Məhkəmə qərarları › İş №2(105)-1174/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1174/2021

16.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1174/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5809/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5809/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin yetkinlik yaşına çatmayan şəxslər X13 və X15 Sumqayıt şəhəri, Corat qəsəbəsi, Şor Ərazisi, 10 saylı evdən çıxarılması qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5809/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5809/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin və Cavabdeh1 digər 2 övladı X13 və X14 ona məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Şor Ərazisi, 10 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, mübahisəli mənzil Sumqayıt şəhəri, Corat qəsəbəsi, Şor Ərazisi, 10 saylı evə 2000-ci ilin mart ayında gəlin köçmüşdür. İddiaçının qardaşı X6 ilə faktiki nikaha daxil olmuş, həmin evdə yoldaşı və qaynatası ilə yaşayıb ailə üzvü kimi birdə təsərrüfat aparmışdır. Gəlin gələn vaxt ev iddiaçıya deyil, qaynanası Qaydagülə məxsus olmuşdur. Həmin evdə faktiki nikahda olduğu zaman xx.xx.2002-ci ildə Leyla və Rəhman, xx.xx.2008-ci ildə Əli və Zeynəb adlı əkiz övladları anadan olmuşdur. Övladları da hazırki günədək həmin evdə yaşayırlar. Nikahının rəsmiləşdirilməməsinə səbəb yoldaşının Özbəkistan Respublikasının vətəndaşı olması olmuşdur. Qaynanası öldükdən soran ev iddiaçının adına rəsmiləşdirilmişdir. Əri ilə münasibətləri pisləşmiş, faktiki nikahdan olan uşaqların atalığı məhkəmə qaydasında xx.xx.2018-cvi ildə qətnamə ilə müəyyən edilmişdir. Göstərdiyi kimi mübahisəli evin keçmiş sahibi ilə nikah münasibətlərinə girmiş, onun razılığı ilə hazırki günədək uşaqları ilə həmin evdə yaşayır. Hesab edir ki, mənzilə qeydiyyatı olmasa da həmin evdə istifadə hüququ vardır. Lakin məhkəmə göstərdiklərinə əhəmiyyət verməmiş, iddianı təmin etmişdir. Baxılan mübahisə üzrə hüquq münasibətləri 2000-ci ilin martında yarandığından mübahisə keçmiş xx.xx.1982-ci ildə qəbul edilmiş və xx.xx.2009-cu ilə kimi qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5809/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 qzı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı onun bibisidir. Mübahisəli mənzildə anadan olub, hal-hazıra kimi həmin ünvanda yaşayır. O, doğulanda ev nənəsi Qaydagülə məxsus olmuşdur. Nənəsi, ata-anası ilə birgə həmin evdə yaşamışdır. Anası ilə atası 2000-ci ilin mart ayında faktiki nikaha girmiş, həmin evdə yaşamışlar. Həmin evdə hazırki gündə onunla yanaşı digər bacı-qardaşları da yaşayır. X1 olması məhkəmə qətnaməsi ilə müəyyən edilir. Atası da onlarla birgə yaşayır. Atası ilə anasının münasibətləri 2018-ci ildən pozulub. Valideynlərinin münasibətlərinin olmaması, onun onlarla həmin evdə yaşamasına heç bir aidiyyatı yoxdur. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5809/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Qasımova Məryəm Məmməd qızı apelyasiya şikayətlərinin dəlillərinə etiraz edərək göstərdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Şor ərazisi, 10 saylı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsusdur. X2 və Cavabdeh1 faktiki ailə qurduqdan sonra yaşayış evlərinin olmadığı üçün onların həmin evin 1 otağında yaşamalarına icazə verilmişdir. Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinə mənzilə köçürülmə tələbinə dair iddia vermişdir. Lakin, iddia təmin edilməmişdir. Cavabdeh1 ilə X2nun rəsmi nikahları olmamışdır. Onlar ayrılmış, lakin iddiaçıya məxsus yaşayış evindən özbaşına istifadə etdiyindən öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Həmin yaşayış evində Cavabdeh1 4 övladı ilə birlikdə yaşayır. Cavabdehlərdən evdən çıxmalarını tələb etsə də bunun heç bir nəticəsi olmayıb. Odur ki, apelyasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5809/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5809/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 xx.xx.1981-ci ildə Ermənistanın Sisiyan rayonunda anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1211 saylı, xx.xx.2020-ci il tarixli arayışında göstərilmişdir ki, cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, Şor Ərazisi, 10 saylı evdə qeydiyyatsız yaşayır. Daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Şor Ərazisi, 10 saylı iddiaçının xüsusi mülkiyyətindədir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1387 saylı, xx.xx.2020-ci il tarixli arayışı ilə müəyyən edilir ki, cavabdehlər və Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2005-ci il təvəlüdlü X13 və xx.xx.2005-ci il təvəllüdlü X17 mübahisəli evdə qeydiyyatsız yaşayırlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6509/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh hazırkı iş üzrə iddiaçıya və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı övladları ilə birlikdə mübahisəli evə köçürülməsini xahiş etmişdir. Həmin qətnamə ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mübahisəli evin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması, cavabdeh Mənsurə Şükürovanın iddiaçının X2 ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurması, mübahisəli evdə yaşamağa başlaması, sonradan onların münasibətləri pisləşməsi, ailənin faktiki olaraq dağılması, hal-hazırda Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları həmin qeydiyyatsız yaşamasını, onlar mübahisəli evdən istifadə etmələrinin hər hansı qanuni əsasa söykənməməsi, onların mübahisəli evə hər hansı hüquqları mövcud olmamalarını müəyyən edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, iş materaillarından müəyyən edilir ki, boşaldılması tələb edilən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Şor Ərazisi, 10 saylı iddiaçı X5 xüsusi mülkiyyətindədir. Göründüyü kimi, mübahisəli ev iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə cavabdehlər isə iddiaçının qardaşı ilə faktiki nikahda olan arvadı və uşaqlarıdır. Onların mübahisəli evdə qeydiyyatları yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Konstitusiyanın 29-cu maddəsinə görə də hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.1 və 152.2-ci maddələrinin ümumi məzmununa görə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirmək hüququ mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququnun əsasını təşkil edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər İş materiallarından müəyyən edilir ki, Cavabdeh1 mübahsiəli evə qeydiyyatı yoxdur, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Onun mübahisəli mənzilə köçürülməsi barədə iddia tələbi də Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)6509/2018 saylı qətnaməsi ilə təmin edilməmişdir. Bununla da Cavabdeh1 mübahisəli evə dair hər hansı hüququnun olmaması bir daha təsdiq edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 mübahisəli evdən çıxarılması əsaslı olduğundan onunla birlikdə yaşayan yetkinlik yaşına çatmayan uşaqları da həmin evdən çıxarılmalıdırlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər mülkiyyət hüququ ilə iddiaçıya məxsus evdən qanunsuz istifadə etməklə iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozmuş, öz mülkiyyət hüquqlarını həyata keçirilməsinə maneə yaratmışlar. Göründüyü kimi, cavabdehlərin rəsmi qeydiyyatları mübahisəli evə deyil, ayrı mənzilədir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdehlər mülkiyyət hüququ əsasında iddiaçıya məxsus evi qanunsuz olaraq zəbt etmişlər və belə olan halda iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Cavabdeh1 ilə iddiaçının qardaşı Rza ilə nikahları dövlət qeydiyyatına alınmadığından, eləcə də o, iddiaçının ailə üzvü sayılmadığından şikayətin dəlilləri əsassızdır. Bundan başqa cavabdehlərin mübahisəli evə dair hüquqlarının olması Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)6509/2018 saylı qətnaməsi ilə bir daha təkzib edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək qeyd edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5809/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372.1, 372.6, 372.7, 384.0.1 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5809/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar