Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1221/2022 06.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakın vərəsələr arasında bərabər payda bölünməsi və miras əmlakdan pay tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(067)-2218/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı miras əmlakın vərəsələr arasında bərabər payda bölünməsi və miras əmlakdan pay tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi araşdırılaraq müəyyən edilmişdir ki, cavabdeh Bakı şəhəri Nizami rayonunda qeydiyyatdadır. Bu səbəbdən Xaçmaz Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(067)- 2218/2021 nömrəli qərardadına əsasən hazırkı mülki iş aidiyyəti üzrə Bakı şəhər Nizami rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən verilən şikayət Xaçmaz Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(067)-2218/2021 nömrəli qərardadı ilə təmin edilməmiş, iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin aiddiyatı üzrə göndərilməsi barədə qərardad qəbul edərkən kobud prosessual pozuntuya yol vermiş və bu hal nəticədə onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, məhkəmə prosessual hüquq normasına düzgün istinad etməmiş, qanunda nəzərdə tutulan istisna hallara əhəmiyyət verməmişdir. Azərbaycan Respublikası MPMnin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin məcəllənin 39.2-ci maddəsisn əsasən vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə verilir. Mübahisə predmetini təşkil edən əmlak Xaçmaz rayonundadır, miras həmin rayonda açılmış, vərəsəliklə əlaqədar Xaçmaz rayon Notariat Ofisinə müraciət edilmiş, müvafiq şəhadətnamə alınmış, çıxarış əldə edilməsi üçün DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. Bütün bunlar əsas verir ki, iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan hallara düzgün hüquqi qiymət verməmiş və prossual pozuntuya yol verərərk, əsassız qərardad qəbul etmişdir. Sadalan xüsusatlar nəzərə alınmalı, şikayət təmin edilməlidir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayəti və işdə olan sübutları, işin bütün faktiki hallarını qiymətləndirərək belə hesab edir ki, şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(067)-2218/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. AR MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə kollegiyası iddiaçının şikayətində istinad etdiyi müstəsna aidiyyata bağlı dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası MPMnin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının tələbi müstəsna aidiyyatla bağlı deyil. Tərəflər arasında mübahisə miras əmlakda payların müəyyən edilməsi ilə bağlıdır. Bu tipli tələblərə isə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılması istisna edilir. Sadalanan xüsusatları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(067)-2218/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.1, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(067)-2218/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir, dərhal qüvvəyə minir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1221/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1221/2022
06.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver