Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1237/2025 18.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı hüquqi varisi X3, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pulun və əsassız varlanma nəticəsində əldə edilənlərin geri qaytarılması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-760/2017 nömrəli, 14 iyul 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.Kazımov) iddianın qismən təmin edilməsi, Cavabdeh 7000 (yeddi min) manat məbləğində borc pul, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində borcun və 30 məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1936-cı il tarixdə anadan olmuş və hal-hazırda Qusur rayonun Aşağı Ləyər kəndində yaşayır. 2014-cü ilin yanvar ayında günün ikinci yarısında Aşağı Ləyər kəndində yaşayan iddiaçının doğma qardaşı oğlu Cavabdeh iddiaçıya məxsus evinə gələrək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıdan 7000 manat məbləğində borc pul istəmişdir. Həmin vaxt iddiaçı özünə məxsus Aşağı Ləyər kəndində yerləşən torpaq sahəsini satıb 7000 (yeddi min) manat pulu əldə etmişdir. Cavabdehin iddiaçıdan həmin məbləğdə borca pulun istəməsi barədə oğlu X4 və X5 məlumat vermiş, onların razılığı əsasında və iştirakları ilə cavabdehə 7000 (yeddi min) manat qısa müddətdə qaytarmaq şərti ilə borca pul vermişdir. Bir müddət sonra Cavabdeh yenidən iddiaçıya müraciət edərək 11000 manat borca pul almışdır. Həmin pulu cavabdehə qızı Şamiyə, oğlu Elman və gəlini X2 iştirakları ilə verilmişdir. Şifahi razılaşmaya əsasən cavabdeh iddiaçıdan aldığı 18000 manat pulu 2014-cü ilin fevral ayının sonuna kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borc aldığı 18.000 manat pulu müxtəlif bəhanələr gətirərək göstərilən müddətdə iddiaçıya qaytarmamışdır. İddiaçının əldə etdiyi məlumata görə cavabdeh həyat yoldaşı ilə birgə Dağıstan Respublikasının Məhərrəmkənd rayonun Tagirkənd-Qazmalar kəndində bir kafe kimi fəaliyyət göstərən obyekt icarəyə götürüb işlətmişdir. Qızı Şamiyə xx.xx.2014-cü il tarixdə 18000 mana pulu geri almaq məqsədi ilə Dağıstan Respublikasına getmiş, bir neçə gün keçdikdən sonra qızı Samiyənin Dağıstanda qətlə yetirildiyi məlum olmuşdur. Araşdırmalardan məlum olmuşdur ki, iddiaçının qızını cavabdehin qardaşı X8 məqsədyönlü şəkildə öldürmüşdür. Dağıstan Respublikasının Məhərrəmkənd rayonu Məhkəməsinin hökmü ilə sübut olunmuş ve cavabdehin qardaşı 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, İddiaçının qızı Şamiyə cavabdehin iddiaçıya borclu olduğu 18000 manat pula görə qətlə yetirilmişdir. Bu fakt və cavabdehə vermiş borc barədə cavabdehin keçmiş həyat yoldaşı X6 da məhkəmədə ifadəsində təsdiq etmişdir. Bundan əlavə borcun mövcud olduğu Məhərrəmkənd rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli hökmü ilə təsdiq olunur, lakin bütün bunlara baxmıyaraq Cavabdeh iddiaçıdan aldığı 18.000 manat pulu hal-hazıra kimi qaytarmamışdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya xeyli miqdarda maddi ziyan dəymiş, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. iddiaçı Cavabdeh Agamirzə oğluna dəfələrlə müraciət edərək borc pulunu qaytarmağı tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə pulu qaytarmaqdan qəsdən boyun qaçırmış, iddiaçıdan qaçıb gizlənmişdir. Bu səbəbdən iddiaçının maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşib va ağır maddi vəziyyətə düşmüşdür. Buna görə də cavabdehdən həmin məbləğdə pul məhkəmə qaydasında tutularaq iddiaçıya qaytarılmalıdır. İddiaçının cavabdehə vermiş olduğu 18.000 manat məbləğində borc pul, iddiaçı tərəfindən nəvəsinin hərbi xidmətdən qayıtdıqdan sonra ona toy etmək, ev tikmək və maşın almaq üçün saxlanılmışdır. İddiaçının borc verdiyi pula cavabdeh özünə torpaq sahəsi alaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və qardaşı üçün ev tikmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında öhdəlik yaranmışdır. İddiaçı həmin öhdəliyə əsasən şərtləşdirilmiş məbləği cavabdehə versə də, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, bundan yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qusar Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin müvafiq qətnaməsi əsassızdır, mülki və mükli prosessual qanunvericiliyin tələblərinə cavab vermir. İddiaçıdan pul almamış və şahidlər saxta ifadə vermişlər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı hüquqi varisi X7 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırmadan (xəbərnamə) əldə etmədən, onun iştirakı olmadan iddia tələbinə baxılaraq iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni şahid ifadələrinə əsasən iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanması və cavabdehin öhdəliyinin yaranması, lakin bu öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamədə şahid ifadələrinə istinad etsə də, mülki iş materiallarında qətnamədə adı çəkilən şahidlərin şəxsiyyətinin müəyyənləşdirilməsi və onlardan bilə-bilə yalan ifadə vermələri barədə iltizamın alınması məhkəmə iclas protokolunda öz əksini tapmamışdır. Məlum olduğu kimi, Mülki Prosessual Məcəllənin 271.1-ci maddəsinə əsasən protokol məhkəmə iclasının və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Məhkəmə iclasının protokolunda işdə iştirak edən şəxslərin, nümayəndələrin, vəkillərin, şahidlərin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin gəlməsi haqqında məlumatlar; işdə iştirak edən şəxslərin anket məlumatları (doğum tarixi, iş və yaşayış yeri); işdə iştirak edən şəxslərə, nümayəndələrə, habelə tərcüməçiyə, ekspertlərə, mütəxəssislərə onların prosessual hüquq və vəzifələrinin bildirilməsinə və ya elan edilməsinə dair məlumatlar; şahidlərin ifadələri, ekspertlərin öz rəyləri barədə şifahi izahatları, mütəxəssislərin izahları göstərilir (Mülki Məcəllənin 271.2.5; 271.2.6; 271.2.7; 271.2.10-cu maddələri). Mülki-prosessual qanunvericiliyin məhkəmə iclasının protokoluna aid tələblərindən görünür ki, protokol işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Yəni iclasın tarixi, vaxtı, yeri, işdə iştirak edən şəxslərin dairəsi, edilmiş prosessual hərəkətlər, tərəflərin izahatları və tərəflərin hüquq və vəzifələrinə aid əhəmiyyət kəsb edən bütün digər məsələlər protokolda əks edilməlidir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun (Mülki Prosessual Məcəllənin 385.1.1. 387.1. maddəsi). Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən prosessual qanunverciliyin tələblərinə əməl etməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuşdur. Bundan başqa, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnaməsini maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab etmir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İşdən görünür ki, iddiaçı 2014-cü ilin yanvar ayında 7.000 manat, bir müddət sonra isə 11.000 manat olmaqla ümumilikdə 18.000 manat cavabdehə borca pul verdiyini, cavabdehin isə həmin məbləğdə pulu 2014-cü ilin fevral ayının sonuna kimi iddiaçıya qaytaracağını öhdəsinə götürdüyünü əsas gətirərək məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, iddiaçı cavabdehə borc şəklində 18.000 manat borc pul verdiyini iddia etsə də, tərəflər arasında yazılı formada hər hansı borc müqaviləsi bağlanması müəyyən olunmur. Halbu ki, Mülki Məcəllənin 740.2-ci maddəsinin mənasına görə borc müqaviləsinin predmetinin üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanır. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanmadığından, mövcud mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsinin tətbiqi yolverilməzdir. Nəzərə alınmalıdır ki, iddianın faktiki əsaslarını göstərmək iddiaçının vəzifəsi olduğu kimi, iddianın qanuni əsasını müəyyən etmək isə məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Baxılan iş üzrə iddia tələbi cavabdehin əsassız əldə etdiyi pulun qaytarılması təşkil etdiyindən, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091.1, 1092.1-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məlllənin 1091.1 və 1092.1-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Qeyd olunmalıdır ki, əsassız varlanma, bir şəxsin heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır. Əsassız varlanmada iki tərəf iştirak edir. onlardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə etməklə varlanmış şəxs, digəri isə bunun nəticəsində əmlak itkisinə məruz qalmış şəxsdir. Bunun üçün də iddiaçı ilk növbədə cavabdehin onun hesabına varlandığını sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1 və 88-ci maddələri). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlar, ekpertlərin rəyləri, yerində müayinə keçirməklə, səs və video yazıları, şahidlərin ifadələri o cümlədən, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPMnin 76.1, 76.2-ci maddələri) Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Qeyd olunan mülki prosessual normaların tələbləri baxımından mülki məhkəmə icraatının prinsipinə əsasən sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən pulun cavabdehə verilməsini sübut etmə yükü üzərinə düşən iddiaçı tələb etdiyi pulu cavabdehə verdiyini sübut etməli olduğu halda, bunu təsdiq edən hər hansı bir tutarlı sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1237/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1237/2025
18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver