Məhkəmə qərarları › İş №2(105)-1166/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1166/2024

28.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1166/2024 28.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sumqayıt bələdiyyəsinin Cavabdeh (üçüncü şəxs İbrahimov Raqif Tapdıq oğlu cəlb olunmaqla) qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X2 (sonuncu məhkəmə iclasına gəlməmişdir), Cavabdeh, üçüncü şəxsin vəkili Vəkil1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-597/2017 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında 21 iyun 2001-ci il tarixli protokola əsasən, 56,6 hektardan ibarət “Samur-Abşeron” kanalı ərazisindəki torpaq sahələri “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir.

2. 21 iyun 2001-ci il tarixli akta və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü və 21-ci maddələrinin göstəricilərinə əsasən, torpaqların mülkiyyət formaları üzrə inventarizasiya edilib, təyinatına görə araşdırma apararkən bələdiyyə mülkiyyətinə verilən torpaqların ümumi cəmi 7.829,80 hektar olmuşdur.

3. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 21 iyun 2001-ci il tarixli Sumqayıt şəhər ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid olan torpaqların eksplikasiyasına əsasən, çoxmənzilli evlərin yaşayış sahəsi, mikrorayon daxili həyətlər, daxili küçə və s. torpaq yolları, prospekt, küçə baş yolları, ictimai tikililər, park və meydanlar, boş açıq sahələr, sair yarasız və başqa sahələr, örüş-otlaq sahələri, yaşıllıq zolaqları və sahələr, su hövzələri göl-göiməçələr, fərdi yaşayış sahəsi, qeyri-yaşayış sahəsi, qeyri bağ-bostan, tərəvəz sahəsi, “Yaşma” kollektiv bağ-bostan sahəsi, “Sarıqaya” bağ təsərrüfatı, dənizkənarı sahil xətti (qumlaqlar), çay, su axarlar, qəbiristanlıq, sairə dini obyektlər, fiziki və hüquqi şəxslərin istifadəsi, sair kommunikasiya xətləri, təhsil sahəsi, məktəblər, tibb sahəsi, xəstəxana və sair, magistral şosse yolları, dəmir yolu, “SamurAbşeron” kanalı, uşaq bağçaları, sair kənar təşkilati obyektləri sənaye obyektləri, xüsusi təyinatlı istifadəçi, sənaye obyektlərinin yardımçı təsərrüfatları sahələri Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmişdir.

4. Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 11 nömrəli protokol qərarına əsasən, Raqif İbrahimovun müraciəti nəzərə alınaraq Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınacaq Yeni Yaşayış massivində, mövqe sxem əsasında fərdi ev tikintisi üçün 600 kvadrat metr həyətyanı torpaq sahəsi ayrılmışdır.

5. Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli akta əsasən, Sumqayıt şəhər Bələdiyyəsinin icra aparatının memarlıq və tikinti şöbəsinin ərazi üzrə baş nəzarətçisi Xəlil Abbasov, Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsinin ərazi üzrə nəzarətçiləri Mövlanverdi İsmayılov, İlqar Bayramov və Kamran Əliyev Sumqayıt şəhəri Yeni yaşayış massivinin 7-ci məhəlləsində yerləşən torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən 0,24 ha torpaq sahəsini bir metr hündürlüyündə daş hasarla hasarlayaraq içindəki iri ağacları dibindən kəsərək zəbt etmiş və orada qanunsuz dəmir köşk yerləşdirilmişdir. Cavabdeh zəbt etdiyi torpaq sahəsinin boşaldılması tərəflərindən tələb olunsa da, o, buna əhəmiyyət verməmiş və qanunsuz əməlinə saxta sənədlə haqq qazandırmağa çalışmışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 26 yanvar 2017-ci il tarixli, **********12 saylı məktubuna əsasən, Raqif İbrahimovun adına Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəllə ərazisində yerləşən, sahəsi 2.400 kv. Metr olan həyətyanı torpaq sahəsinin qeydiyyata alınması barədə məlumat yoxdur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/845 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli, 3-21-3-31/2- 186/2023 nömrəli mütəxəssis rəyinə əsasən Sumqayıt şəhərinin cənubunun “SamurAbşeron” kanalınn şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisində Cavabdeh faktiki istifadəsində 1.197,5 kv.metr torpaq sahəsinin olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən Cavabdeh adına Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisində olan torpaq sahəsi qeydiyyatdan keçmədiyindən qərardadın ikinci və üçüncü suallarını cavablandırmaq mümkün olmamışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3463 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh tərəfindən zəbt edildiyi iddia edilən Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisindəki torpaq sahəsinin Bələdiyyənin mükiyyətinə aid olduğu müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. Sumqayıt bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 2400 kvadrat metr olan həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılıması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tərəfindən iddia ərizəsinə dəyişiklik edilərək Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılıması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs İbrahimov Raqif Tapdıq oğlu Sumqayıt bələdiyyəsinə müraciət edib, bələdiyyənin xx.xx.2008-ci il tarixli, 11 saylı qərarı ilə onun adına sənədləşdirilmiş Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan Yeni Yaşayış massivinin 7-ci məhəlləsinin ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsindən oranı zəbt etmiş Cavabdeh çıxarılmasına köməklik göstərməsini xahiş etmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, bələdiyyə torpaq sahəsinə daxil olan sözügedən torpaq sahəsi həqiqətən də hər hansı hüquq müəyyənedici sənədi olmadan zəbt edilmiş və qanunsuz olaraq hasara alınaraq orada dəmir köşk yerləşdirilmişdir. Halbuki qeyd edilən hərəkətlər torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçının qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliklərinin normalarına ziddir. Cavabdehin heç bir qanuni sənədi olmadan torpaq sahəsindən istifadə etməsi torpaq sahəsini özbaşına tutma (zəbt etmə) kimi qiymətləndirilməlidir.

12. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

13. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(060)-597/2017 nömrəli qətnaməsi ilə iddiaçı Sumqayıt bələdiyyəsinin Cavabdeh (üçüncü şəxs İbrahimov Raqif Tapdıq oğlu) qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilib, Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılıması, həmin torpaq sahəsinin 13.3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi qət edilmişdir (hakim Ruhiyyə Əsgərova).

14. Birinci instansiya məhkəməsi “Bələdiyyə torpaqlarının idarəsi edilməsi haqqında” Azərbaycan Respublikasınının Qanununun 4.0.11, 5.1-ci, Torpaq Məcəlləsinin 111-ci, Mülki Məcəllənin 180.4-cü maddəsinə istinad edərək iddianı təmin etmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(060)-597/2017 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-179/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi torpaq sahəsinin 13,3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi hissəsində ləğv edilmiş, iddia tələbi torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin (hasarın) cavabdehin hesabına sökülməsi hissəsində təmin edilmədən, qətnamə qalan hissədə - Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılıması hissəsində dəyişdirilmədən saxlanılmışdır (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari).

Kassasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-956/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-179/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər Z.Babayev (məruzəçi), Ə.Nurməmmədov və A.Hüseynov).

19. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, cavabdehin mübahisələndirilən torpaq sahəsinə dair mülkiyyət hüququ qanunvericiliklə müəyyən olunmuş qaydaya uyğun rəsmiləşdirilməsə də, mübahisəli torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması iddiaçı və üçüncü şəxs tərəfindən mübahisələndirilməmiş, həmin torpaq sahəsində evin tikilməsinə, cavabdehin orada ailəsi ilə yaşamasına iddiaçı etiraz etməmiş, hətta iddiaçı tərəfindən cavabdehdən torpaq sahəsindən istifadəyə görə ödənilmiş vergi qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsinə sahiblik etməsinə iddiaçının etiraz etməməsinə, həmin torpaq sahəsində inşa edilən evin iddiaçının razılığı ilə cavabdeh tərəfindən tikilməsinə, uzun müddət həmin evdə yaşamasına, ümumiyyətlə bağ evlərinin altında yerləşən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olmasına, bunun ekspert rəyi ilə müəyyən edilməsinə hər hansı zərurətin olmamasına baxmayaraq, cavabdehin torpaq sahəsindən məcburi çıxarılmasına dair nəticəsini hüquqi cəhətdən düzgün əsaslandırmamış, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddiaya qarşı olan etirazının dəlillərinə, yəni işçisi olduğu Sumqayıt Boru-Prokat Zavoduna aid torpaq sahəsini Sumqayıt XDS-nin xx.xx.1998-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən əldə etməsinə və xx.xx.1999-cu il tarixdə 5 nömrəli protokola əsasən “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin üzvlüyünə qəbul edilməsinə, ona verilən bu səlahiyyətlərdən istifadə edərək torpaq sahəsinə uzun müddət sahiblik etməsinə, torpaqdan istifadə etməsinə görə iddiaçıya vergi ödəməsinə hər hansı münasibət bildirməmiş, torpaqda evini inşa edilməsi ilə bağlı heç bir araşdırma aparmamışdır.

20. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının məhkəməyə müraciət edərək, cavabdehin faktiki olaraq sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsində onun ev tikib, uzun müddət ailəsi ilə yaşadıqdan sonra həmin torpaq sahəsinin iddiaçı tərəfindən üçüncü şəxsə verilməsi, cavabdehin torpaq sahəsindən çıxarılıması və tikilinin sökülməsini tələb etməsi barədə hərəkətlərinin hüquqdan sui-istifadə olmasına, iddianın bu qaydada təmin edilməsinin cavabdehin ziyana düşməsinə səbəb olacağına apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəllə ərazisində yerləşən, sahəsi 600 kv. metr olan həyətyanı torpaq sahəsindən onun çıxarılmağı və həmin torpaq sahəsinin 13,3 kv. metr hissəsində inşa edilmiş yardımçı tikilinin onun hesabına sökülməsində əsaslı olmamışdır. Qeyd olunan ərazi onun torpaq sahəsinə aid deyildir və qətnamədə qeyd olunan 13,3 kv. metr yardımçı tikili heç vaxt onun torpaq sahəsində olmamışdır. Onunla qonşu olan Fikrət adlı vətəndaşın torpaq sahəsi vardır, qeyd olunan 13,3 kv. metr yardımçı tikili onun sahəsindədir, Fikrət orada yaşamır. Həmin yardımçı tikili ilə onun torpaq sahəsinin hasarının arası 30 metr məsafə vardır. O, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Onun torpaq sahəsi 0,10 hektardır. Bu torpaq sahəsi ona 1999-cu ildə baş mühasib işlədiyi "xxxx" ASC tərəfindən verilmişdir. Bununla əlaqədar ona Bağçının üzvlük kitabçası (№ 1207) da verilmişdir. 2012-ci ildə qanuni sənəd əsasında ev tikmiş və həmin vaxtdan da orada daimi yaşayır. Heç vaxt nə məhkəmə tərəfindən, nə də icra məmuru tərəfindən ona bildiriş gəlməmişdir. 2012-ci ildə ev tikəndə bələdiyyənin işçilərinin, hətta bələdiyyə sədrinin də məlumatı olmuşdur. İddiaçının xx.xx.2016-cı il tarixli aktına əsasən guya 0,24 ha torpaq sahəsin hüquqmüəyyənedici sənəd olmadan zəbt edib ora dəmir köşk qoyulmuşdur. Baxış keçirilsə onda 0,10 hektardan artıq torpaq sahəsinin olub-olmaması müəyyən edilər. Məhkəmə bütün bunları nəzərə almamış, onun məhkəmədə iştirakını təmin etmədiyindən qeyd etdikləri ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verib təmin edilməsini xahiş etdi.

24. Məhkəmənin iştirak etdiyi iclasında iddiaçının nümayəndəsi X6, üçüncü şəxsin vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahış etdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

25. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

27. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

30. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

31. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

34. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

35. Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilmək; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilmək; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilmək bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilmək; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilmək; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilmək və s. səlahiyyətləri var.

36. Maddə 47 (6-cı hissə). Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

37. Maddə 47 (7-ci hissə). Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər.

38. Maddə 56 (6-cı hissə). Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir.

39. Maddə 59. (1-ci hissə). Yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə.

40. Maddə 66 (1-ci hissə). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

25 iyun 1999-cu il tarixə kimi qüvvədə olmuş Torpaq Məcəlləsi.

41. Maddə 23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər X4 qərarı ilə yer qurluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir.

42. Maddə 25. Müəssisələr, idarələr və təşkilatlar bostançılıq və digər məqsədlər üçün torpaq sahələrini öz işçilərinə müvafiq rayon, şəhər X4 razılığı ilə müdriyyətin və həmkarlar ittifaqı təşkilatlarının qərarı əsasında verirlər.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu.

43. Maddə 4. Bələdiyyələr yalnız öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; bu torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətlərinə malikdirlər.

44. Maddə 7.3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun torpaqları fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına xüsusi mülkiyyətə verilə bilər.

45. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.

46. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.

47. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsində göstərilir ki, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.

48.“Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-ci il tarixli Fərmanının 25-ci maddəsinə əsasən, 01 yanvar 2001-ci il tarixədək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddiaları qəbul edilə bilməz. Bu qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində (yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş qaydalara uyğun satılması) nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 01 yanvar 2001-ci il tarixdən etibarən həyata keçirir.

49. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamının 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

58. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

59. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

60. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

62. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

63. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-597/2017 nömrəli qətnaməsinin tam ləğvini xahiş etmişdir.

64. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməməlidir.

66. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

67. İşin hallarından görünür ki, hazırkı iddia tələbi Cavabdeh Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 2400 kvadrat metr olan həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi ilə bağlıdır.

68. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

69. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.

70. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın (torpağın) cavabdehin qeyriqanuni sahibliyində olmasını sübuta yetirə bilməmişdir.

71. Belə ki, Sumqayıt şəhər X4 “Samur-Abşeron” kanalının şimalında yerləşən meşə zolağı boyunca Sumqayıt Boru-Prokat Zavodunun əməkdaşları üçün 2000 ailəlik şəhər tipli qəsəbə salınması məqsədilə 162,0 hektar torpaq sahəsinin ayrılması barədə xx.xx.1989-cu il tarixli, 23 nömrəli qərarından, Cavabdeh xx.xx.1999-cu il tarixdə 5 nömrəli protokola əsasən “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin üzvü qəbul edilməsi, ona Bağçılıq Cəmiyyətinin bağından sahəsi 1.080 kv.m. olan 1207 nömrəli bağ sahəsinin Sumqayıt XDS-nin xx.xx.1998-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən daimi istifadə etmək üçün verilməsi barədə “Bağçılıq üzvlük Kitabçası”ndan, Sumqayıt şəhər Bələdiyyəsinə 2000-2008-ci illər üçün Sumqayıt “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin 1207 nömrəli torpaq sahəsindən istifadəyə görə 45 manat vergi ödəməsi barədə xx.xx.2008-ci il tarixli, 041216 nömrəli Qəbzdən, Sumqayıt “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin Cavabdeh məxsus bağ evinin eskiz layihəsindən görünür ki, cavabdeh üçüncü şəxs X5 tərəfindən verilməsi iddia edilən 0,06 ha torpaq sahəsini özbaşına zəbt etməmişdir.

72. Cavabdeh həmin vaxt işçisi olduğu Sumqayıt Boru-Prokat Zavoduna aid torpaq sahəsinə Sumqayıt XDS-nin xx.xx.1998-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən buraxılmış və xx.xx.1999-cu il tarixdə 5 nömrəli protokola əsasən “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin üzvlüyünə qəbul edilmiş, ona verilən bu səlahiyyətlərdən istifadə edərək cavabdeh torpaq sahəsinə uzun müddət sahiblik etmiş, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, istifadəsində olan torpağa görə bələdiyyəyə vergi ödəmişdir.

73. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin sahibliyində və istifadəsində olan həmin torpaq sahəsinin sonradan Bələdiyyə tərəfindən üçüncü şəxs Raqif İbrahimova verilməsi isə hər hansı sübutla təsdiqini tapmamaqla yanaşı, üçüncü şəxsin də ona verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, sənəd üzrə torpaq sahəsinin üçüncü şəxsə Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 11 nömrəli protokol qərarına əsasən verilməsi görünsə də, üçüncü şəxs uzun müddət həmin torpaq sahəsinə faktiki yiyələnməyə cəhd etməmişdir.

74. Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdehin mübahisələndirilən torpaq sahəsinə dair mülkiyyət hüququ qanunvericiliklə müəyyən olunmuş qaydaya uyğun rəsmiləşdirilməsə də, mübahisəli torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması iddiaçı və üçüncü şəxs tərəfindən mübahisələndirilməmiş, həmin torpaq sahəsində evin tikilməsinə, cavabdehin orada ailəsi ilə yaşamasına iddiaçı etiraz etməmiş, hətta iddiaçı tərəfindən cavabdehdən torpaq sahəsindən istifadəyə görə ödənilmiş vergi qəbul edilmişdir.

75. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinin imperiativ tələbi ondan ibarətdir ki, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.

76. Həmçinin “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-ci il tarixli Fərmanının 25-ci maddəsində göstərilmişdir ki, 01 yanvar 2001-ci il tarixədək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddiaları qəbul edilə bilməz. Bu qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində (yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş qaydalara uyğun satılması) nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 01 yanvar 2001-ci il tarixdən etibarən həyata keçirir.

77. Kollegiya qeyd edir ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.

78. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı).

79. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103).

80. Bu baxımdan, kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsi Cavabdeh uzun müddət aşkar sahibliyində və istifadəsində olmuşdur. Torpaq sahəsinə dair uzun illər ərzində hər hansı mübahisə olmamış, əksinə cavabdeh tərəfindən iddiaçıya torpaq vergiləri ödənilmiş, həmin ödənişlər iddiaçı tərəfindən qəbul edilmişdir.

81. Kollegiya belə qənaətə gəlir ki, hazırkı iş üzrə isə birinci instansiyası məhkəməsi tərəfindən işin mühüm əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmadan, Sumqayıt bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilmişdir.

82. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı).

83. Lakin işə baxan Sumqayıt Şəhər Məhkəməsi mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərini nəzərə almadan, qətnaməni qəbul edərkən, işin müəyyən edilmiş halları əsasında tərəflər arasındakı həqiqi hüquqi vəziyyəti müəyyən etməmişdir.

84. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

85. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

86. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

87. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işin bütün faktiki hallarını araşdırmayaraq, iddianın təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.

88. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-597/2017 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir.

89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-597/2017 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar