Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1190/2023 13.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat ofisinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat ofisinə və Cavabdeh2 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5617/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat ofisinə və Cavabdeh2 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında Abşeron rayon 1 saylı notariat ofisində xx.xx.2017-ci il tarixli ipoteka və kredit müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan-Cavabdeh2 mülkiyyətində olan 0.012 ha torpaq sahəsini 3M-291 saylı kredit müqaviləsinə əsasən yaranmış 12000 manat borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın, yəni, iddiaçının xeyrinə ipoteka ilə yüklü etmiş, öhdəliyin icrası müddəti başa çatdığına və dəfələrlə borcu tələb etməsinə baxmayaraq, cavabdeh indiyə kimi hissə-hissə olmaqla, cəmi 3100 manat ödəmiş, 8900 manat borc qalmışdır. Cavabdehin sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə 500 manatdan ibarət olmuşdur. Göstərilən ipoteka müqaviləsinin 12.2-ci maddəsinə əsasən, bu müqavilə öhdəlikləri tam yerinə yetirilənədək hüquqi qüvvəyə malikdir. Buna baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Digər tərəfdən, Abşeron rayonu 1 saylı notariat ofisi cavabdehə xx.xx.2017-ci il tarixli 3534 saylı məktubla bildiriş əsasında borcun 30 gün ərzində ödənilmədiyi təqdirdə icra qaydasında məcburi ödənişə yönəldiləcəyini bildirmiş, lakin müddət ötürüldüyündən 1 saylı notariat ofisi borcun məcburi ödənişə yönəldilməsini təmin etməmişdir.
3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5617/2022 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, reyestrdə 3M-290 nömrə ilə qeydiyyata alınmış kredit müqaviləsi üzrə borcun ödənilməsinin təmin edilməsi məqsədilə tutma Cavabdeh2 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.012 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir.
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Abşeron rayon 1 saylı notariat ofisinə və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər.
9. Abşeron rayon 1 saylı notariat ofisi xx.xx.2023-cü il tarixli, 2399 nömrəli məktubla məhkəməyə müraciət edərə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
10. Cavabdehin vəkili Vəkil “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. (...) 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 149. İddia ərizəsinin forması və məzmunu 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); [169] 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; [170] 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir.
Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: (...) 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda.
Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri (...) 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)
Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
16. İş materiallarından görünür ki, borcverən İddiaçı ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli reyestrdə 3M-290 nömrə ilə qeydiyyata alınmış kredit müqaviləsinə əsasən, borcverən borcalana 12000 manat pulu borc verməyi, borc alan isə krediti xx.xx.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər.
17. İpoteka saxlayan İddiaçı ilə ipoteka qoyan-borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını kredit müqaviləsinə əsasən, 12000 manat yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.012 ha torpaq sahəsini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.
18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 892 saylı reyestr kitabının 19 saylı vərəqində, ********** qeydiyyat nömrəsi, **********18 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.012 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli 3M-290 reyestr nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək İddiaçı qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır.
19. Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 12 avqust 2022-ci il tarixli 3213 saylı qərardan görünür ki, İddiaçı icra qeydinin aparılması barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir.
20. Qərardan daha sonra görünür ki, Abşeron rayonu 1 saylı notariat ofisinə Əzimova X1 rayon 1 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə 3M-290 reyestrdə qeyd edilmiş kredit müqaviləsi üzrə icra qeydinin aparılması ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Təqdim edilən kredit müqaviləsindən görünür ki, borcalan Cavabdeh2 xx.xx.2017-ci il tarixə qədər krediti qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı qanunda nəzərdə tutulduğu müddətdə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etməmişdir. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Mülki Məcəllənin 373.3-cü maddəsi ilə müəyyən edilmiş üç il iddia müddətləri keçənədək aparılır.
21. İddiaçı daha sonra hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat ofisinə və Cavabdeh2 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası MPM-in 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası MPM-in 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. İddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-in 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır.
23. MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir.
24. Hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, iddia iki şəxsə qarşı - Abşeron rayon 1 saylı notariat ofisinə və Cavabdeh2 qarşı qaldırılmışdır. Abşeron rayon 1 saylı notariat ofisinə qarşı ümumiyyətlə tələb yönəlməmiş ancaq cavabdeh qismində qoyulmuşdur. İddiaçının tələbində ipoteka predmetinin nədən ibarət olması, harada yerləşməsi, sahəsi və s. göstərilməmiş və bununla bağlı sonradan dəqiqləşdirmə də aparılmamışdır. Nəticədə qeyri-müəyyən tələb əsasında işə baxılmışdır.
25. Bundan başqa, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddiasının təmin edilməsini xahiş etsə də, ipoteka predmetinə tutmanın yönəldilməsinin qanunvericilikdə nəzərdə tutulmuş imperativ normalarına əməl etməmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi və həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən sənədi təqdim etməmişdir.
26. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır.
27. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin və həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən sənədin təqdim edilməməsi işə mahiyyəti üzrə baxılmasına mane olur.
28. MPM-in 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir.
29. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan maddi və prosessual normaların tələblərinə əməl etməyərək, işə mahiyyəti üzrə baxmışdır.
30. MPM-in 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır.
31. İddiaçıya izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5617/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat ofisinə və Cavabdeh2 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.