Məhkəmə qərarları › İş №2(105)-1201/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1201/2020

30.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1201/2020 30.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı «xxxxxx» X2 X3 Cəmiyyətinin nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxx» X2 X3 Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və geri qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(012)-2329/2015 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(012)-2329/2015 saylı qətnaməsi ilə (hakim İ.Ə.Kərimli) iddia təmin edilərək, iddiaçı «xxxxxx» X2 Korporasiyası ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli, 5626 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh faktiki istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də yerləşən 1 saylı binanın 82-ci blokunun, ümumi sahəsi 49,72 kv.metr olan 1 otaqlı 6a saylı mənzilinin boşaldılaraq iddiaçıya geri qaytarılması, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(012)-2329/2015 saylı qətnaməsinin ləğv olunmasını, habelə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2049/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(012)-2329/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx xxxxxx 2019cu il tarixli, 2(102)-7631/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2049/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmışdır. İŞİN HALLARİ: «xxxxxx» X2 Korporasiyası ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli, 5626 saylı alqısatqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh faktiki istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də yerləşən 1 saylı binanın 82-ci blokunun, ümumi sahəsi 49,72 kv.metr olan 1 otaqlı 6a saylı mənzilinin boşaldılması və geri qaytarılması, habelə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, tərəflər arasında xx xxxxxx 2008-ci il tarixdə, 5626 saylı alqı-satqı müqaviləsi bağlanmış, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də yerləşən 1 saylı binanın 82-ci blokunun ümumi sahəsi 49,72 kv.metr olan 1 otaqlı, 6a saylı mənzili ona satılmışdır. İddiaçı mənzili tikib onun istifadəsinə verməyi öhdəsinə götürərək buna əməl etsə də, cavabdeh hər ayın 16-dək iddiaçıya aylıq 297,28 manat məbləğində pulun ödənilməsi öhdəliyini lazımınca icra etməmişdir. «xxxxxx» X2 Korporasiyası ASC tərəfindən müqavilənin ləğv edilməsi üçün təklif göndərilsə də, cavabdeh bu təklifə heç bir münasibət bildirməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ VƏ S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə birtərəfli qaydada, yalnız qarşı tərəfin mənafeyinə uyğun yanaşmış və qanunsuz nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxmışdır. Onun məhkəmə iclaslarında iştirakı təmin edilməyərək prosessual hüquqları pozulmuşdur. Qətnamədə göstərilir ki, iddiaçı tərəfindən ona guya xx xxxx 2015-ci il tarixdə rəsmi məktub göndərilərək müqavilənin pozulması təklif edilmişdir. Lakin o, belə bir məktub almamışdır. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci maddəsinin şərti iddiaçı tərəfindən pöozulmuş və mübahisəli mənzil ona vaxtında təhvil verilməmişdir. Həmin müqavilənin 5.7-ci bəndində göstərilir ki, alıcı tərəfindən verilmiş ilkin ödəniş məbləği mənzilin qiymətinə hesablanmır və sonradan müqavilənin dəyişdirilməsi, ləğvi, müqavilə öhdəliklərinin başqa şəxslərə keçirilməsi hallarında alıcıya qaytarılmır. İlkin ödənişdən başqa digər ödənişlər alıcıya qaytarılmalı olsa da, onun tərəfindən edilən ödənişlər iddiaçı şirkətə qaytarılmır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilməmiş, işdəki sübutlar kifayət qədər ətraflı araşdırılmamışdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, qətnamənin qanunsuz olduğundan ləğv edilməsini, iddianın isə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etsə də, əlavə etdi ki, hazırda onun da «xxxxxx» X2 X3 Cəmiyyətinə qarşı mübahisəli mənzilə görə ödənimiş vəsaitin və təmir xərclərinin tutulması barədə iddiası vardır. Həmin iş üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə vardır. Məhkəmə kollegiyasının iclasında iddiaçı «xxxxxx» X2 X3 Cəmiyyətinin nümayəndəsi X6 apelyasiya şikayətini qəbul etmədiyini bildirərək, qətnamənin qanuni olduğunu, buna görə də şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Nümayəndə əlavə etdi ki, digər məhkəmə qətnaməsilə Cavabdeh mənzil üçün ödədiyi və təmir üçün xərclədiyi vəsaiti «xxxxxx» X2 Korporasiyası ASC-dən tələb etdiyi üçün bu, onun da tərəflər arasındakı müqavilənin ləğv edilməsi niyyətində olduğunu göstərir. Bu hal hazırkı mübahisə üzrə nəzərə alınmaqla qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnamənin surətindən görünür ki, “xxxxxx X2 Korporasiyası” ASC kommersiya fəaliyyəti göstərən hüquqi şəxs kimi xx.xx.2006-cı il tarixdə, ASC-nin yeni nizamnaməsi isə xx xxxx 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Yenə iş materiallarında olan “xxxxxx X2 Korporasiyası” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli, 5626 saylı alqı-satqı müqaviləsindən görünür ki, ASC Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də yerləşən 1 saylı binanın 82-ci blokunun, ümumi sahəsi 49,72 kv.metr olan 1 otaqlı, 6a saylı mənzili Cavabdeh satmağı, alıcı isə bunun müqabilində mənzilin hər kv.metri üçün 1793,8 manat olmaqla cəmi 89185,25 manatı 300 ay müddətinə, hər ay 297,28 manat olmaqla satıcıya ödəməsi barədə qarşılqılı öhdəlik götürmüşlər. Yenə də iş materiallarında olan “xxxxxx X2 Korporasiyası” ASC tərəfindən Cavabdeh göndərilmiş xx xxxx 2015-ci il tarixli, 09-03/865 saylı təklif məktubunun surətindən görünür ki, iddiaçı tərəf müqavilənin 5 iş günü müddətində ləğv edilməsini qarşı tərəfə təklif etmiş, həmçinin əks təqdirdə məhkəməyə müraciət olunacağı və müqavilənin ləğvi, mənzilin boşaldılması barədə iddia qaldırılacağı haqqında cavabdehə məlumat verilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-102/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh “xxxxxx X2 Korporasiyası” ASC-yə qarşı alqı-satqı müqaviləsi üzrə ödənilmiş 22296,96 manatın və mənzilin təmirinə xərclənmiş 12000 manat pulun tutulması barədə iddiası qismən təmin edilmiş, mənzilin təmiri üçün xərclənmiş 12000 manat pulun cavabdehdən onun xeyrinə tutulması qət edilmiş, qalan hissədə isə iddia təmin edilməmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası məruzəçi ha-ki-min məruzəsini, tərəflərin izahatlarını dinləyib apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(012)-2329/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx xxxxxx 2008-ci il tarixdə, 5626 saylı alqı-satqı müqaviləsi bağlanmış, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də yerləşən 1 saylı binanın 82-ci blokunun, ümumi sahəsi 49,72 kv.metr olan 1 otaqlı, 6a saylı mənzili cavabdehə satılmışdır. İddiaçı mübahisəli mənzili inşa edərək onun istifadəsinə verməyi, cavabdeh isə mənzilin ümumi dəyəri kimi 89185,25 manat vəsaiti hər ayın 16-dək aylıq 297,28 manat məbləğində 300 ay müddətində ödənilməsi barədə öhdəlikləri öz üzərlərinə götürmüşlər. İş materiallarından görünür ki, cavabdeh mübahisəli mənzilin dəyərini əvvəllər ödəsə də, sonradan ödənişlərdə yubanmalar olmuş, bununla bağlı iddiaçı tərəfindən ona xx xxxx 2015-ci il tarixli, 09-03/865 saylı təklif məktubu göndərilmiş, heç bir nəticəsi olmadığından “xxxxxx X2 Korporasiyası” ASC ona qarşı məhkəmədə hazırkı iddianı qaldırmışdır. Cavabdeh da alqı-satqı müqaviləsinin ləğv edilməli olmasını faktiki olaraq qəbul edərək “xxxxxx X2 Korporasiyası” ASC-yə qarşı alqısatqı müqaviləsi üzrə ödənilmiş 22296,96 manatın və mənzilin təmirinə xərclənmiş 12000 manat pulun tutulması barədə məhkəmədə iddia qaldırmış, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-102/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsilə bu iddia qismən təmin edilmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Tərəflər arasında bağlanmış məlum alqı-satqı müqaviləsinin 3.1.1.3-cü bəndinə əsasən alıcı müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusi ilə Müqavilənin 2-ci bölməsində nəzərdə tutulmuş hesablaşmaların həyata keçirilməsinə dair müddəaları pozduqda, müqavilənin icrasından birtərəfli qaydada imtina etmək satıcının hüququdur. Həmin müqavilənin 3.2.2.4-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş qaydada, yəni tərəflərin razılaşması ilə müəyyən olunmuş müddətdə, müəyyən olunmuş vaxtda və müəyyən olunmuş şərtlərlə mənzilin qiymətini ödəmək alıcının vəzifəsidir. Yenə də həmin müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pozulmasına, vəzifələrinin yerinə yetirilməməsinə və öhdəliklərini yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə qarşı tərəfə vurulmuş ziyanı ödəməyə borcludurlar. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Verilmiş apelyasiya şikayəti əsasında işin hallarını araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, tərəflərin qarşılıqlı razılaşması nəticəsində imzalanmış müqavilənin tələblərinə görə, satıcı satdığı mənzili tikinti işləri başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə mənzili qəbul edib mənzilin razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəkildə ödəməyi öhdəsinə götürür. Alıcı müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusi ilə müqavilənin müvafiq bölməsində nəzərdə tutulmuş hesablaşmaların həyata keçirilməsinə dair müddəaları pozduqda, müqavilənin icrasından birtərəfli qaydada imtina etmək satıcının hüququdur. Qeyd edilən müqavilənin 3.2.2.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş qaydada, yəni tərəflərin razılaşması ilə müəyyən olunmuş müddətdə, müəyyən olunmuş vaxtda və müəyyən olunmuş şərtlərlə mənzilin qiymətini ödəmək alıcının vəzifəsidir. İşin faktiki hallarından da göründüyü kimi, cavabdeh imzaladığı müqavilədə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müqavilədə göstərilən qrafik üzrə ödənişlərini vaxtında etməmiş, bununla da qarşı tərəfin müqavilənin vaxtından öncə ləğv edilməsi və mübahisəli mənzilin ona qaytarılması barədə tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, əslində, Cavabdeh da alqı-satqı müqaviləsinin ləğv edilməli olmasını faktiki olaraq qəbul etmişdir. Belə ki, o, “xxxxxx X2 Korporasiyası” ASC-yə qarşı alqı-satqı müqaviləsi üzrə ödənilmiş 22296,96 manatın və mənzilin təmirinə xərclənmiş 12000 manat pulun tutulması barədə məhkəmədə iddia qaldırmış, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-102/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsilə bu iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası bu halı, onun tərəflər arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 5626 saylı alqı-satqı müqaviləsindən imtina etmək niyyəti, bu barədə iradə ifadəsinin göstəricisi kimi qəbul edir. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Yenə həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Yenə də həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunan Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu məcəllənin müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alqı-satqısı haqqından ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Qeyd edildiyi kimi, “xxxxxx X2 Korporasiyası”ASC öz öhdəliyini yerinə yetirərək mübahisəli mənzili Cavabdeh təhvil versə də, cavabdeh öz öhdəliyini tam yerinə yetirməmiş, mənzilin dəyəri üzrə aylıq ödənişləri tam həyata keçirməmişdir. Doğrudur cavadeh iddiaçı tərəfindən mənzilin ona vaxtında tam hazır şəkildə təhvil verilməməsini mübahisələndirərək qarşı tərəfindən müqavilə şərtlərini pozduğunu bildirmişdir. Məhkəmə kollegiyası, cavabdehin həmin dəlilləri daha öncə qeyd olunan məhkəmə mübahisəsinin predmeti olduğundan hazırki halda onunla bağlı araşdırma aparmağa zərurət görmür. Buna görə də müqavilənin ləğv edilməsi və həmin mənzilin qaytarılması barədə tələb haqlıdır və bu iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də maddi hüquq normalarına uyğundur. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas etibarilə düzgün nəticəyə gələrək tərəflərin hüquq münasibətlərinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək iddianı təmin etməklə qanuni qətnamə qəbul etmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, Cavabdeh isə apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə də, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(012)-2329/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasənapelyasiya və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(012)- 2329/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Elman Əhmədov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar