Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1244/2024 31.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə (Açar sözlər: mənzildən əmlakların çıxarılması tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2718/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 108 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 28 nömrəli reyestr kitabının 178 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır.
2. xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Mahmudova Qəndaf Cavad qızı ünvan 1, 108 saylı mənzili İddiaçı bağışlamışdır.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 108 saylı mənzil Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli 11/437 nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 19 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 505 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 N°-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında Mahmudova Qəndaf Cavad qızının adına qeydiyyata alınmış, xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2016-ci il tarixli bağışlanma müqaviləsi əsasında mənzil üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır.
4. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-466/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, iddiaçı X4 ilə Cavabdeh arasında 23 dekabr 2010-cu il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində bağlanmış 2230 saylı nikah qeydinın pozulması, nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalması, xx.xx.2023-cü il tarixdən başlayaraq iddiaçı X2 xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı şəxsi mülkiyyətdə olan mənzildən əmlakların çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan əmlakların onun mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1 b-də yerləşən 108 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 18, mənzil 108-də yerləşməklə yaşayış sahəsi 53,1 kv.m. olan 4 otaqdan ibarətdir. Mənzil onun anası Mahmudova Qəndaf Cavad qızının mülkiyyətində olmuş və o da xx.xx.2016-cı ildə ona bağışlamış və AR DƏDRX 2 saylı Sumqayıt ərazı idarəsində onun mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla çıxarış verilmişdir. Cavabdeh onun qardaşı V.Mahmudovun keçmiş həyat yoldaşıdır. Belə ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-466/2024 saylı xx.xx.2024- cü il tarixli qətnaməsi ilə onlar boşanmış, birgə nikahdan olan uşaqları X5 və X7 analarının himayəsinə verilmiş və qardaşı V.Mahmudovdan uşaqların saxlanılması üçün aliment tutulmuşdur. Cavabdeh onun ailə üzvü deyildir və o bir müddət uşaqları ilə bu mənzildə yaşasa da, sonradan mənzili tərk etmiş, yaşamır, lakin özünə məxsus olan əmlaklarını ona məxsus mənzildən çıxarmır. O, dəfələrlə bununla bağlı ona xəbər göndərsə də, o əmlaklarını mənzildən çıxarmayaraq onun mülkiyyət hüquqlarını pozur, nəticədə o, öz mənzilindən rahat şəkildə istifadə edə bilmir. Cavabdehə məxsus əmlaklar yataq mebel dəsti, televizor, paltaryuyan, divar saatı, jurnal stolu, yorğan döşək dəsti, mətbəxt qab-qacağı, pərdə, tozsoran, çörək bişirən soba və s. əmlaklardan ibarətdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2718/2024 nömrəli qətnaməsi ilə iddianınn təmin edilməsi, Cavabdeh məxsus cehiz əmlaklarının İddiaçı mülkiyyətində olan ünvan 1, 108 saylı mənzildən çıxarılması qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, 29-cu maddəsinin İ və İV bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2718/2024 nömrəli qətnaməsini ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırlmışır ki, o sözügedən mənzilə gəlin köçmüş, bütün əmlakları həmin mənzilin otaqlarına yığılmışdır. Keçmiş həyat yoldaşı V.Mahmudov bu mənzildə qeydiyyatda olmuş, o da ailə üzvü kimi bu mənzilə köçürülmüş, uşaqları ilə mənzilə yaşayış hüququ əldə etmişdir. Lakin məhkəmə onun istifadə hüququnun yaranmasını nəzərə almadan hazırki qətnaməni qəbul etmiş, onun hüquqlarına təminat verməmişdir. Uşaqlar bu mənzilə daimi yaşayış yeri kimi qeydiyyata alınmış və onların AR Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən 18 yaşları tamam olana kimi bu mənzildə yaşamaq hüquqları vardır, bu halda əmlakların mənzildən çıxarılması qanunaziddir və bu hal «Uşaq hüquqları» haqqında qanunun pozulması deməkdir. Halbuki Uşaq hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən uşaqların hüquqları əleyhinə bağlanmış hər hansı bir əqd etibarsızdır.
11. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə işin hallarına düzgün qiymət verməmiş, birtərəfli mövqe nümayiş etdirməklə AR MPM-nin 77, 88-ci maddəsinin tələblərini pozmuşdur
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək iştirakı olmadan işə baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin üzrlü səbəbi barədə məlumat verilməmişdir.
14. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
15. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
16. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
18. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının
28. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
29. Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
30. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
31. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2718/2024 nömrəli qətnaməsinin ləğv edilib iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2718/2024 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçının qardaşı X4 Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmayan iki övladları var. Cavabdeh ailə qurduqdan sonra valideynləri tərəfindən ona verilmiş cehiz əmlaklarını – hazırkı iş üzrə İddiaçı məxsus ünvan 1, 108 saylı mənzilə yerləşdirmişdir. Bir müddət sonra tərəflər arasında ər-arvad münasibətləri Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-466/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmışdır. İddiaya əsasən, cavabdeh mənzili tərk etmiş, lakin onun cehiz əmlakları İddiaçı məxsus ünvan 1, 108 saylı mənzildə qalmışdır.
38. İddianı təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbinin qanuni əsasları vardır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1, mənzil 108 İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh ailə qurarkən əvvəllər qayınanasına, hazırda isə iddiaçıya məxsus mənzilə köçməklə həmin mənzilə istifadə hüququ yaranmamışdır. Hal-hazırda cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus evdə yerləşir. İddiaçı cavabdehdən məhkəmədənkənar qaydada həmin əşyaların çıxarılmasını tələb etmiş, cavabdeh həmin əşyaları evdən könüllü çıxarmaqdan imtina etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehə məxsus əmlakların iddiaçıya məxsus mənzildə qalması onun mənzil və mülkiyyət hüquqlarına maneə yaradır. Belə olan halda Cavabdeh məxsus cehiz əmlaklarının İddiaçı mülkiyyətində olan ünvan 1, 108 saylı mənzildən çıxarılması barədə iddia tələbi təmin edilməlidir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
40. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
41. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
42. Bu baxımdan iş materialları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 108 saylı mənzil əvvəl Mahmudova Qəndaf Cavad qızının adına qeydiyyata alınmış, xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2016ci il tarixli bağışlanma müqaviləsi əsasında mənzil üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır.
43. Kollegiya apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, 2010-cu ildə nikahı bağlanılmış və 2024-cü ildə boşanmış cavabdehin yuxarıda göstərilən mənzilə istifadə hüququnun yaranması üçün əsaslar müəyyən olunmadığından, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
44. Cavabdehin digər dəlili isə birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozulması ilə bağlıdır. Lakin cavabdeh həmin pozuntuların məhz nədə ifadə olunmasını göstərməmişdir, bununla belə məhkəmə kollegiyası işə baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən pozuntuya yol verilməsini müəyyən etməmişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
46. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmişdir.
47. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
48. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2718/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.