Məhkəmə qərarları › İş №2(105)-1199/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1199/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1199/2025 02.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Xəzri İnşaat” Məhdud Məsuliyyətli Cəmı̇ yyətinə qarşı mülki iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi və mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X42 və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, cavabdeh "xxxx" MMCnin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(012)-2349/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.metrdən ibarət 2 otaqlı, 42 nömrəli mənzilin ona təhvil verilməsi və ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.metrdən ibarət 2 otaqlı, 42 nömrəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, faktiki ailə münasibətlərində olan həyat yoldaşı X27 mübahisəli mənzili aldıqdan sonra "xxxx" MMC-də işlə təmin olunaraq orada işləməyə başlamışdır. X27 ilə arasında ailə münaqişəsi olduğundan və maddi imkanı olmadığından mənzili təmir etdirməmiş, mənzil "xxxx" MMC tərəfindən verilmiş təmirsiz formasında qalmışdır. Faktiki nikahda olduğu həyat yoldaşı ilə aralarında olan ailə münasibətlərinə xitam verildiyindən, aldığı mənzilə baxıb mənzili təmir etdirərək yaşamaq qərarına gəlmiş, təmir işlərinə başlamaq üçün "xxxx" MMC-yə getmişdir. Orada onu MMC-nin direktoru qarşılayaraq ona məxsus mənzilin faktiki nikahdan olan həyat yoldaşı X27 tərəfindən satıldığını, artıq onun həmin "xxxx" MMC-də mənzilinin olmadığını bildirmişdir. Ona məxsus mənzilin satılması və s. hərəkətlər etməsi üçün X27 və "xxxx" MMC-yə hər hansı bir hüquqi səlahiyyət vermədiyi halda, mənzilin alınması üçün mənzilin dəyərini tam ödədiyini və belə olduğu halda mənzilin hansı səbəblərdən satıldığını "xxxx" MMC-dən tələb etmiş olsa da, cavabdeh "xxxx" MMC-nin direktoru “yoldaşın evi onlara satmışdır, gedin hara şikayət edirsiniz, edin” deyərək onu otaqdan qovmuş və beləcə də cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyət hüquqlarından məhrum olmuşdur. İddiaçı hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. ünvan 1 ünvanında inşa edilmiş bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.m-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzilin hər hansı bir şəxsin adına alqı-satqı edilməsi və özgəninkiləşdirilməsi "xxxx" MMC-yə qadağan edilməsi barədə onun vəkili və nümayəndəsi tərəfindən verilmiş “müvəqqəti təminat tədbiri” barədə ərizə təmin edilərək, ünvan 1 ünvanında inşa edilmiş bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.m-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzilin hər hansı bir şəxsin adına alqısatqı edilməsi və özgəninkiləşdirilməsi "xxxx" MMC-yə qadağan edilmişdir. 30 yanvar 2024-cü il tarixdə MMC-yə vəkil sorğusu ilə müraciət edilərək mənzilin alınmasına dair onunla cavabdeh arasında bağlanmış müqavilənin və s. hüquqmüəyyənedici sənədlərin, əgər mənzil MMC tərəfindən başqa şəxsə satılmışdırsa, mənzilin onun adından satılmasına əsas olan sənədlərin onlara təqdim olunması xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh "xxxx" MMC tərəfindən sorğularına cavab verilməmişdir. Cavabdeh "xxxx" MMC mənzilin alınması ilə bağlı pulu ondan alaraq mənzilin ona təhvil verməməsi cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Eyni zamanda tərəflər arasında imzalanmış müqavilədən də göründüyü kimi cavabdeh öz üzərinə götürdüyü bütün öhdəlikləri qanunsuz olaraq pozmuşdur.

3. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, Vəkil1 iddiaya etiraz edərək göstərmişdir ki, ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzil X2 və sahəsi 83,25 kv.m olmuşdur. Lakin, sonradan X15 özünün sifarişi əsasında mənzilin sahəsi 105,6 kv.m-ə dəyişdirilmişdir. Həmin evin iddiaçıya satılmasına dair isə müqavilə mövcud deyil. İddiaçının “bu ev onundur” deməsi, evin ona məxsus olmasını sübut etməmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(012)-2349/2024 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı "xxxx" MMC-dən ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.metrdən ibarət 2 otaqlı, 42 nömrəli mənzili dəyəri ödənilməklə aldığını, bu əmlakın sahibi olduğunu bildirərək oraya hüququ olduğu üçün köçürülməsini tələb etmişdir. Bunun üçün o, 15 yanvar 2020-ci il tarixli, AA-267 nömrəli mənzilin alqı-satqı müqaviləsinin surətinə istinad etmişdir. Mübahisə predmetini təşkil edən mənzil (daşınmaz əmlak) dövlət qeydiyyatına alınmamış və bu səbəbdən də 15 yanvar 2020-ci il tarixli, AA267 nömrəli müqavilə notarial qaydada təsdiq edilməmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyə görə daşınmaz əmlakın alqı-satqı müqaviləsi mütləq qaydada notarial qaydada təsdiq edilməlidir. Bununla belə təqdim edilmiş müqavilənin surətindən görünmüşdür ki, orada tərəflər arasında əslində podrat münasibətlərindən söhbət getmişdir. "xxxx" MMC tərəflər arasında mübahisəli mənzilə dair hər hansı müqavilənin mövcudluğunu qəbul etməmişdir. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli, 180 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı dair "xxxx" MMC-nin arxiv sənədlərində hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında İddiaçı 15 yanvar 2020-ci il tarixli, AA-267 nömrəli müqavilənin əslini təqdim etməsi təklif edilsə də, o, müqavilənin əslinin onda olmadığını bildirmişdir. Halbuki, təqdim edilmiş müqavilənin (surət) 11.3-cü maddəsində göstərilmişdir ki, müqavilə eyni hüquqi qüvvəyə malik 2 nüsxədən ibarətdir və hər bir tərəfdə 1 nüsxəsi saxlanılır. Digər tərəfdən, məhkəmə mübahisəli mənzilə baxış keçirmiş və bu zaman müəyyən edilmişdir ki, mənzil iddiaçının təqdim etdiyi müqavilə surətində göstərildiyi kimi 2 otaqlı deyil, 3 otaqlı olmuş və başqa şəxsin istifadə və sahibliyində olmuşdur. "xxxx" MMC-nin nümayəndəsi isə bununla bağlı qeyd etmişdir ki, iddia edilən mənzilə dair X31 ilə müvafiq müqavilə bağlanmış və əmlak ona məxsus olmuşdur. Müqavilənin surətinə istinad etməklə "xxxx" MMC-nin İddiaçı qarşısında mənzil barədə öhdəlik götürməsi nəticəsinə gəlinməsi mümkün deyildir.

6. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 157.8, 324, 331, 386.1, 406.3, 646.1, 648, 770-1.1, 770-1.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 89.3, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya baxışı zamanı X31 və X27 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2025-ci il tarixli, 2(105)-162/2025 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

10. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-2077/2025 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2025-ci il tarixli, 2(105)-162/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, bununla bağlı zəruri olan bütün məhkəmə hərəkətlərini yerinə yetirməmişdir. Məhkəmənin qənaəti iddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzil barədə onunla "xxxx" MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, AA-267 saylı mənzilin alqı-satqı müqaviləsinin surətinin təqdim edilməsinə əsaslanmışdır. Qətnamədə qeyd olunur ki, “məhkəmə iclasında İddiaçı xx.xx.2020-ci il tarixli, AA-267 saylı müqavilənin əslini təqdim etməsi təklif edilsə də o, müqavilənin əslinin onda olmadığını bildirmişdir. Halbuki, təqdim edilmiş müqavilənin (surət) 11.3-cü maddəsində göstərilmişdir ki, müqavilə eyni hüquqi qüvvəyə malik 2 nüsxədən ibarətdir və hər bir tərəfdə 1 nüsxəsi saxlanılır”. Bu halı iddiaçının əleyhinə şərh edən məhkəmə nəzərə almamışdır ki, iddiaçıya məxsus olan mübahisəli mənzilin iddiaçının faktiki nikahdan olan həyat yoldaşı X27 tərəfindən satıldığı zaman müqavilənin iddiaçıda olan əsli Anar İbrahimov tərəfindən "xxxx" MMC-yə qaytarılmışdır. Ümumiyyətlə, belə hallar üçün xarakterik olan mövcud olan təcrübəyə əsasən dövlət qeydiyyatına alınmayan mənzilin əvvəlki sahibindən digər şəxsə tikintini həyata keçirən şirkət vasitəsilə satılması zamanı ilkin müqavilənin satıcıda olan əsli onun tərəfindən yaşayış binasını tikən şirkətə qaytarılır. Göründüyü kimi məhkəmə mənzillərin satılması zamanı kargüzarlıqsənədləşdirilmə işlərinin aparıldığı cavabdehin daha üstün mövqeyə malik olmasını da nəzərə almamışdır. Digər tərəfdən, məhkəmə bu zaman X9 işlədiyi "xxxx" MMC-yə borcu olduğunu və iddiaçıya məxsus mənzilin digər şəxsə satılması yolu ilə həmin borcu ödəməsi halına da lazımınca qiymət verməmişdir. Məhkəmə iddiaçıda olan və onun məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin direktoru X8 mübahisəli mənzillə bağlı dediyi səs yazısını da sübut növü kimi araşdırmaya cəlb etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki: “Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Həmin səs yazısından açıq-aşkar görünür ki, iddiaçının faktiki nikahdan olan həyat yoldaşı X27 cavabdehin işçisidir, MMC-nin direktoru onu şəxsən yaxşı tanıyır. Səs yazısında "xxxx" MMC-nin direktoru X19 etiraf edir ki, Anar İbrahimov tərəfindən mübahisəli mənzilin satılması direktorun anasının xəstə olduğu vaxtlarda olmuşdur ki, həmin vaxtlarda da xəstə anasına qulluq edən MMC-nin direktoru həftədə bir dəfə işə gəlirmiş və ona təqdim edilən sənədlərə oxumamış tez-tələsik imza edərək evə gedirmiş. Məhkəmənin başqa bir qənaəti ondan ibarətdir ki, “... məhkəmə mübahisəli mənzilə baxış keçirmiş və bu zaman müəyyən edilmişdir ki, mənzil iddiaçının təqdim etdiyi müqavilə surətində göstərildiyi kimi 2 otaqlı deyil, 3 otaqlıdır...”. Hesab edir ki, məhkəmə bu bu halı da tam araşdırmamışdır. Belə ki, məhkəmə yaşayış binasının müvafiq dövlət orqanları tərəfindən təsdiq olunmuş və onun əsasında tikintisinə icazə verilmiş tikinti layihəsində (şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusu) mübahisəli mənzilin neçə otaqdan ibarət olmasını araşdırmalı olduğu halda, bunu etməmişdir. Odur ki, X1 əsasında cavabdeh tərəfindən mübahisəli mənzilin 2 otaqdan 3 otağa çevrilməsi iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən, məhkəmə bu xüsusatla bağlı öz təşəbbüsü ilə məhkəmə tikinti ekspertizası təyin etməli və ekspertiza qarşısında həmin mənzildə 2 otağın 3 otağa çevrilməsinin layihə sənədlərinə uyğunluğunun və zaman etibarilə hansı vaxta təsadüf etməsinin müəyyən edilməsi sualını da qoymalı idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə ədalətli qərar qəbul edilməsi üçün vacib əhəmiyyətə malik olan bu məsələni də məhkəmə araşdırmasından kənarda saxlamışdır. Məhkəmənin araşdırmadığı daha bir əhəmiyyətli məsələ, iddiaçıda olan xx.xx.2020-ci il tarixli, AA-267 saylı müqavilənin surətinin X31 ilə cavabdeh arasında bağlanılmış müqaviləyə forma və məzmun baxımdan tam oxşarlığı, bundan əlavə, hər iki müqavilənin mətnində olan əl yazılarının eyni xəttə malik olan şəxs tərəfindən icra olunmasının adi göz ilə müəyyən edilən eyniliyidir. Belə olan təqdirdə, müqavilənin surətinin orjinaldan birbaşa surətinin çıxarılmasının, ya texniki vasitələrin köməyi ilə saxtalaşdırılmasının, eləcə də əl yazılarının eyni şəxs tərəfindən icra olunmasının məhkəmə xətşünaslıq ekspertizasının vasitəsilə müəyyən olunması məhkəmə tərəfindən edilməli idi ki, bu da edilməmişdir. Daha bir məhkəmə araşdırılmasına cəlb olunmalı məsələ iddiaçının təqdim etdiyi müqavilənin nömrəsinin və tarixinin cavabdehlə X31 arasında bağlanılmış müqavilənin nömrədən və tarixdən daha əvvələ təsadüf etməsidir. İddiaçı mübahisəli mənzil barəsində üçünçü şəxslə bağlanan müqavilənin tarixi və nömrəsindən əvvəlcədən məlumatlı deyildi və ola da bilməzdi. Odur ki, bu səbəbdən də iddiaçının öz müqaviləsini X15 müqaviləsinin nömrə və tarixindən əvvələ hazırlatdırması da ağlabatan deyil. Bundan əlavə, məhkəmə iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC arasında bağlanılmış xx.xx.2020-cil tarixli, AA-267 saylı mənzilin alqı-satqı müqaviləsinin həqiqətən də mövcudluğunu sübut etmək üçün cavabdehdən həmin yaşayış binasında olan mənzillərin alqı-satqı müqavilələrinin qeydiyyat reyestri kitabını və ya arxiv materillarını tələb etməli, bu zaman AA-267 nömrəsinin başqa bir müqavilədə təkrarlanmasını, əgər təkrarlanmırsa bütün müqavilələrin nömrələrinin sıra ardıcıllığını və AA-267 nömrəsinin boş olub-olmamasını müəyyən etməli idi. Göstərilənlərdən göründüyü kimi, yuxarıda qeyd olunanlar qətnamənin ləğv edilməsi üçün əsas verir. Məhkəmə iddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzil barədə onunla "xxxx" MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, AA-267 saylı mənzilin alqı-satqı müqaviləsinin tarix etibarilə X15 müqaviləsindən daha əvvəl bağlanmasını nəzərə almamış, bununla da məhkəmə Mülki Məcəllənin istinad edilən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə əsassız olaraq işdə olan sübutlara cavabdehin xeyrinə subyektiv hüquqi qiymət vermişdir. Hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi sübutlara subyektiv qiymət vermiş və iş üzrə iddiaçının hüquqlarını pozan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işə birtərəfli yanaşmış, qeyd edilən xüsusatlarla işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahatı verib bildirmişdir ki, Ali Məhkəmənin göstərişinə əsasən iddiaçının iddia etdiyi müqavilədən əvvəl və sonra bağlanmış müqavilələri, həmçinin 2019-cu ildə müqavilənin formasının dəyişməsindən sonra bağlanan müqavilələri təqdim edir. Səs yazılarında İddiaçı evə nə qədər ödəniş etməsi ilə bağlı şirkət rəhbərinin sualını cavablandıra bilməyib, eyni zamanda, birinci apellyasiya icraatı zamanı Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş səs yazıları aşkara çıxmayıb. Abşeron Rayon Məhkəməsinə təqdim olunmuş səs yazısı hazırda dinlənilən səs yazısıdır, lakin iddiaçı səs yazısını yarımçıq təqdim edib. Müqavilənin əsli yoxdur, məhkəmə iclasında iştirak edən üçüncü şəxs İbrahimov Anar izahatında əlavə ödəniş etməklə evi aldığını, daha böyük ev almaq üçün müqaviləni Ramil adlı işçiyə verdiyini bildirmişdir. Qeydiyyat jurnalı olmayıb, kompüterdə qeydiyyat aparılıb, onun çıxarışını məhkəməyə təqdim etmişdir. Evlə bağlı hər hansı addım atılmayıb, müqavilənin necə ortaya çıxması, Anarın onu necə əldə etməsi də məlum deyil. Səs yazısını kəsib təqdim ediblər, tam versiyanı təqdim edəcəkdir. Şirkətin rəhbəri bildirib ki, korrpusiya ilə bağlı hal varsa müraciət edək, dəstək göstərək, sonra mühasibin yanına gedib, o da bildirib ki, iddiaçının icazəsi olmadan evi heç kəsə verilə bilməz. Səs yazısının tam versiyası dinlənilsə aydın olar ki, həqiqətən şirkət rəhbəri və digər əməkdaş iddiaçıya məsələnin araşdırılmasını təklif edib, söhbət onunla bağlı olub. Xəbərsiz kiminsə evinin satılması mümkün deyil, öncədən razılıq alınır. İddiaçı səs yazısını kəsərək məhkəməyə təqdim edib, məhkəmənin fikrini başqa istiqamətə yönəltməyə çalışıb. İstintaq zamanı verdiyi izahatında pulu Gülməmə xanıma verdiyini bildirsə də səs yazısında belə bir şey deməyib. Maliyyə arayışı və müqavilədə konkret məbləğ yox tam ödəniş olunduğu qeyd olunub. İddiaçının həyat yoldaşı Anar İbrahimovun qardaşı X16 2022-ci il tarixdə "xxxx" MMC-nin direktoru olmuşdur. İddiaçı istintaq zamanı verdiyi izahatında mənzili bina tikilməmişdən əvvəl aldığını bildirsə də, məhkəmənin yerli baxış iclasında üç otaqlı mənzil aldığını bildirib, bundan əlavə Anarın ondan sənədləri istədiyini, onun sənədləri vermədiyini, daha sonra 20 kv.m ona (iddiaçıya) hədiyyə olunacağı barədə vəd veriləndən sonra sənədləri Anara verdiyini bildirib. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş edir.

15. İddiaçının vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X31 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

17. 15 yanvar 2020-ci il tarixli, AA-267 nömrəli Mənzilin alqı-satqı müqaviləsinin kserosurətinə əsasən satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzili alıcı İddiaçı verməyi, alıcı İddiaçı isə müqavilədə müəyyən edilmiş müddət ərzində pul məbləğini satıcı "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin bağlanma yeri Abşeron rayonu, Xırdalan şəhəridir.

18. 15 yanvar 2020-ci il tarixli, B/389 nömrəli maliyyə arayışının kserosurətinə əsasən İddiaçı ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.metrdən ibarət 2 otaqlı, 42 nömrəli mənzilin pay dəyərini tam ödəmiş, borc qalığı olmamışdır.

19. "xxxx" MMC tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli, 180 nömrəli sorğuya cavab məktubuna əsasən İddiaçı dair müqavilə "xxxx" MMC-nin arxiv sənədlərində hər hansı məlumat aşkar edilməmişdir.

20. 18 yanvar 2020-ci il tarixli, AA-267 nömrəli Mənzilin alqı-satqı müqaviləsinin kserosurətinə əsasən satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 11, 2 otaqlı, 75 nömrəli mənzili alıcı X5 verməyi, alıcı X10 isə müqavilədə müəyyən edilmiş müddət ərzində pul məbləğini satıcı "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin bağlanma yeri Abşeron rayonu, Masazır qəsəbəsidir.

21. xx.xx.2020-ci il tarixli, AA-266 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 1, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çol hissəsindən hesablanmaqla) 66,65 kv.metr-dən ibarət 2 otaqlı, 7 nömrəli mənzili tikinti işləri başa çatdıqdan sonra alıcı X11 verməyi, alıcı X20 isə əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin bağlanma yeri Abşeron rayonu, Masazır qəsəbəsidir.

22. xx.xx.2020-ci il tarixli, AA-268 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 9, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çol hissəsindən hesablanmaqla) 83,25 kv.metr-dən ibarət 2 otaqlı, 66 nömrəli mənzili tikinti işləri başa çatdıqdan sonra alıcı X17 verməyi, alıcı X28 isə əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində və ya tam müddətinə müəyyən olunmuş stabil ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin bağlanma yeri Abşeron rayonu, Masazır qəsəbəsidir.

23. 30 iyun 2021-ci il tarixli, AA-317 nömrəli Mənzilin alqı-satqı müqaviləsinin kserosurətinə əsasən satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.metr-dən ibarət 2 otaqlı, 34 nömrəli mənzili alıcı X6 verməyi, alıcı X12 isə müqavilədə müəyyən edilmiş müddət ərzində pul məbləğini satıcı "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.

24. 28 may 2021-ci il tarixli, AA-314 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 7, ümumi sahəsi 105,6. kv.metr-dən ibarət 3 otaqlı, 42 nömrəli mənzili alıcı X21 verməyi, alıcı X32 isə müqavilədə müəyyən edilmiş müddət ərzində 63360 manat pul məbləğini satıcı "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.

25. "xxxx" MMC tərəfindən verilmiş 28 may 2021-ci il tarixli, C/294 nömrəli maliyyə arayışına əsasən X3 rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsi, ev 37A ünvanında inşa edilən (inşa edilmiş) E nömrəli yaşayış binasında 42 nömrəli mənzilin pay dəyərindən 63360 manat ödənilmiş, borc qalığı olmamışdır.

26. xx.xx.2019-cu il tarixli AA-169 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 2, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çol hissəsindən hesablanmaqla) 40,35 kv.metr-dən ibarət 1 otaqlı, 13 nömrəli mənzili tikinti işləri başa çatdıqdan sonra alıcı X13 verməyi, alıcı X22 isə əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində və ya 36 ay müddətinə müəyyən olunmuş stabil ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin bağlanma yeri Abşeron rayonu, Xırdalan şəhəridir.

27. xx.xx.2021-ci il tarixli AA-305 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 7, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çol hissəsindən hesablanmaqla) 53,7 kv.metr-dən ibarət 1 otaqlı, 56 nömrəli mənzili tikinti işləri başa çatdıqdan sonra alıcı X23 verməyi, alıcı X33 isə əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində və ya tam müddətinə müəyyən olunmuş stabil ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin bağlanma yeri Abşeron rayonu, Masazır qəsəbəsidir.

28. xx.xx.2022-ci il tarixli AA-340 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 3, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çol hissəsindən hesablanmaqla) 64,75 kv.metr-dən ibarət 2 otaqlı, 14 nömrəli mənzili tikinti işləri başa çatdıqdan sonra alıcı X29 verməyi, alıcı X39 isə əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində müəyyən olunmuş stabil ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin 1 kv.m sahəsinin qiyməti 571 manat olmaqla müqavilənin qiyməti cəmi 37000 manat müəyyən edilir. Alıcı müqavilə qiymətindən tam ödənişi şəxsi vəsaiti hesabına ödənişdir.

29. xx.xx.2023-cü il tarixli AA-373 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 5, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çol hissəsindən hesablanmaqla) 69,95. kv.metr-dən ibarət 2 otaqlı, 35 nömrəli mənzili tikinti işləri başa çatdıqdan sonra alıcı X30 verməyi, alıcı X40 isə əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində və ya tam müddətinə müəyyən olunmuş stabil ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin 1 kv.m sahəsinin qiyməti 650 manat olmaqla müqavilənin qiyməti cəmi 26227 manat müəyyən edilir. Alıcı müqavilə qiymətindən 7100 manatı şəxsi vəsaiti hesabına ödənişdir. Həmin müqavilənin bağlanma yeri Abşeron rayonu, Masazır qəsəbəsidir. "xxxx" MMC adından müqaviləni direktor X14 imzalamışdır.

30. xx.xx.2024-cü il tarixli AA-398 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 1, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çol hissəsindən hesablanmaqla) 68,41 kv.metr-dən ibarət 2 otaqlı, 4 nömrəli mənzili tikinti işləri başa çatdıqdan sonra alıcı X24 verməyi, alıcı X34 isə əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində və ya tam müddətinə müəyyən olunmuş stabil ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin bağlanma yeri Abşeron rayonu, Masazır qəsəbəsidir.

31. xx.xx.2025-ci il tarixli, AA-427 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 2, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çol hissəsindən hesablanmaqla) 51,38 kv.metr-dən ibarət 1 otaqlı, 9 nömrəli mənzili tikinti işləri başa çatdıqdan sonra alıcı X4 verməyi, alıcı X7 isə əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində və ya tam müddətinə müəyyən olunmuş stabil ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin 1 kv.m sahəsinin qiyməti 584 manat olmaqla müqavilənin qiyməti cəmi 30000 manat müəyyən edilir. Həmin müqavilənin bağlanma yeri Abşeron rayonu, Masazır qəsəbəsidir.

32. xx.xx.2022-ci il tarixli, E/42 nömrəli kassas mədaxil orderindən görünür ki, X31 E/10/42 saylı mənzilin sayğac və təmirə buraxılış üçün 1300 manat ödəniş etmişdir.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

34. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

35. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(012)-2349/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(012)- 2349/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

37. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-2077/2025 nömrəli qərarında qeyd olunan göstərişlərə uyğun olaraq müvafiq araşdırma aparmışdır. Belə ki, "xxxx" MMC-nin nümayəndəsinin izahatına əsasən həmin hüquqi şəxsin inşa etdiyi binada mənillərə dair müqavilələrin qeydiyyatının əlyazmalı jurnal şəklində deyil, elektron formada kompüterdə aparıldığını bildirmiş və buna dair çıxarışı məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş diskdə olan səs yazısında iddiaçının "xxxx" MMC-nin başqa bir əməkdaşı və MMC-nin direktoru X19 ilə olan danışığın məzmununda isə iddiaçıya məxsus evin satılmasının mümkünsüzlüyündən bəhs edilməklə, direktor X19 iddiaçıya müqavilənin surətinin ona təqdim edilməsini təklif etməklə, müqavilə ilə tanışlıqdan sonra belə bir müqaviləni ilk dəfədir gördüyünü deyib, məsələlərdən xəbəri olmadığını və müqavilənin bir surətinin onlara verilməklə məsələnin araşdıralacağı iddiaçıya bildirilməkdədir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş iddiaçının polis orqanına verdiyi izahatında o, 50000 manatı Gülməmə Əliyevaya verdiyini, müqaviləni Gülməmə Əliyeva və onun tərəfindən imzalandığını bildirmişdir. Həmçinin, üçüncü şəxs qismində dindirilmiş iddiaçının faktiki nikah münasibətində olduğu X27 əvvəllər "xxxx" MMC-də işlədiyini və inşa edilmiş binada bir neçə ev alıb-satdığını, mübahisəli mənzilin də onun tərəfindən iddiaçının adına alındığını və müqavilənin iddiaçı tərəfindən deyil, onun tərəfindən imzalandığını qeyd etmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş müqavilələrdəki Gülməmə Əliyevaya məxsus imzalarda fərqliliklərin də olması müəyyən edilmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixli, AA-266 nömrəli, ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 1, ümumi sahəsi 66,65 kv.metr-dən ibarət 2 otaqlı, 7 nömrəli mənzilin satılmasına dair müqavilə satıcı "xxxx" MMC ilə alıcı X20 arasında bağlanmış, həmin müqavilənin bağlanma yeri Masazır qəsəbəsi olmuşdur. xx.xx.2020-ci il tarixli, AA-268 nömrəli, ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 9, ümumi sahəsi 83,25 kv.metr-dən ibarət 2 otaqlı, 66 nömrəli mənzilin satılmasına dair müqavilə "xxxx" MMC ilə alıcı X28 arasında bağlanmış, həmin müqavilənin bağlanma yeri Masazır qəsəbəsi olmuşdur. xx.xx.2019-cu il tarixli AA-169 nömrəli mənzilin alqı-satqı müqavilədə isə müqavilənin bağlanma yeri Abşeron rayonu, Xırdalan şəhəri olmuşdur. Məhkəməyə təqdim edilmiş yuxarıda istinad olunan digər müqavilələrdə də müqavilənin bağlanma yeri Masazır qəsəbəsi olmuşdur. İddiaçı ilə Xəzri-İnşaat” MMC arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli, AA- 267 nömrəli müqavilənin isə bağlanma yeri Xırdalan şəhəri kimi qeyd olunmuşdur. İddiaçının nümayəndəsi bəzi müqavilələrdə müqavilənin bağlanması yeri kimi Xırdalan şəhərinin, bəzi müqavilələrdə isə Masazır qəsəbəsi kimi göstərilməsini Ramil Baxşəliyevin direktoru əvəz edən şəxs olması ilə əlaqəli olmasını bildirmişdir.

38. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh tərəf iddiaçı ilə aralarında 15 yanvar 2020-ci il tarixli, AA-267 nömrəli müqavilənin bağlamadığını bildirməklə, məhkəməyə təqdim edilmiş həmin müqavilənin surətinin saxta olmasını iddia etmişdir. Əvvəlki apellyasiya icraatı zamanı izahat vermiş iddaçı, eləcə də üçüncü şəxs Anar İbrahimov bildirmişlər ki, müqavilə üzrə mənzilin sahəsi 83,25 kv.m qeyd olunmuş, bir müddət sonra tikinti başa çatdıqdan sonra həmin mənzilin, sahəsi böyük - 106 kv.m olan mənzilə dəyişdirilməsi təklif olunmuş, onlar da qeyd olunan halla razılaşmış buna görə də İbrahimov Anar müqavilənin əslini cavabdeh "xxxx" MMC-yə vermişdir. İş materiallarına əlavə edilmiş iddiaçının polis orqanına verdiyi izahatında da eyni mövqe göstərilmişdir. Bundan başqa iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, ona məxsus olan mübahisəli mənzil faktiki nikahdan olan həyat yoldaşı X27 tərəfindən satıldığı zaman müqavilənin əsli Anar İbrahimov tərəfindən "xxxx" MMC-yə qaytarılmış, məhkəmə bu zaman X9 işlədiyi "xxxx" MMC-yə borcu olduğunu və iddiaçıya məxsus mənzilin digər şəxsə satılması yolu ilə həmin borcu ödəməsi halına da lazımınca qiymət verməmişdir. İddiaçı tərəfin qeyd etdiyi hallar dolayısı ilə 15 yanvar 2020-ci il tarixli, AA-267 nömrəli müqavilənin ləğv edilməsi ilə bağlı razılaşmanın olması anlamına gəlmişdir. Müqavilənin ləğv edilib-ediləməməsi, bunun səbəbləri və əsasları, müqavilənin ləğvinə dair razılşmanın etibarlı olub-olmaması, etibarsız oludğu halda iddiaçı tərəfindən bəyənilib-bəyənilməməsi hallarına isə məhkəmə kollegiyası tərəfindən hazırkı icraat çərçivəsində qiymət verilməsi isə yolverilməz olmuşdur.

39. Belə ki, iddiaçı apellyasiya şikayətində onunla "xxxx" MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, AA-267 saylı mənzilin alqı-satqı müqaviləsinin tarix etibarilə X15 müqaviləsindən daha əvvəl bağlanmasını nəzərə alınmadığını qeyd etsə də nəzərə almamışdır ki, onun tələbi mübahisəli mənzilin ona təhvil verilməsi və həmin mənzilə köçürülmədən ibarət olmaqla, həmin tələb X18 qarşı qaldırılmamışdır. Mübahisəli mənzilin cavabdeh "xxxx" MMC-nin mülkiyətində və sahibliyində deyil, başqa şəxsin sahibliyində olması öz təsdiqini tapmışdır ki, bu da iddianının cavab verilməli olmayan şəxsə qarşı qaldırılması anlamına gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia qeyd olunan əsasa görə rədd edilməlidir. Digər tərəfdən iddiaçının 83,25 kvadratmetr sahədən ibarət mənzilin ona təhvil verilməli olmasına dair 15 yanvar 2020-ci il tarixli, AA-267 nömrəli müqavilənin ləğv edilməsi ilə bağlı mövqeyi isə ümumiyyətlə iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olmamasını deməyə əsas vermişdir. Birinci instansiya məhkəməsi isə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin surət olmaqla sübut qismində qəbul edilə bilməməsini əsas gətirməklə yanaşı, əqdin etibarsızlığı ilə bağlı normalara istinad edərək müqavilənin etibarsız olması əsası ilə iddianın rədd etmişdir ki, məhkəmənin qeyd olunan əsasları ziddiyətli olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, müqavilənin surət olmaqla sübut qismində qəbul edilməməsi, artıq Mülki Məcəllənin 389.1-ci maddəsinin tələbləri baxımından müqavilənin bağlanmaması anlamına gəlir ki, bu da müqavilənin etibarlılığına hüquqi qiymət veriməsini istisna edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia yuxarıda göstərilən əsasa görə təmin edilməməlidir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən əsaslara görə iddianın rədd edilməli olması ilə bağlı gəlinmiş nəticə, cavabdehin iddia etdiyi kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin saxta olması və ya iddiaçının iddia etidiyi kimi həmin müqavilənin şifahi razılığa əsasən ləğv edilməsi və yaxud müqavilənin, o cümlədən müqavilənin ləğvinə dair razılşamanın etibarlı və ya etibarsız olması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)- 2077/2025 nömrəli qərarında qeyd olunan göstərişlərə uyğun olaraq aparılmış araşdırmanın nəticələrinə hüquqi qiymət verilməsini istisna etmişdir. Məhkəmə kollegiyası nəzərə almışdır ki, iddiaçının müqavilənin ləğvi, müqavilənin lazımı qaydada icra edilməməsi və ya digər əsaslar üzrə cavabdehə və ya digər şəxslərə qarşı iddia irəli sürmək hüququ da istisna edilməməkdədir. Belə ki, iddiaçı müqavilənin ləğv edildiyini və ya müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən pozulmasını iddia etdiyi halda müqavilə üzrə ödənilmiş pul məbləğini və ya zərər məbləğinin geri tələb etməsi və ya digər predmetlə bağlı iddia qaldırmaq hüququna malik olur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddia etdiyi kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli, AA-267 nömrəli müqavilənin saxta müqavilə olması və ya iddiaçının iddia etidiyi kimi həmin müqavilənin şifahi razılığa əsasən ləğv edilməsi və yaxud müqavilənin, o cümlədən müqavilənin ləğvinə dair razılşamanın etibarlı və ya etibarsız olması ilə bağlı hallara hazırkı icraat çərçivəsində hüquqi qiymət verilməsi yolverilməz olmuşdur.

41. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(012)-2349/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(012)-2349/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar