Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1175/2022 20.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, X19 qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, onun vəkili və nümayəndəsi Nümayəndə1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2, üçüncü şəxsin qanuni nümayəndəsi X10 iştirakları ilə, İddiaçı1 Cavabdeh qarşı "övladı ilə birlikdə evə köçürülmə" barədə ilk, Cavabdeh İddiaçı1 qarşı "kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi" barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-3035/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İşin halları
1. İddiaçı1 ilə Cavabdeh 1996-cı ildə faktiki, xx.xx.1997-ci ildə nikahlarını rəsmi qeydə aldırmaqla evlənmişlər.
2. İddiaçı cavabdehin anası X4 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Füzuli küçəsi ev 2 ünvanında yerləşən, hazırda isə cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və həmin ünvanda qeydiyyatdadır.
3. Birgə yaşadıqları müddətdə xx.xx.1997-ci il təvəllüdlü Yaxşıxanım və xx.xx.2002ci il təvəllüdlü Rəcəb adlı uşaqları doğulmuşdur. Cavabdeh və iki övladı ilə birlikdə 2017-ci ilin iyul ayınadək həmin ünvanda yaşamış və qızı 2016-ci ildə ailə həyatı quraraq başqa ünvana köçmüş, 2017-ci ilin iyul ayında 21 il yaşadığı evdən oğlu Rəcəblə birlikdə çıxaraq atasının evinə getmişdir.
4. Tərəflər arasında olan nikah Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(012)-472/2018 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan anadan olmuş xx xxxxxx 2002-ci il təvəllüdlü İddiaçı2 İddiaçı1 yanında saxlanılması qət olunmuşdur.
5. xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən Nümayəndə2 və X2 rayonu, Saray qəsəbəsi, M.Füzuli küçəsində mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58.4 kv.m yaşayış, 69.3 kv.m yardımçı sahədən ibarət olan 2 nömrəli fərdi yaşayış evini və 0,12 ha torpaq sahəsindən özlərinə düşən 0,08 ha torpaq sahəsini oğulları Cavabdeh bağışlamışlar.
Birinci instansiya məhkəməsində icraat
6. İlk İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının və xx xxxxxx 2002-ci il təvəllüdlü övladı İddiaçı2 cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradılmaqla evin ikinci mərtəbəsindəki 2 otağa köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2 ildir ki, oğlu Rəcəb ilə birlikdə ata evində qalmağa məcbur olmuş, cavabdeh isə 1996-cı ildən yaşadığı və qeydiyyatda olduğu həmin ünvana onu buraxmır.
8. Cavabdeh İddiaçı1 qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının köçmək istədiyi 2ç saylı ev valideynləri tərəfindən xx.xx.2011-ci ildə bağışlama müqaviləsi əsasında ona bağışlanmışdır. Həmin ev paylı mülkiyyət deyil və tam onun mülkiyyətindədir. İddiaçı1 heç kim məcburi surətdə yaşadığı evdən çıxartmamışdır, o, özü könüllü surətdə gedərək valideynləri ilə yaşamağa üstünlük vermiş və iki ilə yaxındır ki, orada yaşayır. İddiaçı1 ona bağışlanılan xüsusi mülkiyyətinə köçürülməsi tələbi əsassızdır, çünki o, 2 ç saylı evdə deyil, 2 saylı evdə, yəni atasına məxsus olan evdə qeydiyyatdadır. Qeyd olunan ev onların birgə nikah dövründə əldə etdikləri əmlak deyildir və həmin evdə ikinci ailəsi ilə birlikdə yaşayır. Hazırkı şəraitdə keçmiş ailəsinin yaşadığı evə köçürülməsi və yeni ailəsi ilə birlikdə yaşaması mümkün deyildir. Hazırda Abşeron rayonu, Saray qəsəbəsində normal yaşayış sahəsində kirayədə yaşamağın aylıq kirayə xərci 100 manat təşkil edir. İddiaçı1 valideynlərinin yanından çıxaraq 3 il ərzində ayda 100 manat ödəməklə yaşasa ona 4 min manat kompensasiya ödəməyə razıdır, çünki 3 ilin kirayə xərci 3600 manat təşkil edir. Ona görə də, cavabdeh İddiaçı1 “evə köçürülməyə dair” iddiasının heç bir hüquqi əsası olmadığından həmin tələbin təmin edilməməsini, habelə humanistlik prinsiplərini əsas götürərək cavabdehə 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 4 min AZN (dörd min manat) kompensasiya ödəməklə və onun Abşeron rayonu, Saray qəsəbəsi M.Füzuli küçəsi, ev 2-yə olan yaşayış hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(012)- 3035/2019 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, İddiaçı1 xx xxxxxx 2002-ci il təvəllüdlü oğlu İddiaçı2 ilə cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar, qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradılmaqla evin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçürülməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 ilk iddia üzrə Cavabdeh ilə bərabər hüquqlu şəxsdir və ona görə də iddiaçı azyaşlı uşağı xx xxxxxx 2002-ci il təvəllüdlü İddiaçı2 ilə birlikdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradılmaqla evin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçməlidir.
12. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə hesab etmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində veriləcək kompensasiyanın məbləğinin yetərli olmasını qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində əsaslandırlmalı olduğu halda əsaslandırmamışdır. İlk iddia üzrə cavabdehin təklif etdiyi 4000 manat məbləğində kompensasiya, ilk iddiaçının azyaşlı övladı ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını əldə etməsi üçün çox azdır.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2,228.5, Mənzil Məcəlləsinin 123 və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır.
14. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(012)-3035/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv olunması, ilk iddia tələbinin rədd edilməsi və 5000 manat kompensasiya verilməklə qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:
15. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsində istifadə hüququnu saxlanmır. Qanunun tələbindən göründüyü kimi, iddiaçının mübahisəli yaşayış evində istifadə hüququ yoxdur. Məhkəmə qətnaməsində qanunun bu tələbi nəzərə alınmamışdır, maddi və prosessual normalar düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər öz maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. İddiaçının onların xüsusi mülkiyyət hüququ əsasında məxsus olan evə köçürülməsi gələcəkdə təhlükəsiz yaşamaq hüquqlarını pozur, bu da yol verilməzdir. Məhkəmə qarşılıqlı iddia ərizəsini əsassız olaraq rədd etmişdir, işi hərtərəfli araşdırmamışdır. Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(012)-3035/2019 nömrəli qətnaməsinin ilkin iddianın rədd edilməsinə və qarşılıqlı iddianın isə təmin edilərək iddiaçıya 5000 (beş min) manat kompensasiya verilməklə ünvan 7-dən oğlu İddiaçı2 ilə birlikdə yaşayış sahəsinə olan yaşayış və istifadə hüquqlarının ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
16. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-770/2020 nömrəli, 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh verdiyi apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(012)-3035/2019 nömrəli qətnaməsinin «İddiaçı1 xx xxxxxx 2002-ci il təvəllüdlü İddiaçı2 ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə olunmasına şərait yaradılmaqla evinin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçürülməsi» hissəsində ləğv edilməsi, ilk iddia tələbinin qismən təmin edilməsi, İddiaçı1 xx xxxxxx 2002-ci il təvəllüdlü İddiaçı2 ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə olunmasına şərait yaradılmaqla həmin yaşayış evinə köçürülməsi, qətnamənin - «Cavabdeh İddiaçı1 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsi» hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 770/2020 nömrəli, 19 fevral 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilərək qətnamənin ləğv olunması, ilk iddia tələbinin rədd edilməsi və 5000 manat kompensasiya verilməklə qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2020-ci il tarixli 2(102)-3453/2020 saylı qərarı ilə Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli 2(105)-770/2020 nömrəli qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsi, həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi, cavabdehin kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
19. Kassasiya instansiyasının mövqeyinə görə İddiaçı1 tələbi əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə hüququ tanınması hissəsində məhkəmənin mövqeyi düzgündür.
20. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin həlli ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr İddiaçı1 mənzildən istifadə hüququna xitam verilməsi üçün Cavabdeh təklif etdiyi kompensasiya məbləğini kifayət hesab etmədiyi halda kompensasiyanın məbləğini müəyyən etməli idilər. Hazırkı işdə qarşılıqlı iddia bu qaydaya riayət edilməklə həll olunmadığı üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir.
22. Sumqayıt Apelyasiya Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2(105)- 2606/2020 nömrəli, qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 nömrəli, 26 sentyabr 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və bu hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddianın qismən təmin edilərək 6000 manat kompensasiya verilməklə İddiaçı1 Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir.
23. İddiaçı1 Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2606/2020 nömrəli, 30 oktyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilərək qətnamənin ləğv olunması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2021ci il tarixli 2(102)-2244/2021 nömrəli qərarı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli, 2(105)-2606/2020 nömrəli qətnaməsi “hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 nömrəli, 26 sentyabr 2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və bu hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddianın qismən təmin edilərək 6000 manat kompensasiya verilməklə İddiaçı1 Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması” hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
25. Kassasiya instansiyasının mövqeyinə görə birinci kassasiya icraatında qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qarşılıqlı iddia tələbinin təmin edilməməsini düzgün hesab edilmişdir. Kassasiya məhkəməsinin göstərişi qarşılıqlı iddia tələbi üzrə qətnamənin tam yoxlanması ilə bağlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişi həddində, yəni gələcəkdə hansı məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna xitam verilməsini mümkünlüyünü araşdırmalı idi. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya məhkəməsinin göstərişlərdən kənara çıxaraq qarşılıqlı iddia tələbinin qanuniliyini tam yoxlamış, yeni kompensasiya məbləği müəyyən edərkən artıq qanuni qüvvədə olan hissələrlə nəticəyə gəldiyi hissə arasında ziddiyyət yaratmış, faktiki olaraq bir mülki iş üzrə bir-birini təkzib edən iki nəticənin yaranmasına zəmin yaratmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə qüvvədə olan hissələr üzrə hər hansı araşdırma aparmadan hansı məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna xitam verilməsinin mümkün ola biləcəyi müzakirə edilməlidir.
26. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2308/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 nömrəli 26 sentyabr 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci kassasiya icraatında qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qarşılıqlı iddia tələbinin təmin edilməməsini düzgün hesab etmişdir. Gələcəkdə cavabdeh yeni məbləğdə kompensasiyanın verilməsi halda istifadə hüququna xitam verilməsi mümkündür. Birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı1 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.
28. Cavabdeh Nümayəndə2 Kənan oğlu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2308/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, «hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 3035/2019 nömrəli, 26 sentyabr 2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və bu hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddianın qismən təmin edilərək 7000 manat kompensasiya verilməklə İddiaçı1 Cavabdeh mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə yeni qərar çıxarılmasını xahiş edilmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2022-ci il tarixli 2(102)-766/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2308/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
30. Kassasiya instansiyasının mövqeyinə görə birinci kassasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi qarşlıqlı iddiaya aid hissədə ləğv edilərək, yeni baxışa göndərildiyindən apellyasiya məhkəməsinin baxış predmetini qarşılıqlı iddianın yenidən araşdırılması təşkil edir. Təklif edilən kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün iddia ərizəsində göstərilib-gəstərilməməsindən asılı olmayaraq apellyasiya məhkəməsi kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bu zaman mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığı olarsa, məhkəmə həmin bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının xx.xx.2002-ci il təvəllüdlü oğlu ilə birgə yaşayış sahəsinə istifadə hüququ tanınmış, məhkəmə araşdırmaları gedən dövrdə xx.xx.2002-ci il təvəllüdlü İddiaçı2 yetkinlik yaşına çatmışdır. Qarşılıqlı iddia ərizəsində isə tək iddiaçının özünün, yoxsa oğlu ilə birlikdə istifadə hüququna xiatm verilməsi dəqiq göstərilməmişdir. Məhkəmə kolegiyası hesab etmişdir ki, qarşılıqlı iddia tələbi bu hissədə dəqiqləşdirilməli, həmçinin artıq yetkinlik yaşına çatmış İddiaçı2 işdə prossesual vəziyyəti müəyyən edilməklə, qarşılıqlı iddia tələbinə yuxarıda qeyd edilən göstərişlər əsasında yenidən baxılmalıdır.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
31. Məhkəmə kollegiyasının iclasında İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək, iddiaçıya 7000 (yeddi min) manat kompensasiya verilməklə onun mübahisə predmeti olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsini, qarşılıqlı iddia üzrə iddiaçının oğlu, özünün isə nəvəsi olan İddiaçı2 həmin evdə yaşamasına etiraz etmədiklərini bildirdi.
32. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı1, onun vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
33. Məhkəmə kollegiyasının əvvəlki iclasında işə iddiaçı qismində cəlb edilmiş İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
34. Məhkəmə kollegiyasının iclasına üçüncü şəxs qismində cəlb edilmiş X6 qanuni nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ..Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda, kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir... Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 49. Mülki prosessual fəaliyyət qabiliyyəti 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Maddə 57. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Maddə 58. Prosessual hüquq varisliyi 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 365. Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qarşılıqlı iddiaya dair hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməli və bu hissədə yeni qətnamə çıxarılmalı, qarşılıqlı iddia rədd edilməlidir.
39. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı apellyasiya baxışının predmetini yalnız mülki işin Cavabdeh İddiaçı1 qarşı "kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi" barədə qarşılıqlı iddia tələbinə dair hissəsi təşkil edir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda istinad edilən (18-19-cu bəndlər) 22 iyul 2020-ci il tarixli 2(102)-3453/2020 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli 2(105)-770/2020 nömrəli qətnaməsinin yalnız qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsi, həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi, cavabdehin kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
40. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə sonuncu 28 fevral 2022-ci il tarixli 2(102)-766/2022 saylı qərarında da göstərilir ki, birinci kassasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi qarşlıqlı iddiaya aid hissədə ləğv edilərək, yeni baxışa göndərildiyindən apellyasiya məhkəməsinin baxış predmetini qarşılıqlı iddianın yenidən araşdırılması təşkil edir.
41. Qarşılıqlı iddia ilə bağlı Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2022-ci il tarixli qərarında göstərilən - apellyasiya məhkəməsinın kompensasiyanın məbləğininın bazar qiymətinə uyğun olaraq müəyyən etməli olması və yetkinlik yaşına çatmış İddiaçı2 işdə prossesual vəziyyətinin müəyyən edilməsi ilə bağlı göstərişləri ilə əlaəqdar məhkəmə kollegiyası hazırkı işin yeni apellyasiya baxışı zamanı ortaya çıxmış aşağıdakı hallarını qeyd etməyi zəruri hesab edir.
42. İlk növbədə qeyd olunmalıdır ki, iş materiallarında olan (cild 1, səh. 20-21) Cavabdeh qarşılıqlı iddia ərizəsində İddiaçı2 cavabdeh qismində göstərilməmiş, iddia tələbi yalnız İddiaçı1 qarşı yönəlmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 iddiaçının oğlu, özünün isə nəvəsi olan İddiaçı2 qarşı hər-hansı tələblərinin olmadığını, bu gün də onun mübahisəli fərdi yaşayış evinə köçüb yaşamasına razı olduqlarını bildirmişdir. Bu baxımdan məhkəmə kollegiyası yetkinlik yaşına çatmış İddiaçı2 qarşılıqlı iddia üzrə cavabdeh qismində işə cəlb etməmiş, o anası ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçüb yaşamaq istədiyini və bununla əlaqədar işə iddiaçı qismində cəlb edilməsini xahiş etdiyindən məhkəmə tərəfindən iddiaçı qismində işə cəlb edilmişdir.
43. Kompensasiyanın məbləğininın müəyyən edilməsi məsələsinə gəldikdə isə, mülki işin materiallarında olan (cild 2, səh.75) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ali Məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsində görünür ki, o, ərizəsində İddiaçı1 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə istifadə hüququna iddialı olduğunu, lakin hal-hazırda onun adında heç bir mülkiyyətin olmadığını və bunu nəzərə alaraq kompensasiya verilməklə iddianın ləğv edilməsini xahiş etmişdir. Mülki işin 2-ci cildinin 76-cı vərəqində olan mübahisəli ünvan 9-ə dair daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2021-ci il tarixli (qeydiyyat nömrəsi **********) çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin fərdi yaşayış evinin mülkiyyətçisi X7r.
44. Qeyd edilən hal, yəni iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi və iş üzrə məhkəmə mübahisəsinin davam etdirildiyi zaman artıq mülkiyyətçisi dəyişmiş fərdi yaşayış evinin yeni mülkiyyətçisinin kim olması ilə bağlı suala cavab olaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (atası) Nümayəndə2 həmin fərdi yaşayış evinin oğlu tərəfindən öz qardaşı oğlu X8 bağışlanıldığını, hazırda həmin evdə yeni mülkiyyətçinin və ailə üzvlərinin yaşadığını, oğlu Cavabdeh isə kirayədə yaşadığını bildirmişdir.
45. Məhkəmə kollegiyası tərəfindən əslinə baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş, reyesterdə 4Ə-2348 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, M.ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 127.7 kv/m olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsini qardaşının oğlu olan X8 bağışlamışdır. Müqavilənin 5-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu və müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edilmişdir.
46. Bununla əlaqədar olaraq məhkəmə kollegiyasının təşəbbüsü ilə iş üzrə çıxarılacaq qətnamə onun hüquq və vəzifələrinə təsir edə biləcəyindən mübahisəli fərdi yaşayış evinin yeni mülkiyyətçisi X12 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş və növbəti məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılımışdır.
47. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli evin yeni mülkiyyətçisi X12 hüquq varisi kimi əvəz edilməsini xahiş etmişdir.
48. İş üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən mübahisəli fərdi yaşayış evinin yeni mülkiyyətçisi X6 (xx.xx.2004-cü il təvəllüdlü olmaqla 18 yaşı tamam olmamışdır) qanuni nümayəndəsi – atası X3 Mübariz Cavid oğlunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquq varisi kimi əvəz olunmasına razı olmadığını, mübahisəli evdə özünün ailəsi ilə birlikdə yaşadığını, əgər İddiaçı1 kompensasiya verilməlidirsə bunun onlar tərəfindən deyil, evin əvvəlki mülkiyyətçisi Cavabdeh tərəfindən ödənilməli olduğunu bildirmişdir.
49. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, hazırkı işdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında müəyyən edilmiş hüquq münasibətində tərəflərdən biri - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MPM-nin 58.1-ci maddəsində göstərilən maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər halı (xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi ilə mübahisəli fərdi yaşayış evini X8 bağışladığından və həmin fərdi yaşayış evi sonuncunun adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alındığından) səbəbindən sıradan çıxsa da, X6 qanuni nümayəndəsi X1 prosessual hüquq varisliyi qaydasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə əvəz edilməsinə razı olmadığından qarşılıqlı iddia üzrə apellyasiya baxışı iddiaçı kimi Cavabdeh iştirakı ilə davam etdirilməlidir.
50. Belə ki, MPM-nin istinad edilən 58.1-ci maddəsi dispozitivlik prinsipinə uyğun olaraq müvafiq hallar olduqda məhkəmənin mütləq qaydada tərəfi onun hüquq varisi ilə əvəz etməli olmasını deyil, əvəz etməyə yol verməsini nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkün olsa da məhkəmə bunu əvəz olunmaya razı olmayan şəxsin iradəsinə zidd olaraq öz təşəbbüsü ilə həyata keçirə bilməz. Çünki, mülki prosesdə dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.
51. Belə olan halda isə məhkəmə mübahisənin hazırkı vəziyyətində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verərək qeyd edir ki, MM-nin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilməsini müəyyən edir. Bu baxımdan nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən xx.xx.2016-cı il tarixli qərarında da ifadə edilmiş hüquqi mövqeyə görə də Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2008-ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.
53. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
54. Bu baxımdan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehn artıq mübahisə predmeti olan ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olmadığından onun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı həmin fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verməsi yolu ilə xitam verilməsi barədə idda qaldırmaqla bu və ya digər məbləğdə kompensasiya təklif etməyə subyektiv hüququ mövcud deyildir.
55. Belə olan halda məhkəmə kollegiyası, Cavabdeh subyektiv hüququ mövcud olmadığından kassasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə sonuncu qərarında göstərilən kompensasiyanın məbləğininın bazar qiymətinə uyğun olaraq müəyyən edilməsinə dair göstərişin icrasına da zərurətin aradan qalxdığı nəticəsinə gəlir. Belə ki, kompensasiya təklif edən şəxsin buna subyektiv hüququ olmadığından, fərdi yaşayış evinin yeni mülkiyyətçisinin isə hazırkı icraat çərçivəsində belə bir təkliflə çıxış etmədiyi halda kompensasiyanın məbləğininın bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi iş üzrə tərəf olmayan yaşayış evinin yeni mülkiyyətçisi X8 münasibətdə də preyudisial əhəmiyyət daşımamaqla lüzmusuzdur.
56. Birinci instansiya məhkəməsi yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində veriləcək kompensasiyanın məbləğinin yetərli olmasını qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsində əsaslandırmalı olduğu halda əsaslandırmasını təsdiq edən sənəd təqdim etməməsi səbəbindən qarşılıqlı iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh edilənlərə əsasən hazırda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh subyektiv hüququ mövcud olmadığından və birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ilə bağlı gəldiyi nəticə Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən xx.xx.2016-cı il tarixli qərarında da ifadə edilmiş hüquqi mövqeyə də uyğun olmadığından Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməklə həmin hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh İddiaçı1 qarşı "kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi" barədə qarşılıqlı iddiası digər əsasla – subyektiv hüququ olmadığından rədd edilməlidir.
58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qarşılıqlı iddiaya dair hissədə təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilsin və bu hissədə yeni qətnamə qəbul olunsun. Cavabdeh İddiaçı1 qarşı kompensasiya ödənilməklə ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.