Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1178/2025 30.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sökülən daş hasarın bərpa edilməsi, torpaq sahəsinə müdaxilə edilməsinin cavabdehə qadağan edilməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-136/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı tərəfindən inşa edilmiş hasarın sökülməsi nəticəsində dəymiş maddi ziyana görə 3000 manat pul və 100 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 18 dekabr 2024-cü il tarixli, 10/3807 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməsi SAP (XİİS) hesabı - X2, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab AZ34CTRE******************** qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə perimetri boyunca (qapı yeri istisna olmaqla) çəkilmiş 2,20 metr hündürlüyündə daş hasarın bərpa edilməsi vəzifəsinin Cavabdeh həvalə edilməsi, həmin torpaq sahəsindən onun istifadə hüquqlarına maneələr yaratmasının cavabdehə qadağan edilməsi, həmin hasarın təkrarən iki dəfə sökülməsi nəticəsində ona dəymiş 3000 manat maddi ziyan, 1000 manat mənəvi ziyan, 100 manat dövlət rüsumu və vəkilə ödənilmiş 221 manat xidmət haqqı olmaqla, cəmi 4321 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin sentyabr ayında özünə məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə perimetri boyunca (qapı yeri istisna olmaqla) 2,20 metr hündürlüyündə daş hasar çəkmişdir. Cavabdeh həmin hasarın ona məxsus torpaq sahəsinə giriş-çıxışı məhdudlaşdırdığını ona bildirmiş və ondan hasarın sökülməsini tələb etmişdir. İddiaçı imtina etdikdə isə cavabdeh həmin hasarı sökmüşdür. Sonradan iddiaçı hasarı iki dəfə bərpa etmiş, lakin hər dəfə cavabdeh hasarı sökmüş, nəticədə cavabdeh tərəfindən iddiaçıya ziyan vurulmuş, eləcə də torpaq sahəsi üzərində hüquqlarının realizə edilməsinə qanunsuz mane olmuşdur. Cavabdeh bunun səbəbini soruşduqda isə cavabdeh iddiaçı tərəfindən tikilmiş hasarın onun evinə mane olduğunu bildirmişdir. İddiaçı tərəfindən ona məxsus torpaq sahəsində sözügedən torpağın plan-ölçü sənədinə əsasən tikinti işləri aparılmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ərazidə sürüşmə var, lakin buna baxmayaraq torpaq sahəsinin hazırki plan və ölçü sənədi qüvvədədir. Cavabdeh polis orqanında verdiyi izahatında iddiaçının tikdiyi hasarı sökdüyünü etiraf etmişdir. Bildirir ki, cavabdeh tərəfindən iddiaçıya təkcə maddi ziyan deyil, həmçinin mənəvi zərər də vurulmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quliyev X5 Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassız olduğundan, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsi iş üzrə obyektiv araşdırma aparmamış və iddia tələbinə düzgün hüquqi qiymət verməmişdir. İddiaçı makler fəaliyyəti göstərir və vətəndaşların mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrini zəbt edərək, orada qanunsuz fərdi yaşayış evləri tikib satmaqla məşğul olur. Belə ki, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0783 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1-2-ci hissəsi üzrə yoldan başlayaraq onun torpaq sahəsinin 2 sotunu zəbt etmiş, orada iki ədəd fərdi yaşayış evi inşa etmişdir. Bu barədə Abşeron rayon Polis İdarəsinə şikayət etmiş və şikayət ərizəsi əsasında araşdırma aparılmış, İddiaçı mülkiyyətində olan torpaq sahəsində qanunsuz ev tikmələri məlum olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(012)-186/2022 nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilərək, İddiaçı tərəfindən inşa edilmiş 80 kv.metrlik tikilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Masazır kəndindəki 0,0783 ha torpaq sahəsinin qərb istiqamətində yerləşən 35 kv.metr hissəsi İddiaçı vəsaiti hesabına sökülməsi və İddiaçı tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bu ölçüdə boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pulun 25 manat hissəsinin Cavabdeh, 25 manat hissəsinin isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, dövlət rüsumu kimi ödənilmiş 10 manat pulun yarısı, yəni 5 manat və mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş 311 manat pulun yarısı, yəni 155,5 manat pulun İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Lakin qeyd olunan qətnamə icra olunmamış, yəni həmin qətnamə üzrə cavabdeh, hazırki İddiaçı Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, e-2(012)-186/2022 nömrəli qətnaməsindən dərs götürməyərək, qanunsuz tikdiyi evi sökməmiş, yenə də öz qanunsuz əməllərini davam etdirmiş və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu Masazır kəndindəki 0,0783 ha torpaq sahəsinin plan-ölçü sənədində qeyd olunan 9-10 döngə nöqtəsindəki şərq istiqamətində yerləşən 60 kv.metr hissəsində qanunsuz hasar inşa etmək istədikdə o həmin tikintinin qarşısını almışdır. İddiaçı tərəfindən qanunsuz tikinti işləri aparılması ilə bağlı Abşeron rayon İcra hakimiyyətinə, DİN-nin 102 qaynar xəttinə, Masazır kənd icra nümayəndəliyinə çoxlu şikayətlər etmiş, ancaq qanunsuz tikintinin qarşısı alınmamışdır. Birinci instansiya məhkəməsi Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(012)-186/2022 nömrəli qətnaməsini hazırki qətnamədə qeyd etsə də, buna qiymət verməmiş, qanuni qüvvəyə minmiş qətnamə ilə qiymət verilmiş faktiki halın iddiaçı tərəfindən təkrarlanmasını görməzdən gəlmişdir. Bundan başqa məhkəməyə təqdim olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində Abşeron rayonu, o cümlədən Masazır kəndi ərazisindəki torpaq sahələrində sistemləşdirmə işləri aparıldığı üçün iddiaçının tikinti işlərini kimin mülkiyyətində olan torpaq sahəsində aparması ilə bağl rəyin verilməsinin mümkün olmadığı bildirilmişdir. Qanunsuz tikinti aparılan, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən torpaq sahəsinin İddiaçı məxsus olduğunu müəyyən etmədən, iddiaçının bu iddianı qaldırmaq da subyektiv hüququnun olması sual doğurur. Lakin Abşeron Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamış, qanunsuz tikintinin aparılmasına qanuni don geyindirmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini tərəflərə məxsus torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqların olması belə cavabdehə məhkəmə qərarı olmadan mübahisə predmeti olan hasarın sökülməsinə hüquqi əsas verməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununa əsasən qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş hasarın Cavabdeh tərəfindən sökülməsi faktının iddiaçının və onun nümayəndəsinin izahatları, həmçinin iş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Xəyyam Rüstəmov tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə yanaşı cavabdehin məhkəmə iclasında verdiyi qismən etirafedici izahatı ilə təsdiq olunması işin mübahisəsiz halıdır. Mövcud iş üzrə mübahisələndirilən hissədə iddia tələbi maddi zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21, 1096.1., 1097.1-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa etdiyi hasar sökülmüş və bununla da iddiaçıya ziyan dəymişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2024-cü il tarixli, 10/3807 saylı ekspert rəyinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən hasar tikilisinin uzunluğunun 70 metr, hündürlüyünün 2,2 metr olduğunu, qapı yerinin eninin minimum 3 metr olduğunu, 2,7 metrdən bir sütunlar inşa edildiyini, hasarın təkqat mişar daşından inşa olunduğunu, özülünə mişar daşı düzüldüyünü nəzərə alaraq iddia olunan hasar tikilisinin inşa olunması üçün aparılmalı tikinti işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3104 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi dəymiş zərərin məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1178/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1178/2025
30.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver