Məhkəmə qərarları › İş №2(105)-1214/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1214/2023

08.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1214/2023 08.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Fəxrət oğluna qarşı mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş hasarın sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə İddiaçı, onun nümayəndə və vəkili Vəkil, Cavabdeh Fəxrət oğlunun iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh Fəxrət oğluna qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş hasarın sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyət hüququ əsasında ona məxsus **********36 nömrəli çıxarışla 0,10 ha torpaq sahəsində cavabdeh tərəfindən zəbt olunmuş, cavabdeh tərəfindən inşa edilmiş daş hasarın, cavabdehin hesabına sökülməsi, torpaq sahəsindən cavabdehin çıxarılmasını və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində mülkiyyət hüququ əsasında ona məxsus **********36 nömrəli çıxarışla 0,10 ha torpaq sahəsi vardır. 2020-ci ilin yaz ayında torpaq sahəsinə baxmaq üçün gedəndə, torpaq sahəsinin sol tərəfində tikinti işlərinin aparıldığını görmüşdür. Buna görə də Abşeron Rayon Polis İdarəsinə, Abşeron rayon Mehdiabad Bələdiyyəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli 2/********** nömrəli məktubla ona bildirilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində X4 mülkiyyətində olan xx.xx.2009-cu il tarixli, **********36 reyestr nömrəli, 0,10 ha torpaq sahəsinə texniki baxış keçirilmiş və idarənin elektron kadastr bazasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsini sənədi üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Sənəd üzrə torpaq sahəsini 0,02 ha hissəsi (qərb tərəfdən) başqa şəxs tərəfindən mişar daşla hasara alınaraq istifadə olunur. Məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinin 0,02 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Onun Abşeron rayon Polis Şöbəsinə etdiyi şikayət ərizəsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Polis idarəsinin İŞ-nin müstəntiqi X5 tərəfindən ərizəsi üzrə cinayət işinin başlanması rədd edilərək, mübahisənin həlli ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Cavabdehin torpaq sahəsini zəbt etməsi torpaq sahəsinin mülkiyyətçisi kimi hüquqlarını pozur. Buna görə də onun mülkiyyətində olan torpaq sahəsi ona qaytarılmalıdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh Fəxrət oğlu məhkəmə iclasında iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

4. Abşeron Rayon Məhkəməsinin 2(012)-160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Fəxrət oğluna qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş hasarın sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, İddiaçı 50 manat ekspertiza xərcinin tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva).

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahələrinin yerləşmə yerini müəyyən etmək mümkün deyildir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,157.2, 157.4, 180.1, 180.4, 239.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111- ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı Cavabdeh Fəxrət oğlu apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozub, işi tam və hərtərəfli araşdırımayıb, iddiaçının iştirakı olmadan məhkəmə iclası keçirib və nəticədə qanunazidd qətnamə qəbul etmişdir. Birinci növbədə qeyd edir ki, məhkəmə “iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir” kimi öz qətnaməsində qeyd etmişdir. Lakin İddiaçı məhkəmənin sonuncu prosesi barədə məlumatı olmamış, məhkəmənin ünvanladığı məktəbu əldə etməmişdir. Bundan əlavə məhkəməyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini sütbut kimi qəbul etmişdir. Rəydə isə göstərilir ki, Dövlət Aktına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Cavabdeh Fəxrət oğlunun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamamışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacacaqdır. Lakin məhkəməyə təqdim edilmiş elə həmin orqan tərəfindən verilmiş (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi) xx.xx.2021-ci il tarixli, **********09 saylı məktubunda göstərilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində iddiaçının mülkiyyətinə verilmiş (**********36 reyestr nömrəli) 0.10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada göstərilməsi ilə əlaqədar xx.xx.2021ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olmuş müraciəti ilə bağlı sözügedən torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək ona tanıdılması, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olduğu, sənəd üzrə sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olduğu, torpaq sahəsinin 0.02 ha hissəsi (qərb tərəfdən) başqa şəxs tərəfindən mişar daşla hasara alınaraq, istifadə olunduğu barədə məlumat verilmişdir. Məhkəmə təəssüflər olsun ki, rəylər arasında olan və bir-biri ilə yaranan ziddiyyətləri aradan qaldırmadan, prosessual qanunvericiliyin ona verdiyi əlavə və ya təkrar ekspertiza təyin etmək imkanlarından istifadə etmədən müvafiq dövlət orqanlarına ünvanladığı suallar üzrə yekun qənaətə gəlmişdir. Halbuki həmin suallar ümumilikdə nə mütəxəssis, nədə ekspert tərəfindən cavanlandılırmamışdır. Daha sonra məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli 10/7793 nömrəli ekspert rəyində göstərilir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Dövlət aktı əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Cavabdeh Fəxrət oğlunun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Yəni göründüyü kimi təyin edilmiş ekspertiza ümumilikdə keçirilməmiş, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyini təkralamaqla ekspert qarşısında qoyulmuş suallar ekspert tərəfindən cavablandırılmamışdır. Eyni zamanda məhkəmə tərəfindən yuxarıda qeyd olan qeyrimüəyyənlikləri aradan qaldırılmamış, iddiaçının torpaq sahəsinin bir hissəsini zəbt edibetməməsi faktı ümumilikdə araşdırılmamış, torpaq sahəsinin (onun bir hissəsinin) cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyənləşdirməmiş, cavabden hüquqlarının reyestrdə qeydə alınması üçün əsas olmuş sənədin məhz mübahisəli torpaq sahəsinə aidiyyatı olub-olmamasını müəyyən edilməmiş, natamam araşdırılma aparılmaqla yekun məhkəmə aktı qəbul edilmişdir. Birinci arqument ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mülki-prosesssual qanunvericiliyinin tələblərini pozmaqla qətnamə qəbul etmiş, sübutları tədqiq etməmiş, işi hərtərəfli, tam və ədalətli araşdırmamışdır. İkinci arqument ondan ibarətdir ki, məhkəmə iddiaçının sübut qismində təqdim etdiyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli, **********09 saylı məktubu nəzərə almamış, ziddiyətli rəyləri müqayisəli təhlil etməmişdir. Üçüncü arqument ondan ibarətdir ki, məhkəmə ekspertiza rəylərini sübut kimi qiymətləndirmiş, halbuki həmin rəylərdə hər hansı bir suala cavab verilməmişdir. Əksinə təkrarçılığa yolverilmiş, lakin məhkəmə həmin halları nəzərə almamış, sübutları düzgün qiymətləndirməmişdir. Dördüncü arqument ondan ibarətdir ki, məhkəmə cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilib-edilməməsi hissəsində hər hansı bir araşdırma aparmamışdır. Beşinci arqument ondan ibarətdir ki, məhkəmə öz qətnaməsində iddiaçıya məxsus torpaq sahələrinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğunu qeyd etsə də iş materiallarında qeyd edilmiş məsələ ilə bağlı hər hansı bir sübut yoxdur. Həmçinin belə uyğunsuzluq varsa belə bu uyğunsuzluğun nədən ibarət olması, torpaq sahələrinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə faktiki vəziyyətin nədən ibarət olması açıqlanmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qarşı tərəflə razılığa gəlməyə etiraz etmir. Təmsil etdiyi şəxs torpağın ölçülməsi üçün reyestr xidmətinə müraciət edib və bu zaman məlum olub ki, torpaq sahəsinin ölçüsü nəzərdə tutulduğundan azdır və sahənin şərq tərəfindən 2 sot torpaq sahəsi naməlum şəxs tərəfindən zəbt olunub. Bununla bağlı iddiaçı polis orqanlarına müraciət ünvanlayıb. Mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd olunub, amma zəbti kimin icra etdiyi məlum olub. Bundan sonra məhkəməyə müraciət olunub. Məhkəmədə ekspertiza təyin olunub və reyestr xidməti bu dəfə əvvəl zəbtin mövcudluğu barədə verdiyi məlumatı təkzib edərək, vətəndaşa eyni torpaq barəsində iki zidd məzmunlu rəy verir və bildirir ki, torpaq sahələrində sürüşmə olduğundan qərardadda qoyulan suallara cavab vermək mümkün deyil. Məhkəmə də həmin rəyə istinad etməklə qətnamə qəbul edib. Məhkəmə ekspertin qərardaddakı suallara cavab verməsini təmin etməli idi. Eyni orqan bir dəfə zəbt sahə olması barədə, bir dəfə də torpaq sahələrində sürüşmə olması barədə rəy verib. Ekspertiza tədqiqatı da reyestr xidmətinin bazasındakı məlumatlar əsasında həyata keçirilir. Bu səbəbdən reyestr xidmətinin cavabları ilə ekspert rəyləri üst-üstə düşür. Həmin rəylə razı deyil. İş üzrə təkrar ekspertiza təyin olunsa, mübahisə daha obyektiv həll oluna bilər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Fəxrət oğlu, apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, torpağı başqa bir şəxslə birlikdə alıb bölüb, Bölgünü dəqiq aparmışdır və heç bir problemi olmayıb. Torpağı böldüyü şəxs indi də həmin ərazidə yaşayır və sex işlədir. İddiaçı ilə qonşuluq edə bilmədiyinə, müxtəlif bəhanələrlə onun üçün problem yaratdığına görə torpağı başqa şəxsə rəsmi alğı-satqı müqaviləsi əsasında satmışdır. İddiaçı da bundan məlumatlıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-160/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X6 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

15. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

16. Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

19. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********36 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

20. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********23 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh Fəxrət oğlunun mülkiyyətindədir.

21. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********09 saylı məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində onun mülkiyyətinə verilmiş (**********36 reyestr nömrəli) 0.10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada göstərilməsi barədə xx.xx.2021-ci il tarixdə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olmuş müraciətinə baxılmış, sözügedən torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək ona tanıdılmış, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olduğu, sənəd üzrə torpaq sahəsinin 0.02 ha hissəsi (qərb tərəfdən) başqa şəxs tərəfindən mişar daşla hasara alınaraq, istifadə olunduğu aşkar olunmuşdur.

22. Mülki iş materiallarında olan Abşeron rayon Pİ-nin İŞ tərəfindən qəbul edilmiş cinayət təqibinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı mövcud mübahisənin həlli ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.

23. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Dövlət Aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, ********** qeydiyyat nömrəli xx.xx.2014cü il tarixli çıxarışa əsasən Cavabdeh Fəxrət oğlunun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Mülki iş materiallarında olan Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli 10/7793 nömrəli ekspert rəyindən görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Cavabdeh Fəxrət oğlunun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır.

24. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus torpaq sahələrinin yerləşmə yerini müəyyən etmək mümkün deyildir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinə dair nəticəsini əsaslı hesab etsə də, qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, yəni hazırki iş üzrə cavabdehin Cavabdeh Fəxrət oğlunun iddiaya cavab verməli şəxs olmamasını, cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsini həll etmədən iddiaya hüquqi qiymət vermişdir.

26. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual pozuntularla qəbul edldiyindən ləğv edilməli, tələbə yenidən qiymət verilməli, iddia tələbi cavabdehin iddiaya cavab verməli şəxs olmaması əsası ilə rədd edilməlidir.

27. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 28 yanvar 2023-cü il tarixli, AN-İ ******* nömrli daşınmaz əmlakın alğı-satqısı müqaviləsindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********23 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X1.

28. Bununla da müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi iş üzrə qətnamə qəbul edilməmişdən əvvəl hazırki Cavabdeh tərəfindən notarial qaydada bağlanmış alğı-satqı müqaviləsi əsasında X1. Belə olan halda da hazırki iddiaya Cavabdeh deyil, X6 cavab verməli şəxsdir.

29. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

30. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

31. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən qeyd edilən hal məlum olsa da iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə müraciət etməmiş, birinci instansiya məhkəməsi də bu hala münasibət bildirməmişdir.

32. Belə olan halda hazırki iddia tələbinə cavab verməli şəxs X3 qarşı qaşdırmalı olduğundan və Cavabdeh qarşı verilmiş iddia cavabdehin iddiaya cavab verməli şəxs olmadığından təmin edilə bilməz.

33. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, keçirilmiş ekspertizanın xərci də ondan tutulmalıdır.

34. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin 2(012)-160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Fəxrət oğluna qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş hasarın sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar