Məhkəmə qərarları › İş №2(105)-1226/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1226/2024

15.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1226/2024 15.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , İddiaçı, onun nümayəndəsi Vəkil, cavabdeh Quba-Xaçmaz regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Quba rayonu Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbi və Quba-Xaçmaz regional Təhsil İdarəsinə qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2(027)-1141/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Quba rayonu, Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbi və Quba- Xaçmaz regional Təhsil İdarəsinə qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdeh Quba rayon Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbinin xx.xx.2023-cü il tarixli 20 nömrəli əmrinin etibarsız sayılaraq ləğv edilməsi, işə bərpa edilməyi, işə bərpa olunan günə qədər hər ay üçün iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Quba rayonu Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbinə əmək müqaviləsi bağlamaqla ibtidai sinif müəlliməsi vəzifəsinə işə qəbul edilmişdir (əmr №124/k ; xx.xx.1991).Quba rayon Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbinin xx.xx.2023-cü il tarixli 20 №li əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “c“ bəndinə əsasən sertifıkasiyadan keçməmiş hesab edilərək onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Quba rayon Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbinin xx.xx.2023-cü il tarixli 20 №li əmrini əsassız və qanunsuz hesab edir. Məktəbdə işlədiyi otuz iki ildə əmək qanunvericiliyinin tələblərinə əməl etmiş, müəssisənin qanuni mənafeyinə ziyan gətirməmiş, daxili intizam qaydalarını pozmamış, qüsursuz fəaliyyət göstərmiş, nümunəvi işçi kimi dəfələrlə mükafatlandırılmışdır. 12 senytabr 2022-ci ildə işdən evə qayıdarkən avtomobil qəzasına düşmüşdür. Yolu keçərkən avtomobilin onu vurması nəticəsində təcili olaraq Sumqayıt şəhəri Hospitalına gətirilmişdir. Hospitalın 097772 saylı epikrizinə əsasən ağır kəllə-beyin travması, baş beyin əzilməsi, frontal və gicgah sümüklərinin qapalı sınığı, sol bud sümüyünün yuxarı üçdə birinin ikiqat qapalı yerdəyişən sınığı, sol qalça sümüyünün qapalı yerdəyişən sınıqları diaqnozu qoyulmuşdur. O, 22 oktyabr 2022-ci ildən 10 mart 2023-cü ilədək 6 ay xəstəlik vərəqəsində olmuşdur. ƏM-nin 129-cu maddənin 2-ci hissəsinə və 130-cu maddəsinə əsasən məktəbin direktoru Nigar Məmmədli ona 2023-cü ildə 4 aya (mart, aprel, may, iyun) ödənişsiz məzuniyyət vermişdir. Məktəbin direktoru N.Məmmədli 2023-cü ilin iyun ayında ona şifahi xəbərdarlıq edərək sertifikatlaşmada iştirak etməsə onu işdən çıxaracağını bildirmişdir. 20 avqust 2023-cü ildə o ağır xəstə ola-ola Sumqayıt şəhərinin 31 saylı tam orta məktəbində imtahana göndərilmişdir. İmtahan zamanı halı pisləşmiş, onun üçün təcili yardım çağırmışlar, özünə gələndə artıq imtahan bitmişdi. Məktəbin direktoru qanun pozuntusuna yol verərək onu əsassız imtahana cəlb etmişdir. Sözsüz ki, bu imtahanı belə vəziyyətdə lazımi səviyyədə verə bilməzdi. Məktəbin direktoru N.Məmmədli AR "Əmək Məcəllənin və əmək qanunvericiliyə aid olan normativ hüquqi aktların tələblərini yetirmək", "Kollektiv müqavilələrinin, sazişlərinin şərtlərinə onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək" haqqında Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “b” və “ç” bəndlərinin tələblərini, müəssisə daxili intizam qaydalarının 20(a) bəndini pozaraq, Kollektiv Sazişinin 2.9-cu maddəsini pozaraq, məktəbin fəaliyyətinin tənzimlənməsində məktəb üzrə əmrlərin verilməsi haqqında məktəb Nizamnaməsinin 5.4.10-cu bəndini pozaraq, ƏM-nin 138-ci maddəsinin 1, 2-ci hissələrini pozaraq, ona ödənişsiz məzuniyyətinin başlanması, qurtarması və işə çıxması haqqında hec bir əmr imza ilə verməmişdir. AR Elm və Təhsil Nazirliyi Sertifikatlaşdırma Şurası Qaydasının 2.5-ci, 2.5.5-ci, 2.7-ci. 3.0-cu bəndləri kobud şəkildə pozmuşdur. Belə ki, Sertifikatlaşdırma Şurası 2.5-ci və 2.5.5-ci bəndlərinə əsasən 29.08 2023-cü ildə Sumqayıt şəhərinin 31 saylı məktəbində sertifikatlaşdırmanın aparılmasını bu qaydaya əsasən təşkil etməli olduğu halda sertifikatlaşdırmanı təşkil edə bilməmişlər. Həmin qaydanın 2.7-ci bəndinə görə, ictimai nəzarətin təmin edilməsi məqsədilə sertifikatlaşdırma Şurası dövlət orqanlarının, beynəlxalq və qeyri-hökümət təşkilatlarının, habelə, media nümayəndələrinin Sertifikatlaşdırmaya müşahidə qismində dəvət etməliydi. Sertifikatlaşdırma Qaydasının 3.1-ci bəndinə əsasən Sertifikatlaşdırma iki mərhələdən ibarət olmaqla və video çəkiliş tətbiq edilməklə keçirilir. Qaydanın 3,10-cu bəndinə əsasən sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayılır. O, 120 dəqiqədən 20 dəqiqəyə suallara cavab vermiş, sonradan halı pisləşərək, özünə gələndə artıq imtahan bitmişdi. Yəni, əgər halı pisləşməsəydi qalan 100 dəqiqədə o, testi tam icra edə bilərdi. Beləliklə cavabdeh AR Elm və Təhsil Nazirliyinin Sertifikatlaşdırma Şurası Qaydalarının 3.1-ci, 3.10-cu, 2.5.5-ci, 2.7-ci bəndlərini pozaraq heç bir video çəkiliş aparmadan onun halının pisləşməsini çəkmədən, heç bir akt tərtib etmədən halının pisləşməsi barədə AR Elm və Təhsil Nazirliyinə heç bir məlumat verməmiş və bununla da işdən əsassız çıxarmaşdır. Beləliklə AR Elm və Təhsil Nazirliyinin Sumqayıt şəhəri 31 saylı tam orta məktəbdə yerləşmiş Sertifikatlaşdırma Şurası AR “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 8.0-cı, 8.0.8-ci maddələrini, AR NK-nin 2020-ci 30 aprel tarixli 155 nömrəli qərarını, yəni bu normativ hüquqi aktını pozaraq, Sertifikatlaşdırma Qaydasının 2.5.5-ci, 2.7-ci, 3.1-ci, 3.10-cu bəndlərini pozmuşdur. Quba Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2(027)-1141/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Quba rayonu, Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbi və Quba-Xaçmaz regional Təhsil İdarəsinə qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir (hakim Vüqar Seyidov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2(027)-1141/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəflər arasında əmək münasibətlərinin xx.xx.1991-ci il tarixdə yarandığını, həmin əmək münasibətləri yaranarkən təhsil verənlərin sertifikasiyadan keçməsi ilə bağlı qanunvericilik normalarının qüvvədə olmaması, təhsil verənlərin sertifikasiyadan keçməsi ilə bağlı qanunvericilik qəbul edildikdən sonra işə qəbul olmuş təhsil verənlərə tətbiq edilməsi nəzərdə tutulmasına baxmayaraq, qanunsuz və əsassız olaraq onun barəsində vəziyyətini pisləşdirən qanunvericilik aktının geriyə qüvvəsinin olmaması nəzərə alınmadan tətbiq edilmişdir. Bununla yanaşı mülki iş materialları ilə müəyyən edilir ki, o, sertifikasiya zamanı səhhəti pisləşdiyi üçün X6 ona təxirəsalınmaz tibbi yardım göstərmişdir. Ölüm-dirim vəziyyətində olan, səhhətinin pisləşdiyi üçün imtahan vermək üçün sağlam durumda olmaması nəzərə alınmadan onu məcburi qaydada sertifikasiya imtahanında iştirak etməsinə məcbur etmişlər. Halbuki, o, xx.xx.2023-cü il tarixdə keçirilmiş imtahanda üzrlü səbəblərdən imtahanda iştirak etməməli idi. Bu isə qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi 32 il müddətində müəllimə kimi fəaliyyət göstərərək dəfələrlə təltif edilmiş iddiaçıya münasibətdə Elm və Təhsil Nazirliyi onun hüquqlarını pozaraq sertifikasiyadan keçməli olmamasına baxmayaraq onun sertifikasiya imtahanlarından məcburi qaydada keçməsini tələb edib, səhhətində olan problemləri belə nəzərə almamışdır. Bütün bunlar isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Mülki iş materialları ilə də müəyyən edilir ki tərəflər arasında əmək münasibətləri xx.xx.1991-ci il tarixdə yaranmışdır. Lakin hazırda onunla əmək münasibətlərinə xitam verilməsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydaları əsas olmuşdur. Göründüyü kimi 32 ilin müəlliminə, tərəflər arasında əmək münasibətləri yarandığı vaxtdan 30 il sonra qanuni qüvvəyə minmiş sertifikatlaşdırma Qaydaları tətbiq edilmişdir. Göründüyü kimi sertifikatlaşdırma Qaydaları onun hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Lakin buna baxmayaraq həmin qaydalar məhz onun barəsində də tətbiq edilmişdir. Sertifikatlaşdırma qaydası yalnız həmin qaydaların hüquqi qüvvəyə mindiyi vaxtdan sonra əmək münasibətlərinə daxil olan şəxslər barəsində tətbiq edilmsi mümkündür. Göstərilənlərə əsasən hesab edir ki, onun vəziyyətini ağırlaşdıran hüquqi aktların tətbiq edilməsi qanunvericiliyin tələblərinə ziddir. Mülki iş materiallarından görünür ki, o, sertifikatlaşdırma zamanı səhhətinin pisləşdiyini bildirərək bu səbəbdən də, təşkil edilmiş imtihanda üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirsə də, buna məhəl qoyulmadan onu məcburi qaydada test imtahanlarını verməyə cəlb etmişlər. Lakin o, təqdim olunmuş test suallarının cəmi 20-ni cavablandırsa da, səhhəti daha da pisləşdiyi üçün digər sualları nəinki cavablandırmaq, heç oxumağı belə bacarmamışdır. İddiaçının test imtahanı zamanı səhhətinin pisləşməsi Azərbaycan Respublikası“Tibbi ərazi bölmələrinin idarəetmə birliyi” “Sumqayıt tibb mərkəzi” X5 X6 Stansiyasının xx.xx.2023-cü il tarixli, 1952 nömrəli Arayışı ilə tam təsdiq edilir. Lakin buna baxmayraq məhkəmə həmin Arayışı sübut kimi qəbul etməmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həqiqətin müəyyən edilməsi üçün mütləq şəkildə sertifikatlaşdırma ilə bağlı təşkil edilmiş test imtahanının keçirildiyi inzibati binada aparılmış videoçəklişlər məhkəmə tərəfindən əldə edilərək mülki iş materiallarına əlavə edilməli, həmin videogörüntülərə baxış keçirilərək həqiqət müəyyənləşdirilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Quba-Xaçmaz regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Quba rayonu Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbin direktoru məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam YOXlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini YOXlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-2-395F/2023 saylı əmrindən görünür ki, cari ilin 20-24 iyun tarixlərində təhsilverənlərin sertifikatlaşdırmasının təşkili və keçririlməsi təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-2-537F/2023 saylı əmrindən görünür ki, 29 avqust 2023-cü il tarixdə sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin siyahısı təsdiq edilmişdir. İş materiallarında olan Quba rayon Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 20 nömrəli əmrindən görünür ki, Təsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının YOXlanılması məqsədi ilə 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertfikatlaşdırmada "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertfikatlaşdırma Qaydası" ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Quba rayon Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbin ibtidai sinif müəllimi X2 təkrar sertfikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 4 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir (i/v 57). İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X5 X6 Stansiyasının 25 sentyabr 2023-cü il tarixli 1952 nömrəli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:02də ünvan 1 ünvan: Quba şəhər Barlı qəsəbəsi) 1970-ci il təvəllüdlü İddiaçı adına 2 b saylı çağırış daxil olmuşdur. Xəstəyə tibbi yardım göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Quba rayonu, Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbində ibtidai sinif müəllimi işləmişdir. Təsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının YOXlanılması məqsədi ilə xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertfikatlaşdırmada "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertfikatlaşdırma Qaydası" ilə müəyyən olunmuş keçid balını toplaya bilmədiyindən Quba rayonu, Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 20 saylı əmri ilə, X2 təkrar sertfikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 4 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. Birinci instansiya məhkəməsi “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci və 5.4-cü bəndlərinə istinad edərək iddianı təmin etməmişdir. Belə ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında əmək müqaviləsinin ləğv olunması ilə əlaqədar fərdi əmək mübahisəsi yaranmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı işdən çıxarılmasının qanunsuz və əsassız olduğunu, cavabdeh isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə tam əməl olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin b bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin maddəsinin c bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, ləğv edilə bilər. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi tərəflər arasında əmək münasibətlərinin xx.xx.1991-ci il tarixdə yarandığı, həmin əmək münasibətləri yaranarkən təhsil verənlərin sertifikasiyadan keçməsi ilə bağlı qanunvericilik normalarının qüvvədə olmaması, təhsil verənlərin sertifikasiyadan keçməsi ilə bağlı qanunvericilik qəbul edildikdən sonra işə qəbul olmuş təhsil verənlərə tətbiq edilməsi nəzərdə tutulmasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.2-ci bəndinə əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının YOXlanılması məqsədilə 5(beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Göründüyü kimi həmin qaydalar imperativ xarakter daşıyır və əmək müqaviləsinin ondan əvvəl və ya sonra bağlandığı halları istisna etmədən bütün təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər üçün məcburi xarakter daşıyır. Qeyd edilən Qaydanın 1.3cü bəndində sertifikasiyadan keçməyən şəxslərin dairəsi müəyyən edilmişdir ki, iddiaçı isə hazırki halda həmin bəndin əhatə dairəsinə düşmür.Həmçinin həmin qaydalarda sertifikatlaşdırmadan keçməyən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər üçün təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ müəyyən edilmişdir ki, hazırki işdən də görünür ki, iddiaçı hazırda təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün əmək müqaviləsi ləğv edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixdə keçirilmiş imtahanda üzrlü səbəblərdən imtahanda iştirak etməməli olmasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə iclaslarında izahatında da, ona imtahanda iştirak edə bilməməsi barədə arayışın verilmədiyini etiraf etmişdir. İddiaçı həmçinin apellyasiya şikayətində test imtahanı zamanı səhhətinin pisləşdiyini bildirərək videogörüntülərə baxış keçirilməsi barədə məhkəməyə vəsatət vermişdir. Bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən cavabdeh Quba-Xaçmaz regional Təhsil İdarəsinə videogörüntülərin təqdim edilməsi təklif edilmiş, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Quba-Xaçmaz regional Təhsil İdarəsinin nümayəndəsi həmin videogörüntülərin olmadığını bildirmiş, lakin iddiaçı tərəfindən hansı sualların hansı saatda cavablandırılması barədə çıxarışlar təqdim etmişdir.Həmin sənədlərdən də görünür ki, imtahan saat 11:02-də başlamış, iddiaçıya əlavə 05 dəqiqə verilməklə 2 saat 05 dəqiqə davam etmiş və saat 13:07-də bitmişdir.İddiaçı həmçinin imtahan zamanı səhhətinin pisləşdiyini, buna dair Sumqayıt şəhəri, TƏBİB “Sumqayıt Tibb Mərkəzi” X5in X6 Stansiyasının arayışının olduğunu bildirmişdir.Qeyd edilən arayışdan görünür ki, iddiaçının adına daxil olmuş çağırış imatahan vaxtı başlamazdan yarım saat əvvəl – saat 10:32 də olmuş və ona tibbi yardım göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasını təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2(027)-1141/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar