Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1228/2022 23.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(029)-147/2022 saylı qətnaməsindən Cavabdeh Şıxseyid qızının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(029)-147/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Adil Vəliyev) İddiaçı Cavabdeh Şıxseyid qızına qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh 3600 manat məbləğində kompensasiya ödənilməklə Qusar rayonu, Cibir kəndində yerləşən, 26 sentyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və X9 mülkiyyətində olan fərdi yaşayış evinə Cavabdeh istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 3600 manat məbləğində kompensasiya verilməklə ona məxsus Qusar rayonu, Cibir kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və həmin evdən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Qusar rayonu, Cibir kəndində yerləşən 0,16 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin əmlaklara dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışla onun adına rəsmiləşdirilmişdir. Cavabdeh onun mərhum oğlu X4 həyat yoldaşıdır. Cavabdeh 1988-ci ildə həmin evə gəlin köçmüş və bir müddət Rusiya Federasiyasında yaşadıqdan sonra yenidən ona məxsus evə qayıdaraq orada yaşamağa başlamışdır. Hazırda o, cavabdehin ona məxsus həmin evdə yaşamasını istəmir. Belə ki, cavabdeh onunla yola getmir, evdə söz-söhbətlər yarandığından birgə yaşayış qaydaları pozulur. Nəticədə öz mülkiyyətində olan evə sahiblik edə bilmir. Hətta cavabdeh 2020-ci ilədək onu, ümumiyyətlə, həmin evə buraxmayaraq onu şəxsi mülkiyyətindən məhrum etmişdir. Bununla əlaqədar iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(029)-149/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında öz evinə köçürülmüşdür. Hazırda öz evində şəraitsiz halda olan yalnız bir otaqdan istifadə edə bilir. Bundan başqa, cavabdeh onun öz həyətində əkdiyi 35 illik 7 ədəd qoz ağaclarını məhv etməklə ona xeyli miqdarda zərər vurmuşdur. Cavabdehlə onun arasında bu evdən istifadə hüququna və həmin hüquqa xitam verilməsinə dair hər hansı razılaşma yoxdur və bu səbəbdən də müvafiq kompensasiya verilməsi yolu ilə cavabdehin istifadə hüququna xitam verilməlidir. Hazırda cavabdeh ona məxsus fərdi yaşayış evindən istifadə edir. Onların yaşadıqları Cibir kəndində oxşar evin aylıq kirayə haqqı 50-100 manat təşkil edir. Cavabdehə ayda 100 manat ödəməklə onun evi ilə eyni şəraitli evdə normal şəkildə yaşaya bilər. O, mülkiyyətçi kimi cavabdehə evdən istifadə hüququna xitam verilməsi üçün cavabdehin kirayədə yaşayacağı evin 3 illik kirayə haqqını, yəni 3600 manat məbləğində kompensasiya verilməsinə razıdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. O, 02 fevral1986-cı il tarixdə rəsmi nikah bağlamaqla İddiaçı doğma oğlu X15 ilə evlənmişdir. O, X15 ilə evləndiyi vaxtdan Qusar rayonu, Cibir kəndində yerləşən İddiaçı məxsus yaşayış evinə gəlin köçmüş, özünə məxsus bütün cehiz əmlakını da həmin evə gətirmişdir. 02 fevral 1986-cı il tarixdən hal-hazıradək, yəni 36 ildən çoxdur Qusar rayonu, Cibir kəndində yerləşən İddiaçı məxsus evdə yaşayır, həmin evdə qeydiyyatdadır. X2 ilə birgə nikahlarından 29 dekabr 1986-cı il tarixdə X10, 06 sentyabr 1988-ci il tarixdə X11 və 25 avqust 1992-ci il tarixdə X20 adlı uşaqları anadan olmuşdur. Həmin uşaqlardan iki qız uşağı ailə həyatı qurmuş, 25 avqust 1992-ci il təvəllüdlü X16 isə hazırda onunla birlikdə həmin evdə yaşayır. Onun və X5 başqa yaşayış evləri yoxdur. Onun əri X15 01 iyun 2003-cü il tarixdə vəfat etmişdir. İddiaçı həyat yoldaşı X26 26 mart 2008-ci il tarixdə vəfat etmişdir. İddiaçı digər övladları başqa evlərdə, iddiaçıdan ayrı yaşayırlar. Hazırda mübahisəli evdə İddiaçı, o və onun oğlu X16 yaşayır. İddiaçı Rusiya Federasiyasının vətəndaşı, o isə Azərbaycan Respublikasının vətəndaşıdır. Onun həmin evdən istifadə hüququna xitam verilməsi üçün heç bir hal mövcud deyildir. Lakin bununla belə Qusar Rayon Məhkəməsi 23 fevral 2022-ci il tarixli, 2(029)-147/2022 saylı qətnamə ilə əsassız olaraq iddianı təmin etmişdir. Qusar rayonu, Cibir kəndində yerləşməklə İddiaçı məxsus yaşayış evindən onun istifadə hüququ ilə əlaqədar münasibətlər 1986-ci ildə, yəni 2000-ci ilin sentyabr ayının 1-dən əvvəl yarandığından İddiaçı ona qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi, evdən çıxarılması tələbinə dair iddiası Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. O, 02 fevral 1986-cı il tarixdə İddiaçı məxsus yaşayış evinə gəlin köçən zaman başqa qeyd-şərt göstərilməmişdir. Ona görə də onu həmin yaşayış evində yaşayış sahəsindən istifadə hüququ saxlanılmalıdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı və onun nümayəndəsi Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu, Cibir kəndində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və X9 adlarına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Qusar rayon Dövlət Arxivinin 10 noyabr 2021-ci il tarixli, 443 saylı arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Piral kənd XDS İcraiyyə Komitəsinin Cibir kəndi üzrə 1972-1974-cü illərin 7 nömrəli təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 487 olan X6 təsərrüfatında ailə üzvləri kimi X23, X26, X17, X24, X29, X42, X33 və X37 qeyd edilmişlər. İş materiallarında olan Qusar RİHB-nın Piral kənd İƏD üzrə nümayəndəliyinin 02 noyabr 2021-ci il tarixli, 626 saylı arayışından görünür ki, İddiaçı Rusiya Federasiyasında qeydiyyatda olmasına baxmayaraq hazırda Qusar rayonu, Cibir kəndində müvəqqəti olaraq yaşayır. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2(029)-149/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh Şıxseyid qızına qarşı yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş,İddiaçı 26 sentyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı və X9 birgə mülkiyyətində olan Qusar rayonu, Cibir kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, X15 ilə X12 nikahı xx.xx.1986-cı il tarixdə Qusar rayonu Yasab kənd İƏD üzrə nümayəndəliyində 06 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan Qusar RİHB-nın Piral kənd İƏD üzrə nümayəndəliyinin 61 saylı, 25 yanvar 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 1988-ci ildə X15 ilə rəsmi nikaha daxil olaraq evlənmiş və həmin vaxtdan hal-hazıra kimi Qusar rayonu Cibir kəndində yerləşən İddiaçı məxsus evdə qeydiyyatda olmaqla yaşayır. Onların birgə nikahlarından üç uşaqları anadan olmuşdur. Həmin uşaqlardan iki qız uşağı ailə həyatı qurmuş, bir oğlan uşağı-25 avqust 1992-ci il təvəllüdlü X16 ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh və X5 başqa yaşayış evi yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə Cavabdeh nikahından 29 dekabr 1986-cı il tarixdə X10 anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə Cavabdeh nikahından 06 sentyabr 1988-ci il tarixdə X11 anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə Cavabdeh nikahından 25 avqust 1992-ci il tarixdə X21 anadan olmuşdur. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısının 24 oktyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Qusar RPŞ-nə Cavabdeh barəsində verdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısının 27 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, X7 barəsində cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı onunla birlikdə bir evdə yaşayan gəlini Cavabdeh və nəvəsi X7 aralarında gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə profilaktiki tədbirlərin görülməsindən ötrü onların münaqişəli ailə kimi qeydiyyata götürülməsindən ötrü qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyətinin 2-102 saylı, 11 fevral 2022ci il tarixli məktubundan görünür ki, Qusar rayonu, Cibir kəndində yerləşən İddiaçı və X13 birgə mülkiyyətində olan 2 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsi 119.6 k.metr, yaşayış sahəsi 43.3 k.metrdir. Divarları çiy kərpicdən inşa edilmiş fərdi evinin 1-ci mərtəbəsi təmirsizdir, evin 2-ci mərtəbəsinin yalnız 43.3 kv.metr sahəsi yaşayışa yararlıdır. Fərdi yaşayış evində kommunikasiya (qaz, işıq) xətləri mövcuddur, istismara yararlıdır və ətrafdakı evlər üçün heç bir təhlükə yaratmır. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsinin 655 saylı, 10 sentyabr 2021-ci il tarixli arayışının surətindən görünür ki, X26 26 mart 2008-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Qusar rayon Qeydiyyat şöbəsinin 202 saylı, 22 iyun 2022-ci il tarixli arayışından görünür ki, X25 12 dekabr 1961-ci ildə anadan olmuşdur, atası X23, anası X18r. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2003-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə iddiaçının oğlu X14 ilə nikaha daxil olmuş və Qusar rayonu Cibir kəndində yerləşən mübahisəli evə köçmüşdür. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə mərhum X4 birgə nikahlarından 3 övladları olmuşdur, X1 Nizaməddin Abbas oğlunun anasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə görə övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. İşin mübahisə edilməyən hallarından görünür ki, cavabdehin əri X22 xx.xx.2003-cü il tarixdə, onun anası X26 26 mart 2008-ci il tarixdə ölmüşlər. X8 övladlarından biri olan X21 Azərbaycan Respublikası MM-nin 1159.3-cü maddəsinə əsasən mübahisəli evin birgə mülkiyyyətçisi olan X9 nəvəsidir və mübahisəli evdə yaşamaqla, atasına çatası miras payını qəbul etmişdir. Azərbaycan Respublikası MM-nin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İşdən görünür ki, mübahisəli evin birgə mülkiyyətçisi olan X26 26 mart 2008-ci il tarixdə, onun oğlu, yəni cavabdehin əri X22 isə xx.xx.2003-cü il tarixdə, miras qoyan anasından əvvəl ölmüşdür. Azərbaycan Respublikası MM-nin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə kollegiyası hesab edir ki, X21 nəvə kimi mirası qəbul etdiyindən mübahisəli evdən və həmin evin yerlədiyi torpaq sahəsindən atasından ona çatası payın mülkiyyətçisidir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh X7 anası kimi onun ailə üzvü hesab edilən şəxslər kateqoriyasına daxildir, onların arasında etibarlı ailə münasibətləri vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası onu qeyd edir ki, mübahisəli evdə İddiaçı payı naturada ayrılmamışdır və həmin evin mülkiyyətçilərindən biri olan X7 anası olan Cavabdeh mübahisəli evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə tələbi olmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Şıxseyid qızının apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(029)-147/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Şıxseyid qızına qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1228/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1228/2022
23.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver