Məhkəmə qərarları › İş №2(105)-1196/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1196/2020

26.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1196/2020 26.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X7 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-2386/2019 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-2386/2019 qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı1 Cavabdeh qarşı mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə ilk iddia təmin edilmiş, Cavabdeh İddiaçı1 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 36 kv.m yaşayış sahəsi, 46,8 kv.m köməkçi sahəsi olan 2 otaqdan ibarət fərdi yaşayış evinə istifadə hüququ olmayan şəxs hesab edilməsi və Cavabdeh məxsus əşyaların həmin evdən çıxarılması, qətnamənin Cavabdeh İddiaçı1 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 36 kv.m yaşayış sahəsi, 46,8 kv.m köməkçi sahəsi olan 2 otaqdan ibarət fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas olması, Cavabdeh İddiaçı1 və Əliyev İddiaçı2 qarşı evə köçürülmə və evə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 36 kv.m yaşayış sahəsi, 46,8 kv.m köməkçi sahəsi olan 2 otaqdan ibarət fərdi yaşayış evindən istifadə hüququ olmayan şəxs hesab edilməsi, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2009-cu il təvəllüdlü Əliyeva Zəhra İddiaçı2 qızı, xx.xx.2011-ci il təvəllüdlü Əliyeva Zeynəb İddiaçı2 qızı və əşyaları ilə birlikdə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 36 kv.m yaşayış sahəsi, 46,8 kv.m köməkçi sahəsi olan 2 otaqdan ibarət fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin evə dair Abşeron rayonu Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən onun adına 2002-ci ildə 29010 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh onun oğlu Əliyev İddiaçı2 ilə xx xxx 2009-cu il tarixdə ailə qurduqdan sonra onun mülkiyyətində olan evə qeydiyyata düşmüşdür. Bu şəxslərin birgə nikahlarından xx xxxxxx 2009-cu il tarixdə Əliyeva Zəhra İddiaçı2 qızı, xx xxxxxx 2011-ci il tarixdə Əliyeva Zeynəb İddiaçı2 qızı anadan olmuşlar. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-4528/2018 saylı qətnaməsinə əsasən Cavabdeh Əliyev İddiaçı2 ilə nikahları pozulmuş, lakin Cavabdeh uşaqları ilə birlikdə ona məxsus evdə yaşayırlar. Dəfələrlə tələb etsə də, cavabdeh ona məxsus evdən çıxmır. Bu isə onun mülkiyyətində olan ev üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını pozur. Cavabdehin evə istifadə hüququna dair onunla heç bir notarial razılaşması yoxdur, həmçinin istifadə hüququ dövlət reyestrində qeydə alınmamışdır və evə istifadə hüququ yaranmamışdır. İddiaçı1 iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsindəki 240 saylı fərdi yaşayış evinə istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əgər iddia təmin olunarsa, qətnamənin cavabdehin qeydiyyatdan çıxarılması üçün əsas olmasının qətnamədə göstərilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, azyaşlı övladları Zəhra və Zeynəblə birlikdə Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsində yerləşən 127 saylı fərdi yaşayış evinə köçürülməsi və həmin evə istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 36 kv.m yaşayış sahəsi, 46,8 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evi 2 otaqdan deyil, 4 otaqdan ibarətdir. Həmin ev 2 otaqlı olmuş, sonralar 2 otaq da əlavə tikilmişdir, bu əlavə tikililərin sənədi yoxdur. O, xx xxx 2009-cu ildə cavabdeh Əliyev İddiaçı2 ilə rəsmi nikaha daxil olmuş, mübahisəli evə köçmüş, onun cehiz əmlakı evin 3 otağında yerləşdirilmişdir. Əliyev İddiaçı2 ilə birgə nikahlarından xx xxxxxx 2009-cu il tarixdə Əliyeva Zəhra İddiaçı2 qızı və xx xxxxxx 2011-ci il tarixdə Əliyeva Zeynəb İddiaçı2 qızı anadan olmuşlar. Əliyev İddiaçı2 ilə bir müddət normal ər-arvad münasibətlərində yaşasalar da, sonradan münasibətləri pozulmuş, dözülməz həddə çatmışdır. Cavabdeh Əliyev İddiaçı2 uşaqların gözü qarşısında onu döyür, təhqir edirdi. Buna görə də məcbur olub nikahın pozulması, uşaqların onun yanında qalması və aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-4528/2018 saylı qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Əliyev İddiaçı2 aliment borcu olduğuna görə evdən çıxıb getmişdir. İddiaçı1 həmin vaxtda evi övladı Əliyev İddiaçı2 deyil, nəvələri-xx.xx.2009-cu il təvəllüdlü Əliyeva Zəhra İddiaçı2 qızı və xx.xx.2011-ci il təvəllüdlü Əliyeva Zeynəb İddiaçı2 qızına verəcəyini bildirirdi. Sonuncu dəfə aliment tələb edərkən Əliyev İddiaçı2 evə gəlmiş, onu döyərək zorla evdən çıxarmışdır. Hazırda iki azyaşlı uşağı ilə bacısının bir otaqlı evinə sığınmışdır. Onun mübahisəli evə hüququ olduğundan, cavabdehlərlə birlikdə ailə üzvü kimi həmin evdən istifadə edərək yaşadığından, cavabdehlərlə birgə təsərrüfat apardığından və iki uşağı ilə birlikdə bu evdə qeydiyyatda olduğundan cavabdehlər tərəfindən evdən çıxarılmağı qanunsuzdur, uşaqları ilə birlikdə mübahisəli evə köçürülməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxx 2009-cu ildə cavabdeh Əliyev İddiaçı2 ilə rəsmi nikaha daxil olmuş, mübahisəli evə köçmüş, onun cehiz əmlakı evin 3 otağında yerləşdirilmişdir. Əliyev İddiaçı2 ilə birgə nikahlarından xx xxxxxx 2009-cu il tarixdə Əliyeva Zəhra İddiaçı2 qızı və xx xxxxxx 2011-ci il tarixdə Əliyeva Zeynəb İddiaçı2 qızı anadan olmuşlar. Əliyev İddiaçı2 ilə bir müddət normal ər-arvad münasibətlərində yaşasalar da, sonradan münasibətləri pozulmuş, dözülməz həddə çatmışdır. Cavabdeh Əliyev İddiaçı2 uşaqların gözü qarşısında onu döyür, təhqir edirdi. Buna görə də məcbur olub nikahın pozulması, uşaqların onun yanında qalması və aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-4528/2018 saylı qətnaməsi ilə onun iddiası təmin edilmişdir. O, cavabdehlərlə birlikdə Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsində yerləşən 127 saylı evdə qeydiyyatda olmaqla yanaşı, həm də ailə həyatı qurduqdan sonra həmin evdə yaşayır. Cavabdehlərlə aralarında mübahisə düşdükdə hər dəfə onu evdən qovacaqları ilə hədələyirdilər. Cavabdeh İddiaçı1 ilə münasibətləri normal olmuş, Əliyev İddiaçı2 ilə münaqişələri olanda onu müdafiə etmiş, yaşadıqları evin onun və iki azyaşlı övladının olduğunu deyirdi. Əliyev İddiaçı2 külli miqdarda aliment borcu yığılmış, aliment tələb etdiyi üçün onlarla əlaqə saxlamamış, qaçıb gizlənmişdi. Sonuncu dəfə aliment tələb edərkən Əliyev İddiaçı2 evə gəlmiş, onu döyərək zorla evdən çıxarmışdır. Hazırda iki azyaşlı uşağı ilə bacısının bir otaqlı evinə sığınmışdır. O, qətnamədən razı deyildir, qətnamə yalnız İddiaçı1 hüquqlarını qorumuşdur. Onun cehiz əşyaları da mübahisəli evə yerləşdirilmişdir. O, əvvəllər işləmiş və evin bəzi təmir işlərini də görmüşdür. Cavabdeh İddiaçı2 Əliyev isə qazancını ancaq özü üçün xərcləyirdi. O, iki qız övladı böyüdür. Onun mübahisəli evə hüququ olduğundan, cavabdehlərlə birlikdə ailə üzvü kimi həmin evdən istifadə edərək yaşadığından, cavabdehlərlə birgə təsərrüfat apardığından və iki uşağı ilə birlikdə bu evdə qeydiyyatda olduğundan cavabdehlər tərəfindən evdən çıxarılmağı qanunsuzdur, uşaqları ilə birlikdə mübahisəli evə köçürülməlidir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və azyaşlı övladları Zəhra və Zeynəblə birlikdə Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsində yerləşən 127 saylı fərdi yaşayış evinə köçürülməsi və həmin evə istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək azyaşlı övladları Zəhra və Zeynəblə birlikdə Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsində yerləşən 127 saylı fərdi yaşayış evinə köçürülməsi və həmin evə istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və qarşılıqlı iddia üzrə cavabdeh Əliyev İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh məxsus əşyaların evdən çıxarılması hissəsində ləğv edilməli, qətnamə qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron rayonu Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 2002-ci ildə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən yaşayış sahəsi 36,0 kv.m, köməkçi sahəsi 46,8 kv.m olan 2 otaqdan ibarət yaşayış evi İddiaçı1 adına mülkiyyət hüququ əsasında 29010 nömrə ilə reyestrdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə ********** qeydiyyat nömrəli və **********75-10301 reyestr nömrəli çıxarış Tİ və MHQ İdarəsinin arxiv fondu tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 29010 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında verilmiş və həmin qeydiyyat vəsiqəsi 1 saylı Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2002-ci il tarixli, 7E-8137 saylı alqı-satqı müqaviləsinə əsasən X1 adından İddiaçı1 mülkiyyətinə keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsindəki 240 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına xx xxxxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 214 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan doğlum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Əliyev İddiaçı2 ilə Cavabdeh nikahından xx xxxxxx 2009-cu il tarixdə Əliyeva Zəhra İddiaçı2 qızı və xx xxxxxx 2011-ci il tarixdə Əliyeva Zeynəb İddiaçı2 qızı anadan olmuşlar. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-4528/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Əliyev İddiaçı2 qarşı nikahın pozulması, uşaqların himayəyə verilməsi tələbinə dair iddiası təmin edilmiş, Əliyev İddiaçı2 ilə Cavabdeh arasında xx xxx 2009-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 236 saylı qeydlə Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından xx xxxxxx 2009-cu il tarixdə anadan olmuş Əliyeva Zəhra İddiaçı2 qızının və xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş Əliyeva Zeynəb İddiaçı2 qızının anaları Cavabdeh yanında saxlanılmaları qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev İddiaçı2 ilə Cavabdeh arasında olan nikahın pozulması xx xxxx 2019cu il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində 85 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kənd İƏD üzrə nümayəndəliyinin 111 saylı, xx xxxxx 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı1, Əliyev İddiaçı2, Cavabdeh, Əliyeva Zəhra İddiaçı2 qızı və Əliyeva Zeynəb İddiaçı2 qızı Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsindəki 127 saylı evdə qeydiyyatda olmaqla yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.3-cü maddəsində göstərilmişdir ki, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarından görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən yaşayış sahəsi 36,0 kv.m, köməkçi sahəsi 46,8 kv.m olan 2 otaqdan ibarət yaşayış evi (Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsindəki 240 saylı fərdi yaşayış evi) X6 məxsusdur və onun həmin evə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2002-ci il tarixdə qeydə alınmışdır. İş materialları, o cümlədən işdə iştirak edən şəxslərin izahatları ilə sübuta yetirilmişdir ki, ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Əliyev İddiaçı2 ilə xx xxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, ilk iddia üzrə İddiaçı1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən yaşayış sahəsi 36,0 kv.m, köməkçi sahəsi 46,8 kv.m olan 2 otaqdan ibarət yaşayış evinə köçərək orada yaşamışdır. Əliyev İddiaçı2 ilə Cavabdeh nikahından xx xxxxxx 2009-cu il tarixdə Əliyeva Zəhra İddiaçı2 qızı və xx xxxxxx 2011-ci il tarixdə Əliyeva Zeynəb İddiaçı2 qızı anadan olmuşlar. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının MM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci madəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. İş materiallarından, iddia ərizəsindən, işdə iştirak edən şəxslərin izahatlarından görünür ki, ilk iddia üzrə Cavabdeh ilə Abşeron rayonu, Masazır kəndində yerləşən yaşayış sahəsi 36,0 kv.m, köməkçi sahəsi 46,8 kv.m olan 2 otaqdan ibarət (Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsindəki 240 saylı fərdi yaşayış evi) evin mülkiyyətçisi olan ilk iddia üzrə cavabdeh İddiaçı1 arasında ilk iddia üzrə Cavabdeh həmin evdən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamış, ilk iddia üzrə cavabdehin evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşdən görünür ki, İddiaçı1 iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 36 kv.m yaşayış sahəsi, 46,8 kv.m köməkçi sahəsi olan 2 otaqdan ibarət fərdi yaşayış evindən istifadə hüququ olmayan şəxs hesab edilməsi, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2009cu il təvəllüdlü Əliyeva Zəhra İddiaçı2 qızı, xx.xx.2011-ci il təvəllüdlü Əliyeva Zeynəb İddiaçı2 qızı və əşyaları ilə birlikdə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsindəki 240 saylı fərdi yaşayış evinə istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əgər iddia təmin olunarsa, qətnamənin cavabdehin qeydiyyatdan çıxarılması üçün əsas olmasının qətnamədə göstərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi İddiaçı1 iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi üzrə qətnamə çıxarmamış, İddiaçı1 Cavabdeh ancaq evdən istifadə hüququ olmayan şəxs hesab edilməsini tələb etsə də, iddia tələbindən kənara çıxmış, Cavabdeh məxsus əşyaların da evdən çıxarılmasını qət etmiş, hansı qanunda göstərilən müstəsna halı nəzərə alaraq iddia tələblərindən kənara çıxdığını da əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə iştirak edən şəxsin verdiyi tələb üzrə qətnamə çıxarmamaqla, prosessual hüquq normasının tələbini pozmuş, bu isə ilk iddia üzrə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh məxsus əşyaların evdən çıxarılması hissəsində qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh məxsus əşyaların evdən çıxarılması hissəsində ləğv edilməli, qətnamə qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)- 2386/2019 saylı qətnaməsi qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılsın. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-2386/2019 saylı qətnaməsi Cavabdeh məxsus əşyaların evdən çıxarılması hissəsində ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar