Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1227/2025 27.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-384/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-384/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 1.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu əvəzinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (X3). Həmin qətnamədən Cavabdeh nümayəndəsi (oğlu) Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Birinci instansiya məhkəməsi şikayəti işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini yoxlayaraq bu nəticəyə gəlir ki, həmin şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsində müəyyən olunmuş forma və məzmunda tərtib edilməlidir. Həmin maddəyə əsasən, apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Cavabdeh nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayətində məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslara, fakt və hallara, habelə onları təsdiq edən sübutlara istinad etmədən şikayətini iki cümlə ilə belə ifadə etmişdir: “İddiaçı aldığımız 4000 manat borc qaytarıldığı halda X3 qərəzli şəkildə təkrar 1000 manat borcun qaytarılması üçün qərar çıxardıb. X3 cənablarının qərarının ləğv edilməsini xahiş edirəm”. Göründüyü kimi, verilmiş apellyasiya şikayəti məzmun etibarilə MPM-in 361.1.1- 361.1.7-ci maddələrinin tələblərinə cavab vermir. Bundan əlavə, MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır... Verilmiş apellyasiya şikayəti nə Cavabdeh, nə də onun nümayəndəsi Nümayəndə tərəfindən imzalanmamışdır. Bundan başqa, MPM-in 363.1.2-ci maddəsinə müvafiq olaraq, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti geri qaytarılır. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmiş, apellyasiya şikayətinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi qeyd olunsa da, həmin pulun Sumqayıt Apellyasiya Məhkəməsinin deyil, Qusar Rayon Məhkəməsinin adına ödənildiyi göstərilmişdir. Bu isə apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun faktiki olaraq ödənilməməsi hesab olunur. Göründüyü kimi, cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinin verilməsi zamanı Mülki Prosessual Məcəllənin 361.1, 361.2 və 363.1.2-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Belə vəziyyətdə verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. MPM-in 363.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; ... 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366-cı maddəsinə əsasən, (366.1) apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. (366.2) Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. (366.3) Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. (366.4) Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Həmin apellyasiya şikayətinin tərtibatında və məhkəməyə verilməsində bir sıra prosessual tələblərə əməl olunmamışdır ki, bu da MPM-in 363.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılması üçün əsasdır. Lakin birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirmədən, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu lazımınca yoxlamadan оnu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti MPM-nin 361.1, 361.2 və 363.1.2-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyindən işə hazırkı mərhələdə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də həmin şikayət üzrə apellyasiya qeyri-mümkün sayılaraq qəbul olunmamış hesab edilməli və iş materialları həmin apellyasiya şikayətinə münasibətdə MPM-in tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qusar Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363-366, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırkı mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)- 384/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti işlə birlikdə həmin şikayətə münasibətdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1227/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1227/2025
27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver