Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-121/2023 11.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi hakim), X11 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X19 qarşı Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsi və onun hesabına torpaq sahəsində olan tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(031)-169/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********47 nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Şabran şəhəri ərazisində yerləşən 4.032 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır.
2. Torpağa Mülkiyyət Hüququna dair JN-0635 KOD 30401004 saylı Dövlət Aktına əsasən, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən X4 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 3.36 ha pay torpaq sahəsi verilmişdir.
3. 267316 saylı, 31 yanvar 2011-ci il tarixli müqaviləyə əsasən, X5 öz adından və X6, X8 adından hərəkət edən X21, X1 şəhəri ünvanında yerləşən 3.36 ha torpaq sahəsini Cavabdeh 3000 AZN-ə satmışdır.
4. 25 yanvar 2011-ci il tarixli arayışa əsasən, Şabran şəhərində yerləşən 3.36 ha kənd təsərrüfatı təyinatlı torpaqlar X2, X6, X8, X14, X7 mülkiyyətinə verilmişdir.
5. Daşınmaz əmlakın Kadastr və Ünvan Reyestr Xidməti tərəifndən verilmiş 08 may 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********47, qeydiyyat tarixi xx.xx.2019-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 4.032 ha torpaq sahəsinin cavabdeh X25 tərəfindən 0.4349 ha hissəsi zəbt edilmişdir.
6. X17 tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli 245 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********47, qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 4.32 ha torpaq sahəsinin zəbt edilmiş hissəsində cavabdeh X25 tərəfindən 595 kvm və 35 kvm tövlələrin, həmçinin 52 kvm çoban evinin (tikili) inşa olunduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən ekspertiza xərci üçün 450 (dörd yüz əlli) manat pul ödənilmişdir.
7. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən nömrəsi **********77, qeydiyyat tarixi xx.xx.2011-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, Şabran şəhəri ərazisindən Cavabdeh mülkiyyətinə 0.7604 ha torpaq sahəsi verilmişdir.
8. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən nömrəsi **********76, qeydiyyat tarixi xx.xx.2011-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, Şabran şəhəri ərazisindən Cavabdeh mülkiyyətinə 2.5995 ha torpaq sahəsi verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh X19 qarşı iddia qaldıraraq onun mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsi və onun hesabına torpaq sahəsində olan tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şabran rayon məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərardadına əsasən, Cavabdeh əsl cavabdeh qismində işə cəlb edilmişdir.
11. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, onun mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin alınaraq ona verilməsi və onun hesabına torpaq sahəsində olan tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində Quba regional "ASAN xidmət" mərkəzinin notariat ofisində alqı-satqı müqaviləsi əsasında, Şabran şəhəri ərazisində yerləşən 4,023 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əldə etmişdir. xx.xx.2019-cu il tarixində o, həmin torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquqlarını ********** qeydiyyat nömrəsi ilə qeydiyyata aldırmış və ona Daşınmaz Əmlakın Dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Aldığı torpaq sahəsini istifadə etmək istədikdə, ona məlum olmuşdur ki, onun torpaq sahəsini cavabdeh istifadə edir və orada tikililər quraşdırmış, inşa etmişdir. O, cavabdehə torpaq sahəsinin qaytarılmasını və tikililərin sökülməsini xahiş və tələb etmiş, lakin cavabdeh onun torpaq sahəsini geri qaytarmamışdır. Bu səbəbdən məhkəmədən onun mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin alınaraq ona verilməsi və cavabdehin hesabına torpaq sahəsində olan tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh məhkəmədə izahatında bildirmişdir ki, o, torpaq sahəsini (iddiaçının mülkiyyətində olan sahə ilə qonşu olan 0,7604 ha sahə, reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan reyestdən çıxarış) 10 il bundan əvvəl aldığı zaman mübahisələndirilən tikili də həmin sahədə mövcud olmuşdur. Mülkiyyətində olan 0,7604 ha torpaq sahəsi özəlləşdirilən pay torpaqları kimi 2000-ci ildə X9 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Sözügedən tikililər X9 tərəfindən 2003- 2005-ci illərdə inşa edilmişdir. 2011-ci ildə alqı-satqı əsasında torpaq sahəsi (reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan reyestrdən çıxarış üzrə mülkiyyətdə olan 0,7604 ha torpaq sahəsi) onun mülkiyyətinə keçdiyi vaxtda sahənin üzərində tiklililər mövcud olmuşdur. Həmin tikililər 2003-2005-ci illərdə X9 tərəfindən inşa edilərkən İddiaçı bundan xəbərdar olmuşdur, onlar arasında yaxın dost münasibətləri olmuşdur. 20 il müddətində həmin ərazidə qonşu torpaq sahələrinin mülkəyyitçiləri arasında heç bir mübahisə olmamışdır. Bununla təsdiq olunur ki, bütün qonşu torpaq sahibləri arasında qarşılıqlı razılaşma mövcud olmuşdur. İddiaçı irəli sürdüyü məsələ (iddia predmeti) barəsində 15 ildir ki, xəbərdar olduğunu özü də etiraf edir, əvvəlki mülkiyyətçilərin guya qorxduqları üçün etiraz etmədiklərini bildirir. Bu arqumentin absurd olduğu şübhəsizdir. O torpaq sahəsini alan zaman X9 və DƏDRX ərazi idarəsinin əməkdaşları tərəfindən ona torpaq sahəsinin naturada ölçüləri göstərilmiş və o, buna əsasən sahəyə sahiblik etmişdir. Bütün bunlardan isə İddiaçı və digər qonşular tam məlumatlı olmuşlar. Həmin vaxt X9 ilə İddiaçı yaxın dost olmuşlar, onlar çoxdan tanış idilər, hazırda da onların dostluq münasibətləri davam edir. Göründüyü kimi, iddiaçının guya sahədəki tikililərdən yeni xəbərdar olması barədə dedikləri tamamilə yalandır. O, Qasımov Allahverən, eləcə də o ərazidə olan torpaq mülkiyyətçiləri həmin torpaq sahələri özəlləşdirilən zamanlardan (1999- 2000-ci illər) bəri orada baş verənlərdən hər zaman xəbərdar olmuşlar. O iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Bu səbəbdən də, iddianın təmin edilməməsini xahiş etmişdir.
14. Şabran Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(031)-169/2021 nömrəli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin alınaraq İddiaçı verilməsi və Cavabdeh hesabına torpaq sahəsində olan tikililərin sökülməsi, Cavabdeh X10 ödənilmiş 450 (dörd yüz əlli) manat ekspertiza xərcinin alınıb İddiaçı verilməsi, Cavabdeh 341.32 (üç yüz qırx bir manat 32 qəpik) ekspertiza xərcinin tutularaq Benefisiarın Bankı: Kapital Bank ASC Xətai filialı, filialın kodu: 200071, VÖEN: **********, SWİFT kodu: AİİBAZ2X, mühbir hesab: AZ37NABZ********************, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı:AZ23AİİB********************, VÖEN********** hesaba ödənilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Şabran şəhəri ərazisində yerləşən 4.032 ha torpaq sahəsinə xx.xx.2019-ci ildə mülkiyyət hüququ əldə etmiş, bundan sonra, torpağının zəbt olunduğu ona məlum olmuşdur. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********47, qeydiyyat tarixi xx.xx.2019-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 4.032 ha torpaq sahəsinin 0.4349 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Zəbt edilmiş həmin hissədə cavabdeh X25 tərəfindən 595 kv.m və 35 kv.m tövlələrdən, həmçinin 52 kv.m çoban evindən (tikilidən) istifadə edilir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9, 12.3,12.4, 48.5, 66, 68, 84.1, 111.3, 157.2, 178.1, 373.2, 377.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 217, 106.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır.
17. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,: - məhkəmə Əmlak Məsələləri Dövlət Komitəsinin, habelə ƏMDK yanında DƏDRX-nin 5 saylı ərazi idarəsinin məhkəmə baxışında iştirakının zəruri hesab edilməsi barədə iddiaçının vəsatətlərini təmin etməmişdir. Halbuki ƏMDK yanında DƏDRX-nin 5 saylı ərazi idarəsi Cavabdeh torpaq sahəsinin yerində koordinatlarını göstərən qurumdur, bu əsasla cavabdeh həmin göstərilən sahəyə sahiblik etmişdir. Cavabdeh qəsdən həmin sahəni zəbt etməmişdir, 2011-ci ildə DƏDRX-nin 5 saylı ərazi idarəsinin əməkdaşları ona mülkiyyətində olan sahənin ölçülərini, o cümlədən döngə nöqtələrini yerində göstərməklə təhvil vermişlər. Cavabdeh məhz buna əsasən illərdir həmin sahəyə mülkiyyət hüququ ilə sahiblik edir, eləcə də ondan istifadə edir. İddiaçı iddia ərizəsində də DƏDRX-nin 5 saylı ərazi idarəsini də cavabdeh kimi qoymuşdur. Lakin məhkəmə prosessual qanunvericiliyi pozaraq bundan bəhs etməmiş, müəmmalı şəkildə bütün bunlara göz yummuşdür. Bütün bunlar kobud qanun pozuntularıdır. - cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə də məhkəmə qanunu düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd olunur ki, “iş materialları ilə müəyyən olunur ki, İddiaçı Şabran şəhəri ərazisində yerləşən 4,032 ha torpaq sahəsinə xx.xx.2019-ci ildə mülkiyyət hüququ əldə etmişdir. Bundan sonra, torpağının zəbt olunduğu ona məlum olmuşdur.” Bu işin həqiqi halları ilə tam təkzib olunur. İddiaçı faktiki olaraq uzun illərdir ki, həmin sahəyə sahiblik edir, iddiaçı, cavabdeh və digər qonşu torpaq sahibləri 15-20 ildir ki, bir-birilərini tanıyırlar, iddiaçı və cavabdehin torpaq sahəsini aldıqları əvvəlki mülkiyyətçilər də İddiaçı yaxşı tanıyırlar, onun iddianın predmeti barədə 15-20 ildir xəbərdar olduğu hər kəsə məlumdur. Şahidlərin məhkəməyə çağırılması təmin edilməklə, habelə maraqlı şəxsin, DƏDRX-nin 5 saylı ərazi idarəsinin məhkəmədə iştirakını təmin edilmiş olsaydı, bu həqiqət bir daha öz təsdiqini tapmış olardı. Digər tərəfdən məhkəmə iddia müddəti ilə bağlı tətbiq olunmalı qanun maddəsini – Mülki Məcəllənin 378-ci maddəsini heç bir əsas olmadan tətbiq etməmişdir. Həmin maddəyə əsasən öhdəlikdə şəxslər dəyişilərkən iddia müddətinin hesablanması qaydası müəyyən edilir. - məhkəmə ədalətli və obyektiv araşdrımanın qarşısını almaqla (şahidlərin və digər şəxslərin məhkəməyə çağırılması barədə vəsatətləri təmin etməməklə, DƏDRX-nin 5 saylı ərazi idarəsinin məhkəmədə iştirakını təmin etməməklə) iddiaçının guya torpağın zəbt olunduğundan, üzərindəki tikililərdən xx.xx.2019-cu ilədək xəbərdar olmadığını öz mülahizəsinə görə təsdiq etməyə çalışmışdır. Həqiqət ondan ibarətdir ki, iddiaçı 15 ildən artıqdır həmin ərazilərdə faktiki fəaliyyət göstərir, bütün qonşu torpaq sahiblərini, onların əvvəlki sahiblərini çox yaxşı tanıyır, özü də yerli sakin olmaqla bu ərazilərə yaxşı bələddir. Böyük fermer təsərrüfatı işlədən, fərdi sahibkar olan iddiaçının 4,32 ha torpaq sahəsi alarkən onun 1 ha yaxın hissəsinin üzərində tikili olan zəbt edilmiş torpaq sahəsi olduğundan xəbəri olmaması mümkün deyildir. - əvvəlki torpaq sahibləri məhkəmədə dindirilməmişdir. Bu barədə dəfələrlə vəsatət verilmişdir. - iş materiallarında olan 19 aprel 2017-ci il tarixli 000382 nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh torpaq sahəsindəki məhz hazırki məhkəmənin predmeti olan tikililərə görə torpaq sahibi kimi İXM-nin 100 və 101-ci maddələri ilə cərimə edilmişdir. Bu hal bir daha təsdiq edir ki, cavabdeh sahənin başqa mülkiyyətçiyə aid olduğundan (əgər aiddirsə) xəbərsiz olmuşdur. - torpaq kadastı məlumatlarında, ölçmə işlərində, habelə sahənin koodinatları, döngə nöqtələrinin müəyyənləşdirilməsi zamanı bir sıra xəta və yanlışlıqlara yol verilməsi, o cümlədən torpaq sahəsinin koordinatlarının və döngə nöqtələrinin “sürüşdürülməsi” və sair kimi halların mövcud olduğuna dair məlumatlar yayılmış, bunların bir çoxunun həqiqət olduğu öz təsdiqini tapmışdır. Bu kimi halların hazırki iş üzrə mübahisələndirilən sahə və tikililərə aid olması istisna olunmadığından bu halların obyektiv araşdırılması zərurəti ortaya çıxmışdır. Dəfələrlə vəsatət verilməsinə baxmayaraq məhkəmə bu barədə araşdırma aparılmasına yanaşmamışdır. - iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş, lakin ekspertiza rəyi ilə iş üzrə olduqca əhəmiyyətli hallar aydınlaşdırılmamış, ekspertiza məhdud şəkildə aparılmış, ekspert qarşısında vacib və zəruri suallar qoyulmamış, qoyulmuş sual isə yanlış şəkildə qoyulmuşdur. Belə ki, ekspetiza tədqiqatının nəticəsi kimi müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********847, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 4,32 ha torpaq sahəsinin zəbt edilmiş 0,71 ha hissəsində cavabdeh X25 tərəfindən 595 kv.metrlik və 35 kv.metrlik tövlələr, həmçinin 52 kv.metrlik çoban evi (tikili) inşa olunmuşdur. X3 yaxud X27 tərəfindən inşa edilməsi işin müəyyənləşdirilmiş halları ilə tam təkzib olunur. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadığından iş üzrə olduqca əhəmiyyətli halları aydınlaşdırmaq mümkün olmamaqdadır. - məhkəmədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,7604 ha torpaq sahəsinin üzərində hansı bina və tikililər olduğunun müəyyən edilməsi zəruri idi. Belə ki, Cavabdeh həmin torpaq sahəsini əldə edərkən ekspertiza rəyində göstərilən tikililər sahənin üzərində olmuşdur. Ekspertiza rəyində qeyd edildiyi kimi, əgər tikililər iddiaçının mülkiyyətində olan sahədədirsə, onda Cavabdeh mülkiyyətində olan 0,7604 ha torpaq sahəsi haradadır? Ekspertiza rəyi doğrudursa, yəni tikililər cavabdehə məxsus torpaq sahəsindədirsə onda iddiaçının mülkiyyətimdə olan 0,7604 ha sahənin üzərində tikili olmamaqla tamamilə boş olmalı, orada 0,7604 ha boş sahə olmalıdır, lakin sözügedən ərazidə belə boş sahə yoxdur. - məhkəmə qətnaməsində həm 450 manat ekspertiza xərci, həm də 341,32 manat ekspertiza xərcinin nəyi ehtiva etdiyi də izah edilməmişdir, qətnamədə çoxsaylı digər aydın olmayan və ziddiyyətli məqamlar vardır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər.
21. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ.Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ.Hər kəsin mülkiyyət hüququ vardır. İİ.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Bu cür bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə;
24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(031)-169/2021 nömrəli qətnaməsi qismən- İddiaçı mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin alınaraq İddiaçı verilməsi və Cavabdeh hesabına torpaq sahəsində olan tikililərin sökülməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirimədən saxlanılmalıdır.
28. Daşınmaz əmlakın Kadastr və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş 08 may 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçıya məxsus 4.032 ha torpaq sahəsinin cavabdeh tərəfindən 0.4349 ha hissəsi zəbt edilmişdir. X17 tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli 245 saylı mütəxəssis rəyinə əsasən, iddiaçının mülkiyyətində olan 4.32 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0.71 ha hissəsində cavabdeh tərəfindən 595 kv.m və 35 kvm tövlələrin, həmçinin 52 kv.m çoban evinin (tikili) inşa olunduğu müəyyən edilmişdir.
29. Birinci instansiya məhkəməsi isə iddiaçının mülkiyyətində olan 4.032 ha torpaq sahəsinin 0.4349 ha hissəsinin cavabdeh tərəfindən zəbt edildiyi, zəbt edilmiş həmin hissədə cavabdeh tərəfindən 595 kv.m və 35 kv.m tövlələrdən, həmçinin 52 kv.m çoban evindən (tikilidən) istifadə edildiyi qənaətinə gəlmişdir.
30. Apellyasiya şikayətinin bir dəlili ondan ibarət olmuşdur ki, ekspertiza rəyində sahəsi 595 kv.metr və 35 kv.metr olan iki tövlə, sahəsi 52 kv.metr olan çoban evinin 0,71 ha sahədə olduğu göstərilsə də, məhkəmə sözügedən tikililərin 0,4349 ha sahədə yerləşdiyi qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsində konkret olaraq zəbt edilmiş sahənin həcmi dəqiqləşdirilməmişdir.
31. Apellyasiya şikayətinin həmin dəlilinin araşdırılması məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-121/2023 nömrəli qərardadı ilə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir.
32. Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2023-cü il tarixli, 10/4675 saylı ekspert rəyindən görünür ki,: 1-ci sual üzrə. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********847, qeydiyyat nömrəsi **********, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 4.032 ha torpaq sahəsinin 0.1593 ha hissəsi X18 tərəfindən istifadə olunur. 2-ci sual üzrə. Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi İddiaçı məxsus 4.032 ha torpaq sahəsinin cənub hissəsində yerləşir. 3-cü sual üzrə. Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi 0.1593 ha-dır. 4-cü sual üzrə. Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin üzərində X13 məxsus mişar daşından inşa olunmuş ümumi tikinti altı sahəsi 141.1 m2 olan tövlə binasının 52.1 m2 hissəsi, mişar daşı və saman kərpicdən inşa olunmuş 63.6 m2 çoban evi və mişar daşından inşa olunmuş ümumi tikinti altı sahəsi 578.5 m2 olan tövlə binasının 452.5 m2 hissəsi olan tikililər mövcuddur. 5-ci sual üzrə. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********847, qeydiyyat nömrəsi **********, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 4.032 ha torpaq sahəsinin üzərində mişar daşı və saman kərpicdən inşa edilmiş ümumi tikinti altı sahələri 328.2 m2 , 303.2 rn2 , 93.0 m2 , 86.0 m2 , 37.5 m2 tövlə binaları və samankərpicdən inşa edilmiş 53.8 mkv çoban evi mövcuddur. 6-cı sual üzrə. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0.7604 ha torpaq sahəsinin üzərində mişar daşından inşa olunmuş ümumi tikintialtı sahəsi 141.1 m2 olan tövlə binasının 89.0 m2 hissəsi, mişar daşından inşa olunmuş ümumi tikintialtı sahəsi 578.5 m2 olan tövlə binasının 126.0 m2 hissəsi, 126.5 m2 olan talvar və 64.0 m2 çoban evi mövcuddur.
33. Göründüyü kimi, ekspertizanın keçirildiyi vaxt torpaq sahəsinin mövcud vəziyyətinə əsasən iddiaçıya məxsus 4.032 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi 0.1593 ha-dır. Həmin torpaq sahəsi iddiaçıya məxsus 4.032 ha torpaq sahəsinin cənub hissəsində yerləşir və cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin üzərində cavabdehə məxsus mişar daşından inşa olunmuş ümumi tikinti altı sahəsi 141.1 m2 olan tövlə binasının 52.1 m2 hissəsi, mişar daşı və saman kərpicdən inşa olunmuş 63.6 m2 çoban evi və mişar daşından inşa olunmuş ümumi tikintialtı sahəsi 578.5 m2 olan tövlə binasının 452.5 m2 hissəsi olan tikililər mövcuddur.
34. İstinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Orada tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
35. Birinci instansiya məhkəməsi isə İddiaçı mülkiyyətində olan 4.032 ha torpaq sahəsinin 0.4349 ha hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini, zəbt edilmiş həmin hissədə cavabdeh tərəfindən 595 kv.m və 35 kv.m tövlələrdən, həmçinin 52 kv.m çoban evindən (tikilidən) istifadə edildiyini qətnamədə qeyd edərək, iddia tələbini təmin etsə də, qətnamənin nəticə hissəsində torpaq sahəsinin hansı ölçüdə və hissədə zəbt olunması, tikililərin hansı hissədə iddiaçının torpağında yerləşməsini müəyyən etməmişdir.
36. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
37. Yuxarıda sadalanan qanunvericilik aktları normalarına əsasən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı məxsus 4.032 hektar torpaq sahəsinin zəbt etdiyi 0.1593 hektar hissəsindən çıxarılmalı, İddiaçı məxsus 4.032 ha torpaq sahəsində cavabdehə məxsus mişar daşından inşa olunmuş ümumi tikinti altı sahəsi 141.1 m2 olan tövlə binasının 52.1 m2 hissəsi, mişar daşı və saman kərpicdən inşa olunmuş 63.6 m2 çoban evi və mişar daşından inşa olunmuş ümumi tikinti altı sahəsi 578.5 m2 olan tövlə binasının 452.5 m2 hissəsi olan tikililər onun öz vəsaiti hesabına sökülməlidir.
38. Kollegiya qeyd edir ki, iş üzrə cavabdeh şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, keçirilmiş ekspertiza nəticəsində onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə edildiyi müəyyən edilmiş, başqa sözlə ekspert rəyi ilə onun apellyasiya şikayətində göstərilmiş dəlilləri təkzib olunur.
39. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
40. Apellyasiya şikayətinin şahidlərin dindirilməsi, Əmlak Məsələləri Dövlət Komitəsinin, habelə ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin məhkəmə baxışında iştirakının zəruri olması, əvvəlki torpaq sahiblərinin məhkəmədə dindirilməməsi barədə dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Təqdim edilmiş ekspert rəyi ilə cavabdeh tərəfindən iddiaçının torpağına müdaxilə olunması, həmin torpaq sahəsində tikililərin olduğu, nəticə etibarilə mülkiyyətçinin hüququnun pozulması müəyyən edilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixdə keçirilən baxış iclasında cavabdehin vəkili özü də 10-15 sot civarında zəbt faktı olduğunu bildirmişdir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********47 nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Şabran şəhəri ərazisində yerləşən 4.032 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
42. Apellyasiya şikayətinin digər bir dəlili ekspertiza xərcləri ilə bağlıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ekspert rəyi verilməsi üçün X10 450 (dörd yüz əlli) manat ekspertiza xərci ödənilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim olunmuş smetaya əsasən ekspertiza xərclərinin dəyəri 341.32 manat təşkil edir. 43 Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə koordinatların dəqiqləşdirilməsi üzrə mütəxəssis rəyinin verilməsi üçün 95 manat ödəniş edilmişdir. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
44. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat İddiaçı ödənilməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(031)-169/2021 nömrəli qətnaməsi qismən- İddiaçı mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin alınaraq İddiaçı verilməsi və Cavabdeh hesabına torpaq sahəsində olan tikililərin sökülməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus 4.032 hektar torpaq sahəsinin özbaşına istifadə etdiyi 0.1593 hektar hissəsindən çıxarılsın. İddiaçı məxsus 4.032 hektar torpaq sahəsində cavabdehə məxsus mişar daşından inşa olunmuş ümumi tikinti altı sahəsi 141.1 m2 olan tövlə binasının 52.1 m2 hissəsi, mişar daşı və saman kərpicdən inşa olunmuş 63.6 m2 çoban evi və mişar daşından inşa olunmuş ümumi tikinti altı sahəsi 578.5 m2 olan tövlə binasının 452.5 m2 hissəsi olan tikililər onun öz vəsaiti hesabına sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Koordinatların dəqiqləşdirilməsi üzrə mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.