Məhkəmə qərarları › İş №2(105)-1198/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1198/2023

01.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1198/2023 01.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər:, mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X12 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı nümayəndə və vəkili Vəkil Cavabdeh iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023- cü il tarixli, e-2(012)-669/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladı X2 ilə bərabər ünvan 1 ünvanında yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehlə 29 noyabr 2016-cı il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Rəsmi nikahları Abşeron rayon qeydiyyat şöbəsində AZ-İİ seriyalı 163165 saylı nikah haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından 08 may 2016-cı il təvəllüdlü X3 anadan olmuşdur. Ailə qurduqdan sonra iddiaçı cehiz əşyaları ilə bərabər ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli 6 otaqdan ibarət 185,42 kv.m sahəsi olan fərdi yaşayış evinə gəlin köçmüşdür. O, gəlin köçəndən sonra həmin evdə qaynatası Təyyar Ağayevlə bərabər yaşamışlar. Ev qaynatası tərəfindən tikilmişdir. Lakin qaynı X5 adına rəsmiləşdirilmişdir. Oğlu dünyaya gələndən sonra qaynatası hər zaman bu evin nəvəsi Xoşbəxtin olduğunu demişdir. Qaynı Abbas da baxmayaraq ki, ev onun adına olmuş, heç vaxt buna etiraz etməmiş və bu gün də mənzildə onun və oğlunun da haqqı olduğunu söyləmişdir. 11 yanvar 2020-ci ildə qaynatası qaynı Abbasa evi ərinin adına rəsmiləşdirməyi təklif etmişdir. Abbas heç bir etiraz etməmişdir. Onlar ailəlikcə bərabər Sumqayıt “ASAN xidmət” mərkəzinə getmişlər və Abbas evi Əbülfəzə bağışlamışdır. Qaynatası 2021-ci ildə vəfat etdikdən sonra evdə o, cavabdeh və oğlu yaşamağa başlamışlar. Oğlu anadan olduqdan sonra Hökməli Uşaq poliklinikasında qeydiyyata alınmışdır. Sonuncu dəfə oğlu ilə bərabər istirahət etmək üçün atası evinə qonaq getmişlər. Təxminən bir həftə qaldıqdan sonra atası onları Bakıya gətirmişdir. Evə girmək istərkən həyətin darvazalarının kilidlərinin dəyişdirildiyini görmüşlər və yaşadıqları həyətə girə bilməmişlər. Cavabdehə nə qədər zəng etsələr də, cavab verməmişdir. Bu günə qədər də cavabdeh onu oğlu ilə bərabər yaşadıqları evə buraxmır. Həmçinin qeyd edir ki, o, gəlin köçəndə həmin evin divarları beton örtükdən ibarət olmuşdur. Çox əziyyət çəkmişlər. Ailə büdcələrinə israfçılıq etmədən qənaətlə və çox çətinliklə mənzilin yaxşılaşdırılması üçün təmir işləri də aparmışlar. O, bir cavan ailə olaraq çox istəklərindən imtina edərək hesab etmişdir ki, yaşamaq üçün evləri var və vaxtlıvaxtında təmirinə, sökülüb-dağılan yerlərinə nəzarət etmək lazımdır ki, ev yararsız vəziyyətə düşməsin. Lakin bu gün cavabdeh tərəfindən evə buraxılmırlar. Onun bütün düzəni pozulmuşdur. Övladına və ona aid bütün əşyaları həmin evdə qalmışdır. Gündəlik geyimlərinin heç birini götürə bilməmişlər. Bundan başqa oğlunun sağlamlıqla bağlı, məsələn həkim müayinəsindən keçmək və peyvəndlərinin vaxtlı-vaxtında vurulması və digər məsələlər də ərazi üzrə qeydiyyatda olduğu üçün onları da edə bilmirlər. Bu da həm uşağın psixologiyasına və dərslərinə, həm də səhhətinə təsir edir. Yaşamağına yerləri olmadığı və mənzilə ehtiyacları olduğu üçün uşağı ilə bərabər haqqları olan mənzilə köçürülməlidirlər. Göstərilənlərə əsasən İddiaçı övladı X2 ilə bərabər ünvan 1 ünvanında yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılması xahiş edilmişdir.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023- cü il tarixli, e-2(012)-669/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Elçin Kazımov).

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evini 2021-ci ildə tərk edib getmiş, həmin vaxtdan özünə başqa yaşayış sahəsi seçmiş, həmin vaxtdan iddiaçı ilə cavabdeh arasında ər-arvad münasibətləri pozulmuş, cavabdehin iddiaçı ilə bundan sonra barışmaq, bir ailə kimi yaşamaq və birgə təsərrüfat aparmaq fikri yoxdur. Göründüyü kimi tərəflər arasındakı nikah 2021-ci il tarixdən formal xarakter daşıyır, iddiaçının həmin evə istifadə hüququ mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, Ailə Məcəlləsinin 32.2.2, 34.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023- cü il tarixli, e-2(012)-669/2023 nömrəli qətnaməsini ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər 29 noyabr 2016-ci ildə rəsmi nikaha girmiş, birgə nikahdan 08 may 2016-cı il təvəllüdlü Xoşbəxt adlı uşaq doğulmuş, ailə qurduqdan sonra cehiz əşyaları ilə bərabər ünvan 3 ünvanda yerləşən 2 mərtəbə 6 otaqdan ibarət 185,42 kv.m sahəsi olan fərdi yaşayış evinə gəlin köçmüş, gəlin köçəndən sonra həmin evdə qaynatası Təyyar Ağayevlə bərabər yaşamış, ev qaynatası tərəfindən tikilmiş, lakin qaynı X5 adına rəsmiləşdirilmişdir. Onların övladları dünyaya gələndən sonra qaynatası hər zaman demişdir ki, ki, bu ev nəvəsi Xoşbəxtindi. Qaynı Abbas da baxmayaraq ki, ev onun adına idi heç vaxt etiraz etməmiş və bu gün də mənzildə onun və oğlunun da haqqı olduğunu söyləyir. 11 yanvar 2020-ci ildə qaynatası qaynı Abbasa təklif etdi ki, evi cavabdehin adına rəsmiləşdirsin. Abbas heç bir etiraz etmədi. Onlar ailəlikcə bərabər Sumqayıt şəhər “Asan Xidmət” mərkəzinə getmiş və Abbas evi Əbülfəzə bağışlamışdır. Qaynatası 2021-ci ildə öldükdən sonra evdə cavabdeh və oğlu ilə bərabər yaşamağa başlamışlar. Oğlu doğulandan sonra Hökməli Uşaq poliklinikasında qeydiyyata alınmışdır. Sonuncu dəfə övladı ilə bərabər istirahət etmək üçün ata evinə qonaq getmiş, təxminən bir həftə qaldıqdan sonra atası onları Bakıya gətirmiş, evə girmək istərkən həyətin darvazalarının kilidlərinin dəyişdirildiyini görmüş və yaşadığı həyətə girə bilməmişlər. Cavabdehlə nə qədər əlaqə yaratmaq istəsələrdə zənglərinə cavab verməmişdir. Bu günə qədər də cavabdeh onu oğlu ilə bərabər yaşadığı evə buraxmır. Eyni zamanda gəlin köçəndə həmin evin divarları beton örtükdən ibarət olmuşdur. Cavabdeh ilə bərabər ailə büdcələrinə israfçılıq etmədən qənaətlə və çox çətinliklə mənzilin yaxşılaşdırılması üçün təmir işləri də aparmışdır. O, bir cavan ailə olaraq çox hesab etmişdir ki, yaşamaq üçün evi var və vaxtlı-vaxtında təmirinə, sökülüb-dağılan yerlərinə nəzarət etmək lazımdır ki, ev yararsız vəziyyətə düşməsin. Lakin bu gün cavabeh tərəfindən evə buraxılmır. Bütün düzəni pozulmuşdur. Övladına və ona aid bütün əşyaları evdə qalıb. Gündəlik geyimlərinin heç birini götürə bilməmişdir.. Bu da həm uşağın psixologiyasına, dərslərinə həm də səhhətinə təsir edir. Qətnamədə istinad edilən maddi hüquq norması ilə yekun nəticə ziddiyyət təşkil edir. Hazırda o, cavabdehin ailə üzvü olmaqla həmin mənzildən 2016-cl ildə gəlin göçdükdən sonra onunla bərabər təyinatı üzrə istifadə etmiş, mənzilin təmir olunmasında yaxından iştirak etmiş, onun ailəyə sədaqətli bağlılığının nəticəsi olaraq da qaynatanın razılığı və təkidi ilə mənzil cavabdehə bağışlanıb. Mənzil bağışlanan zaman cavabdeh ilə rəsmi nikahda olub, həmçinin nikaha daxil olduğu vaxtdan da həmin mənzildə pasport qeydiyyatındadır. Məhkəmə qətnaməsində cavabdehin yalnız formal mülahizələrinə əsalanara onun güya 2021-ci ildən mənzili tərk edərək özünə başqa yaşayış yeri seçməsi qənaətinə gəlməsinə münasibət bildirməklə qeyd etmək istəyir ki, cehiz əşyaları, geyimləri, ailə olaraq məxsus olduğu bütün əmlakı hazırda mübahisə predmeti olan mənzildə qalmışdır. Cavabdehin də etiraf etdiyi kimi yaşadığı mənzilə giriş qapısının kilidi dəyişdirildiyi üçün daxil ola bilmədiyindən məcburiyyət qarşısında ata evində yaşamağa məcbur olmuşdur. Bu hal isə onun daimi yaşadığı özünün və övladının bir düzəni olan 2 mərtəbəli 6 otaqdan ibarət evindən məhrum olması üçün əsas ola bilməz. Onun cavabdehin icazəsi ilə müvəqqəti olaraq atası evinə mübahisə predmeti olan evdən müvəqqəti olaraq getməsi onun yaşayış yerini itirməsi üçün əsas olmamışdır. Belə ki, ona məxsus əşyaların hələ də mübahisəli evdə olması, onun həmin evdən daimi olaraq getməsi faktını istisna edir. Həmçinin, məhkəmə qətnaməsində tərəflərin ailə münasibətlərinin pozulduğunu və nikahlarının formal xarakter daşıdığını əsas gətirməklə mənzilə istifadə hüququnun da mövcud olmadığını qeyd edərək belə bir yalnış nəticəyə gəlmişdir. Halbuki, ona həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğu işin halları ilə sübut olunur. Belə ki, həmin evdə 2016-ci ildən hazıradək ailə üzvü kimi yaşamış, cavabdehlə birgə təsərrüfat aparmış, tərəflərin həmin evdə uşaqları anadan olmuş, evdə yaşadığı müddətdə onun iştirakı ilə evin müəyyən hissəsində təmir işləri (təmir işləri) aparılmış, ona məxsus cehiz əşyalar hələ də həmin evdədir. Qeyd edilənlərə əsasən, mübahisəli ev iddiaçının yaşayış yeri hesab edilməklə onun həmin evə köçürülməsi barədə tələbi təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı və cavabdeh rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Bu gün də rəsmi nikahdadırlar. Bir övladları var. İddiaçı nikaha daxil olarkən bütün əmlaklarını mübahisəli evə gətirib. Özünün və uşağının bütün əşyaları oradadır. Mənzil qaynın (cavabdehin qardaşının) adına rəsmiləşdirilib. Amma mənzilin alınmasına vəsaiti iddiaçının qaynatası verib. Nikaha daxil olduqdan sonra iddiaçı mübahisəli mənzildə pasport qeydiyyatına düşmüşdür. Qeydiyyat bu gün də qalmaqdadır. Bir neçə ay bundan öncə iddiaçı atasının evinə istirahət etməyə göndərilir. Evinə qayıdanda görür ki, evin çöl qapıları cavabdeh tərəfindən onun üzünə bağlanılıb. Mediasiyaya müraciət edilsə də heç bir nəticə əldə edə bilməmişdir. Cavabdehin atası sağ olanda şifahi şəkildə bildirib ki, mənzili cavabdehlə iddiaçının övladına verir. Bu səbəbdən də cavabdehin qardaşı mənzili cavabdehə bağışlayıb. Bu gün cavabdeh öz ailəsini evinə buraxmır. Məhkəmə şahidləri də dindirib. Şahid cavabdehin doğma qardaşı, yəni keçmiş mülkiyyətçidir. Məhkəmə iddianın təmin edilməməsini iki əsasla əsaslandırır. İlk səbəb tərəflərin birgə nikahdan olan övladının adına vəsiyyətnamənin olmamasıdır. Bunu iddia ərizəsində də qeyd etmişdir ki, baba bu iradəni şifahi şəkildə ifadə edib. Bundan əlavə məhkəmə çox əminliklə qeyd edir ki, iddiaçı 2021-ci ildə mənzildən çıxıb və bir daha evə qayıtmayıb. Halbuki iş materiallarından, protokollardan da görünür ki, cavabdeh özü də qeyd edib ki, son dövrlərə qədər birlikdə yaşayıblar. İddiaçı atasının evindən qayıtdıqdan sonra cavabdeh onu evə buraxmayıb və qapının qıfılını dəyişib. Mənzilin təmirində də iddiaçı iştirak edib. Qətnamədən belə məlum olur ki, iddiaçı evdən öz iradəsi əsasında çıxıb, amma belə olmayıb. Qətnamə iddiaçıya münasibətdə ədalətsizdir. İddiaçı hələ də cavabdehin ailə üzvüdür. Çünki tərəflərin nikahları pozulmayıb. Amma cavabdeh onu mənzilə buraxmır. Uşağın normal yaşamaq rejimi də pozulub. Mənzil 2 mərtəbəli, 185 m2 mənzildir. Həmin mənzil hazırda boşdur. İddiaçı isə atasının iki otaqlı mənzilinə sığınmaqla çox ağır şəraitdə yaşayır. Nikahın pozulması barədə iddia yoxdur. Cavabdeh bunu iş hələ birinci instansiya məhkəməsində olanda da bildirir ki, iddia qaldırıb. Amma hələ də bildiriş gəlməyib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023- cü il tarixli, e-2(012)-669/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, nikahın pozulması barədə iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, hazırki iş üzrə qəbul olunmuş qətnamə ədalətlidir. 2016-cı ildə iddiaçı ilə nikaha daxil olmuş, 2018-ci ildə övladı olub. 2015-ci ilin fevral ayında ev atasının məsləhətinə əsasən vərəsəlik qaydasında qardaşının adına rəsmiləşdirilib. Sonra qardaşı evi ona bağışladı. Uşağın evə gedib-gəlməsinə heç bir etirazı yoxdur. 2021-ci ilin mart ayına qədər hər şey normal idi. Atası xəstələnəndən sonra arvadı bildirirdi ki, atası xəstə olsa, ona baxmayacaq. Atası xəstələndi, 5 gün reanimasiya şəraitində qaldı. Özü də pandemiya dövründə müalicə alırdı. Evə qayıdanda görüb ki, iddiaçıya məxsus əşyaları, evin sənədlərini, ona məxsus vəsaiti öz atasının evinə göndərib. Bununla da münasibətləri pozuldu. Uşağının 5 yaşı var. Amma o qədər təzyiq altındadır ki, uşağı ilə normal münasibət qura bilmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023- cü il tarixli, e-2(012)- 669/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respubliksaı Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respubliksaı Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir.

15. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

18. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, tərəflərin hər ikisini tanıyır. Cavabdeh qardaşı, İddiaçı isə qardaşı Əbülfəzin həyat yoldaşıdır. Onlar arasındakı münasibətlərdən və baş verən hadisələrdən xəbəri vardır. Verilmiş suallara cavabında qeyd edir ki, ünvan 2 ünvanındakı ev onun adına vərəsəlik qaydasında keçmişdir. Atasının istəyi ilə qeyd olunan evi qardaşı Əbülfəzə bağışlamışdır. İddiaçı 2016-cı il tarixdən gəlin köçdüyü gündən sözügedən evdə yaşayır. İddiaçı ilə olan ailə münasibətlərinin pozulmasının günahkarı qardaşıdır. Atası vəfat etdikdən sonra həmin evə getməmişdir. Səbəb isə cavabdeh ilə aralarında yaranan sözsöhbət olmuşdur. Sözügedən ev 2 (iki) mərtəbəlidir. Birinci mərtəbə 1 qonaq otağı, 2 yataq otağı, 1 mətbəx, 1 ümumi istifadədə olan yerdən, ikinci mərtəbədə isə 1 qonaq otağı, 2 yataq otağı və 1 ümumi istifadədə olan yerdən ibarətdir. İddiaçı qeyd olunan evə gəlin köçəndən sonra həmin evdə təmir-tikinti işləri aparılmışdır. Sağlığında atası ilə iddiaçının münasibətləri yaxşı olmuş və iddiaçı atasının qulluğunda durmuşdur. X1 2014-cü il tarixdə vəfat etmiş və onun vəfatından sonra atasının istəyi ilə sözügedən ev, Xutor qəsəbəsində yerləşən evləri və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən hazırda yaşadığı ev qardaşı Əbülfəzin və atasının imtinası ilə vərəsəlik qaydasında adına rəsmiləşdirilmişdir.

19. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 29 noyabr 2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 163165 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 29 noyabr 2016-cı il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində rəsmi nikah bağlamaqla evlənmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 noyabr 2016-cı il tarixdə 330 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir.

20. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisində reyestrdə 4Ə-64 nömrə ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********78-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 185,43 kv.m olan 6 otaqlı fərdi yaşayış evini və həmin ünvanda yerləşən 0.05 ha torpaq sahəsini qardaşı Cavabdeh bağışlamışdır.

21. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

22. Fərdi yaşayış evinə dair daşınmaz əmlakın texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh məxsus ünvan 2 saylı evin texniki pasportu tərtib edilmişdir.

23. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evini 2021-ci ildə tərk edib getmiş, həmin vaxtdan özünə başqa yaşayış sahəsi seçmiş, həmin vaxtdan iddiaçı ilə cavabdeh arasında ər-arvad münasibətləri pozulmuş, cavabdehin iddiaçı ilə bundan sonra barışmaq, bir ailə kimi yaşamaq və birgə təsərrüfat aparmaq fikri yoxdur. Göründüyü kimi tərəflər arasındakı nikah 2021-ci il tarixdən formal xarakter daşıyır, iddiaçının həmin evə istifadə hüququ mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

24. Məhkəmə kolegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticəni əsaslı hesab etməyərək qeyd edir ki, məhkəmə işi tam araşdırmamış, yekunda səhv nəticəyə gəlmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki. iddiaçının köçmək istədiyi mənzil vərəsəlik qaydasında cavabdehin qardaşı X5 adına rəsmiləşmiş, atasının istəyi ilə qeyd olunan evi cavabdeh olan qardaşı Əbülfəzə xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsi əsasında bağışlamış, iddiaçı 2016-cı ildə cavabdehlə evləndikdən sonra mübahisəli evə gəlin köçmüş, həmin vaxtdan mübahisəli evdə yaşamışdır və mənzilə qeydiyyata düşmüşdür. Hazırki gündə də mübahisəli mənzil iddiaçının əri, yəni cavabdehin mülkiyətindədir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında nikah münasibətləri 2016-cı ildə yarandığından hazırki mübahisəyə də 2009-cu il oktyabrın 1-dən sonra tətbiq edilən Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir.

27. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respubliksaı Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

28. Göründüyü ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında da hüquqi mövqeyi belə olmuşdur ki, 2009-cu il oktyabrın 1-dən sonra yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi təbiq edilməlidir.

29. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

30. 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

31. Mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mübahisəli yaşayış sahəsinin mülkiyyətdə olması ilə yanaşı, istifadə hüququnun yaranmasını iddia edən şəxslərin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir.

32. Hazırki işdən görünür ki, iddiaçı ilə cavabdeh hazırki gündə rəsmi nikah münasibətlərindədir, iddiaçı cavabdehin ailə üzvləri sırasına daxildir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüququ mövqeyi baxımından hazırki işdə də iddiaçı cavabdehdən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olduğu, eləcə də mübahisəli mənzildə pasport qeydiyyatı saxlanıldığı üçün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmışdır.

34. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

35. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının mübahisəli fərdi yaşayış evini 2021-ci ildə tərk edib getməsini, həmin vaxtdan özünə başqa yaşayış sahəsi seçməsini, həmin vaxtdan iddiaçı ilə cavabdeh arasında ər-arvad münasibətləri pozulmasını, tərəflər arasındakı nikahın 2021-ci il tarixdən formal xarakter daşıması barədə gəldiyi nəticəyə qiymət verərək qeyd edir ki, həmin hallar yalnız cavabdehin izahatı ilə müəyyən edilsə də, buna dair hər hansı sübutlar təqdim edilməmişdir.

36. Belə ki, tərəflər arasında nikah 2021-ci ildən formal xarakter daşıması qeyd edilsə də, cavabdehin nikahın pozulması ilə bağlı müraciət etməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Eləcə də cavabdeh məhkəmə iclaslarında nikahlarının pozulmasını bildirsə də, nikahın pozulmasına dair məhkəmə qətnaməsini təqdim etməmişdir.

37. Bundan başqa “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində tərəflər arasında nikahın pozulmasına dair hər hansı mülki işin olması müəyyyən edilmir.

38. Həmçinin tərəflərin izahatı ilə müəyyən edilir ki, iddiaçıya məxsus əmlaklar da cavabdehin evindədir. Lakin cavabdeh nikahlarının pozulmasını bildirsə də, iddiaçıya məxsus əmlakların özünə məxsus əmlakların çıxarılmasına dair hər hansı iddiası da olmamışdır.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, məhkəmə işin hallarını tam araşdırmamış, yekunda səhv nəticəyə gəlmişdir.

40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab edir.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2(012)-669/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı övladı X2 ilə bərabər ünvan 1 ünvanında yerləşən evə köçürülməlidir.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023- cü il tarixli, e-2(012)-669/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı övladı X2 ilə bərabər ünvan 1 ünvanında yerləşən evə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar