Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1213/2024 13.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X21 və X4 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması barədə ərizəsi üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-238/2023 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi (bundan sonra “ərizəçi”) ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Alıbəyli kəndində yerləşən “Karl Marks” kolxozunda kolxozçu işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə üzrə maraqlı şəxsdir (bundan sonra “maraqlı şəxs” və ya “DSMF”).
3. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Alıbəyli kəndində anadan olmuş, orada ailəsi ilə birlikdə yaşamışdır. Ərizəçi 1969-1979-cu illər ərzində orta məktəbdə oxumuş, 1980-ci il tarixdən 1982-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur.
4. Ərizəçi xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Alıbəyli kəndində yerləşən “Karl Marks” kolxozunda kolxozçu işləmişdir. Lakin rayon işğal olunduqdan sonra onun bir çox sənədləri, o cümlədən əmək kitabçası işğal zonasında qalmışdır. Ərizəçi əmək kitabçasına aid sənəd almaq üçün dövlət arxivinə müraciət etsə də ona bildirmişlər ki, arxiv sənədləri işğal zonasında qaldığından ona heç bir sənəd verə bilmirlər. Ərizəçi gələcəkdə pensiyaya çıxmaq üçün stajının bərpa olunmasını istəyir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına bununla bağlı müraciət etdikdə ona həmin filialdan imtina məktubu vermişlər.
5. Ərizəçi ərizənin hüquqi əsası kimi Mülki prosessual Məcəllənin 307.2.11 və 307.8-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsində ərizəçi ərizəsini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, pensiyası ilə bağlı əziyyət çəkir. 1982-ci ilin iyun ayından 1993-cü ilin oktyabr ayına qədər Zəngilan rayonunda “Karl Marks” adına kolxozda işləmiş, 1993-cü ildə torpaqlar işğal olunduğu üçün sənədləri Zəngilanda qalmışdır. Bununla bağlı Sosial Təminat Nazirliyinin 4 saylı Dost Agentliyinə müraciət etmiş, “Karl Marks” kolxozundan heç bir sənədin çıxarılmaması cavabı gəlmişdir. “Karl Marks” kolxozunda mal-qara saxlamışdır. Kolxozun rəhbəri Vilayət müəllim olmuş, o, 2004, ya da 2005-ci il illərdə rəhmətə getmişdir. X14 ayda 1-2 dəfə yoxlamağa gəlirdilər. Gəlib təsərrüffatı yoxlayırdılar. Elbrus Niftəliyev gəlib mal-qaranı yoxlayırdı, birgə malları sayırdılar. Qaçqınlıq düşəndə 745 baş malı çıxarıb dövlətə təhvil vermişdir. Başqa adam yoxdur, əksəriyyəti rəhmətə getmişdir. 12 nəfər mühasib vardı. Bütün kolxozların hamısı istehsalat birliyinə tabe idi. Hər ayda iki dəfə Elburus Niftəliyev baş mühasib kimi təşkilatı yoxlayırdı. Elburus Niftəliyev bütün kolxozu yoxlayırdı. Hər ayın 15-i orda 24 deyiləsi sənəd vardı, sənədi qəbul edərkən Elbrus Niftəliyev şəxsən gəlib özü iştirak edirdi.
7. Maraqlı şəxsin nümayəndəsi ərizəyə yazılı etiraz vermiş etiraz onunla əsaslandırılmışdır ki, ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.1962-ci il təvəllüdlü ərizəçi xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonunun Alıbəyli kəndində yerləşən “Karl Maks” kolxozunda kolxozçu işlədiyini və əməkhaqqı aldığını iddia edir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-cı bəndinə görə 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2ci yarımbəndinə uyğun olaraq əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir;
8. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur kı, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir;
9. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir;
10. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün ən azı iki nəfər şahid olmalı; şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli), ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar), Həmin Qərarın 13.4-cü bəndinə görə əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir;
11. Göründüyü kimi, müəyyən səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun;
12. Ərizəçi ərizəsində qeyd etmişdir ki, işlədiyini iddia etdiyi dövrləri onunla birgə işləmiş şahidləri təsdiq edə bilər. xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Karl Maks” kolxozunda hazırki iş üzrə ərizəçinin işləməsi faktının təsdiq edilməsi yalnız ərizəçi eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür. Beləliklə qeyd edilənlərə əsasən ərizəçi müvafiq sənədləri hansı səbəbdən əldə etmədiyini sübut edə bilməmişdir.
13. Birinci instansiya məhkəməsində şahid X17 bildirmişdir ki, o, 1978-ci ildə kolxozda mühasib işləmişdir. Ərizəçi bibisi oğludur. Ərizəçi 1982-ci ildən kolxozda işləmişdir. Sonradan kolxoz Elbrusu Gəncədə kursa göndərmişdir. Elbrus kolxozun fermasında işləmiş, ferma da kolxoza aid olmuşdur. Elbrus texnikomu qurtardıqdan sonra gəlib işləmişdir. O, 1993-cü ildə Bakıya gəlmişdir. Ərizəçinin əmək kitabçası rayonda qalmışdır. Hamı rayondan tez çıxmışdır. Rayonda 3-4 nəfər mühasib qalmışdır. O, da son günə kimi rayonda qalıb işləmişdir. O, çıxanda əmək kitabçasını götürmüşdür. Arxiv müdürü başqa adam idi. O, orda bir il maaşsız işləmişdir. 1971-ci ildən isə Bakıda oxuyub işləmişdir. “Karl Marks” kolxozuna tütünçülük, mal-qara, baramaçılıq, üzümçülük, əkinçilik və maldarlıq aid idi. Ərizəçi ilə bir kənddə yaşamışlar. Əvvəllər mağazada işləmiş, sonradan 1978-ci ildən isə “Karl Marks” kolxozunda işləmişdir. Kolxoz burada, yəni Bakıda fəaliyyət göstərməmişdir. Əmək kitabçasında çıxış əmri yoxdur. Kolxoz sədrinin yanına getmiş, kolxozun 1997-ci ilə qədər fəaliyyətdə olması barədə ona arayış vermişdir. Ona sənədi əvvəlki kolxoz sədri vermişdir. O, xəstəliklə pensiyaya çıxmışdır.
14. Birinci instansiya məhkəməsində şahid X9 bildirmişdir ki, ərizəçini işlədiyi vaxtdan Zəngilandan tanıyır. Ərizəçi qonşu kənddə yaşamış, ərizəçi ilə qohumluq əlaqələri yoxdur. Onlarla bir yerdə işləyən Elbrusun əmək stajı fəaliyyətini təsdiq etmək üçün gəlmişdir. Həmin dövrdə o, orada işləmişdir. O, özü kolxozda işləmişdir. Əmək kitabçasının surətini təqdim etmiş, əsli isə nazirlikdədir. O, 1981-ci ildən Aqrar Sənayə kombinatında işləmişdir. Zəngilanda Aqrar sənaye kombinatı özündə 28 kolxoz, 4 təsərrüfatı birləşdirirdi. “Karl Marks” kolxozu kombinatın tabeçiliyində olmuşdur. O, hər ay gedib kolxozu yoxlamışdır. Kolxoz heyvandarlıq, tütünçülük, əkinçiliklə məşğul idi. Ərizəçi ilə həmin təsərüffatda tanış olmuşlar, elə olurdu ki, Elbrus ilə birlikdə mal qaranı yoxlayıb saymışlar. Həmin dövrdə süni mayalanma mütəxəssisləri çox az idi. Süni mayalanma ilə məşğul olan mütəxəssislərdən biri də bunlar olmuşlar. 1981-ci ildən 1993-cü ilə qədər işləmişdir. Onun əmək kitabçası həmin vaxtdan var. Onların əmək kitabçaları Bakıda, digərlərinin isə rayonda saxlanılırdı. Təssərüffat böyük idi. Həmin dövrdə elə bir vəziyyət yaranmışdı ki, hamı öhdəsində olan əmlakı çıxarmağa çalışmışdır. Sənədi çıxarmaqla məşğul olan yox idi. Sona xanımı da tanıyır, “Karl Marks” kolxozunda mühasib işləmişdir. Kolxoz kooperativ mülkiyyətdə ümumi yığıncaqdan asılı idi. Gəlib Sabirabad rayonunda yerləşmişlər. Ərizəçi tək özü rayondan Sabirabad rayonuna mal-qara gətirmişdir. Bura gələndən sonra ərizəçi işləməmişdir. Sabirabada gələndə kolxoz fəaliyyət göstərməmişdir. Mal-qara satılmış, pulu da dövlətə ödənilmişdir.
15. Zəngilan Rayon Məhkəməsinin 2(034)-238/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin olunmuş, Ərizəçi 01 iyul 1982-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu “Karl Marks” adına kolxozun fermasında kolxozçu işləməsi faktının müəyyən olunması qət edilmişdir.
16. Birinci instansiya məhkəməsinin işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, ərizəçi xx.xx.1962-ci ildə Zəngilan rayonu, Alıbəyli kəndində anadan olmuş, Zəngilanda ailəsi birlikdə yaşayıb boya-başa çatmış, 1969-ci il tarixdə orta məktəbə getmiş və 1979cu il tarixdə orta məktəbi bitirmişdir. 1980-ci il tarixdən 1982-ci il tarixə kimi hərbi xidmətdə olmuş, hərbi xidmətdən gəldikdən sonra xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Alıbəyli kəndində yerləşən “Karl Marks” kolxozunda kolxozçu kimi fermada işləmişdir. Lakin rayon işğal olunduqdan sonra onun bir çox sənədləri, o cümlədən əmək kitabçası işğal zonasında qalmışdır. Ərizəçi əmək kitabçasına aid sənəd almaq üçün dövlət arxivinə müraciət etsə də, arxiv sənədləri işğal zonasında qaldığından əldə edə bilməmişdir. Əmək kitabçası ona gələcəkdə pensiyaya çıxmaq üçün stajının bərpa olunması üçün lazımdır. Ərizəçi bununla bağlı maraqlı şəxsə müraciət etmiş, maraqlı şəxs imtina edərək ərizəçiyə məhkəməyə müraciət etməsini bildirmişdir. Həmçinin ərizəçinin qeyd olunan illərdə “Karl Marks” kolxozunda kolxozçu kimi fermada işləməsini onunla birlikdə həmin kolxozda mühasib işləmiş şahid X17 öz ifadəsi ilə təsdiq etmişdir. Eyni zamanda “Karl Marks” kolxozunun tabe olduğu X19 işləmiş şahid X2 fermasının fəaliyyətini tez-tez yoxladığını, ərizəçi ilə bir yerdə mal-qaranı mayalama aparılması məqsədi ilə yoxlama apardığını və ərizəçinin həmin kolxozda 1982-ci ildən rayon işğal olunanadək işlədiyini, rayondan çıxanda ərizəçinin 745 baş malqaranı rayondan çıxarıb dövlətə təhvil verdiyini bildirmişdir.
17. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, ərizəçinin Zəngilan rayonunun “Karl Marks” kolxozunun fermasında işləməsi faktı tam sübuta yetirilmişdir. Ərizəçinin işlədiyi müddətləri hesabladıqda onun 1982-ci ildən 1993-cü ilədək 11 il sosial sığorta stajı tamam olmuşdur.
18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ərizəçinin 01 iyul 1982-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu “Karl Marks” adına kolxozun fermasında kolxozçu işləməsi faktı məhkəmə araşdırması zamanı ərizəçinin və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirildiyindən, onun 01 iyul 1982-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu “Karl Marks” adına kolxozda kolxozçu işləməsi faktını təsdiq edən lazımi sənədləri bərpa etmək mümkün olmadığından, həmçinin bu, hüquqi əhəmiyyətli fakt olduğundan göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci, Mülki Prosessual Məcəllənin 307.2.11, 308ci maddələri, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı Qərarının 1.1-ci, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndləri ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası birinci icraat
20. Maraqlı şəxs apellyasiya şikayəti verilərək qətnamənin ləğv, ərizənin rədd edilməsini xahiş edilmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Şahidlərin hər birinin əmək kitabçasının olmasına baxmayaq, ərizəçinin əmək kitabçasını əldə bilməməsini iddia etməsi şübhə doğurur və ərizəçinin qeyd etdiyi dövrdə “Karl Maks” kolxozunda işləməsi barədə şübhə yaradır. Ərizəçinin əmək kitabçası mövcud olmuşdursa, onu əldə edə bilməməsini və başqa qaydada bərpa edə bilməməsini əsaslandırmamışdır. Eləcə də 1997-ci ildə Azərbaycan dili dövlət dili olmasına baxmayaraq, şahid qismində çıxış edən X7 əmək kitabçasındakı qeyd rus dilində aparılmışdır. Əlavə olaraq əmək kitabçasındakı bütün qeydlər eyni xəttlə aparılmışdır ki, bu məqam da şübhəyə əsas verir.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1829/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə maraqlı şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ərizə rədd edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ərizəni şahid ifadələrinə əsasən təmin etsə də, şahidlərdən biri (X17) ərizəçinin dayısı oğludur, belə olan halda şahidin bibisi oğlunun maraqlarına uyğun izahat verməsi ağlabatandır.
24. Bundan başqa, ifadə vermiş digər şahid X7 əmək kitabçasına nəzər yetirildikdə müəyyən edilir ki, əmək kitabçasında 1997-ci ilə aid qeydlər rus dilində aparılmışdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş və 1995-ci il noyabrın 27-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Ölkə ərazisində rəsmi dövlət dili Azərbaycan dili müəyyən edildiyi halda xx.xx.1997-ci il tarixində əmək kitabçasında aparılmış qeydlərin rus dilində aparılması əsaslı şübhələr yaradır. Qeyd edilən hal birinci instansiya məhkəməsində maraqlı şəxsin nümayəndəsi tərəfindən mübahisələndirilmiş, lakin məhkəmə tərəfindən bu hala qiymət verilməmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə şahidlərdən yalnız biri, ərizəçinin qohumu olan şəxs onun kolxozda işləməsini təsdiq etsə də, eləcə də digər şahidin əmək kitabçasında mübahisəli məqam aşkar edilsə də, birinci instansiya məhkəməsi həmin şahidlərin ifadələrinə əsasən faktı təsdiq etməklə səhvə yol vermişdir.
26. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, şahid X16 rayonu X19, ərizəçi isə “Karl Marks” adına kolxozda işləmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, müəssisənin, həmçinin sözügedən müəssisədə ərizəçinin və şahidlərin əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədin mövcudluğu araşdırılmamış, lazımi sorğular göndərilmədən ərizə təmin edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, birinci instansiya məhkəməsi işin qeyd edilən bu hallarını araşdırmamış, sübuta yetirilmədiyi halda ərizəçinin 01 iyul 1982-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu, “Karl Marks” adına kolxozda kolxozçu işləməsi faktını müəyyən etməklə düzgün olmayan qətnamə çıxarmışdır.
28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2, 3.2.2, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 6 nömrəli 24 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 2.5-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə istinadla əsaslandırmışdır.
a) kassasiya instansiyası məhkəməsindəki icraat
29. Ərizəçi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ərizəçinin xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu, Alıbəyli kəndində yerləşən “Karl Marks” kolxozunda kolxozçu işləməyini iki şahid rəsmən məhkəmədə iştirak edərək təsdiq etmişdirlər. Ərizəçinin qohumu olan Sona Fərhadova “Karl Marks” kolxozunda 1978-ci il tarixdən mühasib işləmişdir, onun orada işləməsi barədə əmək kitabçası da vardır. Həmçinin ikinci şahid Elbrus Niftəliyev əmək kitabçasını məhkəmə iclasında rəsmi olaraq məhkəməyə təqdim etmişdir. Həmin əmək kitabçasında E.Niftəliyevin 1981-ci il tarixdən X19 işlədiyi qeyd olunmuşdur. X23 Kombinatı özündə 28 kolxoz 4 təsərrüfatı birləşdirir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tam əsassız və qanuna ziddir. Belə ki, şahidin əmək kitabçasının rus dilində yazılmasının şübhə doğurması qeyd olunmuşdur. Lakin əmək kitabçasının səhv yazılması vətəndaşın günahı deyildir. Şübhə ilə onun hüquqlarını pozmaq düzgün deyil. Sənədə qarşı hər hansı şübhəsi var idisə, məhkəmə onu aydınlaşdırmalı və ona uyğun qərar verməli idi. Nazirlər Kabinetinin qərarına əsasən pensiya təyin olunması ilə bağlı sənədlər saxlanılmadıqda, ərizəçi ilə bir idarə, təşkilat, kolxoz, sovxozda işləyən onu birgə işdən tanıyan və özlərinin həmin idarədə sənədləri olan 2 nəfərdən az olmayan şahidlərin ifadələrinə əsasən müəyyən olunur. Qərarda qohumluqla bağlı hər hansı qeydlərdən söhbət getmir, həmçinin də həmin qohumunun kolxozda hətta ondan da öncə işləməsini təsdiq edən əmək kitabçası vardır. Qohumluğu əsas gətirib ərizəni rədd etmək ərizəçinin hüquqlarının pozulması deməkdir.
31. Maraqlı şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə etirazın dəlilləri ərizəyə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1889/2024 nömrəli iş üzrə 29 may 2024-cü il tarixli qərarı ilə Ərizəçi kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2(105)-1829/2023 nömrəli qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmışdır.
33. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, əvvəla, maraqlı şəxs apellyasiya şikayətində X5 ifadəsini hər hansı əsasla, o cümlədən də həmin şahidin ərizəçi ilə qohum olması əsası ilə şübhə altına almamış, bununla bağlı hər hansı dəlil irəli sürməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində mübahisələndirilməyən hal üzrə araşdırma apararaq, həmin şahidin ifadəsini qeyd edildiyi kimi ərizəçi ilə qohum olması əsası ilə qəbul etməmişdir.
34. Maraqlı şəxs apellyasiya şikayətində yalnız bir şahidin - X7 əmək kitabçasındakı qeydlərlə bağlı dəlillərini irəli sürməklə, həmin şahidin ifadəsini mübahisələndirmişdir. X5 ifadəsini isə maraqlı şəxs mübahisələndirməmiş, onun ifadəsinin mötəbərliliyi ilə bağlı heç bir dəlil göstərməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətində mübahisələndirilməyən hal üzrə araşdırma aparmaqla X5 ifadəsini qəbul etməməsi mülki prosesin dispozitivlik prinsipi ilə ziddiyyət təşkil etmişdir.
35. Mülki Prosessual Məcəllənin 104-cü maddəsində də şahid kimi dindirilə bilməyən şəxslərin siyahısı müəyyən edilmiş və bu sırada qohumların şahid kimi ifadə verməsinə hər hansı məhdudiyyət qoyulmamışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsinin şahid S.Fərhadovanın ərizəçinin yalnız qohumu olması faktına əsasən onun ifadəsini qəbul etməməsi qanuni əsasa söykənməmişdir. Bir halda ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilmədiyi halda həmin şahidin ifadəsinə də qiymət verib, belə olan halda, həmin şahidin ifadəsi də sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunverciliyin tələbinə uyğun olaraq ümumi qaydada qiymətləndirilməli idi. (MPM, 80, 81, 88-ci maddələri)
36. Üstəlik, X5 Zəngilan rayonu, “Karl Marks” adına kolxozda mühasib işləməsi faktını maraqlı şəxs də şübhə altına almamışdır.
37. Həmçinin əmək kitabçasında 1997-ci ilə aid qeydlərin rus dilində aparılması və “Karl Marks” adına kolxozda deyil, X19 işləməsi əsası ilə digər şahid X7 ifadəsinin qəbul edilməməsi də prosessual qanunvericiliyin yuxarıda adı çəkilən normalardakı tələbinə və işdəki digər sənədlərin müqayisəli təhlilinə uyğun olaraq əsaslandırılmayıb.
38. Həmçinin qeyd edilməlidir ki, X6 əmək kitabçası 1981-ci ildə açılsa da, rus dilində tərtib edilsə də, 1997-ci ildə son qeydiyyat aparılsa da kitabçadakı möhürdə Azərbaycan Respublikasının gerbi əks olunmuş və möhürdə onun aid olduğu təşkilat qeyd edilmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi əmək kitabçasının əslini tələb edib, möhürü vuran təşkilat vasitəsilə də bunu aydınlıq gətirə bilərdi.
39. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən şahidin əmək kitabçasını şübhə altına almış, digər tərəfdən də şahidin Zəngilan rayonu X19 işləməklə, ərizəçi ilə bir yerdə işləməməsinə istinad etməklə ziddiyyətli nəticəyə gəlmişdir. Çünki şahidin əmək kitabçasında onun məhz Zəngilan rayonu X19 işləməsi qeyd edilib. Buna görə də şahidin əmək kitabçası şübhə altına alınırsa, belə olna təqdirdə onun Zəngilan rayonu X19 işləməsi də şübhə altına alınmalı idi.
40. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şahidin əmək kitabçasının ona aid olmayan bir işdə bu qaydada şübhə altına alınması şahidin özünün əmək stajı ilə bağlı mənafeyinə də uyğun sayıla bilməz.
Məhkəmə icraatı iştirakçılarının izahatları
41. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə
43. Bənd 16. İş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir.
44. Arxiv məlumatlarının saxlanılması səbəbindən asılı olmayaraq iş stajı barədə sənədlərin alınması mümkün olmaqdıqda 1965-ci ilə qədər kolxozda olan iş stajı da şahid ifadələri ilə bu qaydada rəsmiləşdirilir.
45. İş stajı barədə sənədlər olduqda imtiyazlı pensiyaya hüquq verən işin xarakteri şahid ifadələrinə əsasən müəyyən edilmir.
46. Bənd 17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
47. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
48. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
53. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 307.1 məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11 məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Maddə 308 məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
55. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
57. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
58. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
59. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1889/2024 nömrəli iş üzrə 29 may 2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2(105)-1829/2023 nömrəli qətnaməsi ləğv edilib, iş yeni baxışa göndərildiyindən, hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Ərizəçi xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Alıbəyli kəndində yerləşən “Karl Marks” kolxozunda kolxozçu işləməsi faktının müəyyən olunması və həmin halın başqa qaydada əldə edə bilməməsi ilə əsaslandırmışdır.
62. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
63. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
64. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
65. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, ərizəçini işlədiyi vaxtdan Zəngilandan tanıyır. Ərizəçi qonşu kənddə yaşamış, ərizəçi ilə qohumluq əlaqələri yoxdur. O, 1981-ci ildən Aqrar Sənayə kombinatında işləmişdir. Zəngilanda Aqrar sənaye kombinatı özündə 28 kolxoz, 4 təsərrüfatı birləşdirirdi. “Karl Marks” kolxozu kombinatın tabeçiliyində olmuşdur. O, hər ay gedib kolxozu yoxlamışdır. Kolxoz heyvandarlıq, tütünçülük, əkinçiliklə məşğul idi. Ərizəçi ilə həmin təsərüffatda tanış olmuşlar, elə olurdu ki, Elbrus ilə birlikdə mal qaranı yoxlayıb saymışlar. Həmin dövrdə süni mayalanma mütəxəssisləri çox az idi. Süni mayalanma ilə məşğul olan mütəxəssislərdən biri də bunlar olmuşlar. 1981-ci ildən 1993-cü ilə qədər işləmişdir. Onun əmək kitabçası həmin vaxtdan var. Onların əmək kitabçaları Bakıda, digərlərinin isə rayonda saxlanılırdı.
66. Şahidin əmək kitabçası 1981-ci ildə açılsa da, rus dilində tərtib edilsə də, 1997-ci ildə son qeydiyyat aparılsa da kitabçadakı möhürdə Azərbaycan Respublikasının gerbi əks olunmuş və möhürdə onun aid olduğu təşkilat (Azərbaycan Respublikası K/T və Ərazaq Nazirliyi Zəngilan rayon kənd təsərrüfatı idarəsi) qeyd edilmişdir.
67. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfata Nazirliyi Zəngilan X25 X1 verilmiş xx.xx.2023-cü il tarixli 09 nömrəli arayışından görünür ki, X3 rayonu X20 baş mühasibi vəzifəsində işlədiyi dövrdə kombinatın tabeçiliyində 28 kolxoz və 4 təsərrüfatlar arası müəssisə fəaliyyət göstərmişdir. (səh.60)
68. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, əmək kitabçasının rus dilində yazılması ərizəçinin və şahidin hərəkətləri (hərəkətsizliyi) ilə bağlı deyildir və ərizəçinin hüququnun pozulması ilə nəticələnməməlidir.
69. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. (MPM-in 308-ci maddəsi)
70. İşdə olan Zəngilan rayon Dövlət Arxivinin 03 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Zəngilan rayonu 1993-cu il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin, o cümlədən Zəngilan rayon “Karl Marks” adına kolxozun sənədləri arxivə daxil olmamışdır. (səh.10)
71. Kollegiya hesab edir ki, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və tədqiq olunmuş digər sübutların müqayisəli təhlili ərizəçinin mövcud tələbinin təmin olunmasına əsas verdiyindən, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
72. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq sübutları Mülki Prosessual Məcəllənin tələblərinə əsasən düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır.
73. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
74. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-238/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.