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi Cavabdeh iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-37/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Bostançı kəndində 3,5218 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 229 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. AN-İ № seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X5 və qeyriləri mülkiyyətlərində olan ünvan 1ində yerləşən 3,5218 ha torpaq sahəsini İddiaçı satmışdır.
3. Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-319/2021 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh X3 qarşı pul və ya torpaq sahəsinin adına rəsmiləşdirilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1981/2021 nömrəli qətnaməsindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-319/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayəti təmin olunmamışdır.
5. Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2493/2019 nömrəli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh X3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1981/2021 nömrəli qətnaməsindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2493/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayəti təmin olunmamışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-418/2020 nömrəli qətnaməsindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-319/2021 nömrəli qətnaməsi iddiaçı Ə.B.Əbilova münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-3241/2020 nömrəli qərarından müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7811 nömrəli ekspert rəyindən müəyyən olunur ki, ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 3,5218 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. 10.********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 3,5218 ha torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh tərəfindən maneçilik törədilir.
11. ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 3,5218 ha torpaq sahəsi cavabdeh tərəfindən tam istifadə olunur. Qeyd olunan torpaq sahəsinə nəzərdə tutulan gediş-gəliş yolu cavabdeh tərəfindən istifadə olunur.
Birinci instansiya məhkəməsində icraat 12.İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon Bostançı kənd ərazisində yerləşən mülkiyyətinə aid 3,5218 ha torpaq sahəsinə cavabdeh tərəfindən törədilən qəsdlərin və başqa maneələrə son qoyulması, torpaq sahəsindən istifadə və sahiblik hüququnun bərpa edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. 13.İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Bostançı kəndi ərazisində xüsusi mülkiyyətində 3,5218 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə adına rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsini xx.xx.2019-cu il arixdə Xaçmaz rayon Bostançı kənd sakini X1 və onun ailə üzvlərindən notariat qaydada satın almışdır. Alqı-satqı 18 aprel 2019-cu il tarixli 4Ə-772 reyestr №-li müqavilə ilə rəsmiləşdirilmişdir. O, torpaq sahəsini qanuni əsaslarla satın almış və vicdanlı alıcıdır. Torpaq sahəsini alarkən həmin torpaq sahəsinə dair torpağı satın aldığı şəxslərlə digər şəxslər arasında hər hansı mübahisə olduğunu bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, torpaq sahəsini ona satmış X5 ilə Cavabdeh arasında satın aldığı torpaq sahəsinə dair mübahisə vardır. Cavabdeh Ədilov X2 İmam Mirzə oğluna qarşı satın aldığı torpaq sahəsinə dair ayrı-ayn vaxtlarda iki dəfə məhkəmə mübahisəsi açmışdır. Lakin Cavabdeh X3 qarşı məhkəmədə qaldırdığı iddia tələbləri əsassız hesab edilərək məhkəmə tərəfindən rədd edilmişdir. Apellyasiya və Ali Məhkəmə tərəfindən də, cavabdehin iddia tələblərinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnamələri qüvvədə saxlanılmışdır. Beləliklə Cavabdeh onun satın aldığı torpaq sahəsinə iddiasının əsassız olduğu müəyyən edilmişdir. Buna baxmayaraq Cavabdeh xüsusi mülkiyyətinə aid torpaq sahəsinə sahiblik etməyinə və torpaq sahəsindən istifadəsinə maneçilik törədir. Cavabdeh torpaq sahəsini əkib becərməyinə imkan vermir, torpaq sahəsinə torpağı becərmək üçün iş görmək məqsədi ilə apardığı texnikanı torpaq sahəsindən zorla çıxarır, torpaq sahəsində ona iş görməyə imkan vermir, torpaqdan istifadə edərsə onu vuracağı və öldürəcəyi ilə hədələyir. Cavabdehin hərəkətləri nəticəsində onun xüsusi nülkiyyətindən istifadə və sahiblik hüquqarı pozulur. Cavabdeh mülkiyyət hüququnu həyata keçirməyinə maneçilik törədir, onun hüquqlarını kobudcasına pozur. Ona etdiyi xəbərdarlıqlara məhəl qoymur və özünün qanuna zidd hərəkətlərini davam etdirir. Hazırda cavabdeh əşyanı götürmədən mülkiyyətinə qəsd edir və onu mülkiyyətindən məhrum edir. 14.Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-37/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonunun Bostançı kəndində yerləşən (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən) 3,5218 ha torpaq sahəsindən iddiaçının istifadəsi ilə bağlı Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçının istifadəsinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh alınaraq Məhkəmə Eksperizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim Anar Sadıqov). 15.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 21, 152.1, 152, 157.2, 157.5, Torpaq Məcəlləsinin 84, 111, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 16.Cavabdeh apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 37/2023 nömrəli, 06 mart 2023-ci il tarixli qətnaməsinin ləğv edilməsini və təmin edilmiş hissədə iddianın rədd edilməsini xahiş etmişdir. 17.Şikayətin dəlilləri: 18.Xaçmaz rayonunun Bostançı kəndində yerləşən və mülkiyyətinə aid olan 3.5218 ha torpaq sahəsinə çıxarışın verilməsi tələbi ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbi barədə iddia qaldırılması və Sumqayıt İnzibati Məhkəməsinin icraatında həmin işə baxılmasına əhəmiyyət vermədən işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. Lakin cavabdeh tərəfindən mübahisəli torpaq sahəsini X1 qanuni əsaslarla almışdır və buna görə də inzibati məhkəmədə çıxarışın ləğv edilməsi tələbinə dair iddia qaldırmışdır. İşə baxan birinci instansiya məhkəməsi qeyd edilən hallara əhəmiyyət verməmiş və cavabdehin mübahisə predmeti olan torpaq sahəsi üzərində olan mülkiyyət – “qanuni gözlənti” hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi cavabdehin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 və 13-cü maddələri ilə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması və səmərəli hüquqi müdafiə vasitələri hüquqlarını pozmuşdur. Qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz vermişdir. Etirazda göstərmişdir ki, apellyasiya şikayəti tamamilə əsassızdır. Belə ki, cavabdeh ona və mübahisəli torpaq sahəsini satın aldığı X3 qarşı bundan əvvəl 3 dəfə məhkəmə mübahisəsi açmışdır. Cavabdeh hər dəfə müxtəlif iddia tələbləri irəli sürmüşdür. Lakin cavabdeh hər 3(üç) iddia tələbi ayrı-ayrı vaxtlarda əsassız hesab edilərək məhkəmə qətnamələri ilə rədd edilmişdir. Hər 3(üç) iş üzrə cavabdeh apellyasiya şikayətləri vermiş və onun şikayətləri təmin edilməmiş və bu barədə məhkəmə qətnamələri çıxarılmışdır. Cavabdeh hər 3(üç) iş üzrə apellyasiya məhkəməsinin qətnaməsindən kasassiya şikayəti vermişdir. Onun kassasiya şikayətləri təmin edilmiş və bununla bağlı Ali məhkəmə tərəfindən qərarlar qəbul edilmişdir. Bu işlər üzrə bundan əvvəldə 9 (doqquz) ədəd məhkəmə qərarı qəbul edilmişdir. Bu məhkəmə qərarları ilə tam təsdiq edilir ki, cavabdeh onun torpağından qanunsuz istifadə edir və onun apellyasiya şikayəti əsassızdır. Cavabdeh ona qarşı qanunsuz hərəkətlərini hazırda da davam etməkdədir. Xahiş edir ki, cavabdehin bu hərəkətlərinə son qoyulsun. Cavabdeh onu qanunsuz olaraq öz əmlaklarından məhrum etmişdir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları 20.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir.
22. İddiaçı apellyasiya şikayətinə verdiyi etirazda səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
23. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 24.Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 25.Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu: 26.Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 27.Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 28.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 29.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 30.Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi 31.Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 32.Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Mülki Prosessual Məcəllə 33.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 36.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 38.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri 39.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 40.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Apellyasiya şikayətindən görünür ki, cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-37/2023 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsi mübahisələndirmişdir. 42.Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 43.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 44.Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 45.Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir. 46.Mülki işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7811 nömrəli ekspert rəyi ilə ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 3,5218 ha torpaq torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh tərəfindən maneçilik törədilməsi, həmin torpaq sahəsinin cavabdeh tərəfindən tam istifadə olunması öz təsdiqini tapmışdır. 47.Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 48.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində baş verən qanunsuz müdaxilələrin aradan qaldırılmasına və torpağın cavabdehin qanunsuz sahibliyindən və istifadəsindən alınaraq geri qaytarılımasına dair tələblərini irəli sürmək hüququna malikdir. 49.Belə olan halda apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 50.Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 51.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-37/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.