Məhkəmə qərarları › İş №2(105)-1195/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1195/2025

19.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1195/2025 19.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. Işin halları Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 8260 manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 103 manat və hüquqi yardım üçün ödədiyi 325 manat pulun cavabdehə aid edənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Məhkəm iclasında iddiaçının nümayəndəsi və vəkili dəqiqləşmə ərizəsi təqdim edərək, cavabdehdən 7260 manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 103 manat və hüquqi yardım üçün ödədiyi 325 manat pulun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh onun bacısı qızı Günel Hüseynlinin vasitəsilə tanımışdır. Iddiaçı cavabdehə 2500 manat dəyərində qızıl-zinət əşyası və borc kimi ayrı-ayrı vaxtlarda 9500 manat borc pul vermiş, cavabdeh 9500 manat borcdan 1740 manatını, qızılın pulundan isə 2000 manatını iddiaçıya ödəmişdir. Hazırda cavabdehin ona 8260 manat borcu var. Cavabdeh Sumqayıt ŞPI-nin 4-cü PB-də ona olan borcunu qismən etiraf etmişdir. Belə ki, ondan 9000 manat pul aldığını etiraf etmişdir. Halbuki ondan 9000 manat yox, 9500 manat borc alıb və 2500 manat dəyərində qızıl-zinət əşyası götürmüşdür. Sumqayıt ŞPI-nin 4-cü PB-dən ona izah olunmuşdur ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməlidir.

4. Qubadlı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 7260 manat pul, hüquqi xidmətə görə 325 manat və 92,6 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 10,4 manat hissəsinin iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni tərəflər arasında müqavilə bağlanmadığına görə öhdəlik hüquq münasibətləri yaranmaması, bu baxımdan tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalı olmasını əsas gətirərək, əsassız varlanmaya aid hüquq normalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh Cavabdeh Qubadlı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq norması kimi məhkəmə Mülki Məcəllənin normalarına istinad etmiş və belə bir qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bildirmək istəyir ki, o, iddiaçıdan nə pul, nə də qızıl-zinət əşyaları almamış, ona borcunun olması barədə hər hansı bir izahat və iltizam verməmiş və polisə iddiaçının ona qarşı hədə-qorxuları və şantajları ilə bağlı özü şikayət etmiş, buna səbəb iddiaçının onun yaşadığı ünvana gələrək onun bacısı qızı Günelə verdiyi pula görə onu mütəmadi olaraq narahat etməsi olmuşdur. Lakin məhkəmə qətnamədə qeyd etmişdir ki, guya məhkəmə tərəfindən müəyyən olunmuş hallarla və polisdə onun verdiyi izahatla iddiaçıya ümumilikdə 9000 manat borcu olduğu və həmin puldan 1740 manatın ödənilməsi nəzərə alınaraq ondan 7260 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir. Bundan başqa məcburi köçkün olduğu halda məhkəmə bu əsassız iddia tələbinə görə ondan 92,60 manat dövlət rüsumunun və vəkilə ödənilən 325 manat pulun da tutulması qənaətinə gəlmişdir. O polis bölməsindən «cinayət işinin başlanılmasının rədd edilməsi» barədə ##.##.2025-ci il tarixli qərarın surətini də almış və həmin qərardan da göründüyü kimi iddiaçıya 9000 manat məbləğində borcunun olduğunu yazmamış, həmin bölmədə izahat verərkən iddiaçının ona deməsinə görə bacısı qızı Günelin ona borcunun olduğunu və bacısı qızının borcuna görə onu narahat etdiyini bildirmişdir. Onda olan məlumata görə bacısı qızının ona borcu 9000 manat olmuş və həmin pulu ona faizə vermiş, bu borca görə də şantaj yolu ilə həm ona, həm də bacısı qızına dəfələrlə artıq məbləğdə ödənişlər etdirmişdir. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, MPM-nin 8.1.-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə MPM-nin 9.1. maddəsinin tələbini pozmaqla qətnamə çıxarmışdır. MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi yaratmalıdır. Bunun üçün məhkəmə, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə qeyd edilən maddənin tələbini pozmuşdur. Belə ki, onun iddiaçıdan pul almağını və ona borclu olduğunu təsdiqləyən 1 dənə də olsun sübut təqdim edilmədiyi halda məhkəmə iddiaçının ifadəsinə əsaslanmaqla bu əsassız iddianı təmin etmiş, halbuki iddiaçının onunla olan danışıqlarından da aydın olur ki, onun borcu olmamış və o telefon, votsap danışıqlarında bacısı qızı Günelə pul və qızıl verməsini bildirmiş, şantaj edərək deyirdi ki, əgər Günelin borcunu ödəməsə, onun digər bacısının evinə gedəcək və onu ailəsindən boşatdıracaq, bu səbəbdən də o bacısı qızı Günelin ondan aldığı pullara görə onun kart hesabına böyük məbləğdə pullar köçürmüş və bu şəxs hər dəfə onu narahat etmişdir, bu səbəbdən də onun barəsində polisə şikayət etmişdir. Polisdə ona 9000 manat məbləğində borcunun olması barədə izahat yazmamış, ona verilmiş qərarda da onun 9000 manat borclu olmağı barədə etiraf əks olunmamış, əgər onun kart hesabına göndərdiyi pulları hesablansa, aydın görünər ki, tərəfindən ona böyük məbləğdə vəsait ödənilmiş, lakin iddiaçı həmin pulları Günelin borcundan çıxmaq əvəzinə Günelə və ona qarşı iddia qaldırmışdır. Lakin məhkəmə bütün sübutları qarşı tərəfin xeyrinə təhrif etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

10. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən ekspert ekspert2 işin onun icraatına daxil olduqdan sonra əlavə sənədlərin verilməsi barədə vəsatət vermiş, bir sıra sənədlərin əsli göndərilsə də cavabdehin 3-5 sənəddə imza nümunəsi göndərilməmişdir. Təcrübədə şəxsin öz imzasını dəyişməsi halları tez-tez rast olunan haldır. Tədqiqat obyektləri cavabdehin Sumqayıt Şəhəri 4-cü Polis bölməsində verdiyi yazılı izahat, cavabdehin şəxsiyyət vəsiqəsinin surətində, lombarda dair müqavilə şərtindəki imza və cavabdehin əmək kitabçasındakı imzadan və sərbəst imza nümunələrindən ibarətdir. Təqdim olunan sənədlər ekspertizasının keçirilməsi üçün yetərli olmuşdur. Ikinci dəfə təqdim olunan eksperimental nümunələri o görməmiş, iş üzrə təkrar komission məhkəmə xətşünaslıq ekspertizası təyin edilərsə imzanın cavabdeh tərəfindən çəkilib-çəkilməməsi dəqiq, birmənalı öz təsdiqini tapacaqdır.

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən ekspert ekspert1 Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadında qoyulmuş sualları cavablandırmaq məqsədilə o, mülki iş materialının İ cildinin 105-106-cı səhifələrində olan izahatdakı imzalar və Sumqayıt şəhər Polis Idarəsi 4-cü Polis Bölməsi tərəfindən məhkəməyə göndərilmiş ##.##.2025-ci il tarixli izahatdakı imza əsasında vəsatət verərək cavabdehin sərbəst imza nümunələrini istəmişdir. Lakin məhkəmə tərəfindən iş materiallarında olan imza nümunələri əsasında ekspertiza aparılmalı olduğu bildirilmişdir. Cavabdehin şəxsiyyət vəsiqəsindəki imza ilə eksperimental imza nümunələri tamamilə fərqlidir. Birinci izahatdakı imza ilə cavabdehin şəxsiyyət vəsiqəsindəki imzalar eynidir. Lakin ekspert Murad bəyə təqdim olunan eksperimental imza nümunələri həmin sənədlərdəki imzalardan tamamilə fərqlidir. Nümunələr kiril qrafikalı əlifba ilə yazılmış “P” hərfi ilə başlayır. Lakin ona təqdim olunmuş nümunələr “T” hərfi ilə çəkilib. Müqayisəli tədqiqat aparılması üçün Sərbəst imza nümunələrini istənilmişdir. Onun verdiyi rəy təkrar yox, əlavə rəydir. Ona görə ki, əlavə sənədlər əsasında ekspertizanı həyata keçirmişdir. Birinci dəfə təqdim olunan eksperimental imza nümunələri ilə ona təqdim olunan eksperimental nümunələr arasında fərq var (yazı sürətində, imzanın bitişində son cızığın bitməsi). Mülki iş materiallarının İ cildinin 129 və 133cü vərəqlərində olan imzalar ona təqdim olunan imzalardır. O, ekspertizanı xüsusi texnika ilə yox, müqayisəli tədqiqat metodu əsasında təqdim olunmuş nümunələrlə ekspertizanı həyata keçirir. Cavabdehin şəxsiyyət vəsiqəsindəki imza ilə sərbəst imza nümunələrində imzalar birbirindən fərqlidir. Ekspertiza keçirilməsi üçün məhkəmə işi başlamadan öncə tərtib edilmiş sənədlər lazımdır. Ona görə ki, bəzi vətəndaşlar ikili imzadan istifadə edir, imzasını dəyişə bilir. Murad bəyə təqdim olunan imza nümunələri ilə ona təqdim olunan eksperimental nümunələr arasında son cızığında, bitməsində fərqlər var. Şəxsiyyət vəsiqəsindəki imza ilə ikinci dəfə ekspertə təqdim olunan eksperimental imza nümunələri eyni deyil. Xəttşünaslıq ekspertizası müqayisəli tədqiqat əsasında aparıldığından sərbəst imza nümunələrinin sayı kifayət qədər olmalıdır. Cavabdehin şəxsiyyət vəsiqəsindəki imzalarla təqdim olunan eksperimental imza nümunələri bir-birindən fərqlidir. Cari məhkəmə mübahisəsi başlamadan öncə müvafiq sənədlərə imzasını icra etdiyi sənədlər də təqdim olunmalıdır.

Tətbiq edilən hüquq

15. Mülki Məcəllə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.

16. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

17. Məhkəmə kollegiyası tərəfindən Qubadlı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

19. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni tərəflər arasında müqavilə bağlanmadığına görə öhdəlik hüquq münasibətləri yaranmaması, bu baxımdan tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalı olmasını əsas gətirərək, əsassız varlanmaya aid hüquq normalarına istinad etmişdir.

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktiki hallara düzgün hüquqi qiymət verməmiş, tərəflər arasında yaranmış hüquq münasibətlərinin hüquqi mahiyyətini düzgün müəyyən etməmişdir.

21. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında yazılı müqavilənin bağlanmadığını əsas götürərək onların münasibətlərinə Mülki Məcəllənin əsassız varlanmaya dair müddəalarını tətbiq etmiş, Mülki Məcəllənin 439.4, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etməklə iddia tələbini qismən təmin etmişdir.

22. Məhkəmə kollegiyası aşağı instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır.

23. Işdən görünür ki, iddiaçının tələbi cavabdehin hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etməsi ilə deyil, iddiaçının cavabdehə pul vəsaiti verməsi və cavabdehin həmin vəsaiti qaytarmaq öhdəliyinin yaranması ilə bağlıdır. Başqa sözlə, mübahisənin əsasını tərəflər arasında yaranmış pulun verilməsi və onun qaytarılması münasibətləri təşkil edir.

24. Məlum olduğu kimi, Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf - borcverən pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə - borcalana verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

25. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Lakin həmin normada nəzərdə tutulmuş yazılı forma tələbi borc münasibətinin yaranmasının və ya onun etibarlılığının mütləq şərti kimi deyil, mübahisə yarandıqda həmin hüquq münasibətinin və onun şərtlərinin sübuta yetirilməsi baxımından hüquqi əhəmiyyət daşıyan tələb kimi qiymətləndirilməlidir.

26. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarında göstərilmişdir ki, fiziki şəxslər arasında üç min manatdan artıq məbləğdə borc münasibətinin sadə yazılı formada rəsmiləşdirilməməsi həmin borc münasibətinin mövcudluğunu istisna etmir.

27. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, fiziki şəxslər arasında faktiki yaranmış borc münasibətlərinin yalnız yazılı müqavilənin olmaması səbəbindən etibarsız hesab edilməsi və tərəflərin müqavilə öhdəliklərindən irəli gələn hüquqi müdafiədən məhrum edilməsi mülki dövriyyənin prinsipləri, müqavilə azadlığı və mülkiyyət hüququnun müdafiəsi ilə uzlaşmır.

28. Həmin hüquqi mövqeyə əsasən fiziki şəxslər arasında borc münasibətinin və onun şərtlərinin mövcudluğu müxtəlif yazılı və digər sübutlarla, o cümlədən borcalanın yazılı etirafı, elektron yazışmalar, ödəniş sənədləri, pul köçürmələrinə dair məlumatlar və digər mötəbər sübutlarla təsdiq edilə bilər.

29. Hazırkı işdə də tərəflər arasında ayrıca borc müqaviləsinin tərtib edilməməsi özlüyündə iddiaçının tələbinin əsassız hesab olunmasına səbəb ola bilməz.

30. Əksinə, iş üzrə toplanmış sübutların məcmusundan, xüsusilə cavabdehin polis orqanında verdiyi və məhkəmə ekspertizaları nəticəsində ona məxsusluğu müəyyən edilmiş izahatlardan, tərəflər arasında mövcud olmuş pul münasibətlərindən və cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərdən görünür ki, tərəflər arasında pulun verilməsi və həmin pulun qaytarılması ilə bağlı borc münasibətləri yaranmışdır.

31. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı qarşısında hər hansı pul öhdəliyinin ümumiyyətlə mövcud olmaması barədə apellyasiya şikayətinin dəlilləri iş materialları ilə öz təsdiqini tapmır.

32. Cavabdehin mübahisəli izahatlardakı imzalarının ona məxsusluğunun təkrar komisyon məhkəmə-xətşünaslıq ekspertizasının nəticələri ilə müəyyən edilməsi, həmin sənədlərin cavabdeh tərəfindən tərtib edilmədiyi və ya onun iradəsini ifadə etmədiyi barədə dəlillərin əsaslı olmadığını göstərir.

33. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, borc münasibətlərinin mövcudluğunun müəyyən edilməsi iddiaçının tələb etdiyi məbləğin bütünlüklə və qeyd-şərtsiz sübuta yetirilməsi demək deyildir.

34. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Bu baxımdan üzərinə sübutetmə vəzifəsi düşən iddiaçının cavabdehə hansı məbləğdə pul verdiyini və həmin məbləğin hansı hissəsinin qaytarılmadığını sübut etmək vəzifəsi düşür.

36. Işin mübahisəsiz hallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, iddiaçı ilkin olaraq cavabdehdən 8260 manat pul, dövlət rüsumu və hüquqi yardım xərclərinin tutulmasını tələb etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin həcmini dəyişərək cavabdehdən 7260 manat pulun tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin polis orqanında verdiyi izahatı əsas götürərək onun iddiaçı qarşısında 9000 manat məbləğində pul öhdəliyinin olmasını qəbul etmiş, həmin məbləğdən 1740 manat ödənildiyini nəzərə alaraq 7260 manatın cavabdehdən tutulmasına dair nəticəyə gəlmişdir.

37. Halbuki, cavabdeh Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmayaraq iddiaçıdan pul və qızıl-zinət əşyaları almadığını, polis orqanında 9000 manat borcunun olmasını etiraf etmədiyini, iddiaçının onun bacısı qızı Günel Hüseynli ilə olan münasibətlərinin və həmin şəxsə aid borc məsələlərinin əsassız olaraq onun üzərinə yönəldildiyini bildirmişdir. Cavabdeh həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsi onun etirazlarını və təqdim olunmuş sübutları tam və obyektiv araşdırmamışdır.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdırarkən ilk növbədə mübahisəli izahatların cavabdeh tərəfindən imzalanıb-imzalanmaması məsələsinə hüquqi qiymət verməyi zəruri hesab etmişdir.

39. Belə ki, iş üzrə ilkin məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli */**** nömrəli ekspert rəyində tədqiq olunan izahatlardakı imzaların Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması qənaətinə gəlinmişdir.

40. Lakin həmin ekspert rəyindən sonra iş üzrə əlavə və təkrar ekspertizaların keçirilməsi zərurəti yaranmışdır.

41. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-cı il tarixli */*** nömrəli təkrar məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsinə əsasən, həm iş materiallarının 105-106-cı vərəqlərində olan izahatlardakı, həm də Sumqayıt Şəhər Polis Idarəsinin 4-cü Polis Bölməsi tərəfindən məhkəməyə göndərilmiş ## ###### 2025-ci il tarixli izahatdakı imzaların Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir.

42. Ekspert rəyləri arasında mövcud olan ziddiyyətin tam aradan qaldırılması və mübahisəli imzaların mənsubiyyətinin qəti şəkildə müəyyən edilməsi məqsədilə iş üzrə daha sonra təkrar komisyon məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir.

43. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli */**** nömrəli təkrar komisyon ekspert rəyinə əsasən, mübahisəli hər iki izahatda olan imzaların eyni şəxs- Cavabdeh tərəfindən icra edildiyi müəyyən edilmişdir. Qeyd olunan ekspertiza zamanı, eyni zamanda, mübahisəli imzalarda qəsdən dəyişdirilmə əlamətlərinin müşahidə olunmadığı da müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası ekspert rəylərini Mülki Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarının tələbləri baxımından məcmu şəkildə qiymətləndirərək hesab edir ki, iş üzrə sonuncu keçirilmiş təkrar komisyon ekspertizasının nəticəsi mübahisəli imzaların cavabdeh Cavabdeh məxsusluğu məsələsində yaranmış ziddiyyəti aradan qaldırmışdır.

45. Bu baxımdan cavabdehin polis orqanına təqdim edilmiş izahatların ona aid olmaması barədə apellyasiya şikayətinin dəlili iş materialları ilə öz təsdiqini tapmamışdır.

46. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli izahatları imzalamasının müəyyən edilməsi birinci instansiya məhkəməsinin gəldiyi bütün nəticələrin, o cümlədən 9000 manat məbləğində borcun tam həcmdə mövcudluğu barədə nəticənin dəyişmədən qəbul edilməsi üçün kifayət edən əsas deyildir.

47. Çünki Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinin tələblərinə görə isə məhkəmə sübutlara tam, hərtərəfli və obyektiv baxıldıqdan sonra onların məcmusuna əsasən qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Bu baxımdan iş üzrə ayrı-ayrı sübutların deyil, bütün sübutların qarşılıqlı əlaqədə və məcmu halda qiymətləndirilməsi tələb olunur.

49. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi cavabdehin izahatlarından irəli gələn hallara əsasən 9000 manat məbləğini borcun tam həcmi kimi qəbul etmiş və yalnız 1740 manatın ödənilməsini həmin məbləğdən çıxmışdır. Halbuki apellyasiya baxışı zamanı iş üzrə sübutlar araşdırılmış, cavabdehin izahatları, tərəflər arasında mövcud olmuş faktiki münasibətlər, həyata keçirilmiş ödənişlər və həmin ödənişlərin mübahisənin predmetinə aidiyyəti məcmu qaydada qiymətləndirilmişdir.

50. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı qarşısında hər hansı pul öhdəliyinin ümumiyyətlə mövcud olmaması barədə apellyasiya şikayətinin dəlili əsaslı deyildir. Belə ki, iş materiallarında olan və son təkrar komisyon ekspertizası ilə cavabdeh tərəfindən imzalandığı təsdiq edilmiş izahatlar cavabdehlə iddiaçı arasında pul münasibətlərinin mövcud olduğunu göstərir.

51. Məhkəmə kollegiyası tərəfindən iş üzrə sübutlar ətraflı araşdırılaraq, mübahisəli sənədlərin həqiqiliyi yoxlanılaraq, ekspertiza rəyləri alınmış və tərəflər arasındakı faktiki pul münasibətlərinə daha geniş hüquqi qiymət verilmişdir.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən borcalan borcu, habelə müqavilədə nəzərdə tutulduğu halda faizləri və digər haqları borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmalıdır.

53. Borc münasibətinin mahiyyətindən irəli gəlir ki, borcalanın əsas öhdəliyi aldığı pul vəsaitini borcverənə qaytarmaqdan ibarətdir. Hazırkı halda iş üzrə müəyyən edilmiş və sübutlarla təsdiq olunan hissədə cavabdeh həmin öhdəliyini yerinə yetirmədiyindən, iddiaçının qaytarılmamış borcun tutulmasını tələb etmək hüququ yaranmışdır.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə yaranmış hüquq münasibətlərini əsassız varlanma münasibətləri kimi qiymətləndirməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

55. Tərəflər arasındakı münasibətlər Mülki Məcəllənin 739.1-ci maddəsində nəzərdə tutulan borc münasibətləri kimi qiymətləndirilməli, cavabdehin iddiaçı qarşısında qaytarılmamış borc öhdəliyi həmin münasibətləri tənzimləyən maddi hüquq normaları əsasında müəyyən edilməlidir.

56. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 7260 manat məbləğində borcun tam həcmdə tutulması üçün kifayət qədər sübutlar mövcud olmadığından iddia həmin hissədə tam təmin edilə bilməz.

57. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli və tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi məqsədilə tərəflərin cinayət işinin araşdırılması zamanı təhqiqatda qeyd etdikləri bank kartları arasında əməliyyatların öyərnilməsi məqsədilə “xxxx” KB ASC və “xxxx” ASC-yə sorğu göndərilmiş, banklar tərəfindən sorğuya cavab olaraq göndərilmiş çıxarış və hesab məlumatlarının araşdırılması zamanı cavabdehin bacısı qızı Günel Hüseynli və cavabdehin anası Sündüz Qəhrəmanova tərəfindən iddiaçıya göndərilmiş pulların hazırkı iş üzrə iddiaçının tələb etdiyi borc məbləğinə aid olmadığı müəyyən edilmişdir.

58. Baxılan iş üzrə iddiaçı ilkin tələbində cavabdehə 2500 manat dəyərində qızıl-zinət əşyası və borc kimi isə ayrı-ayrı vaxtlarda 9500 manat pul verdiyini, 9500 manat borcun 1740 manatı, qızıl-zinət əşyasının dəyərindən isə 2000 manatının ona qaytarıldığını, daha sonra verdiyi dəqiqləşdirmə ərizəsində qızıl-zinət əşyasının dəyərinə görə cavabdehin ona borclu qaldığı 500 manatı tələb etməyərək, borc verdiyi məbləğdən 1740 manatının ona qaytarıldığını əsas gətirərək 7260 manat məbləğində borcu tələb etmişdir.

59. Məhkəmə kollegiyası isə hesab edir ki, iddiaçı 9000 manat tələb etsə də, işin araşdırılmış halları və iş materiallarında olan sənədlərlə bu hal öz təsdiqini tapmır. Belə ki, cinayət işinin təhqiqatı zamanı izahatlarda iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda (2000+2000+1000+3000=8000) ümumilikdə 8000 manat verildiyi, həmin məbləğdən iddiaçının özünün etirafına əsasən 1740 manatının cavabdeh tərəfindən ona qaytarılması öz təsdiqini tapmışdır. (8000-1740=6260 manat). Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya 2000 manat məbləğində pulun ödənilməsini iddiaçı qəbul etsədə, həmin məbləğin qızıl-zinət əşyalarının dəyərinin əvəzi olaraq ona verildiyini bildirmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə 2500 manat dəyərində qızıl-zinət əşyalarının verildiyi öz təsdiqini tapmadığından, iddiaçıya ödənilmiş 2000 manatda yerdə qalan 6260 manat məbləğindən çıxılmaqla, (6260- 2000=4260) 4260 (dörd min iki yüz altmış) iddiaçıya borclu qaldığı müəyyən edilmişdir.

60. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, hüquqi yardım üçün iddiaçının ödədiyi 325 manat pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

61. Bu səbəbdən iddia tələbi 4260+325=4585 manat hissəsində təmin edilməli, həmin məbləğ 4585 (dörd min beş yüz səksən beş) manat cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

62. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və iş üzrə toplanmış sübutlara tam hüquqi qiymət verilməməsi ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

63. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

64. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).

65. Iddia tələbinin təmin edilən hissəsinin məbləği 4585 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən həmin məbləğ üzrə ödənilməli dövlət rüsumu 65,85 manat təşkil edir. Bu səbəbdən iddiaçı tərəfindən ödənilmiş 103 manat dövlət rüsumunun 65,85 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 37,15 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.

66. Beləliklə, iddiaçı cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 4260 (dörd min iki yüz altmış) manat, hüquqi yardım üçün iddiaçının ödədiyi 325 (üç yüz iyirmi beş) manat və ödənilmiş 65,85 manat dövlət rüsumunun alınıb iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir.

67. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi).

68. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 124+200+240=564 (beş yüz altmış dörd) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XIIS) hesabı, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFIFT BIK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501) hesabına keçirilməlidir.

69. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

70. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə təmin olunmayan hissədə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından iddiaçı İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.

71. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 4260 (dörd min iki yüz altmış) manat, hüquqi yardım üçün iddiaçının ödədiyi 325 (üç yüz iyirmi beş) manat və ödənilmiş 65,85 manat dövlət rüsumu alınıb iddiaçı İddiaçı verilsin. Cavabdeh Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 564 (beş yüz altmış dörd) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XIIS) hesabı, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFIFT BIK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar