Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1222/2024 27.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X14 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsində çıxarılaraq torpağın boşaldılması və onun mülkiyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-197/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(026)-2/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, torpağın mülkiyyətə verilməsinə dair JN-169A saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinə verilmiş həyətyanı torpaq sahəsinin 0,03 ha hissəsində torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 100 manat ekspertiza xərcinin müştərək qaydada alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1314/2023 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)- 2/2023 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
3. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması barədə nəticəyə gələrkən, yəni torpağın mülkiyyətə verilməsinə dair JN-169A saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinə verilmiş həyətyanı torpaq sahəsinin 0,03 ha hissəsində torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qənaətinə gələrkən tələbdən kənara çıxmış və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir.
4. İddiaçı həyətyanı torpaq sahəsində qanunsuz çəkdikləri tikilinin (tor hasarın) cavabdehlərin hesabına sökülməsini və torpağın əvvəlki vəziyyətinə qaytarılmasını tələb etdiyi halda, birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 10/5655 saylı ekspert rəyinə istinad etməklə mübahisəli torpaq sahəsinin 0,03 ha hissəsinin İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə düşməsini əsas götürərək həmin hissəyə hüquqi qiymət vermişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zəbt etdikləri, qonşuları X11 və X4 həyətyanı torpaq sahələri ilə sərhəd təşkil edən və JN 169 nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə onun mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən çıxarılaraq torpağın boşaldılması, onun mülkiyyətinə qaytarılması, cavabdehlər barədə xüsusi qərardad çıxarılaraq Qobustan rayon prokurorluğuna göndərilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşadıqları halda Qobustan rayonu Təklə kəndində onun qonşuluğunda torpaq zəbt edərək yaşayış evi tikmişlər. Müəyyən vaxtlarda kəndə gəlib, həmin evdə yaşayırlar. Uzun müddətdir cavabdehlərlə aralarında torpaqla bağlı məhkəmə mübahisəsi gedir. Onlar Təklə kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsini zəbt edərək yaşayış evi tikərkən onun mülkiyyətində olan 0,03 ha torpaq sahəsini də zəbt etmişlər və oranı dəmir torla hasara almışlar. Həmin 0,03 ha torpaq sahəsi həyət qonşuları X11 və X12 ilə qonşu zolağına düşür. Qobustan Rayon Məhkəməsində cavabdehlərə qarşı iddia qaldırmış və həmin torpaq sahəsinə cavabdehlər tərəfindən qanunsuz çəkilmiş tor hasarın onların hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması barədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı Qobustan Rayon Məhkəməsi tərəfindən mübahisənin həll edilməsi üçün mütəxəssis dəvət edilmiş və ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin eksperti mübahisəli torpaq sahəsinə baxış keçirmiş və hər iki təşkilat müvafiq rəyləri ilə təsdiq etmişlər ki, mübahisələndirilən və cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin 0,03 ha-sı onun mülkiyyətində olan torpaq sahəsidir, 0,08 ha torpaq sahəsi isə Qobustan rayonu Təklə bələdiyyəsinin mülkiyyətinə aiddir. Ona görə də, Qobustan Rayon Məhkəməsi bu sənədləri nəzərə alaraq, özünün 17 aprel 2023-cü il tarixli, 2(026)-2/2023 saylı qətnaməsi ilə onun iddia tələbini qismən təmin edərək 0,03 ha torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, yəni onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarmışdır. Həmin qətnamədən cavabdehlər Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)1314/2023 saylı 13 sentyabr 2023-cü il tarixli qətnamə ilə apellyasiya şikayətini təmin etmiş, Qobustan Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(026)-2/2023 saylı qətnaməsini ləğv edərək yeni qətnamə qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi hesab etmişdir ki, mübahisəli torpağın 0,03 ha əvvəlki vəziyyətinə, yəni onun mülkiyyətinə qaytarılması tələbi qoyulmamışdır. Bununla yanaşı, apellyasiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli torpağın 0,03 ha İddiaçı mülkiyyətində olan torpaqdır, 0,08 ha hissəsi isə Təklə bələdiyyəsinin mülkiyyətinə aid olmaqla hasara alınmışdır. Beləliklə, hüquqi sənədlərlə təsdiq olunub ki, cavabdehlər onun mülkiyyətində olan və qonşuları X11 və X4 həyətyanı torpaqları ilə sərhəd təşkil edən 0,03 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Bununla da onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuşdur. Ona görə də, cavabdehlər ona məxsus olan həmin torpaq sahəsindən çıxarılmalıdırlar və torpaq ona təhvil verilməlidir.
7. Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhərində qeydiyyatda olsa da faktiki olaraq Qobustan rayonu Təklə kəndində yaşayır. Yaşadığı evi 2013-cü ildə atası 90-cı illərdə çəpəri əyərək ona verdiyi 0,21 ha həyətyanı torpaq sahəsinin bir tərəfində yerləşir. Uzun illər həmin torpaqdan istifadə etmiş, orada çoxlu sayda ağaclar əkdirmişdir. Cavabdeh onunla qonşuluqda yaşayır və orada zəbt etdiyi 0.50 ha-ya yaxın olan ərazidə 2 ev tikmişdir. Birində oğlu Tural, digərində isə özü yaşayır. Son illərdə evlərin birinə çıxarış almaq istəyəndə ona məlum olmuşdur ki, hazırda oğlunun yaşadığı evin torpaq sahəsinə dair şəhadətnamədə göstərilən 0,08 ha sahənin 0.03 ha-sı onun istifadə etdiyi əraziyə düşür. Hansı ki, evin yerləşdiyi sahə daşla metal torla əhatəyə alınmış və həmin sərhədlərin daxilində faktiki olaraq 0.20 ha torpaq sahəsi mövcuddur. Buna baxmayaraq şəhadətnamədəki torpağın 0.03 ha-nın onların çəpərinin daxilində olmasını və həmin sahənin də ona verilməsini tələb edir. Həmin 0,03 ha sahə onun çəpəri daxilində olduğu halda səhvən iddiaçının şəhadətnaməsinə daxil etmişdir. Onun öz çəpərlədiyi yerin içərisində, kifayət qədər artıq torpaq sahəsi olduğu halda niyə belə çəkilib onu bilmir. Tərtib olunmuş elektron bazada da onun evi və həyətyanı sahəsi bütövlükdə çəpərin sərhədləri daxilində göstərilmişdir. İddiaçı mübahisəli torpaq sahəsini qanunsuz yolla əldə etmişdir. İslahata qədər onun belə bir torpaq sahəsi olmamışdır. İslahatdan sonra da nə bələdiyyə ilə, nə də hansısa vətəndaşla aralarında bu torpaqla bağlı hər-hansı bir ilkin sənəd də yoxdur. İslahat komissiyası heç bir əsas olmadan ona torpaq şəhadətnaməsi verib, onun da 0,03 ha hissəsi onun çəpərinin içərisindən verilmişdir. Ona görə də iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 10/5655 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı naturada göstərdiyi və faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, mülki iş materiallarında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 naturada istifadə etdikləri torpaq sahəsinə aid heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən İddiaçı JN169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək olmamışdır. Mütəxəssis rəyinə əsasən, İddiaçı JN- 169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 naturada istifadə etdikləri torpaq sahəsi ilə həmsərhəd olduğu müəyyən edilmişdir. Qeyd olunan mübahisəli tor hasar naturada mövcud deyildir. 5-ci sual üzrə: Elektron baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin 0.03 ha hissəsi İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə, 0.08 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid (919BB) olan torpaq sahəsinə düşür.
9. Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-197/2024 nömrəli qətnaməsi ilə (hakim Mirələm Quliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zəbt etdikləri JN 169 nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin boşaldılması və iddiaçının mülkiyyətinə qaytarılması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin 0,03 ha hissəsi İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə, 0.08 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid (919BB) olan torpaq sahəsinə düşməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 10/5655 saylı ekspert rəyi ilə müəyyən edildiyindən iddia tələbi təmin edilməlidir.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron Kadastr Sisteminin yaradılması qaydalarına əsasən torpaq sahələrinin əvvəllər mövcud olmuş kadastr göstəriciləri, sənədlərdə göstərilmiş yerləşmə vəziyyəti elə də əhəmiyyət kəsb etmir. Əsasən həmin ərazinin faktiki yerləşmə vəziyyəti nəzərə alınmaqla Elektron - SAD-da yerləşdirilir. İstifadəçinin hasarlanmış həyətyanı torpaq sahəsi onun istifadəsinə verilməlidir və elektron kadastrlar da (yəni torpaq sahəsinin planı və ölçüsü sənədi) bu qaydada tərtib olunmalıdır. Çünki, əvvəllər mütəxəssislərin tərtib etdikləri torpaq sahələrinin plan və ölçüləri çox hallarda qeyri-dəqiqdir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı 2023-cü ildə cavabdehlərə qarşı məhkəmə iddiasına baxsaq, iş üzrə Qobustan Rayon Məhkəməsinin 2(026)-2/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, o, həmin vaxt JN-169A, Kod 30709018 saylı torpaq şəhadətnaməsi üzrə 0.03 ha həyətyanı torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb etmişdir. Onun bu iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1314/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilərək Qobustan Rayon Məhkəməsinin 2(026)-2/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməmişdir. Qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1314/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində yazılanlardan aydın görünür ki, guya iddiaçıya məxsus 0.03 ha torpaq sahəsini zəbt edərək orada qanunsuz tikili inşa etməklərindən, həmin tikililərin onlar tərəfindən sökülməsindən və 0.03 ha torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasından bəhs edilmişdir. İş üzrə Qobustan Rayon Məhkəməsinin 2(026)-197/2024 saylı, xx.xx.2024-cü il tarixli yeni qətnaməsində yazılanlardan aşkar görünür ki, yenə eyni tərəflər arasında eyni əsaslarla, eyni predmet barəsində iddia tələbi irəli sürülmüşdür. Belə ki, yenə eyni iddiaçı JN 169A, kod 30709018 saylı torpaq şəhadətnaməsinə istinad edərək 0.03 ha torpaq sahəsinin boşaldılması və onun mülkiyyətinə qaytarılması tələbini vermişdir. Odur ki, eyni tərəflər arasında eyni predmet barəsində, eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan bu iş üzrə icraata xitam verilməli, iddia tələbi isə təmin edilməməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
17. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X7, X3, X9, X2, X8 və X5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
18. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
19. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
21. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
22. Maddə 164. Sahibliyin müdafiəsi 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
23. Maddə 165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
24. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. (...)
6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
25. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
26. Q.Məmmədova və digərlərinin şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 15 iyul tarixli Qərarı və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarlarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
27. “G.Əhmədovanın şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 24 iyul tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
29. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
30. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
31. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
33. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
34. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)
35. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
37. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
40. Baxılan mübahisə torpaq sahəsinə sahibliyin müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan tutulduğuna və dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.
41. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
42. Kollegiya həmçinin qeyd edir ki, Torpaq Məcəlləsinin 65-ci maddəsinə görə, torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
43. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
44. İşdə olan Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(026)-2/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-169A saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinə verilmiş həyətyanı torpaq sahəsinin 0,03 ha hissəsində torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir.
45. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1314/2023 nömrəli qətnaməsi ilə Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-2/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir.
46. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması barədə nəticəyə gələrkən, yəni torpağın mülkiyyətə verilməsinə dair JN-169A saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinə verilmiş həyətyanı torpaq sahəsinin 0,03 ha hissəsində torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qənaətinə gələrkən tələbdən kənara çıxmış və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. İddiaçı həyətyanı torpaq sahəsində qanunsuz çəkdikləri tikilinin (tor hasarın) cavabdehlərin hesabına sökülməsini və torpağın əvvəlki vəziyyətinə qaytarılmasını tələb etdiyi halda, birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 10/5655 saylı ekspert rəyinə istinad etməklə mübahisəli torpaq sahəsinin 0,03 ha hissəsinin İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə düşməsini əsas götürərək həmin hissəyə hüquqi qiymət vermişdir.
47. Həmin iş üzrə sübut növü kimi qiymətləndirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 10/5655 saylı ekspert rəyinə və istinad olunan mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, elektron baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin 0.03 ha hissəsi İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə düşür.
48. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 10/5655 saylı ekspert rəyinə əsasən, 1-ci sual üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı naturada göstərdiyi və faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. 2-cü sual üzrə: mütəxəssis rəyinə əsasən, mülki iş materiallarında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 naturada istifadə etdikləri torpaq sahəsinə aid heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək olmadı. 3-cü sual üzrə: mütəxəssis rəyinə əsasən, İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 naturada istifadə etdikləri torpaq sahəsi ilə həmsərhəd olduğu müəyyən edilmişdir. 4-cü sual üzrə sualda qeyd olunan mübahisəli tor hasar naturada mövcud deyildir. 5-ci sual üzrə: Elektron baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin 0,03 ha hissəsi İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə,0.08 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid (919BB) olan torpaq sahəsinə düşür.
49. Hazırda baxılan iş üzrə də, cavabdehlər naturada istifadə etdikləri torpaq sahəsinə aid heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişlər. Belə ki, məhkəməyə mübahisəli 0.03 ha torpaq sahəsinin onların qanuni istifadələrində olmasını təsdiq edən mötəbər sübut növü təqdim etməmişlər.
50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən olunmuş göstərilən halı, yəni mübahisəli torpaq sahəsinin 0.03 ha hissəsinin İddiaçı JN- 169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə aid olmasını əsas götürərək yuxarıda göstərilən nəticəyə gəlməsi əsaslı olmuşdur.
51. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, hər iki iş üzrə mübahisə eyni tərəflər arasında olsa da, mövcud iddia eyni predmet və eyni əsaslar üzrə verilməmişdir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.
54. Konstitusiya Məhkəməsinin qərarında həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, yuxarıda sadalanan qanunvericilik aktları normalarına əsasən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin mövcud dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.
56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(026)-197/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.