Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1226/2021 09.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh və onun tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-744/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-744/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı aid olan Abşeron rayonu, Masazır kəndi, A.Abdulhüseynov küçəsi, yolun altı, dalan-2 deyilən ərazidə yerləşən 5 otaqlı tikilidən çıxarılması qət edilmişdir. (hakim C.Səfiyeva) Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-744/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Abşeron rayonu, Masazır kəndi, A.Abdulhüseynov küçəsi, yolun altı, dalan-2 deyilən ərazidə yerləşən 5 otaqlı evdən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, A.Abdulhüseynov küçəsi, yolun altı, dalan-2 deyilən ərazidə yerləşən 5 otaqlı ev onun mülkiyyətindədir və öz vəsaiti hesabına tikilmişdir. Evin ona aid olduğunu təsdiq edən sənədlər keçmiş həyat yoldaşı tərəfindən gizlədildiyindən onları məhkəməyə təqdim edə bilmir. Qayınanası olan Cavabdeh keçən il həmin evə qonaq kimi gəlmiş, bir daha evdən çıxmamışdır. Onun evdən çıxma tələbinə əməl etməyən cavabdeh ailədaxili münaqişələrin yaranmasına səbəb olur və öz mülkiyyət hüquqlarını həyata keçirməyinə imkan vermir. Son aylar cavabdeh ümumiyyətlə onun həmin fərdi yaşayış evindən istifadəsinə maneələr törədir. Belə olan halda da məhkəməyə müraciət etmək zərurəti yaranmışdır və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə mübahisəni həll edərkən bir sıra maddi və prosessual hüquq normalarını pozmuş və qanunsuz nəticəyə gəlmişdir. İşə baxan məhkəmə mübahisənin ədalətli və qanuni həlli üçün ən azından mübahisəli evin mülkiyyətçisinin kimin olduğunu, iddiaçının mübahisəli ev üzrə hansı hüquqlarının olubolmamasını, cavabdehin isə daimi olmasa da vaxtaşırı həmin evdə qalma məcburiyyətinin səbəblərini araşdırmalı, həmin mübahisəli evdə yaşayan iddiaçının sabiq həyat yoldaşı X4, onun qızları X6 və X5 şahid qismində məhkəmə prosesinə dəvət edib dindirməli, ailənin münaqişəli ailə olub-olmamasını araşdırmalı və bütün bunlardan ötrü müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinə, Apşeron rayon Polis İdarəsinə sorğular etməli, iş üzrə mühəndis-texniki ekspertizası təyin etməli olduğu halda, bunları etməmiş, yalnız işə əlavə edilmiş və sübut kimi heç bir hüquqi əhəmiyyət kəsb etməyən Abşeron RİHB-nın Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən məhkəməyə göndərilmiş məlumat xarakterli məktuba istinad etmişdir. Məhkəmə bu qənaətə gələrkən mübahisəli evin hüquqi rejiminin müəyyən edilmədiyinə, iddiaçının həmin evə heç bir hüququnun olmamasına, onun evlə bağlı məhkəməyə hüquqlarını təsdiq edə biləcək "çıxarış" və ya "texniki pasport" təqdim etməməsinə, evin özbaşına tikili olmaqla heç bir rəsmi qeydiyyatının olmamasına diqqət yetirməyərək qeyri-obyektiv və ədalətsiz qətnamə qəbul etmişdir. Buna görə də qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və onun təmin olunmasını, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə etdi ki, o, heç də iddia edildiyi kimi mübahisəli evdə daimi yaşamır, daimi yaşadığı rayona gedib-gəlir, hər gələndə də qızı və uşaqları üçün özüylə kənd məhsulları gətirir. O, qızının dəvəti ilə mübahisəli yaşayış evinə gəlmişdir. Mübahisəli evə gələndə də qızı işlədiyi üçün uşağa baxır. İddiaçı qızını və uşaqlarını incidir, yersiz yerə söyüş söyüb, onları təhqir edir, sakit yaşamağa imkan vermir. İddiaçının dözülməz hərəkətləri nəticəsində hətta gənc qız olan nəvəsi intihara cəhd etmişdir. O, bacardığı qədər bu halların qarşısını almağa çalışır. İddiaçıya etdiyi öyüd-nəsihətin heç bir xeyri olmayıb. Onun həmin evdə daimi yaşamaq fikri yoxdur. Qızının işləri yoluna düşəndən sonra çıxıb gedəcək. Yaşadıqları ev özbaşına tikilidir, lakin iddiaçı kimi qızının da qanunsuz da olsa həmin evdə payı vardır. İddiaçı onun qızının və nəvələrinin yaşadığı həmin evə müvəqqəti gəlib yaşamasına mane ola bilməz. Buna onun hüququ yoxdur. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 da apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, əlavə edərək bildirdi ki, cavabdeh onun anası, iddiaçı isə keçmiş əridir. O, mağazada satıcı işlədiyindən və buna görə də evə axşam saat 8-də gəldiyindən birgə nikahdan doğulmuş azyaşlı oğlunun saxlanılmasında anası ona kömək edir. Ev təsərrüfatının aparılmasında da anası ona yardım göstərir. Anasını o, dəvət etmişdir. İddiaçı özünü apara bilmir. Tez-tez onu və uşaqlarını səbəbsiz yerə söyüb təhqir edir. Yenə anası evdə olanda onun bu aqressiv hərəkətlərinə mane ola bilir. Bu səbəbdən anasının mübahisəli evdən çıxarılmasını istəmir. Mübahisəli ev özbaşına tikili olsa da onların birgə nikahı zamanı tikilmiş, onun da burada payı vardır. Bundan əlavə anası da tikinti zamanı onlara yardım edib. Qətnamə çıxarılarkən bu hal nəzərə alınmalıdır. Apelyasiya baxışı zamanı İddiaçı şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. İddiaşı bildirdi ki, cavabdeh evdə narazılıq yaradır və onu evə buraxmır. Bununla da onun hüquqları pozulur və bu hala son qoyulmalıdır. Evi o, tikib, torpağı da o, alıb. Torpağa və evə dair hazırda rəsmi sənədləri olmasa da, yaxın vaxtlarda torpağın alqı-satqısını rəsmiləşdirib, bundan sonra evini də sənədləşdirəcək. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AR Abşeron RİHB-nın Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2019-cu il tarixli, 355 saylı məktubdan görünür ki, İddiaçı həyat yoldaşı X8, övladları xx.xx.2000-ci il təvəllüdlü X11, xx.xx.2001-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X13 ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, A.Abdulhüseynov küçəsindəki evdə qeydiyyatsız yaşayır. Yenə iş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, xx xxxxxx 2006-cı il tarixli, 04 saylı qərarla Masazır Bələdiyyəsi tərəfindən X10 600 manata 0,10 ha torpaq sahəsi satılmışdır. Yenə də iş materiallarında olan Masazır Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 04 saylı qərarına əsasən X10 6xx xxxxxx 1000 kv.metr torpaq sahəsi satılmışdır. İşdə olan xx xxxx 2020-ci il tarixli, AR-İİ 063303 saylı etibarnamədən görünür ki, X1 Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 04 saylı qərarına əsasən ona ayrılmış 0,10 ha torpaq sahəsinin 0,02 ha hissəsinə dair özəlləşdirmək üçün sənədlər toplamaq, bu sahəyə dair müavfiq sənədlər almaq və aldıqdan sonra oraya sərəncam vermək və s. səlahiyyətlərini 70 il müddətinə İddiaçı vermişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-744/2020 saylı qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd olunmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı ilə cavabdehin qızı 1999cu ildə nikaha girmiş və onların bu nikahdan 3 uşaqları olmuşdur. Lakin hazırda onların nigahları pozulmuşdur. İddiaçı ilə cavabdehin qızı birgə nikahda olan vaxt Abşeron rayonu Masazır qəsəbəsində 0,02 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Lakin iş materiallarında həmin tikintiyə dair hüquq müəyyənedici sənədlər mövcud deyildir, yəni o, özbaşına tikilidir. İddiaçı tərəfindən işə əlavə edilmiş sənədlərin təsdiq olunmamış surətlərindən görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 04 saylı qərarına əsasən X10 6xx xxxxxx 1000 kv.metr torpaq sahəsi satılmışdır. xx xxxx 2020-ci il tarixli, AR-İİ 063303 saylı etibarnamə ilə X14 ona ayrılmış 0,10 ha torpaq sahəsinin 0,02 ha hissəsinə dair özəlləşdirmək üçün sənədlər toplamaq, bu sahəyə dair müavfiq sənədlər almaq və aldıqdan sonra oraya sərəncam vermək və s. səlahiyyətlərini İddiaçı vermişdir. Lakin təklif edilsə də X7 həmin torpaq sahəsinə dair hüquqlarının rəsmi reyestrdə qeydə alınması barədə iddiaçı hazırda məhkəməyə sübut təqdim edə bilməmişdir. İşin tədqiq olunan faktiki hallarına qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, torpaq sahəsi və ev iddiaçı və cavabdehin qızının iştirakı ilə məhz birgə nikah dövründə əldə edilib, cavabdeh də bir neşə müddətdir ki, həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanıb, onun həmin tikiliyə münasibətdə iqtisadi marağı formalaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun cavabdeh də oradan istifadə edə bilər, çünki həm qüvvədən düşmüş, həm də hazırkı Mənzil Məcəlləsinin anoloji (xüsusi mülkiyyət hüququ ilə qeydə alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları buna imkan verir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68.1-ci və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Qeyd edildiyi kimi, mübahisə predmeti olan yaşayış evi, onun yerləşdiyi torpaq sahəsi iddiaçının, onun keçmiş arvadının hər hansı birinin adına qeydə alınmadığından, tərəflərin bu evin tikintisində iştirakı istisna edilmədiyindən onların hər ikisinin bu evlə bağlı hüquqları bərabər hesab edilməlidir. Mübahisəyə bu baxımdan yanaşılqdığında isə həmin mübahisəli evdən keçmiş arvadının anası Cavabdeh çıxarılması barədə İddiaçı iddiasının əsassız olması şübhə doğurmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbayca Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası sadalanan bu normaların tələbi baxımından çıxış edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh mübahisəli evdən çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda, Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abdullayev küşəsində, dalan 2 ünvanındakı 5 otaqlı fərdi yaşayış evinə dair İddiaçı kommunal xərclər ödəməsindən, onda xx xxxx 2020-ci il tarixli, AR-İİ 063303 saylı etibarnamənin olması faktından, yəni hüquqdan sui-istifadə etməsi Cavabdeh güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evə dair tərəflər eyni hüquqlara malik olduqlarından iddia təmin edilməməlidir və mübahisə üzrə məhkəmənin gəldiyi nəticə işin nə faktiki hallarına, nə də qüvvədə olan maddi hüquq normalarına uyğun deyildir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə sübut təqdim edə bilməmiş, əksinə, Cavabdeh şikayətin dəlillərini sübuta yetirə bilmişdir. Belə ki, AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. AR MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilib iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməli, cavabdehin apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 10 manat dövlət rüsumunun əvəzi isə iddiaçıdan tutularaq ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)- 744/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin olunmasın. İddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumu onun özünə aid olunsun. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi İddiaçı tutularaq Cavabdeh qaytarılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1226/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1226/2021
09.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver