Məhkəmə qərarları › İş №2(105)-1195/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1195/2024

22.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1195/2024 22.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndələri Vəkil2 və Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı daşınmaz əmlakdan çıxarılma tələbinə dair Abşeron Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(012)-487/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX ******* saylı çıxarışla Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli ev və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və onun adına xx.xx.2015-ci il tarixli 193 inventar nömrəli texniki pasport tərtib olunmuşdur. Sözügedən torpaq sahəsində sonradan, xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməyən hazırda mübahisələndirilən fərdi yaşayış evi inşa edilmişdir 24 avqust 2020-ci ildə “Azəriqaz” İB ilə, 9 sentyabr 2020-ci ildə "xxxx" ASC Al-X11 arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr imzalanmış, "xxxx" ASC tərəfindən həmin ünvan üzrə Al-X3 iştirakı ilə sayğac quraşdırılmış və bu barədə protokol tərtib edilmiş, sonuncu istehlakçı kimi göstərilmişdir. 3 iyul 2021-ci ildə "xxxx" MMC ilə Aynur İsmayılova arasında internet xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. Sonradan özbaşına tikili Aynur İsmayılova tərəfindən X8 rəsmiləşdirilmədən satılmış, X13 fərdi yaşayış evinə köçüb bir müddət orada yaşamış, 4 oktyabr 2021-ci ildə isə X13 “Azəriqaz” İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə bağlanmış, işıqla bağlı kommunal xidmətlər üzrə abunəçi kimi X13 qeydiyyatdan keçmişdir. X13 birinci instansiya məhkəməsində icraat vaxtı tikilini heç bir rəsmiləşdirmə aparmadan Cavabdeh2 satmışdır. Cavabdeh2 ailə üzvləri olan digər cavabdehlərlə birgə mübahisəli tikiliyə köçmüş və hazırda orada yaşayırlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 03 fevral 2023-cü il tarixli 3-21-3-32/2-1111/2023 nömrəli mütəxəssis rəyinə və onun əsasında verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1143 saylı rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı reyestrdən çıxarış və xx.xx.2015-ci il tarixli 193 inventar nömrəli texniki pasport üzrə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli evin və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsinin ölçülərinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşdüyü, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli ev və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsinin 66 kv.m. hissəsinin digər şəxslər tərəfindən faktiki olaraq istifadə olunduğu, həmin torpaq sahəsinin 66 kv.m. hissəsində digər şəxslərin faktiki istifadələrində olan fərdi yaşayış evinin mövcud olduğu müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsindən və oradakı fərdi yaşayış evindən əmlakı ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 3 il bundan öncə həyat yoldaşı Nümayəndə əvvəlcədən tanıdığı Əmiraslanov Əvəz, Səfərov Yalçın və Habil adlı şəxslərlə birgə üç və ya dörd otaqlı evlər tikib satırdılar. Torpaq sahələri çox olduğundan istəmişlər ki, həmin evlərdən birini övladları X4 üçün tiksinlər. Həyat yoldaşı öz tanışı Əmiraslanov Əvəzlə görüşüb 17.000 manat pul vermişdir ki, övladı üçün həmin evi tiksin. Həmin vaxt Əvəzin işləri çox olduğundan evin tikintisini şərik kimi işlədikləri Habil adlı şəxsə həvalə etmişdir. Ona 17.000 manat pulu Habilə verdiyini demişdir. Qeyd edilən məbləğin verilməsini Habil şəxsən təsdiq etmişdir. Həmin vaxtlar 17.000 manatdan əlavə yoldaşı ilə birgə gördükləri işə görə onlara çatası 18.000 manat qazanc da olmuşdur. Onlar 35.000 manat pulun evin inşası üçün kifayət edəcəyini düşünmüşlər. 18.000 manat qazanc onlara verilməmişdir. Habil evi tikməyə başlamış, təxminən 4 aydan sonra ev hazır olmuşdur. Bir müddət keçəndən sonra, övladlarını bu evə köçürmək istəmişlər. Lakin aydın olmuşdur ki, gecə ilə tanımadıqları şəxslər oğlu üçün tikilən evə köçüblər. Evə köçən şəxslərdən bunun səbəbini soruşduqda, evi Habildən pul verərək aldıqlarını bildirmişlər. Habildən bu işə aydınlıq gətirməsini istəmişlər, o isə bəhanə gətirmişdir ki, həmin şəxslərə ev tikib verəcəkdir. Bir müddət keçəndən sonra, həmin şəxslər evdən köçmüşlər. Lakin sonradan başqa bir ailə mübahisəli evə köçmüşdür. Birinci instansiya məhkəməsinin gedişatında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X5 artıq mübahisəli əmlakdan çıxdığını bildirərək onun əsl cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə əvəz edilməsini xahiş etmişdir. Bundan sonra isə İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 əşyaları ilə birlikdə mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0,046 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılması, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Abşeron Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1143 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 03 fevral 2023-cü il tarixli 3-21-3-32/2-1111/2023 nömrəli mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa və xx.xx.2015-ci il tarixli 193 inventar nömrəli texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli evin və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsinin ölçülərinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşdüyü, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa və xx.xx.2015-ci il tarixli 193 inventar nömrəli texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli ev və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsinin 66 kv.m. hissəsinin digər şəxslər tərəfindən faktiki olaraq istifadə olunduğu, həmin torpaq sahəsinin 66 kv.m. hissəsində digər şəxslərin faktiki istifadələrində olan eni 6 metr, uzunluğu isə 11 metr olan fərdi yaşayış evinin mövcud olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi (əri Nümayəndə) izahat verərək bildirmişdir ki, ona borclu olan şəxs borc müqabilində ona ev tikməli idi. Evin tikilməsinə baxmayaraq onun xəbəri və razılığı olmadan başqa şəxsə satıblar. Lakin torpaq onun mülkiyyətindədir. Dəfələrlə evdən çıxması üçün cavabdehi xəbərdar etmişlər, lakin heç bir nəticəsi olmayıb. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh X2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Evi Aynur adlı xanımdan dəllal vasitəsilə almışdır. Aynur ona demişdir ki, əgər çıxarış alsa, Xəlil adlı şəxsə 5000 manat pul versin. Onun da imkanı olmamışdır. Dəllal ondan çıxarış düzəldilməsi üçün 4000 manat pul almışdır. 31000 manata evi almışdır. Sonra kürəkəni sənədlərə baxanda bilmişdir ki, yalnız qazın və işığın sənədləri onun adınadır. O, iddiaçını (ərini) qonşu kimi tanımışdır. Bir gecə qapını içkili vəziyyətdə döymüş, ondan evdən çıxmağı tələb etmişdir. Həmin vaxta kimi evin ona məxsus olduğunu bilməmişdir. Sonra yaranan problemlərə görə 2022-ci ilin noyabr ayında evi 32000 manata satmışdır. Evi satarkən məhkəmə çəkişməsindən xəbərsiz olmuşdur. Bildiriş gəlməsinə baxmayaraq hüquqi savadı olmadığından başa düşməmişdir. Evi dəllal vasitəsilə satmışdır. Məhkəmə iclas protokollarından müəyyən edilir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı qəbul etməmiş və təmin edilməməsini xahiş etmişlər. Onlar bildirmişlər ki, iddiaçının nümayəndəsi ev alqı-satqısı ilə məşğul olur. Həmin ərazidə şəriki ilə birlikdə 4 ev tikib satıb. O, evi Məhbubə adlı xanımdan alıb, evi o satıb, o da məhkəməyə verə bilərdi. O iddiaçıdan ev almayıb ki, iddaçı da ondan ev istəsin. 32000 manat evə, əlavə təmirə pul xərcləmişlər. Ümumilikdə 40000 manat pul xərcləmişlər. O, iddiaçını evi alandan 1 ay sonra tanıyıb. Səhər saat 06:00 radələrində, ailə ilə birlikdə rayona yola düşərkən iddiaçı qapını döyüb ona bildirmişdir ki, bu evi alma. Evin yiyəsinin borcu var. Ondan kim olduğunu soruşduqda qonşu olduğunu bildirmişdir. Ona həmin vaxt evin ona məxsus olduğunu deməmişdir. Evi birinci dəfə Aytəkin adlı qadına satanda torpağın sənədlərini verməmişlər, sonra evi alan Məhbubə xanım da torpağın kimə məxsus olmasını bilməyib. Abşeron Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(012)-487/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 0,046 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin torpaq sahəsi və fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılması, ünvan 1 ünvanında yerləşən 0,046 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılması qət edilmişdir (hakim Məlahət Abbasova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsində və fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşayırlar. Cavabdehlər mübahisəli evi Məhbubə Əliyeva adlı şəxsdən dəyərini ödəməklə aldıqlarını bildirsələr də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. İşdəki hüquqmüəyyənedici sənədlərdən görünür ki, mübahisəli daşınmaz əmlakın mülkiyyətçisi İddiaçıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 60-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 157.4-cü maddələri, “İnsan Hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 217.3, 217.4, 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ilkin icraat Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-487/2023 saylı, 22 iyun 2023-cü il tarixli, qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işin faktiki olan halları müəyyən edilmədən düzgün nəticəyə gəlinməmişdir. Məhkəmə iclaslarına cəlb edilməkləri barədə telefon vasitəsi ilə məlumat verilmiş və xx.xx.2023-cü il tarixində məhkəmə olacağı bildirilmişdir. xx.xx.2023-cü il tarixində məhkəmə iclasına gəlmişdir və heç bir araşdırma aparılmadan iddia təmin edilməsi barədə məlumatlandırılmışlar. Şifahi danışıqlardan belə başa düşüblər ki, onların noyabr 2022-ci ildə X13 və kürəkəni X14 32000 manata aldıqları Abşeron rayon Xırdalan şəhəri O.Sarıvəlli küçəsində yerləşən 0.046 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları və həmin torpaq sahəsinin iddiaçıya vermələri tələb olunmuşdur. Göründüyü kimi araşdımalarda iştirak edə bilmədikləri üçün müdafiə hüquqları pozulmuş və natamam araşdırma aparıldığı üçün düzgün olmayan maddi hüquq normaları tətbiq edilmiş və nəticədə iddianın təmin edilməsi yönündə maddi hüquq normaları tətbiq edilmişdir. Məhkəmə tərəfindən işin ədalətli şəkildə araşdırılmaması, torpaq sahəsinə baxış keçirməməsi, vergilər, faktiki istifadə və bu kimi real hallar araşdırılmadığı üçün nəticə də ədalətsiz olmuşdur. Bunun da nəticəsində bu hissədə münasibətləri tənzimləyən maddi hüquq normaları deyil, sırf iddia ərizəsinin təmin edilməsi yönündə münasibətləri tənzimləyən qanunvericilik aktları tətbiq etmişdir. Halbuki, məhkəmə araşdırma nəticəsində ortaya çıxan real vəziyəti aşkara çıxara bilərdi və həmin torpaq sahəsinin iddiaçılar tərəfindən satılması aşkara çıxardı. Burada onun tələb hüququ var və qanunvericilikdə bu münasibətləri tənzimləyəcək kifayət qədər normalar vardır. Torpaq sahibləri əqdin onların üzərinə düşən hissəsində öhdəlikləri icra etməməsi, həmin aktın rəsmiləşdirilməsindən şüurlu şəkildə boyun qaçırmalarına əsasən torpaq sahəsi sənədləşdirilməmişdir. Bu növdən olan maddi hüquq normaları tətbiq edilərək araşdırma ədalətli aparılardı. Qeyd edir ki, maddi hüquq normalarının pozulması hissəsində məhkəmə sair və bunun kimi amilləri nəzərə almamış və bunun nəticəsində də tətbiq edilməli olmayan maddi hüququ normalarını tətbiq etmiş və sırf iddiaçının mövqeyinə uyğun qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən onların cavabdeh qismində cəlb edildiyi iddia təmin edilmişdir. Elektron məhkəmə sistemə baxış keçirən zaman yekun məhkəmə aktının çıxarılması, iddianın təmin edilməsi göstərilsə də, 23 iyul 2023-cü il tarixinədək heç bir qətnamə əlavə edilməmişdir. Göründüyü kimi qətnamədən şikayət vermək üçün müəyyən edilmiş müddət süni olaraq keçikdirilməklə məhkəmə qətnaməsinin elektron məhkəmə sisteminə daxil edilməsi və ya təqdim edilməsi prossesual pozuntu ilə müşahidə olunur. Elektron məhkəmə sisteminə daxil edilən sənədlərdən də göründüyü kimi iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə verərək onları cəlb etmiş və ərizəsində də göstərmişdir ki, cavabdeh X13 (kürəkəni, Cəlilabad rayonu Prişib, indiki Göytəpə qəsəbəsində yerləşən hərbi hissədə MAXE işləyən X20 ilə birlikdə) iş məhkəmənin icraatında ola-ola həmin evi satmışdır. Göründüyü kimi X5 əməlində real dələduzluq əməli məhkəməyə təqdim edilir və məhkəmə bu barədə prossesual normalardan istifadə edərək məlum olan cinayət barədə müvafiq prokurorluğa məlumat vermir. Eyni ilə bu barədə olan məlumatı iddiaçı özü də gizlətməklə cavabdehlərlə əlbir olmuş ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim etmişdir. Ümumiyyətlə, qeyd etdiyi kimi, məhkəmə araşdırmalarında iştirak etməmişlər və prosessual hüquqları pozulmuşdur. Bir dəfə məhkəməyə telefonla dəvət edilərək xx.xx.2023-cü il tarixində məhkəmədə iştirak etməkləri tələb edilmişdir. Heç bir sübut, sənəd, dəlil, arayış və s. təqdim etmək imkanı yaradılmamış və nəticə etibarı ilə məlum olan qanunsuz və prossesual hüquq normalarının pozulması ilə müşahidə olunan qətnamə çıxarılmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmamışdır. Belə ki, məhkəmə tərəfindən torpaq sahəsinə baxış keçirilmədən qərar qəbul edildiyi üçün, torpaq vergiləri, ödənişləri barədə, torpağın faktiki istifadəçiləri barədə məlumat əldə edilmədiyi üçün onların prossessual hüquqları pozulmuş, məhkəmə aradırmalarına lazımi sənədlər əlavə edə bilməmişlər və nəticədə aidiyyatı olmayan iddia ilə onların hüquqlarına toxunmaqla müşahidə olunan qətnamə çıxarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1910/2023 nömrəli 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Ayaz Mahmudov-sədrlik edən və məruzəçi, Lalə Rəhimli və Lətifə Məmmədova). Kassasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmə tərəfindən işin ədalətli şəkildə araşdırılmaması, torpaq sahəsinə baxış keçirilməməsi, vergilər, faktiki istifadə və bu kimi real hallar araşdırılmadığı üçün nəticə də ədalətsiz olmuşdur. Məhkəmə bu hissədə münasibətləri tənzimləyən maddi hüquq normalarını deyil, sırf iddia ərizəsinin təmin edilməsi yönündə münasibətləri tənzimləyən qanunvericilik aktlarını tətbiq etmişdir. Halbuki məhkəmə araşdırma nəticəsində vəziyyəti aşkara çıxara bilərdi. Torpaq sahiblərinin əqdin onların üzərinə düşən hissəsində öhdəliklərini icra etməməsi, həmin aktın rəsmiləşdirilməsindən şüurlu şəkildə boyun qaçırmalarına əsasən torpaq sahəsinə dair sənədləşdirmə aparılmamışdır. AR Ali Məhkəməsinin 2(102)-1090/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2023-cü il tarixli, 2(105)-1910/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (hakimlər Mehparə Əhmədova (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov). Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2, onun nümayəndəsi Vəkil1 və digər Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə mülkiyyətində olan torpaq sahəsində iki fərdi yaşayış evinin olduğunu, mübahisə predmeti olan fərdi yaşayış evinin hər gün yanından keçdiyini, ilk dəfə Əliyeva Məhbubəyə qarşı xx.xx.2022-ci il tarixdə iddia qaldırdığını, Məhbubənin evi aldığı Aytəkin adlı şəxsi ümumiyyətlə tanımadığını, Habillə işgüzar münasibətdə olduğunu və oğlu üçün ev tikdirdiyini, lakin oğlunun hələ evlənmədiyi üçün Habilin qızına yaşamaq üçün icazə verdiyini bildirmişdir. Buna görə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. X9 izahatında iddiaçının həyat yoldaşı olan Nümayəndə ilə işgüzar münasibətlərinin olduğunu, mübahisə predmeti olan fərdi yaşayış evini iddiaçının torpaq sahəsində öz qızı üçün tikdiyini, tikinti işləri bitdikdən sonra torpağın pulunu ödəməklə torpaq sahəsini qızının adına keçirəcəyini, lakin sonradan pula ehtiyacı olduğu üçün evi Aytəkin və Aysel adlı bacı olan şəxslərə satdığını, həmin vaxt aralarında problem olmadığını, sonradan 20.000 manat ziyana düşdükləri üçün Nümayəndə borcları yarandığından Nümayəndə torpaq sahəsini onun adına keçirməkdən imtina etdiyini bildirmişdir. X1 izahatında faktiki olaraq onların Nümayəndə 33.000 manat borclarının olduğuna görə mübahisənin yarandığını, hazırda borcun 18.000 manat qaldığını, qarşılqılı razılıq əsasında həmin borcu ödəyə biləcəklərini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətçinin torpaq sahəsində tikilmiş tikili onun mülkiyyətində olmuş əmlak kimi müəyyən edilə bilər və mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını tələb etmək hüququ vardır ki, bu mülkiyyətçinin torpaq sahəsində tikilmiş tikiliyə münasibətdə ondan istifadə edilməsi mülkiyyət hüququna qanunsuz müdaxilə sayılır. Lakin həmin fərdi yaşayış evindən çıxarılma zamanı nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi müəyyən edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu baxımdan Ali Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisənin həllində ən həlledici məqam evin Məhbubə Əliyeva tərəfindən cavabdehlərə satılıb-satılmaması deyil, həmin evin ilkin satışı zamanı iddiaçının iradə ifadəsinin, satılma niyyətinin olub-olmaması olmuşdur. İşin faktiki araşdırılmış hallarından müəyyən edilir ki, ev tikildikdən sonra 2020ci il ərzində Aytəkin Al-Makassessi ilə qaz və işığın istehlakı ilə bağlı kommunal, 2021-ci il isə Aynur İsmayılova ilə internet xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr imzalanmışdır. Bu isə həmin evdə öncə Al-X6, sonra isə Aynur İsmayılovanın yaşaması, daha sonra sonuncu tərəfindən Məhbubə Əliyevaya satılması halı üzə çıxarır ki, bu da hazırki iş üçün mühüm əhəmiyyət kəsb edir. İşə yenidən apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi izahatında mülkiyyətində olan torpaq sahəsində iki fərdi yaşayış evinin olduğunu, mübahisə predmeti olan fərdi yaşayış evinin hər gün yanından keçdiyini, ilk dəfə Əliyeva Məbubəyə qarşı xx.xx.2022-ci il tarixdə iddia qaldırdığını, Məbubənin evi aldığı Aytəkin adlı şəxsi ümumiyyətlə tanımadığını, Habillə işgüzar münasibətdə olduğunu və oğlu üçün ev tikdirdiyini, lakin oğlunun hələ evlənmədiyi üçün Habilin qızına yaşamaq üçün verdiyini bildirmişdir. Evdə onun xəbəri olmadan niyə təmir işlərinin aparılması və Əliyeva Məhbubədən əvvəl digər şəxslərə qarşı niyə iddia qaldırmadığına dair hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid kimi ifadə verən X21 iddiaçının həyat yoldaşı olan Nümayəndə ilə işgüzar münasibətlərdə olduğunu, mübahisəli evin yerləşdiyi torpaq sahəsini faktiki olaraq 10.000 manata sonradan ödəmə şərti ilə Nümayəndə öz qızı üçün aldığını, evin yalnız onun vəsaiti ilə tikildiyini, lakin pula ehtiyacı olduğu üçün evi bir-biri ilə bacı olan Aytəkin və Aysel adlı şəxslərə satdığını, evin yerləşdiyi torpaq sahəsinin sənədləşməsi üçün 10.000 manatı vermək məqsədi ilə Nümayəndə yanına getdiyini, lakin Nümayəndə digər şərikli fəaliyyətlərindən ona əlavə 23000 manat ziyan vurulduğunu bildirərək, ümumilikdə 33.000 manat pulun ödənilməsini tələb etdiyini, 33.000 manat pulun ödənilməsi ilə bağlı hazırki mübahisənin yarandığını, buna görə torpaqla əlaqədar razılaşdırılmış 10.000 manat pulu almaqdan İbrahimxəlilin imtina etdiyini bildirmişdir. Həmçinin bununla əlaqədar başqa şəxsin adına olan evi müvəqqəti olaraq İbrahimxəlilin adına keçirdiyini, İbrahimxəlil isə onun xəbəri olmadan həmin evi tanışı Mübarizin adına keçirdiyini, buna görə məcbur olub 15.000 manat verilməklə evin öz sahibinin adına geri rəsmiləşdirilməsini, hazırda İbrahimxəlilə 18.000 manat borclarının qaldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid kimi ifadə verən X15 20 ildir ki, İbrahimxəlili tanıdığını, ondan əvvəl 17.000 manat pul aldığını, həmin pulun 14.000 manat hissəsinin İbrahimxəlilə qaytarmaqla 3000 manat borc qaldığını, şərikli işlərinin düzgün aparılmamasına görə İbrahimxəlil ona vurulmuş 20.000 manat ziyanın, torpağın Habilə satılmasına görə 10.000 manat pulun, ümumilikdə 33.000 manat pulun qaytarılmasını onlardan tələb etmiş, bununla əlaqədar hazırki mübahisə yaranmışdır. Göründüyü kimi işin halları ilə müəyyən edilir ki, mübahisə predmeti olan fərdi yaşayış evinə dəfələrlə müxtəlif şəxslər köçsə də iddiaçı mülkiyyət hüququnun onlar tərəfindən pozulmasına dair hər hansı prosessual hərəkət etməmiş, yalnız sonradan Əliyeva Məhbubəyə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesləri gedərkən Əliyeva Məhbubə torpaq sahəsini cavabdehlərə satmış və həmin tikilinin özbaşına tikili olmasını hesab edən və iddiaçının mülkiyyətində olması barədə hər hansı məlumatı olmayan cavabdehlərə də torpağı alarkən hər hansı xəbərdarlıq etməmiş, yalnız iddiaçı evin satılmasından sonra onlara bildirmişdir ki, evin yiyəsinin borcu olduğundan evi almasınlar. Torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olduğundan o, bu barədə cavabdehləri açıq şəkildə əvvəlcədən xəbərdar edə bilərdi. Buna görə də torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olsa da, mülkiyyətçinin hüquqları ilə yanaşı, mübahisə predmeti olan fərdi yaşayış evini alan cavabdehlərin də qanuni mənafeləri nəzərə alınmalıdır. Ali Məhkəmənin göstərişlərinə əsasən iki ilə yaxın müddətdə Al-X6, sonra Aynur İsmayılovanın hansı əsasla yaşaması, iddiaçı ilə eyni həyət olmasına baxmayaraq evə məhkəməyə məlum olan dörd müxtəlif şəxslərin (ailələrin) maneəsiz köçürülməsi halı, o cümlədən, iddiaçının onun evini satmasını iddia etdiyi Habil adlı şəxsdən hüquq mühafizə orqanlarına hansı səbəbdən şikayətçi olmaması barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər.Bununla da qeyd edilənlər onu göstərir ki, mübahisə predmeti olan fərdi yaşayış evində həmin ailələr yaşayarkən iddiaçı və onun həyat yoldaşı hər hansı bir etiraz bildirməməklə qapalı şəkildə razılıqlarını bildirmişlər. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda istinad olunan maddi hüquq normalarının tələbləri nəzərə alınmadan, tərəflərin izahatları, təqdim etdikləri sübutlar və işdəki digər məlumatlar əsasında həmin evə ailələr köçürülərkən iddiaçının və həyat yoldaşının buna açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi barədə məsələyə aydınlıq gətirilmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının ona və ailə üzvlərinə məxsus torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını tələb etmək hüququ mövcud olsa da, qanunvericilik onun bu hüququndan istifadəsini hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi ilə məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, iddiaçının ona məxsus torpaq sahəsindən və oradakı fərdi yaşayış evindən əmlakı ilə birlikdə çıxarılmasını tələb etmək hüququ hüquqdan sui-istifadə halının mövcudluğu səbəbindən qanunla müdafiə oluna bilməz. Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehlər tərəfindən mübahisələndirilən evin alınmasına şərait yaratdığına görə iddiaçı cavabdehlərə vurulmuş ziyan məbləğində kompensasiya verilməklə onların evdən çıxarılmasına, həmçinin digər şəxslərə qarşı borcun qaytarılmasına dair müvafiq iddia ilə yenidən məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X7, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(012)-487/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X7, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar