Məhkəmə qərarları › İş №2(105)-1205/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1205/2024

22.08.2024 · Sair mülki iş - Digər - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1205/2024 22.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bahadır oğluna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(067)-699/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bahadır oğluna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X2 miras qalmış Xaçmaz rayonu, Qaracik kəndində yerləşən yaşayış evindən və 0.388 ha torpaq sahəsindən ibarət mirasın tərəfindən qəbul edilməsi, həmin miras əmlaklardan yaşayış evində payının 1/5 hissəsi, 0.388 ha torpaq sahəsində payının 6/10 hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə o, rəsmi nikah bağlamaqla X11 ilə ailə həyatı qurmuş və həmin tarixdə əri Bahadır Tağıyevə məxsus Xaçmaz rayonu, Qaracik kəndində yerləşən evə köçmüşdür. xx.xx.2021 -ci il tarixdə Xaçmaz rayonu 1 saylı Notariat Ofisində təsdiq edilmiş vəsiyyətnamə əsasında əri Bahadır Tağıyev ona məxsus Xaçmaz rayonu, Qaracik kəndində yerləşən 0.338 ha pay torpaq sahəsini ona vəsiyyət etməklə digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Xaçmaz rayonu, Qaracik kəndində yerləşən yaşayış evi və 0.388 ha pay torpaq sahəsi miras qalmışdır. O, mərhum ərinin həm vəsiyyət üzrə, həm də qanun üzrə birinci dərəcədə vərəsə olaraq ondan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Belə ki, o, miras qalmış evdə yaşayır və 0.338 ha pay torpaq sahəsini əkib-becərir. O, miras əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Xaçmaz rayonu 1 saylı Notariat Ofisinə müraciət etmiş, həmin notariat ofisinin notariusu D.A.Tağıyev xx.xx.2023-cü il tarixli, № X975 saylı məktubla ona cavab vermişdir ki, X2 miras qalmış əmlakı qəbul etmiş digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər pay bölgüsünə dair münasibətlərini bildirmədikləri üçün pay bölgüsünün aparılması mümkün deyildir. Mülki Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Bu səbəbdən pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri onlara tövsiyyə olunmuşdur. xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsindən göründüyü kimi Xaçmaz rayonu, Qaracik kəndində yerləşən dörd otaqlı yaşayış evi mülkiyvət hüququ ilə X7 məxsusdur. AZ-İİ № 327427 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə X11 ilə onun arasında rəsmi nikah bağlanmışdır. AZ-İİ , 330909 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Aşağı-Zeyid kənd İƏD-də nümayəndəliyinin 0.6.04.2023-cü il tarixli, 140 nömrəli arayışından göründüyü kimi mərhum X5 vərəsələri o və digər dörd nəfər cavabdehdirlər. Arayışda qeyd olunur ki, miras qoyanın ölümündən sonra təsərrüfatı arvadı İddiaçı idarə edir. Beləliklə, miras qoyan əri X2 miras qalmış Xaçmaz rayonu, Qaracik kəndində yerləşən yaşayış evinin 1/5 hissəsi, 0.388 ha torpaq sahəsinin 6/10 hissəsi miras əmlak kimi ona çatmalıdır. Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(067)-699/2024 nömrəli qətnaməsi ilə iddianın təmin olunması, Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən 0,388 ha torpaq sahəsindən İddiaçı 6/10 hissədə payının müəyyən olunması, digər birinci növbəli vərəsələr - X6, Cavabdeh1, Cavabdeh2 Bahadır oğlunun və Cavabdeh3 paylarının isə açıq saxlanılması, Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən ümumi sahəsi 66.0 kv metr, yaşayış sahəsi 51.5 kv metr olan fərdi yaşayış evindən İddiaçı 1/5 hissədə payının müəyyən edilməsi, digər birinci növbəli vərəsələr - X6, Cavabdeh1, Cavabdeh2 Bahadır oğlunun və Cavabdeh3 paylarının isə açıq saxlanılması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Nərmin Abiyeva). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(067)-699/2024 nömrəli nömrəli qətnaməsinin Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən 0,388 ha torpaq sahəsindən İddiaçı 6/10 hissədə payının müəyyən olunması hissəsndə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. İddiaçı onun mərhum atası Bahadır Tağıyevin ikinci həyat yoldaşı, iş üzrə üçüncü şəxs Vüsal Tağıyev iddiaçının atasından olan uşağıdır. Atası B.Tağıyev 27 noyabr 2022-ci il tarixdə vəfat etmişdir.Atasının vəfatından sonra birinci növbəli vərəsələri olaraq iddiaçı, oğlu Vüsal Tağıyev, Nurana Zeynalova, Cavabdeh2 və o qalmışdır.Qətnamə ilə Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən 0,388 ha torpaq sahəsindən iddiaçının 6/10 hissədə payı müəyyən olunmuş, digər birinci növbəli vərəsələrin payları isə açıq saxlanılmışdır.Məhkəmə qətnamədə JN 158 M-li 30206058 kodlu torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən X5, X1, Cavabdeh1, Cavabdeh2 Bahadır oğlunun va Cavabdeh3 mülkiyyətinə verilmiş 1,94 ha torpaq sahəsini paylı mülkiyyət hesab edərək həmin torpaq sahəsində X15 payının 0,388 ha olmasını müəyyən etmiş və iddiaçının miras əmlaka vərəsəlik hüququnu tanımışdır. Halbuki həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsidir. Həmin torpaq sahəsində bu və ya digər qaydada paylar müəyyən edilməmişdir. Torpaq sahəsi paylı mülkiyyət olmadığı halda məhkəmənin ümumi mülkiyyətdə olan torpaq sahəsinə paylı mülkiyyət kimi qiymət verərək birbaşa vərəsəlik məsələsini iddiaçının xeyrinə həll etməsi qanunsuzdur. Bundan başqa məhkəmə iddiaçının mirası qəbul etməsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, mirasın qəbulu üçün vərəsəlik açıldığı vaxtdan 3 ay müddətinə rəsmi qaydada notariusa müraciət etmək və ya mirası faktiki qabul etmək tələb olunur. Lakin iddiaçı vərəsəlik açıldıqdan sonra 3 ay müddətinə notariusa rəsmi qaydada müraciət etməsi va ya mirası faktiki idarə etməsi barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir.X15 ölümündən sonra ondan miras qalmış xüsusi əmlakının kütləsinə yalnız Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən ümumi sahəsi 66.0 kv.metr, yaşayış sahasi 51.5 kv.metr olan fərdi yaşayış evi aiddir. Məhkəmə qətnamədə Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən ümumi mülkiyyət olan 1,94 ha torpaq sahəsindən X15 payının 0.388 ha olmasını hər hansı sənədə istinad etməklə müəyyənləşdirməmiş, iddiaçının göstərdiyinə istinad edərək, X15 torpaqda payının 0,388 ha olmasını qeyd etmişdir. Halbuki, iddiaçı iddia tələbində ümumi mülkiyyət olan torpaq sahəsindən mərhum B.Tağıyevin payına düşən hissənin həcminin müəyyən edilməsini qoymamışdır. Belə olduğu halda torpağa dair hissədə vərəsəlik işi birbaşa həll edilə bilməzdir. Məhkəmə birinci növbədə ümumi mülkiyyətdən payları müəyyən etməli və bundan sonra mərhum B.Tağıyevin payına düşən hisəni vərəsəlik predmeti kimi qiymətləndirməli idi. Məhkəmə qətnamədə Xaçmaz rayonunun Qaracik- Zeyid kəndində yerləşən ümumi mülkiyyət olan 1,94 ha torpaq sahəsindən X15 payının 0.388 ha olması qənaətinə gəlmiş va iddiaçının həmin torpaq sahəsindən 6/10 hissədə vərəsəlik hüququnu tanınmış va vərəsəlik məsələsini iddiaçının xeyrinə qanunsuz həll etmişdir.Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, məhkəmə düzgün olmayaraq iddiaçının iddia tələbini torpağa dair hissədə təmin etmişdir. İddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməli idi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Az-İİ seriyalı, 327427 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 ilə X3 arasnda Xaçmaz rayon Qeydiyyat Şöbəsində 05 aprel 2019-cu ul tarixdə 101 nömrə ilə nikah qeydi bağlanmışdır. Nikahdan sonra X3 ərinin soyadına uyğun “Tağıyeva” soyadını qəbul etmişdir. İş materiallarında olan Az-İV seriyalı, 289292 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 ilə İddiaçı birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X12 anadan olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 330909 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 27 noyabr 2022-ci ildə vəfat etmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, X5 birinci növbəli vərəsələri İddiaçı, X12, Cavabdeh1, Cavabdeh2 Bahadır oğlu və Cavabdeh3dır. İş materiallarında olan 28 fevral 2021-ci ildə tərtib olunmuş vəsiyyətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayonu, Qaracik kəndində yaşayan X11 həmin vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan Xaçmaz rayonu, Qaracik Zeyid (Qaracik) kəndində yerləşən şəxsi 0.388 ha pay torpaq sahəsini Xaçmaz rayonu, Qalağan kəndində yaşayan İddiaçı vəsiyyət etmişdir. Bundan başqa vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İş materiallarında olan xx.xx.1989-cu il tarixli, №144 saylı qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən ümumi sahəsi 66.0 kv metr, yaşayış sahəsi 51.5 kv metr olan fərdi yaşayış evi X5 tam mülkiyyətindədir. İş materiallarında olan JN - 158 seriyalı kod nömrəsi 30206058 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktınının surətindən müəyyən olunur ki, X5, X1, Cavabdeh1, Cavabdeh2 Bahadır oğlunun və Cavabdeh3 paylı mülkiyyətlərinə Xaçmaz rayonu, Qaracik Zeyid kəndində yerləşən 1.94 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-026F seriyalı kod nömrəsi 30206058 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, 27 noyabr 1998-ci il tarixli Aqrar İslahat Komissiyasının qərarına əsasən X5, X1, Cavabdeh2 Bahadır oğlunun və Cavabdeh3 mülkiyyətlərinə Xaçmaz rayonu, Qaracik Zeyid kəndində yerləşən 0.25 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan müəyyən olunur ki, JN-158 nömrəli, KOD 30206058 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” –na əsasən daşınmaz əmlakın dövlət reyestrindən 1.94 ha torpaq sahəsinə ümumbirgə mülkiyyət üzrə X13 və onun ailə üzvlərinin adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli çıxarış işlənmişdir. Birinci instansiya məhkəməsinin araşdırmasına əsasən müəyyən olunmuşdur ki, X2 miras qalmış əmlaklar, yəni miras kütləsi – xx.xx.1989-cu il tarixli, №144 saylı qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyətində olan Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən ümumi sahəsi 66.0 kv. metr, yaşayış sahəsi 51.5 kv. metr olan fərdi yaşayış evindən, həmin evin yerləşdiyi Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarına əsasən JN-026F seriyalı 30206058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X5 X1, Cavabdeh2 Bahadır oğlunun və Cavabdeh3 birgə paylı mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən cəmi 0,25 ha həyətyanı torpaq sahəsindəki 1/4 hissə payından və Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarına əsasən JN-158 seriyalı 30206058 kodlu torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən X5, X1, Cavabdeh1, Cavabdeh2 Bahadır oğlunun və Cavabdeh3 birgə paylı mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən cəmi 1.94 ha torpaq sahəsindəki 1/5 hissə (0,388 ha) payından ibarət olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə apelyasiya şikayəti ilə mübahisələndirilən hissədə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2.-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsindən görünür ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsindən görünür ki, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsindən görünür ki, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən :”Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağrıla biləcək qanun üzrə vərəsələrin hər biri nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır”. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçı X5 vəsiyyətnamə üzrə vərəsəsi olduğundan onun vəsiyyətnamə əsasında ona düşəcək payı almaq hüququ vardır. Mülki Məcəllənin 1193-cü maddəsindən görünür ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X11 28 fevral 2021-ci il il tarixli vəsiyyətnaməsində uşaqları X8, Cavabdeh2 Bahadır oğlunu və Cavabdeh3 vərəsəlik hüququndan məhrum etməsini qeyd etsə də, sağlığında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1139-cu və 1203.2-ci maddələrində nəzərdə tutulduğu qaydada ləyaqətsiz vərəsə kimi uşaqlarının vərəsəlik hüququndan, o cumlədən məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etməmişdir. Ona görə də X13, Cavabdeh2 Bahadır oğlu və Cavabdeh3 vəsiyyət edən X5 birinci növbəli vərəsələri olduqlarından vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasdan məcburi pay almaq hüquqları mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən 1193-cü maddənin tələblərinə əsasən iddiaçının X5 mirasından vəsiyyətnamə əsasında ½ hissədə pay almaq hüququ vardır. Həmçinin 1159.1-ci maddəyə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayıldıqlarından iddiaçı və cavabdehlərin, həmçinin iddiaçı ilə X5 birgə nikahından doğulmuş X6 bərabər pay hüquq əsasında digər ½ hissəyə münasibətə hər birinin payları müəyyən edilməlidir. Beləliklə müəyyən edilir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1,Cavabdeh2 Bahadır oğlu və X6 hər birinin 1/10 payı və iddiaçının isə ½ payı və 1/10 payı olduğundan birinci instasniya məhkəməsi onun 6/10 payını müəyyən etməkdə dügün hüquqi nəticəyə gəlmişdir. Apelllyasiya şikayətinin ümumi birgə mülkiyyətdə olan torpağa dair payların müəyyən edilməsinin qanunsuz olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.Göründüyü kimi torpaq sahəsi bölünə bilməyən əşya olmadığından, həmçinin tərəflər arasında razılaşma olmadığından həmin torpaq sahəsinə dair hər birinin payı məhkəmə qaydasında müəyyən edilə bilər. JN- 158 seriyalı 30206058 kodlu torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktından da göründüyü kimi 1,94 ha torpaq sahəsinə dair X5, X1, Cavabdeh1, Cavabdeh2 Bahadır oğlunun va Cavabdeh3 ümumi mülkiyyət hüququ vardır. Buna görə də X5 payı müəyyən edilərkən 1,94 : 5 = 0,388 ha torpaq sahəsinin olması nəzərə alınmalıdır. Buna görə də birinci instasniya məhkəməsi X5 0,388 ha payının müəyyən edilməsinə dair düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273.1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Buna görə də cavabdehin iddiaçının vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilməsinə dair apellyasiya şikayətinin dəlili həmin maddə qüvvədən düşdüyündən əsassızdır və təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(067)-699/2024 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar