Məhkəmə qərarları › İş №2(105)-1189/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1189/2024

27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1189/2024 27.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyan tələbinə dair ərizəsi üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-382/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 2912,90 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddia ərizəsini məhkəməyə təqdim edərkən dövlət rüsumundan azad olmanın qanuni əsası kimi, “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.1-ci hissəsinə istinad etmişdir. Hazırki ərizəni təqdim etməklə, AR MPMin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşmə verir və dövlət rüsumundan azad olmanın qanuni əsası kimi “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə istinad etdiklərini nəzərə alınmasını xahiş edir. Belə ki, həmin maddəyə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarında olan mediasiya arayışından göründüyü kimi, İddiaçı MMC hazırki mübahisə ilə bağlı ilkin mediasiya sessiyası zamanı 60 manat mediasiya xərci ödəmişdir. İddia tələbinin (yekun xahiş hissəsinin) dəyişilməz qaldığını nəzərə çatdırmaqla xahiş edir ki, İddiaçı MMC-yə vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 2912,9 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilsin. Eyni zamanda, iş yükünün çoxluğu səbəbilə (nümayəndələri digər mülki, inzibati xəta və cinayət işləri üzrə proseslərdə iştirak etdiyindən) icraatda olan hazırki mülki iş üzrə məhkəmənin hazırlıq iclasında iştirak edə bilmir və yaranmış vəziyyətin üzrlü hal kimi qəbul edilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-382/2024 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçının ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilməsinin izah olunması qərara alınmışdır (hakim Əli Cəlilov). İddiaçı MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərardadın qanunsuz və əsassız olduğunun göstərmiş və həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəməyə daxil olmuş iddia tələbi üzrə tərəfin mediasiyada üzrə iştirak edilməsi tələbi imperativ deyil. Tərəf özü könüllü olaraq mediasiya prosessində iştirak edə bilər, lakin bu o demək deyil ki, imperativ olmayan halda mediasiya prosesində iştirak edilirsə, həmin prosesə ödənilmiş rüsum, məhkəməyə ödənilməli olan dövlət rüsumuna aid edilməli idi. Əgər həmin mübahisə üzrə mediasiya prosesində iştirak etmək məcburi olsa idi, məhkəmə iddiaçının ərizəsi ilə razı olardı, lakin hal-hazırda göründüyü kimi məhkəməyə daxil olmuş iddia tələbi üzrə məhkəmədən qabaq mediasiyada iştirak etmək imperativ olmadığına görə tərəfin mediasiya prosesində iştirak edərək həmin prosesə ödədiyi rüsum məhkəməyə ödənilməli olan rüsuma aid edilə bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, ərizə də göstərilən ödənilmiş mediasiya xərcinin dövlət rüsumuna aid edilməsi qanuna uyğun deyil. Tərəflər arasında yaranmış hazırki mübahisə əmək fəaliyyəti ilə bağlı və məhz cavabdehin əmək müqaviləsi üzrə vəzifələrinin icrası nəticəsində işəgötürənə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlıdır ki, bu mübahisə fərdi əmək mübahisələrinin predmetini təşkil edir və məhz bu səbəbdən də, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən qanunun göstərişinə əsasən dövlət rüsumunu ödəməkdən azaddır (mediasiya prosesi ilə bağlı tərəfin ödədiyi xərclər həddində). Bu səbəbdən də, məhkəmənin qərardadı qanunsuz və əsassız hesab edilərək ləğv edilməli, işin baxılması davam etdirilməlidir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-382/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)- 382/2024 nömrəli nömrəli qərardadı ləğv edilməlidir. İş materiallarının 5-ci səhifəsində olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt göndərişi və kargüzarlıq xərci, cəmi 60 manat ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 108.1, 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırkı iş üzrə iddiaçı işəgötürən vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 2912,90 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, tərəflər arasında əmək münasibətlərindən irəli gələn mübahisə vardır, iddiaçının iddiasına görə cavabdeh olan işçisi ona ziyan vurmuşdur. İddianın baxılmamış saxlanılması qənaətinə gələn birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, iş üzrə dövlət rüsumu ödənilməmişdir və məhkəməyə daxil olmuş iddia tələbi üzrə tərəfin mediasiyada üzrə iştirak edilməsi tələbi imperativ deyil. Tərəf özü könüllü olaraq mediasiya prosessində iştirak edə bilər, lakin bu o demək deyil ki, imperativ olmayan halda mediasiya prosesində iştirak edilirsə, həmin prosesə ödənilmiş rüsum, məhkəməyə ödənilməli olan dövlət rüsumuna aid edilməli idi. Əgər həmin mübahisə üzrə mediasiya prosesində iştirak etmək məcburi olsa idi, məhkəmə iddiaçının ərizəsi ilə razı olardı, lakin hal-hazırda göründüyü kimi məhkəməyə daxil olmuş iddia tələbi üzrə məhkəmədən qabaq mediasiyada iştirak etmək imperativ olmadığına görə tərəfin mediasiya prosesində iştirak edərək həmin prosesə ödədiyi rüsum məhkəməyə ödənilməli olan rüsuma aid edilə bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, ərizədə göstərilən ödənilmiş mediasiya xərcinin dövlət rüsumuna aid edilməsi qanuna uyğun deyil. Əvvəla kollegiya qeyd edir ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 4.6-cı maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Belə olan halda, kollegiya hesab edir ki, tərəflər arasında yaranmış münasibətlər əmək münasibətləri olduğundan, İddiaçı MMC haqlı olaraq ilkin mediasiya sessiyasında iştirak etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası yuxarıda qeyd edilən normalara əsasən qeyd edir ki, hazırkı mübahisə üzrə mediasiya sessiyasında iştirak tələb olunduğundan, iddiaçı müvafiq olaraq mediasiya prosesində iştirak zamanı çəkdiyi xərc həddində dövlət rüsumundan azaddır. İddiaçının məhkəməyə ödənilməli dövlət rüsumun məbləği 49,12 manat təşkil edir, mediasiya sessiyasında isə İddiaçı MMC tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt göndərişi və kargüzarlıq xərci, cəmi 60 manat ödənilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçı mediasiya prosesi ilə bağlı çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilməlidir. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, məhkəmə iddianın baxılmamış saxlanılması barədə düzgün nəticəyə gəlməmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-382/2024 nömrəli qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş Qusar Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-382/2024 nömrəli qərardadı ləğv edilsin. Qərardadda sadalanan xüsusatlar nəzərə alınıb mülki iş baxılması üçün Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar