Məhkəmə qərarları › İş №2-2(105)-36/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-36/2025

22.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-36/2025 22.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 və cavabdehin nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “maddi zərərin və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2-2(119)-873/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş maddi zərərin əvəzi olaraq 3483 (üç min dörd yüz səksən üç) manat məbləğində pul vəsaiti, işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul vəsaiti və 105 (yüz beş) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8588 (səkkiz min beş yüz səksən səkkiz) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında inşa edilmiş binada stomatoloji xidmətlər göstərən iddiaçı kommunal ödənişlərin həyata keçirilməsi məqsədilə cavabdehdən müqavilə bağlanılmasını tələb etmiş, lakin cavabdeh əsassız olaraq ödənişlərin qızına məxsus bank kartına ödənilməsini tələb etmişdir. 29 yanvar 2024-cü il tarixdə isə Cavabdeh MTK-nın sahibi buna hər hansı səlahiyyəti və hüququ olmadan İddiaçı MMC-yə verilən elektrik enerjisini qanunsuz olaraq kəsərək iş rejiminin kobud şəkildə pozulmasına səbəb olmuşdur. Elektrik enerjisinin verilməsi bilavasitə onun satışını həyata keçirən "xxxx" ASC-nin Abşeron rayon enerji təchizatı və satışı idarəsi tərəfindən təmin edildiyindən iddiaçı bununla əlaqədar olaraq həmin idarəyə müraciət etmiş, oradan elektrik enerjisinin verilməsinin onlar tərəfindən kəsilmədiyi bildirilmişdir. Bundan sonra, iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Kommersiya Məhkəməsinin müvafiq qərardadına əsasən 06 fevral 2024-cü il tarixdə Abşeron Rayon İcra və Probasiya İdarəsinin əməkdaşlarının iştirakı ilə iddiaçıya elektrik enerjisinin verilməsi bərpa edilərək buna dair müvafiq akt tərtib edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 3483 manat məbləğində ziyan dəymişdir. Belə ki, ərizəyə əlavə edilmiş hesabat sənədlərindən göründüyü kimi, iddiaçının 8 ay ərzində, ümumilikdə 92759 manat məbləğində dövriyyəsi olmuşdur. Günlük məbləğlə hesablandıqda iddiaçının bir gün üçün dövriyyəsinin 387 manat təşkil etdiyi müəyyən olunur. Cavabdehin qanunsuz hərəkətlərinin 9 gün ərzində davam etməsini nəzərə alındıqda həmin günlər ərzində dəymiş ziyanın ümumi məbləği 3483 manat təşkil edir. Bununla yanaşı, illərdir ki, fəaliyyətdə olan iddiaçının davamlı olaraq elektrik enerjisindən məhrum edilməsi onun müştəriləri qarşısında öhdəliklərini və xidmət göstərmə imkanlarını şübhə altına almaqla işgüzar nüfuzuna da zərər vurmuş və həmin zərər də iddiaçı tərəfindən 5000 manat məbləğində dəyərləndirilir. Sumqayıt Kommersiya Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2-2(119)- 873/2024 qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 3390,57 (üç min üç yüz doxsan manat, əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti və 53,9 (əlli üç manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3444,47 (üç min dörd yüz qırx dörd manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli). Sumqayıt Kommersiya Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2-2(119)- 873/2024 qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılması xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC kimi obyektlərdə elektrik gücü fərqli tənzimləndiyinə və transformatorları quraşdırmamışdan əvvəl hər obyektə lazım olan elektrik gücünü müəyyənləşdirmək zəruri olduğuna görə Cavabdeh tərəfindən İddiaçı MMC-yə müraciət edilmiş, onlar da 30 kilovatt elektrik gücü lazım olduğunu bildirmişdilər. Əvvəllər sakinlərin özlərinin abonent kodları, sayğacları olmadığı üçün problemlər yaranmış, buna görə də Cavabdeh öz vəsaiti hesabına hər bir sakin üçün ayrıca abonent kodunun açılmasını və sayğac quraşdırılmasını təşkil etmiş və bununla əlaqədar "xxxx" ASC ilə müqavilə bağlanılmışdır. Binada işığın əsas təminatçısı Cavabdehdir, hər ay vaxtında "xxxx" ASC-yə ödənişləri həyata keçirmişdir ki, elektrik enerjisinin verilməsi dayandırılmasın. xx.xx.2024-cü il tarixdə binada texniki nasazlıqların aradan qaldırılması üçün mütəxəssislərin cəlb ediləcəyi və elektrik enerjisinin verilməsində fasilələr olacağı ilə bağlı elan hamının görə biləcəyi yerdə yerləşdirilmiş, həmçinin bununla bağlı akt tərtib edilmiş, akt tərtib edilərkən iddiaçının qanuni təmsilçisinə zəng edilsə də, o, telefona cavab verməmişdir. Hətta o, həmin mütəxəssislərə işlərinə maneə olmamaq şərtilə qeyri-yaşayış binalarına elektrik enerjisinin fasilələrlə verilməsini, yaşayış binalarına isə elektrik enerjisinin verilməsinin dayandırılmamasını bildirmişdir. Həmçinin ümumi tikili üçün generator quraşdırılmışdır. Həmin tarixdə elektrik enerjisinin dayandırılması zamanı generator işə salınmışdır ki, su nasosları və lift işləsin, sakinlər əziyyət çəkməsinlər. xx.xx.2024-cü il tarixdə özü İddiaçı MMC-də işıqların yandığını obyektin pəncərələrinə baxarkən görmüş, düşünmüşdür ki, yəqin generatordan istifadə olunur. Həmçinin qeyd edir ki, elektrik enerjisinin binaya ötürülməsi üçün əsas təminatçı Cavabdeh MTK-dır, belə ki, elektrik enerjisinin ötürülməsi üçün lazımi qurğular MTK-nın vəsaiti hesabına quraşdırılmışdır. Məhz buna görə də iddiaçı binanın saxlanması ilə müəyyən xərclər ödəməlidir. 2024-cü ilin yanvar ayında elektrik enerjisinin kəsilməsi binada aparılan texniki işlərlə bağlı olsa da, cari ilin iyul ayında iddiaçıya verilən elektrik enerjisinin MTK tərəfindən kəsilməsinə iddiaçının binanın saxlama xərcləri ilə bağlı müqaviləni bağlamaması səbəb olmuşdur. Bundan başqa Cavabdeh MTK tərəfindən xx.xx.2024-cü il tarixli möhür vurulmuş elan birinci instansiya məhkəməsinə təqdim edilmiş, həmin elanda texniki nasazlıqların aradan qaldırılması ilə bağlı elektrik enerjisinin verilməsində yaranan fasilələrlə bağlı binanın sakinlərinə və qeyri-yaşayış obyektlərinə məlumat verildiyi göstərilmişdir. Lakin məhkəmə tərəfindən həmin sübutlar nəzərə alınmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi heç bir əsas olmadan guya Cavabdeh MTK tərəfindən iddiaçıya maddi zərər vurulması nəticəsinə gəlinmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Qanuni nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2024-cü il tarixli 2-1(102)-1133/2024 nömrəli qərarına əsasən, iddiaçı Qanuni nümayəndə1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Cavabdeh) “qeyri-yaşayış sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddiaçı Qanuni nümayəndə1 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(105)-349/2023 nömrəli qərarı iddianın rədd edilən hissəsinə münasibətdə ləğv edilmiş, cavabdehin üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən, "xxxx" MTK tərəfindən inşa edilmiş binanın İİİ blokunun İİ mərtəbəsində yerləşən 172,03 kv.metr qeyri-yaşayış sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. İş materiallarında İddiaçı MMC və "xxxx" ASC arasında bağlanmış 17 iyun 2021-ci il tarixli elektrik enerjisinin alqı-satqısı üzrə birtipli müqavilənin 7-ci hissəsinə əsasən, enerjitəchizatı müəssisəsi ("xxxx" ASC) bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti (İddiaçı MMC-ni) elektrik enerjisi ilə təchiz edir. Həmin müqavilənin 9-cu hissəsinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla). İş materiallarında olan enerjitəchizatı müəssisəsi tərəfindən İddiaçı MMC-yə verilmiş Texniki şərtin məzmunundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən ünvanda iddiaçının adına sayğac quraşdırılmaqla ona **********84 nömrəli abonent kodu verilmişdir. Texniki şərtin məzmununa əsasən, obyektə elektrik enerjisinin verilməsi enerji təchizatı müəssisəsi tərəfindən təmin edilir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə yanaşı, İddiaçı MMC ilə "xxxx" ASC-nin Nəzarət ölçü cihazları idarəsi arasında da oxşar məzmunlu 17 iyun 2021-ci il tarixli S-674 nömrəli suyun alqı-satqısına dair müqavilə bağlamışdır. İş materiallarında olan 25 may 2021-ci il tarixli FJB**********384 nömrəli mədaxil orderinə əsasən iddiaçı tərəfindən "xxxx" ASC-yə 1802,4 manat, 25 may 2021-ci il tarixli FJB**********387 nömrəli mədaxil orderinə əsasən isə 15,4 manat məbləğində ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan 07 may 2024-cü il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən "xxxx" ASC-yə 178,53 manat məbləğində və 13 iyun 2024-cü il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən isə 124,63 manat məbləğində ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC-dən İddiaçı MMC-yə ünvanlanmış xəbərdarlıq bildirişindən görünür ki, cari ilin iyun ayında istehlak etdiyi elektrik enerjisinə görə borcunun məbləği 180,84 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə 180,44 manat dəyərində elektrik enerjisinin verilməsi ilə əlaqədar 08 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10569727 nömrəli, 124,63 manat dəyərində elektrik enerjisinin verilməsi ilə əlaqədar 07 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10374319 nömrəli elektron qaiməfakturalar təqdim edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus nəzarət kassa aparatından çıxarılmış 14 fevral 2024-cü il tarixli Z-hesabatdan görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığındakı dövr üzrə 44092,86 manat məbləğində, eyni tarixli digər Z-hesabatdan görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığındakı dövr üzrə 48667,01 manat məbləğində dövriyyə olmuşdur. Qeyd edilən sonuncu hesabatdan görünür ki, 48667,01 manat məbləğində dövriyyədən cəmi 460 manatlıq məbləğ ləğv edilmişdir ki, belə olan halda həmin dövr üzrə ümumi dövriyyə 48207,01 manat təşkil edir (48667,01 - 460 = 48207,01). İş materiallarındakı ərizənin məzmunundan görünür ki, iddiaçı 29 yanvar 2024-cü il tarixdə "xxxx" ASC-yə müraciət edərək verilən elektrik enerjisinin həmin tarixdə saat 11:30 radələrində cavabdeh tərəfindən kəsildiyini bildirmişdir. İş materiallarında olan 06 fevral 2024-cü il tarixli aktın məzmununa əsasən müəyyən edilir ki, iddiaçının müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi əsasında Sumqayıt Kommersiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli e-16(119)-12/2024 nömrəli qərardadının icrası ilə əlaqədar Abşeron rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları Qəribağa Mirhəşimovun, Kənan Abdullayevin, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə1, cavabdehin nümayəndəsi İntizam Hüseynovun və hal şahidləri Aruz Osmanlı və Seyidrza Seyidovun iştirakları ilə iddiaçıya elektrik enerjisinin verilişi bərpa edilmiş və cavabdehə iddiaçıya elektrik enejisinin verilməsinə maneələr yaratması qadağan edilmişdir. İş materiallarında olan 11 iyul 2024-cü il tarixli aktın məzmununa əsasən müəyyən edilir ki, iddiaçının müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi əsasında Sumqayıt Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-16(119)-63/2024 nömrəli qərardadının icrası ilə əlaqədar Qəribağa Mirhəşimovun, Ənvər Meymarovun, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə1 cavabdehin nümayəndəsi Bəhruz Əliyevin və hal şahidləri Aruz Osmanlı və Evir Əliyevin iştirakları ilə iddiaçıya elektrik enerjisinin verilişi bərpa edilmiş və cavabdehə iddiaçıya elektrik enejisinin verilməsinə maneələr yaratması qadağan edilmişdir. İş materiallarında olan 27 yanvar 2024-cü il tarixli cavabdehə məxsus möhür vurulmuş elanın məzmunundan görünür ki, texniki nasazlıqların aradan qaldırılması ilə bağlı elektrik enerjisinin verilməsində yaranan fasilələrlə bağlı binanın sakinlərinə və qeyriyaşayış obyektlərinə məlumat verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 27 yanvar 2024-cü il tarixli aktda binaya məxsus transformator yarımstansiyasında, paylayıcı elektrik şitlərində qısa qapanmaların, binaya su vuran nasoslarda texniki nasazlıqların aradan qaldırılması üçün mütəxəssislərin dəvət edilməsi və binanın texniki təsərrüfatına texniki baxışın həyata keçirilməsi ilə əlaqədar olaraq sakinlərə xəbərdarlıq olunması qeyd edilmişdir (həmin aktı "xxxx" MTK-nın idarəedicisi Ülviyyə Hüseynova, MTK-nın texniki Bəhruz Əliyev, MTK-nın gözətçisi İlqar Bayramov, binada mənzil mülkiyyətçiləri olan Əlyar İsayev və Humay Hüseynova imzalamışlar). İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 06 fevral 2024-cü il tarixli aktın məzmununda qeyd edilir ki, Qanuni nümayəndə1 elektrik enerjisinin verilməsində fasilələrin olması barədə müdiriyyətə etdiyi şikayətlə bağlı binanın ikinci mərtəbəsində stomotoloji xidmət göstərən Qanuni nümayəndə1 işlədiyi yer binanın həyət hissəsinə açıq olduğu üçün onun obyektində daim işıq mövcud olmuş, fasilələrlə verilmiş işıqdan və özünün generator qurğusundan istifadə edərək daim əhaliyə stomotoloji xidmət göstərmişdir. Başqaları kimi onun da obyektinin işığı tamamilə kəsilməmiş, fasilələrlə də olsa işıqdan istifadə etmişdir. Onun şikayətini əsassız sayaraq obyektində daim işıq yandığına görə böhtan xarakterli şikayətini əsassız bilib aktı imzalayırıq. Qanuni nümayəndə1 yaşayış yerini qeyri-yaşayış yerinə çevirərək istismara qəbul aktı, müvafiq icra qurumu tərəfindən heç bir qərar olmadan özü qanun pozuntusu olaraq həmin obyektdən təhlükəsizlik baxımından qeyri-qanuni istifadə edir. Digər tərəfdən Qanuni nümayəndə1 3 ildir idarəçilər tərəfindən ona göstərilən xidmət haqqını vermədiyi üçün böhtan yolunu tutmuşdur. Bütün bunları nəzərə alaraq göstərilən faktları Qanuni nümayəndə1 tərəfindən böhtan sayıb aktı imzalayırıq (həmin aktı "xxxx" MTKnm idarəedicisi Ü.Hüseynova, MTK-nın texniki B.Əliyev, MTK-nın gözətçisi İlqar Bayramov, binada mənzil mülkiyyətçilsi G.Mustafayeva imzalamışlar). İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28 iyun 2024-cü il tarixli məktuba əsasən iddiaçıya kommunal xidmətlərə (yəni soyuq və isti su təminatı, kanalizasiya ve elektrik enerjisi təminatı, qaz təminatı, istilik təminatı və s. kommunal xidmətlərə görə) bina idarəedicisi ilə 03 iyul 2024-cü il tarixinədək müqavilə bağlanılması, əks təqdirdə bütün xidmətlərin dayandırılacağı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən; - enerjitəchizatı müəssisəsi xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxsdir, elektrik enerjisi istehlakçısı müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir; - abonent (əsas istehlakçı) elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır; - subabonent elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçıdır. 1.3-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 1.4-cü bəndində göstərilmişdir ki, abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarının “Nəticə” hissəsinin birinci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Qərarının “Nəticə” hissəsinin dördüncü bəndində göstərilir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırır ki, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, İddiaçı MMC Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən və cavabdeh "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 24.03 kv.metr olan qeyri-yaşayış sahəsində və həmin blokun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,03 kv.metr qeyri-yaşayış sahəsində stomatoloji xidmətlər həyata keçirmiş, kommunal ödənişlərin və binanın saxlanma xərclərinin ödənilmədiyini əsas gətirən cavabdeh 29 yanvar 2024-cü il tarixində iddiaçıya elektrik enerjisinin verilməsini dayandırmış, Sumqayıt Kommersiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli e-16(119)-12/2024 nömrəli qərardadı ilə müvəqqəti təminat tədbiri olaraq elektrik enerjisinin verilməsinin dayandırılması və elektrik enerjisinin verilməsinə maneələrin yaradılması cavabdehə qadağan edilmiş, həmin qərardadın icrasının təmin edilməsi ilə əlaqədar Abşeron rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarının iştirakı ilə 06 fevral 2024-cü il tarixində iddiaçıya verilən elektrik enerjisi bərpa edilmişdir. Bu göstərilənlərlə təsdiq edilir ki, 29 yanvar 2024-cü il tarixdən 06 fevral 2024-cü il tarixinədək (sonuncu gün də daxil olmaqla), yəni 9 gün ərzində cavabdehin hərəkətləri nəticəsində iddiaçıya verilən elektrik enerjisi kəsilmişdir (dayandırılmışdır). İşin mübahisəli halı cavabdehin iddiaçıya verilən elektrik enerjisini dayandırmasının qanuni olub-olmamasıdır. İş materiallarında olan iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 17 iyun 2021-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun elektrik enerjisinin alqı-satqısı üzrə birtipli müqavilə bağlanmışdır. Həmin müqavilənin 7-ci hissəsində bilavasitə qeyd edilir ki, enerjitəchizatı müəssisəsi ("xxxx" ASC) bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti (İddiaçı MMCni) elektrik enerjisi ilə təchiz edir. Müqavilənin 9-cu hissəsinə əsasən isə müəyyənləşir ki, elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla). Həmçinin iş materiallarındakı enerji təchizatı müəssisəsi tərəfindən iddiaçıya verilmiş Texniki şərtin məzmunundan görünür ki, iddiaçının adına sayğac quraşdırılmaqla ona fərdi abonent kodu (**********84) verilmiş və texniki şərtdə qeyd edilmişdir ki, obyektə elektrik enerjisinin verilməsi enerji təchizatı müəssisəsi tərəfindən təmin edilir. Bundan əlavə, iş materiallarında olan ödəniş qəbzləri ilə, elektron qaimə-fakturalarla və xəbərdarlıq bildirişi ilə müəyyən edilir ki, iddiaçı elektrik enerjisini bilavasitə "xxxx" ASC-dən satın almış və almaqdadır və sərfiyyatına müvafiq hesablanmış aylıq haqqı həmin təşkilata ödəyir. Şərh edilənlər onu göstərir ki, bu hüquq münasibətində “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq "xxxx" ASC enerjitəchizatı müəssisəsidir, iddiaçı isə elektrik qurğusu, yəni sayğacı enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan abonentdir (əsas istehlakçıdır). “Elektrik enerjisindən istifadə Qaydaları”nda subabonentə elektrik qurğuları abonentinin (əsas istehlakçının) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı kimi anlayış verilir. İddiaçı ilə enerjitəchizatı müəssisəsi arasında bağlanmış müqaviləylə, məzmununda iddiaçıya aid fərdi abonent kodunun göstərildiyi texniki şərtlə və hesablaşma sənədləri ilə müəyyən edilir ki, iddiaçı subabonent deyil, məhz abonentdir (əsas istehlakçıdır). Çünki o, elektrik enerjisini Cavabdeh MTK-dan və ya digər subyektdən deyil, məhz bilavasitə enerjitəchizatı müəssisəsi olan "xxxx" ASC-dən satın alır və enerjinin dəyərini də ona ödəyir, müqaviləyə əsasən ödəmə etmədiyinə görə də məhz həmin təşkilatın qarşısında məsuliyyət daşıyır. Bu göstərilənlər onu deməyə əsas verir ki, elektrik enerjisini satışı ilə bağlı iddiaçı ilə arasında hər hansı müqavilə və ya digər səpkidə münasibəti olmayan, ona elektrik enerjisi satmayan cavabdehin iddiaçıya elektrik enerjisinin verilməsini dayandırması tamamilə qanunsuzdur, yəni hüquqi əsası yoxdur və bu hərəkətləri nəticəsində o, iddiaçıya maddi zərər vurmuşdur. Elektrik enerjisinin verilməsinin dayandırılmasına dair cavabdehin əsas dəlilləri bunlar olmuşdur: 27 yanvar 2024-cü il tarixində binada texniki nasazlıqların aradan qaldırılması üçün mütəxəssislərin cəlb ediləcəyi və elektrik enerjisinin verilməsində fasilələr olacağı ilə bağlı elanın yerləşdirilməsi, bununla bağlı aktların tərtib edilməsi, o cümlədən elektrik enerjisinin ötürülməsi üçün lazımi qurğuların MTK-nın vəsaiti hesabına quraşdırılması. Məhkəmə elanla bağlı onu qeyd etmişdir ki, həmin elanın özü məhkəməyə təqdim edilsə də, həmin elanın iddiaçının fəaliyyət göstərdiyi binaya həqiqətən yerləşdirilib-yerləşdirilməməsi, yerləşdirildiyi halda, hamının, o cümlədən iddiaçının görə biləcəyi yerdə yerləşdirilməsi barədə məhkəməyə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir. 27 yanvar 2024-cü il tarixli və 06 fevral 2024-cü il tarixli aktlar isə iddiaçı ilə birbaşa bağlı olsalar da, iddiaçı həmin aktların tərtibində iştirak etməmiş, həmin aktların məzmunları ilə tanış olubolmaması barədə aktda hər hansı qeyd yoxdur, o cümlədən həmin aktlar tərtib edilərkən onun dəvət edilib-edilməməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə işin bu halları ilə bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə (“hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”) müvafiq olaraq qiymətləndirmə apamış və cavabdehin həmin elan və aktlarla bağlı dəlilini əsaslı hesab etməmişdir. Cavabdeh, həmçinin qeyd etmişdir ki, elektrik enerjisinin ötürülməsi üçün lazımi qurğular MTK-nın vəsaiti hesabına quraşdırılır və cavabdeh binanın saxlanma xərclərinin ödənilməsindən yayınır. Məhkəmə hesab etmişdir ki, bu dəlillər iddiaçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına, elektrik enerjisinin verilişinə maneə törədilməsinə qətiyyən əsas ola bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdehin nəzərdə tutduğu həmin xərclərlə bağlı bu xərclərin iddiaçıdan tutulması barədə iddiaçıya qarşı ayrıca iddia qaldırmaq hüququ vardır. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehin hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə tələbi əsaslıdır. Dəymiş maddi zərərin miqdarı ilə bağlı məhkəmə aşağıdakıları müəyyən etmişdir: İş materiallarında olan iddiaçıya məxsus nəzarət kassa aparatından çıxarılmış Z hesabatdan görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığındakı dövr üzrə 44092,86 manat məbləğində, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığındakı dövr üzrə 48667,01 manat məbləğində dövriyyə olmuşdur. Qeyd edilən sonuncu hesabatın məzmununa əsasən 48667,01 manat məbləğində dövriyyədən cəmi 460 manatlıq məbləğ ləğv edilmişdir ki, belə olan halda həmin dövr üzrə ümumi dövriyyə 48207,01 manat təşkil edir (48667,01 - 460 = 48207,01). Deməli, 01 may 2023cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək olan dövr ərzində ümumi dövriyyə 92299,87 (44092,86 + 48207,01 = 92299,87) manat təşkil edir. xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığında olan dövr 123 gün, xx.xx.2023- xx.xx.2023-cü il tarixləri arasında olan dövr 122 gün olmaqla, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək olan ümumi müddət 245 gündür. Dövriyyənin ümumi məbləğinin dövriyyə müddəti olan günlərin sayına nisbətini hesabladıqda, iddiaçının birgünlük dövriyyəsinin 376,73 manat olduğu müəyyənləşir (92299,87/245=376,73). Cavabdeh tərəfindən elektrik enerjisinin dayandırıldığı günlərin sayı 9 gündür (xx.xx.2024 - xx.xx.2024). Həmin günlərin sayı ilə birgünlük dövriyyə məbləğinin hasilini hesabladıqda isə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya 3390,57 manat zərər dəymişdir (9 x 376,73 = 3390,57). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinə münasibətdə isə qeyd edir ki, cavabdeh apellyasiya şikayəti ilə enerjinin kəsilməsinin səbəbinin iddiaçının binanın saxlama xərcləri ilə bağlı müqaviləni bağlamaqdan imtina etməsi ilə əsaslandırır. Bununla əlaqədar kollegiya qeyd edir ki, mülki hüququnun əsas prinsiplərindən biri də müqavilə azadlığıdır. Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmçinin qeyd olunan müqavilənin bağlamaqdan yayınmaq cavabdehin iddiaçıya elektrik enerjisinin verilməsini dayandırmağa əsas vermir. Cavabdehin nümayəndəsi məhkəmə kolllegyasının iclasında iddiaçının borcunun olması ilə əlaqədar elektrik enerjisinin verilməsinin dayandırılmasını bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçının borcu olduğu təqdirdə cavabdeh bunu tələb etmək hüququ olsa da, bununla əlaqədar cavabdeh elektrik enerjisinin verilməsini dayandırmaq hüququna malik deyildir. Göründüyü kimi cavabdehin iddiaçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına dair hər hansı əsaslı səbəbi olmamışdır. Buna görə də cavabdeh qanunsuz olaraq elektrik enerjisinin verilməsini dayandırmış, nəticədə iddiaçıya maddi ziyan vurmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2-2(119)- 873/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar