Məhkəmə qərarları › İş №2(105)-1229/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1229/2022

18.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1229/2022 18.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Qusar Rayon Mərkəzi Xəstəxanası” X12rşı iddia tələıbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı, cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X14 nümayəndəsi və vəkili X1 iştirakı ilə Qusar Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(029)-211/2022 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edib, onun cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X15 hüquq məsləhətçisi vəzifəsinə işə bərpa olunmağına və məcburi iş buraxma müddəti üçün, yəni 28 avqust 2018-ci il tarixindən halhazıradək olan dövr üçün əmək haqqının alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 iyun 2015-ci il tarixdən 28 avqust 2018-ci il tarixədək cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X15 hüquq məsləhətçisi vəzifəsində işləmişdir. “Qusar Rayon Mərkəzi Xəstəxanası” X17 üzrə verilmiş 28 avqust 2018-ci il tarixli, 866-K saylı əmrinə əsasən o, 28 avqust 2018-ci il tarixdən həmin vəzifədən azad edilmişdir. O, işdən azad olunmağını qeyri-qanuni hesab edir. Belə ki, cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X14 keçmiş direktoru X4 cavabdeh təşkilatın rəhbərliyinə gəldiyi gündən onunla yola getməmiş, onu, özünün xəstəxanada gördüyü qanunsuz işlərə təhrik etməyə çalışmış, onun qanunsuz işlərə baş qoşmadığını gördükdən sonra isə onunla açıq surətdə düşmənçilik etməyə, ona qarşı qərəzli hərəkətlər etməyə başlamışdır. X4 hələ 2017-ci ildə onu işdən çıxartmaq istəmiş, o, məzuniyyətdə olduğu zaman kabinetinin kilidini dəyişərək məzuniyyətdən qayıtdıqdan sonra onu kabinetinə buraxmamış, kabinetin və kreslonun pulu olaraq ondan 500 manat rüşvət tələb etmişdir. O, X2 bu qanunsuz hərəkətlərindən yuxarı orqanlara çoxsaylı şikayətlər etdikdən sonra X4, onu həmin vaxt iş otağına buraxmışdır. 28 avqust 2018-ci il tarixdə isə cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X14 keçmiş direktoru X4 ona hədə-qorxu gələrək, onun üstünə böhtan atmaqla tutduracağı ilə qorxudaraq ondan işdən çıxmaq barədə ərizə almış və onu guya öz ərizəsinə əsasən işdən azad etmişdir. İşdən çıxarıldıqdan sonra o, ciddi stress keçirmiş, əsəbləri pozulmuş, sağlamlıq durumu pisləşmişdir. Ötən müddət ərzində o, X2 ona qarşı etdiyi qanunsuz əməllərindən, onu qanunsuz olaraq işdən çıxarmasından yuxarı instansiya orqanlara şikayətlər yazmışdır. Həm də, həmin müddət ərzində o, aylarla xəstəliyilə əlaqədar müalicədə olmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etməmişdir. X4 ona və onun kimi bir çox işçilərə qarşı elədiyi çoxsaylı qanunsuz hərəkətlərinin qurbanı olmuş, 19 oktyabr 2021-ci il tarixdə “Qusar Rayon Mərkəzi Xəstəxanası” X14 həkim stomatoloqu X7 dövlət tərəfindən verilməli olan stomatoloji ləvazimatlara görə 1000 manat rüşvət alarkən Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmışdır. Hal-hazırda X4 həmin cinayətə və bir çox başqa cinayətlərə görə həbsdədir və barəsində istintaq davam edir. Cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X10 etdiyi çoxsaylı müraciətlərinə baxmayaraq onu işə qəbul və işdən çıxarma əmrlərin surətlərini və aldığı əmək haqqı barəsində arayış verməkdən imtina etmişdir. Halbuki Əmək Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur. Cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X11 qanunsuz olaraq işdən çıxartdığı üçün o, məcburi işburaxma üzündən aldığı əmək haqqından məhrum olmuşdur. Artıq 3 ildən artıq müddətdir ki, o, cavabdehin təqsiri üzündən aldığı əmək haqqısından məhrum olmuşdur. Cavabdeh tərəfdən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur. Cavabdeh tərəf iddia ərizəsinə qarşı yazıl etirazında göstərmişdir ki, İddiaçı Vqif qızı 28 avqust 2018-ci il tarixdə ərizə ilə müraciət edərək 28 avqust 2018-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş, və əmək kitabçasının və əmrin surətini həmin günü qaytarılmasını tələb etmişdir. Buna görə də iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 69- cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə Qusar RMX-nın 28 avqust 2018-ci il tarixli, 866-K saylı əmri ilə xitam verilmişdir. Əmək kitabçasını və əmrin surətini Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən son iş günü özünə qaytarılmışdır. İddiaçı işdən azad olunması üçün cavabdeh tərəfindən iradəsinə zidd olan heç bir addım atılmamış və onu ərizə yazmağa məcbur etməmişdir. Qusar Rayon Mərkəzi Xəstəxanası tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmamış 28 avqust 2018-ci il tarixli, 866-K saylı əmr tam qanuni və əsaslı olmuşdur. İş materiallarında olan Qusar Rayon Mərkəzi Xəstəxanasının 540 saylı, 01.06.2015-ci il tarixli əmri ilə İddiaçı 01.06.2015-ci il tarixdən həmin xəstəxananın hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Qusar rayon Mərkəzi Xəstəxanasının 866-K saylı, 28.08.2018-ci il tarixli əmri ilə 28.08.2018-ci il tarixdən həmin vəzifədən azad edilmişdir. İddiaçı Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi X3 ünvanlanmış 28.08.2018-ci il tarixli ərizəsindən görünür ki, o, 28.08.2018-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İşdə olan Qusar Rayon Mərkəzi Xəstəxanasının 28.08.2018-ci il tarixli, 866-k saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, 28.08.2018-ci il tarixdən MRX-nın hüquq məsləhətçisi İddiaçı ilə bağlanmış xxxxxxx000200 №-li əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi qərara alınmışdır. Həmin əmrə qələm vasitəsi ilə edilmiş qeyddən görünür ki, İddiaçı 28.08.2018-ci il tarixdə əmək kitabçasını aldığını qeyd etmişdir. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilmiş 19 dekabr 2021-ci il tarixli, PHŞ/1-2-2021-34985 saylı məktubdan görünür ki, “Qusar Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilən müvafiq məlumatda tibb müəssəsinin direktorunun 28.08.2018-ci il tarixli, 866-K nömrəli əmri ilə ərizəyə əsasən 28.08.2018-ci il tarixində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Eyni zamanda qeyd edilir ki, yenidən işə qəbul olunmaq müvafiq tibb müəssisəsi tərəfindən məqsədəuyğun hesab edilmədiyi üçün köməklik göstərilməsi mümkün olmamışdır. İşdə olan 09.07.2018-ci il tarixli, 601-K saylı Qusar Rayon Mərkəzi Xəstəxanasının əmrinin surətindən görünür ki, 04 və 05 iyul 2018-ci il tarixdə üzürsüz səbəblərdən işdən yayınaraq əmək vəzifəsini kobud şəkildə pozduğuna görə hüquq məsləhətçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186 maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. İşdə olan 04.07.2018-ci il tarixli Qusar RMX-nın əməkdaşları Məhsimov R, Babayeva G, Ağarəhimova R tərəfindən tərtib olunmuş aktdan görünür ki, Qusar RMX-si üzrə işçilərin işə davamiyyəti yoxlanılan zaman 04.07.2018-ci il tarixdə 09:30 radələrində hüquq məsləhətçisi iş yerində olmamış və iş vaxtının sonuna kimi iş yerinə qayıtmamışdır. Qusar RMX-nın əməkdaşları Məhsimov R.R, İbrahimova Ə.V, Ağarəhimova R.T tərəfindən tərtib olunmuş 05.07.2018-ci il tarixli aktdan görünür ki, Qusar RMX-sı üzrə işçilərin işə davamiyyəti yoxlanılan zaman hüquq məsləhətçisi İddiaçı 05.07.2018-ci il tarixdə saat 09:20-dən axşama kimi işdə olmamışdır. İşdə olan X6 06.07.2018-ci il tarixli izahatının surətindən görünür ki, o, 05.07.2018ci il tarixdə səhər işə gəldiyini, saat 09:30-da prokurorluğa getmək üçün işdən çıxdığını, lakin yolda halı pisləşdiyi üçün evə getməli olduğunu, təzyiqi qalxdığını, 06.07.2018-ci il tarixdə də halı yaxşı olmadığından işə gələ bilmədiyini bildirmiş, üzürlü hesab olunmasını xahiş etmişdir. İşdə olan Nəsrəddin Tusi adına Klinikadan verilmiş MR3 saylı, 28.11.2019-cu il tarixli xəstəlik haqqında arayışdan görünür ki, İddiaçı baş beynin hər iki yarımkürəsində frontal payların subkorteksində tək-tək fokal gliotik ocaqlar vardır. Qusar Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(029)-211/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X12rşı işə bərpa olunmasına və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsinə dair iddiası təmin edilməmişdir. (hakim Adil Vəliyev) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən hesab etmişdir ki, Əmək Məcəlləsində fərdi əmək mübahisələri üzrə 1 ay qısaldılmış iddia müddəti nəzərdə tutulmuşdur. İddiaçı 28 avqust 2018-ci il tarixdə tutduğu vəzifədən azad olunarkən həmin gün əmək müqaviləsinə xitam verilməsi barədə əmrə imza etməklə əmək kitabçasını götürməklə, həmin gün əmək hüquqlarının pozulduğunu güman etsə və ya güman etməli olsa da, həmin vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra-yəni təxminən 3 il 4 ay keçdikdən sonra hazırkı iddianı qaldırmış və İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Onun iddia müddətini xəstəliyi ilə əlaqədar ötürməsi barədə dəlillərini isə məhkəmə qəbul etmir. Belə ki, İddiaçı işdən azad olunduğu vaxtdan təxminən 1 il müddət keçdikdən, yəni artıq iddia müddəti ötürüldükdən sonra xəstəliyi ilə əlaqədar tibb müəssisəsinə müraciət etmiş, həmin vaxta qədər onun hər hansı ağır xəstəlikdən əziyyət çəkməsi barədə isə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1, 69.3, 69.4, 69.7, 83.1, 83.2, 287, 292, 296.1 - 296.3, 330-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(029)-211/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, ali təhsilli hüquqşünas olmaqla hüquq və vəzifələrini yaxşı bilir. 01 iyun 2015-ci ildən 28 avqust 2018-ci ilə kimi “Qusar Rayon Mərkəzi Xəstəxanası” X15 hüquq məsləhətçisi işləmişdir. “Qusar Rayon Mərkəzi Xəstəxanası” X14 28 avqust 2018-ci il tarixli, 866-K saylı əmri ilə həmin vəzifədən azad edilmişdir. Qeyd olunan əmri qanunsuz və əsassız hesab etdiyinə görə həmin vəzifəyə işə bərpa olunmağı barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, “Qusar Rayon Mərkəzi Xəstəxanası” X14 keçmiş direktoru Mübariz Zeynalov həmin müəssisədə hüquq məsləhətçisi vəzifəsində işlədiyi müddətdə onunla yola getməmiş, onu qanunsuz işlər görməyə sövq etmiş, bundan imtina etdikdə isə onunla qərəzli davranmaqla onu öz xahişi ilə işdən çıxmaq barədə ərizə yazmağa məcbur etmişdir. Cavabdeh tərəfindən işdən azad edildikdən sonra xəstəliyi ilə əlaqədar uzun müddət müalicə almaqla işə bərpa olunmağı barədə məhkəməyə müraciət edə bilməməyi barədə məhkəməyə təqdim etdiyim sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin dəlili tam əsassızdır və iddiaçı birinci insyansiya məhkəməsində araşdırma zamanı tələbinin əsasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, apellyasiya şikayətinə də buna dair hər hansı sübut əlavə olunmamışdır. Bundan başqa iddiaçı işdən azad olunduqdan sonra onunla bağlı hər hansı qanun pozuntuları ilə əlaqədar müvafiq səlahiyyətli orqanlara müraciət etməmiş, işdən azad olunmasına dair ərizəsinin geri götürülməsi və ya etibarsız hesab olunması barədə işəgötürənə yeni ərizə verməmiş və öz ərizəsi ilə işdən çıxdıqdan 3 il 4 ay müddət keçəndən sonra hazırkı iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X14 nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 69.1, 69.3, 69.4, 69.7. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 83.1, 83.2. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 292.1, 292.2. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Maddə 294.1, 294.4. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Maddə 296. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələbinə görə məhkəmənin öz təşəbbüsü ilə iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının hüquq məsləhətçisi vəzifəsində işləmiş İddiaçı 28 avqust 2018-ci il tarixdə ərizə yazaraq həmin tarixdən işdən azad olunmasını xahiş etmiş və həmin xəstəxananın həmin tarixdə qəbul etdiyi 866-K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Həmin tarixdə İddiaçı həmin əmrlə tanış edilməklə əmrin surəti ona təqdim edilmiş, həmçinin əmək kitabçası həmin şəxsə təhvil verilmişdir. Bununla da, əmək müqaviləsi işçi İddiaçı özü tərəfindən onun iradəsinə əsasən ləğv edilmiş və həmin vaxt işəgötürən Qusar Rayon Mərkəzi Xəstəxanası tərəfindən Əmək Məcəlləsinin hər hansı tələbləri, o cümlədən İddiaçı əmək hüquqları pozulmamışdır. İddiaçı həmin ərizəni təsir və təzyiq altında yazdığını göstərsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, İddiaçı işdən azad olunduqdan sonra hər hansı qanun pozuntuları ilə bağlı müvafiq səlahiyyətli orqanlara müraciət etməmiş, özünün işdən azad olunma barədə ərizəsinin geri götürülməsi və ya etibarsız hesab olunması barədə işəgötürənə yeni ərizə verməmiş, hüquqşünas olmaqla hüquqlarını yaxşı bilmişdir. Apellyasiya şikayətinin dəlillərində göstərilən xüsasatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, pozulmuş hüquqların bərpası ilə bağlı müraciət yalnız həmin mübahisələrə tətbiq olunan iddia müddətləri ərzində edilə bilər. İddiaçı 28 avqust 2018-ci il tarixdə tutduğu vəzifədən azad olunarkən həmin gün əmək müqaviləsinə xitam verilməsi barədə əmrə imza etməklə əmək kitabçasını götürməklə, həmin gün əmək hüquqlarının pozulduğunu güman etsə və ya güman etməli olsa da, həmin vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra-yəni təxminən 3 il 4 ay keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia düzgün olaraq təmin edilməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Birinci instansiyası məhkəməsi sübutları Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(029)-211/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar