Məhkəmə qərarları › İş №2(105)-1184/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1184/2023

05.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1184/2023 05.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, əmək müqaviləsinə iki əsasla xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı və Cavabdeh direktoru X4 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-527/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı məxsus olan ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, İddiaçı xx.xx.1982-ci il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.1997-ci il tarixdə cavabdeh təşkilatda “təsərrüfat işləri üzrə direktor müavini” vəzifəsinə təyin olunmuş, xx.xx.2015-ci il tarixdən isə cavabdeh təşkilatdan təsərrüfat müdiri vəzifəsindən azad edilərək “kitabxana müdiri” vəzifəsinə təyin olunmuş və xx.xx.2022-ci il tarixdə təhsil şöbəsinin 170 N-li məktubuna əsasən işdən azad edilmişdir.

2. Quba Rayon Təhsil Şöbəsi özünün 10 mart 2022-ci il tarixli 170 nömrəli Cavabdeh direktoru X1 ünvanlanmış məktubunda qeyd olunur ki, rəhbərlik etdiyi təhsil müəssisəsində həyat yoldaşı İddiaçı “kitabxana müdiri” vəzifəsində çalışmasına “Korrupsiyaya qarşı ımübarizə haqqında” Azərbaycan Respublikası qanununun 7.1-ci maddəsinə əsasən vəzifəli şəxslərin yaxın qohumları seçkili vəzifələr və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar istisna olmaqla bilavasitə onun tabeçiliyində olan heç bir vəzifə tuta bilmədiklərindən 30 gün müddətində vəzifədən azad edilməsi və nəticəsi barədə Quba Rayon Təhsil Şöbəsinə rəsmi məlumat verilməsi xahiş edilmişdir.

3. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Quba rayonu “Rizvan Cəbrayılov adına” Təngəaltı kənd tam orta məktəbinin direktoru imzası və məktəbin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 27 nömrəli əmrdən çıxarışdan göründüyü kimi, Təngəaltı kənd tam orta məktəbinin kitabxanaçısı İddiaçı öz ərizəsilə xx.xx.2022-ci il tarixdən işdən azad edilməsi və son əmək haqqının hesablanması əmr edilmişdir.

4. AZ-İ 406923 seriya və nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətinə əsasən, tərəflərin xx.xx.2022-ci il tarixli birgə ərizəsilə X2 ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın pozulması barədə akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 49 nömrə ilə qeyd edilmişdir.

5. Quba-Xaçmaz Regional Təhsil idarəsinin xx.xx.2022-ci il tarixli, K-132 nömrəli vəzifənin həvalə olunması barədə əmrin surətinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə əsasən, Quba rayonu R.Cəbrayılov adına Təngəaltı kənd tam orta məktəbin direktoru vəzifəsi 27 oktyabr 2022-ci il tarixdən həmin məktəbin coğrafiya müəllimi X5 həvalə edilməsi və ona boş vəzifə maaşının 50 faizinin ödənilməsi qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdehnə qarşı Quba Rayon X13 Məktəbinin həmin məktəbdə kitabxana müdiri vəzifəsindən azad olunması barədə olan 10 mart 2022-ci il tarixli əmrin ləğv edilməsi, öz əvvəlki “kitabxana müdiri” vəzifəsinə bərpa olunması və məcburi proqulda qaldığı günlərin əmək haqqısının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1982-ci il tarixdə əmək fəaliyyətinə başlayıb, xx.xx.1997-ci il tarixdə cavabdeh təşkilatda təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuş, xx.xx.2015-ci il tarixdən isə cavabdeh təşkilatdan təsərrüfat müdiri vəzifəsindən azad edilərək kitabxana müdiri vəzifəsinə təyin olunmuş və xx.xx.2022-ci il tarixdə təhsil şöbəsinin 170N-1İ məktubuna əsasən işdən azad edilmişdir. Onun işdən azad edildiyi barədə əmrini qanunsuz və ədalətsiz hesab edir, barəsində olan əmrin ləğv edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. X13 məktəbində kitabxana müdiri, həyat yoldaşı isə məktəbin direktoru təyin olunduqdan sonra X13 məktəbində təsərrüfat müdiri vəzifəsində çalışıb, həyat yoldaşı məktəbə direktor təyin edildikdən sonra maddi məsul vəzifədən imtina edib ərizə ilə kitabxana vəzifəsinə keçib. O Quba Rayonu X13 məktəbində kitabxana müdiri vəzifəsində çalışmış, işinin öhdəsindən gəlmiş və məktəbin rəhbərliyi tərəfindən cəza almamışdır. Təngəaltı kənd məktəbində kitabxana müdiri vəzifəsi maddi məsul vəzifə deyil, kitabxanada yalnız kitablardır və həmin vəzifədə çalışıb hər hansı korrupsiya halı baş verməsi qeyri-mümkündür və “Korrupsiyaya qarşı Mübarizə haqqında Azərbaycan Respublikası Qanunu”nun 7.1-ci maddəsinin onun X13 məktəbində kitabxana müdiri, həyat yoldaşı isə məktəbin direktoru işləməsi və onun həmin əsasa görə işdən azad edilməyi üçün əsas ola bilməz. Quba Rayon Təhsil Şöbəsinin 10 mart 2022-ci il tarixli məktubu ilə X13 Məktəbinin direktoruna onun işdən azad edilməyi barədə gəstəriş verməsi qanunsuz bir göstərişdir və məktəbin direktorunun da ondan heç bir izahat almadan xx.xx.2022-ci il tarixdən işdən azad edilməsi Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə ziddir. O, Təngəaltı məktəbində kitabxana müdiri işlədiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddətdə məktəb rəhbərliyi tərəfindən heç bir cəza almamışdır. O, 2015-ci ildən X13 Məktəbində kitabxanaçı vəzifəsində 7 ilə yaxın müddət çalışıb və işdən azad olunduqdan sonra həyat yoldaşı da X13 məktəbinin direktoru vəzifəsindən azad edilib. O, qanunsuz olaraq işdən azad edilib, ona görə də öz əvvəlki işinə bərpa olunmasını xahiş edir. Bu günə kimi işdən azad olunmağı barədə əmrin surəti verilməyib, əmək kitabçasını 2022-ci ilin noyabr ayının əvvəllərində ona təqdim ediblər, işdən azad olunmağı barədə məlumatı rəsmi bilinən kimi mediasiya şurasına müraciət etmişdir.

8. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-527/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Quba rayonu “Rizvan Cəbrayılov adına” Təngəaltı kənd tam orta məktəbinin kitabxana müdiri vəzifəsində (peşəsində) işləmiş İddiaçı tutduğu vəzifədən (peşəsindən) azad edilməsi barədə həmin məktəbin 27 nömrəli 10 mart 2022-ci il və 27 nömrəli 30 aprel 2022-ci il tarixli əmrlərinin ləğv edilməsi, İddiaçı Quba rayonu “Rizvan Cəbrayılov adına” Təngəaltı kənd tam orta məktəbinin kitabxana müdiri vəzifəsinə (peşəsinə) bərpa edilməsi və ona məcburi iş buraxmamüddəti üçün əmək haqqının ödənilməsi, iİş üzrə ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdeh Quba rayonu “Rizvan Cəbrayılov adına” Təngəaltı kənd tam orta məktəbindən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim Aydın Babayev)

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 69.1, 69.7, 70, 74.2, 288, 292, 297, 300-cü maddələri, Mülki Prosessual Məcəllənin 119.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 13 mart 2023cü il tarixli 2(027)-527/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

12. Quba rayonu Rizvan Cəbrayılov adına Təngəaltı kənd tam orta məktəbi Quba Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmır. Belə ki, iş üzrə İddiaçı əmək müqaviləsinə xitam verilməsi onun öz ərizəsinə əsasən həyata keçirilmişdir. Lakin həmin vaxt Təngəaltı kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışan iddiaçının keçmiş əri X2 özü də vəzifədən çıxdıqdan sonra qəsdən öz həyat yoldaşının işdən azad olunma ilə bağlı ərizəsini məhv etmiş və ya başqa qaydada məktəbə aid sənədlərin sırasından çıxarmışdır. Bunun nəticəsidir ki, hal-hazırkı rəhbərlik iddiaçının öz təşəbbüsü ilə işdən çıxması ilə bağlı ərizəni təqdim etməkdə çətinlik çəkir. Qeyd edilən hallar Quba Rayon Məhkəməsinin diqqətinə çatdırılsa da, məhkəmə işin daha ətraflı araşdırılması üçün heç bir tədbir görməmişdir. Eyni zamanda Quba Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri pozularaq tələbdən kənara çıxılmış və 30 aprel 2022-ci il tarixli əmr mübahisələndirilmədiyi halda və bununla bağlı iddiaçının hər hansı bir tələbi olmadan həmin əmr ləğv edilmişdir. Qeyd edilən hallar isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eyni zamanda birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsidir ki, bu hal da məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

13. Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. İddiaçının öz ərizəsi ilə işdən azad olunmaq istədiyini bildirməsi, işəgötürənin də öz hüququndan istifadə edərək əmək müqaviləsini ləğv etməsi halı Quba Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. İşçi işdən çıxmasını tələb etdiyi üçün cavabdeh təşkilat da Əmək Məcəlləsinin qeyd edilən normasının tələbindən çıxış edərək işçinin tələbini yerinə yetirərək onu işdən azad etmişdir. 30 aprel 2022-ci il tarixli əmrin ləğv edilməsi üçün əsasın olması, ümumiyyətlə iddiaçının belə bir tələbinin olması iş materialları ilə sübut edilmir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, guya iddiaçı öz ərizəsi ilə işdən azad olunmağı barədə ərizə vermiş, lakin həmin vaxt X13 Məktəbində direktor vəizfəsində çalışan keçmiş həyat yoldaşı Əzizəddin Allahverdiyev özü vəzifədən çıxdıqdan sonra işdən azad olunmağı barədə ərizəni məhv etmiş və ya başqa qaydada məhkəməyə aid sənədlərin sırasından çıxarmışdır. O, kitabxana müdiri vəzifəsindən azad olunmağı barədə ərizə verməmişdir, cavabdeh təşkilat öz saxtakarlıqlarını, sübut təqdim edə bilmədiklərinə haqq qazandırmaq üçün guya onun keçmiş həyat yoldaşı ərizəni məhv etməsi barədə faktı irəli sürmüşdür. Quba Rayon Məhkəməsi onun işdən azad olunmağını qanunsuz hesab edərək qanunsuz əmri ləğv etmiş və məhkəmənin gəldiyi nəticə tam qanunidir. Hesab edir ki, Quba Rayon Məhkəməsi 13 mart 2023-cü il tarixli qətnaməsini qəbul edərkən təqdim olunan sübutlara obyektiv və qərəzsiz, hərtərəfli obyektiv qiymət verərək qanuni və əsaslı qətnamə qəbul edərək heç bir maddi və prosessual hüquq normasının pozulmasına yol verməmişdir, ona görə də Quba Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qətnaməsinin öz qüvvəsində qalmasının və apellyasiya şikayətinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh direktoru X7 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyası

18. Maddə 35. (İ, İİ və Vİİ hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

19. Azərbaycan Respublikası Əmək Məcəlləsi

20. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

21. Maddə 12.1 Əmək müqaviləsinin əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifələridir.

22. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən isə tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

23. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

24. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

25. Maddə 84.1. əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər;

26. Maddə 84.2 Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

27. Maddə 292.2 Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə biɬər.

28. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh tərəfindən Quba Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(027)-527/2023 nömrəli tam həcmdə mübahisələndirilmişdir.

39. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 1997-ci ildə əmək müqaviləsi bağlanılmış, həmin əmək müqaviləsinə əsasən iddiaçı təsərrüfat işləri üzrə direktor müavini üzrə işə qəbul olunmuşdur. Sonradan iddiaçı xx.xx.2015-ci il tarixdən başlaraq həmin məktəbdə kitabxana müdiri vəzifəsində çalışmışdır. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürən tərəfindən iki əmr –27 № li xx.xx.2022-ci il tarixli və 27 № li xx.xx.2022-ci il tarixli əmrlər çıxarılmışdır. Həmin əmrlərdən birində işçi ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi işçinin öz ərizəsi, digərində isə əmək kitabçasında qeyd olunmaqla Təhsil şöbəsinin 170 nömrəli məktubuna əsasən işdən azad edilməsi qeyd edilmişdir.

42. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, işçi ilə əmək müqaviləsinə əmək qanunvericiliyində qeyd edilmiş əsaslardan yalnız bir ilə xitam verilə bilər. İndiki halda isə işçi ilə əmək müqvailəsinə iki ayrı əsasla xitam verilməsi halı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 27 N-li xx.xx.2022-ci il tarixli əmrdə xitamın əsası kimi Təhsil şöbəsinin 170 nömrəli məktubuna əsasən qeyd edildiyi halda, əmək müqaviləsinin xitam olunmasına dair 27 N-il xx.xx.2022-ci il tarixli tarixli əmrin məzmununda isə xitamın əsası kimi “öz ərizəsinə əsasən” qeyd edilmişdir. Həmçinin, cavabdeh tərəf qeyd edilən əmək müqaviləsinə xitam verilməsi barədə iki ayrı əsasla əmrin mövcudluğu ilə bağlı ziddiyətli halın aradan qaldırılmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin əmrlərdə digərinin qüvvədən düşməsinə dair qeyd aşkar edilməmişdir. Deməli işçi ilə əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürən tərəfindən qəbul edilmiş iki ayrı əsasa istinad edilmiş qüvvədə olan fərqli tarixli iki əmr mövcuddur. Qeyd edilən hallar isə Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərinə ziddir.

43. Digər tərəfdən, məhkəmə araşdırması zamanı iddiaçı ümumiyyətlə işdən azad olunması barədə ərizənin onun tərəfindən verilmədiyini bildirmiş, cavabdeh isə əmək müqaviləsinin xitam olunmasına dair 27 nömrəli xx.xx.2022-ci il tarixli əmrinə əsas olmuş iddiaçının ərizəsini məhkəməyə təqdim edə bilməmişdir.

44. Göründüyü kimi mübahisəli əmr verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulduğundan iddianın təmin edilməsi barədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, cavabdeh apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

46. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

48. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-527/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar