Məhkəmə qərarları › İş №2(105)-1178/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1178/2024

27.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1178/2024 27.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarma tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-351/2024 nömrəli, 31 may 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin Məhkəməsinin 2(028)-351/2024 nömrəli, 31 may 2024-cü il tarixli qərardadı ilə İddiaçı mənzildən çıxarma tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır (hakim Elmir Hüseynov). İddiaçı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-351/2024 nömrəli, 31 may 2024-cü il tarixli qərardadının ləğv ləğv edilərək qanuni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin AR MPM-nin 39.1-ci maddəsinə əsasən, mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqa iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. O, bu iddia üzrə ilk olaraq AR MPM-nin 39.1. maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlak-mənzili Sumqayıt şəhərində yerləşdiyi üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə ərizəsi geri qaytarılaraq bildirmişdir ki, cavabdehlər Qubadlı sakini olduqları üçün o, Qubadlı Rayon Məhkəməsinə müraciət etməlidir. Bu zaman məhkəmə müstəsna aidiyyat məsələsini qəbul etməmişdir. O, bunlara əsasən sənədlərini məhkəmədən götürüb bu dəfə Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. Bu dəfə isə Qubadlı Rayon Məhkəməsinin hakimi müstəsna aidiyyat tələbinə istinad edərək yenə də ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir ki, iddia Sumqayıt Şəhər Məhkəməsinə verilməlidir. O, məhkəmələrin və hakimlərin qanuna müxtəlif yanaşmaları ucbatından aylardır ki, iddia ərizəsinin icraata qəbul edilməsinə nail ola bilmir.Ona görə də belə hesab edir ki, bu ziddiyyətli yanaşmalara son qoyulmalıdır. Qubadlı Rayon Məhkəməsinin 2(028)-351/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elmir Hüseynov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinad edərək iddia ərizəsinin geri qaytarılması barədə qərardadını haqlı olaraq onunla əsaslandırmışdır ki, mübahisəli mənzil (ünvan 1) Sumqayıt şəhərində yerləşir. Bu səbəbdən mülki işə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli qərarına əsasən (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair) daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Buna görə də birinci instansiya məhkəməsi müstəsna aidiyyatla bağlı yuxarıda qeyd olunan qanunvericilik normasına istinad etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad olunan cavabdehlərin qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etməklə iddia ərizəsinin geri qaytarılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərardadı olsa da, hazırki mübahisə ilə bağlı yuxarı instansiya məhkəməsinin daşınmaz əmlakın yerləşdiyi məhkəməyə müraciət etməklə bağlı hüquqi mövqeyi olduğundan qeyd edilən qərardad öz hüquqi qüvvəsini itirir. Buna görə iddiaçı aidiyyatı üzrə daşınmaz əmlakın yerləşdiyi Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmasına dair mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-351/2024 nömrəli, 31 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar