Məhkəmə qərarları › İş №2(105)-1173/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1173/2024

28.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1173/2024 28.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: evə köçürülmə tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-398/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X6 nikahları 03 aprel 2015-ci il tarixdə Zərdab rayon Hüseynxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmışdır.

2. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 17 yanvar 2018-ci il təvəllüdlü X10 doğulmuşdur.

3. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2015-ci il tarixdə Zərdab rayon Hüseynxanlı kənd inzibati ərazi dairəsin üzrə nümayəndəliyində bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü Məryəm Həsənovanın anasının yanında qalması qərara alınmışdır.

4. "xxxx" ASC-dən iddiaçının vəkili Vəkil1 müraciətinə cavabından görünür ki, ünvan 1 ünvanında yerləşən evə dair su və kanalizasiya xidmətlərindən istifadəyə görə bağlanmış müqavilə barədə məlumatların təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, № 304 saylı müraciətinizə "xxxx" ASC-də baxılmışdır. Məlum olduğu kimi, “X12”nın 1.8-ci bəndinə əsasən tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra, fərdi yaşayış evlərinin və qeyri-əhali obyektlərinin su təminatı isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 avqust 2014- cü il tarixli 275 nömrəli qərarı ilə “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”na əsasən həyata keçirilir. Cavabdeh təqdim etdiyi sənədlər əsasında ünvan 2 ünvanında xx.xx.2021-ci il tarixində 44466452 saylı müqavilə (abonent kodu **********000) bağlanılmışdır. xx.xx.2023-cü il tarixində abonentin müraciəti əsasında ad dəyişikliyi olunaraq X11 ilə 46701906 saylı müqavilə (abonent kodu **********000) bağlanılmışdır. 5.“Azəriqaz” İB-dən iddiaçının vəkili Vəkil1 müraciətinə cavabından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı Asan Kommunal X1 ona verdiyi notariat razılıq ərizəsini təqdim edərək **********44955 nömrəli istehlakçı hesabının öz adına dəyidirilməsi ilə bağlı müraciət etmişdir. Həmin müraciət əsasında Abşeron rayonu, **********44955 nömrəli istehlakçı hesabı Cavabdeha dına dəyişdirilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh X7 notarial razılıq ərizəsi verərək **********44955 nömrəli istehlakçı hesabını X5 adına rəsmiləşdirmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı xx.xx.2018-ci il tarixdə anadan olmuş X10 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliev prospekti, döngə-1, ev-25D ünvanda yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 03.04. 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il tarixdə X10 anadan olmuşdur. Onların 2021-ci il tarixdə bir nəfər şəxsdən Abşeron rayonu, Xırdalan şəhəri,H.Əliev prospekti, döngə-1, ev-25D ünvanda yerləşən sənədsiz evi qeyri-rəsmi qaydada satın almışlar və ailəlikcə həmin evə köçərək yaşamışdır. Onların ailə münasibətləri 2022-ci ilin noyabr ayında pozulmuşdur və cavabdeh həmin tarixdən onu azyaşlı uşağıyla birlikdə yaşadığı evdən çıxarmışdır. Bildirir ki, onların birgə nikah müddətində əldə etdiyi əşyalar da həmin evdədir. O, birgə nikah müddətində pulunu verib alaraq yaşadığı evə uşaqları ilə birlikdə köçüb yaşamaq istəyir, lakin cavabdeh onları evə buraxmayır. Bununla da birgə nikah müddətində pulunu verərək aldığı, cavabdeh tərəfindən çıxarılana kimi uşaqları ilə birlikdə yaşayaraq qanuni sahiblik və istifadə etdiyi evdən cavabdeh tərəfindən o, və uşağı çıxarılaraq oraya buraxılmamaqla onların həmin evə olan sahiblik və istifadə (yaşamaq) hüququ pozulmuşdur, bu səbəbdən onların həmin evə olan yaşamaq hüququnun pozulması məhkəmə qaydasında müdafiə və bərpa edilərək onun azyaşlı övaladıyla birlikdə həmin evə köçürülməsi məhkəmə qərarı əsasında müəyyən edilməlidir.

8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-398/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı övladı xx.xx.2018-ci il təvəllüdlü Məryəm Həsənova ilə birlikdə Cavabdeh yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliev prospekti, döngə-1, ev-25D saylı evə köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Sevinc Quliyeva).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5, 180.2, 180.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 2(012)- 398/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında yaranmış münasibət məhz xx.xx.2015-ci il tarixdə yaranmış və bu münasibətdən xx.xx.2018-ci il tarixdə bir övladları olmuşdur. Daha sonra tərəflər arasında yaranmış münasibət pozulmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-162/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı və Cavabdeh arasında Zərdab rayonu Hüseynxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx.xx.2015-ci il tarixdə qeydə alınmış nikah pozulmuşdur. Qeyd edir ki, tərəflər birgə nikah dövründə yəni 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən mənzili İddiaçı adına almış və orada yaşamağa başlamışdılar. Orada birgə təsərrüfat apararaq birlikdə yaşamışlar. Hal-hazırda mübahisə predmeti olan mənzil özbaşına tikilidir və həmin evi atasının qardaşı yəni əmisinin vasitəsilə qardaşı X7 alınmışdır. İddiaçı Bakı şəhərinə yeni gəldiyi zaman qonaq kimi X7 məxsus olan evdə qısa müddət yəni bir iki gün ərzində qalmışdır. O digər evdə Hövsan qəsəbəsində yerləşən evdə olan köhnə istifadəyə yaramayan bir neçə əşyanı Toğrul Həsənova vermişdir. Yəni mübahisəli evdə İddiaçı hər hansı əmlakı olmamış və orada yaşamamışdır. Əksinə olaraq birgə nikah dövründə əldə etdikləri evdə yaşayıb birgə təsərrüfat apararaq həmin evə müvafiq avadanlıqlar, qab-qacaq, kondisioner almışdır. Bu ev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bir neçə medalla yəni Qubadlının, Zəngilanın, Laçının azad olunması və “Vətən Müharibəsi iştirakçısı” medalla təltif olunmuş iş üzrə üçüncü şəxs olan X3r. X11 müharibədə iştirak etdiyinə görə aldığı xəsarətlərlə bağlı səhhətində yaranmış xəstəliklərlə əlaqədar olaraq Bakı şəhərinə gələ bilmədiyindən qeyri yaşayış sahəsinin su ilə bağlı müqaviləsi Cavabdehla bağlanmışdır. Daha sonra, yəni tərəflərin birgə nikah dövründə həmin müqavilə Toğrul Həsənovun adına dəyişilmişdir. Göründüyü kimi qeyd olunan tikili özbaşına tikili olmuş və tərəfin orda yaşamasını təsdiq edən hər hansı sübut yoxdur. Əksinə olaraq iddiaçı birgə nikah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, ev 7, 2 nömrəli mənzili 09 iyun 2021-ci il tarixdən alaraq orada yaşamışlar və hal hazırda da iddiaçı uşağı ilə birlikdə həmin mənzildə yaşayır.

12. Azərbacan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. İlk növbədə qeyd edir ki, həmin əmlak cavabdehə məxsus olan əmlak olmamışdır. Həmin əmlak üçüncü şəxs Toğrul Həsənova məxsus olub. Tərəflər arasında olan nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Mənzilə dair olan abonent müqaviləsi isə tərəflərin birgə nikah dövründə yəni xx.xx.2023-cü il tarixdə X8 adına dəyişilmişdir. Qeyd olunanlardan görünür ki, həmin mübahisəi ev özbaşına tikili olaraq, Tural Həsəsnovun deyil onun qardaşı Toğrul Həsənova məxsus olmuşdur. İddiaçının özünün cavabdehlə birgə nikah dövründə əldə etdikləri ev olmuş və iddiaçı iş ilə əlaqədar olaraq, Zərdab rayonunda çalışmış, 2023-cü ilin sentyabr ayından isə o işi yerini dəyişərək, Bakı şəhərinə gəlmiş və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Muğan küçəsi ev 7, 2 nömrəli mənzildə ailəsi ilə birlikdə yaşamışdır. Cavabdehə qarşı ümumiyyəltə belə bir tələb irəli sürülə biməz və cavabdehin bu iş üzrə hər hansı subyektiv hüququ yoxdur. Eyni zamanda mübahisə edilən tikili özbaşına tikilidir və həmin evin mülkiyyətini təsdiq edən hər hansı sənəd yoxdur. Bu əmlak müstəqil daşınmaz əşya kimi çıxış edə bilməz.

13. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

14. Azərbacan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur.

15. Göründüyü kimi mübahisə edilən evə köçürülmə ilə bağlı verilən daşınmaz əmlak özbaşına tikilidir, həmin özbaşına tikilidə iddiaçı qonaq qismində gəlib qalmış, ona dair o evdə hər hansı əşya olmamış, iddiaçı əmək müqaviləsi üzrə Zərdab rayonunda X19 orta məktəbində işləmiş və işi Bakı şəhərinə 2023-cü ilin sentyabr ayında dəyişsə də, o mübahisəli evdə deyil, özünə məxsus olan Suraxanı raonu, Hövsan qəsəbəsində yerləşən birgə nikah dövründə əldə etdikləri evdə yaşamışdır. Abşeron Rayon Məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılmamış, daşınmaz əmlakın özbaşına tikili olması, birgə nikah dövründən Cavabdeh deyil, Toğrul Həsənova aid olması araşdırılmadan iş üzrə qətnamə qəbul edilmişdir.

16. İddiaçının köçürülməsi qeyd olunan ev özbaşına tikilidir və o tikili üzrə sayğac ödənişlərini Toğrul Həsənov tərəfindən ödənilir. Onunla Azərsu arasında 2023-cü ilin yanvar ayında müqavilə bağlanıbdır. Tərəflər isə xx.xx.2024-cü il tarixdə nikahları pozulmuşdur. Bundan başqa iddiaçının bu evdə yaşamamasını göstərən digər sübut onun Zərdab rayonunda işləməsidir. Eyni zamanda tərəflərin özlərinin birgə nikah dövründə ünvan 5 ünvanında əldə etdikləri mənzil var və həmin mənzildə faktiki olaraq iddiaçı azyaşlı övladı ilə birlikdə yaşayır. Ali Məhkəmənin Plenumunun xx.xx.2024-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən itkililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

22. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

23. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

24. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

25. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

26. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

27. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

28. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-398/2024 nömrəli qətnaməsini ləğv edərək iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

38. Ona görə də kollegiya Abşeron Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş və hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, keçmiş arvadın özbaşına tikiliyə köçürülmə tələbinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi istifadə olunan hüququn ümumi prinsiplərinə və ya hüququn konkret sahələrinə aid prinsiplərinə uyğun olmuşdur. Analoji mübahisələrin həlli ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikiliyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.

42. İşin mübahisəsiz qaydada müəyyən olunan hallarından aydın olur ki, tərəflər 2015-ci ildə ailə qurmuşlar, birgə nikahlarından 17 yanvar 2018-ci il təvəllüdlü X10 doğulmuşdur. 2021-ci ildə mübahisəli özbaşına tikili olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliev prospekti, döngə-1, ev-25D ünvanda yerləşən ev qeyri-rəsmi olaraq alınmışdır. İddiaçının iddiasına görə həmin ev tərəflərin birgə nikah dövründə birgə vəsait hesabına əldə olunmuşdur. Cavabdehin apellyasiya şikayətinin isə əsas dəlilləri aşağıdakılardır: - mübahisəli evin cavabdehin atası tərəfindən əmisinin vasitəsilə qardaşı X11 üçün alınması - iddiaçının Bakı şəhərinə yeni gəldiyi zaman qonaq kimi X7 məxsus olan evdə qısa müddət ərzində qalması və köhnə istifadəyə yaramayan bir neçə əşyanın Toğrul Həsənova verilməsi - tərəflərin birgə nikah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, ev 7, 2 nömrəli mənzilin 09 iyun 2021-ci il tarixdə alınması, tərəflərin orada yaşamaları və hal-hazırda iddiaçının uşağı ilə birlikdə həmin mənzildə yaşaması - iddiaçının xx.xx.2017-xx.xx.2023-cü il müddətində əmək müqaviləsi üzrə Zərdab rayonunda X19 orta məktəbində işləməsi.

43. Məhkəmə kollegiyası əvvəla hesab edir ki, mübahisəli evin özbaşına tikili olması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, kollegiya qeyd edir ki, mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşamaqla ondan faydalandığı kimi, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir.

44. Kollegiya şikayətin “mübahisəli evin cavabdehin atası tərəfindən əmisinin vasitəsilə qardaşı X11 üçün alınması” ilə bağlı dəlilə hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, həmin hal məhkəmə araşdırmaları zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığından, əsaslı hesab oluna bilməz. Əksinə "xxxx" ASC və “Azəriqaz” İB tərəfindən verildiyi məlumatlarından görünür ki, mübahisəli fərdi yaşayış evinə kommunal xidmətlərlə bağlı abonent kodları ilkin olaraq Cavabdeh adına, sonradan abonentin müraciəti əsasında qardaşı X5 adına qeydiyyata alınmışdır.

45. Məhkəmə kollegiyası şikayətin “iddiaçının Bakı şəhərinə yeni gəldiyi zaman qonaq kimi X7 məxsus olan evdə qısa müddət ərzində qalması və köhnə istifadəyə yaramayan bir neçə əşyanın Toğrul Həsənova verilməsi, iddiaçının xx.xx.2017-xx.xx.2023cü il müddətində əmək müqaviləsi üzrə Zərdab rayonunda X19 orta məktəbində işləməsi” ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının iş yeri ilə bağlı fiziki olaraq mübahisəli mənzildə daimi yaşamaması və qısa müddətdə orada qalması həmin tikilinin birgə nikah dövründə birgə vəsait hesabına alınmasını istisna etmir.

46. Nəhayət ki, kollegiya şikayətin “tərəflərin birgə nikah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, ev 7, 2 nömrəli mənzilin 09 iyun 2021ci il tarixdə alınması, tərəflərin orada yaşamaları və hal-hazırda iddiaçının uşağı ilə birlikdə həmin mənzildə yaşaması”na dair dəlili ilə bağlı qeyd edir ki, digər mənzilin nikah dövründə əldə edilməsi və həmin mənzildə tərəflərin yaşaması, iddiaçının birgə nikah dövründə birgə vəsait hesabına qeyri-rəsmi əldə edildiyi mübahisəli özbaşına tikilidən yaşayış yeri kimi yararlanmağa mane olmur.

47. Belə ki, Mülki Məcəllənin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

48. Məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X15rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

49. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

50. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-398/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-398/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar