Məhkəmə qərarları › İş №2(105)-1219/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1219/2022

04.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1219/2022 04.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı "Bank BTB (Azərbaycan)" ASC-nin Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(060)-776/2020 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E. Abdullayev) iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh arasında bağlanmış 23.07.2015-ci il tarixli, 522/ZBGF saylı kredit müqaviləsinin ləğv edilməsi, 33982,96 manat əsas borc, 941,24 manat faiz borcu olmaqla, ümumilikdə, 34924 (otuz dörd min doqquz yüz iyirmi dörd) manat 20 (iyirmi) qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi, tutma Cavabdeh məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 33-də yerləşən 42 nömrəli mənzilə yönəldilməsi və mənzil açıq hərracda satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh iddiaçıya olan borcunun ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh qaytarılması, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 33-də yerləşən 42 nömrəli mənzilin ilkin satış qiyməti 48750 (qırx səkkiz min yeddi yüz əlli) manat məbləğində müəyyən edilməsi, iddia qalan hissədə təmin edilməməsi, 300 (üç yüz) manat qiymətləndirmə xərci Cavabdeh tutularaq “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi” Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilməsi, hazırkı qətnamə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 33-də yerləşən 42 nömrəli mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas ollması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-776/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qətnaməsindən X3, Maraqlı şəxs, X1, X2 və X4 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-776/2020 saylı, 22 fevral 2022-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-776/2020 saylı, 18 mart 2022-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılmasını elektron kabinet vasitəsilə verilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu mənada məhkəmə kollegiyası şikayətin elektron qaydada verilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayət qanunvericiliyin tələbinə uyğun olaraq elektron kabinet vasitəsilə verilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Maraqlı şəxs şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2022-ci il tarixli və onunla bağlı 08 aprel 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar