Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1247/2022 28.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin direktoru Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(060)-268/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(060)-268/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1056 (bir min əlli altı) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edlmişdir (hakim Azər İsmayılov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(060)-268/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1056 (bir min əlli altı) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pulun tutulub "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qanunvericiliyin tələblərini pozmuşdur, belə ki, onunla iddiaçı arasında Mənzil Kommunal müqaviləsi mövcud olmamışdır. Mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixdən ona məxsusdur. Hesab edir ki, əsassız olduğundan qətnamə ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(060)-268/2022 nömrəli qətnaməsini ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin direktoru Nümayəndə1 izahatında apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, Cavabdeh xx.xx.2003-cü ildə Nəsimi rayonu, 787-ci məhəllədə tikiləcək yaşayış binasında mənzil almaq üçün Kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır və Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən mənzillər həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi ilə "xxxx" MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər o cümlədən: giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri "xxxx" MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin Cavabdeh həmin mənzilə görə xx.xx.2020-ci il tarixdən xx.xx.2021- ci il tarixədək olan dövrdə 1056 (bir min əlli altı) manat kommunal- xidmət haqqı borcunu ödəməmişdir. Borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı formada müraciət olunsa da cavabdeh borcu ödəməkdən imtina etmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün borcu ödəməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(060)-268/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan borcla bağlı cədvəldən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 2020-ci il üçün 633.60 manat, 2021-ci ilin yanvar ayından avqust ayına qədər 422.40 mant olmaqla, ümumilikdə cəmi 1056.00 manat miqdarında borcu var. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 138 saylı və xx.xx.2021-ci il tarixli, 120 saylı məktublardan görünür ki, Cavabdeh "xxxx" MMC-yə borcu olduğu barədə xəbərdar edilmişdir. İşə əlavə olunmuş xx.xx.2008-ci il tarixli "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış müqavilədən görünür ki, sifarişçi "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu icraçı "xxxx" MMC-yə vermiş, icraçı "xxxx" MMC isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2012-ci il tarixli "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış müqavilədən görünür ki, sifarişçi "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu icraçı "xxxx" MMC-yə vermiş, icraçı "xxxx" MMC isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən icraçı "xxxx" MMC bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər m2 üçün 0,30- 0,50 manatın yığılmasını öz üzərinə götürür. İş materiallarından görünür ki, "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixdə eyni məzmunlu daha bir müqavilə imzalanmışdır. İşdə olan "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının 28 aprel 2008-ci il tarixli iclas protokolundan görünür ki, həmin iclasda Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər m2 üçün 0,30-0,50 manatın yığılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1472/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 2188 (iki min yüz səksən səkkiz) manat borc və ödənilmiş 9 (doqquz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-456/2021 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2 (060)-1472/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iş materiallarına istinad edərək Cavabdeh xx.xx.2003-cü ildə Nəsimi rayonu, 787-ci məhəllədə tikiləcək yaşayış binasında mənzil almaq üçün Kooperativin üzvlüyünə qəbul edilməsi, cavabdeh ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında mənzilin alqı-satqısına dair müqavilə bağlanması, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında sahəsi 176 m2 mənzilin 2004-cü ildən cavabdeh və ailə üzvlərinin istifadəsinə verilməsi, həmin yaşayış binasının kommunal xidmətlərini həyata keçirən iddiaçı "xxxx" MMC Cavabdeh kommunal ödənişlərini vaxtlı-vaxtında ödəmədiyini müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni Mənzil Məcəlləsinin 135, 136, 137, 138, 139-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq hesab edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır Mənzil Məcəlləsinin 135-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Mənzil Məcəlləsinin 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Qeyd edilənlərə əssən məhkəmə kollegiyası qeyd edir ki, mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması və təmirinə görə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıdığından iddia tələbi əsaslıdır. Göründüyü kimi mənzil qanunvericiliyində mənzil-tikinti kooperativinin üzvlərinin çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı ödənişləri və (və ya) haqları mənzil-tikinti kooperativinin idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada ödəməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Hazırki işdən görünür ki, "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, xx.xx.2012-ci il tarixli və xx.xx.2017-ci il tarixli eyni məzmunlu müqavilələrdən görünür ki, sifarişçi "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu icraçı "xxxx" MMC-yə vermiş, icraçı "xxxx" MMC isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Beləliklə cavabdehin üzvü olduğu mənzil-tikinti kooperativi bu ödənişlərin "xxxx" MMC tərəfindən yığılması qaydasını və mənzilin hər kv.metrinə görə 0,30-0,50 manat ödənişlərin alınmalı olmasını müəyyən etmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdeh müxtəlif illərdə "xxxx" MMC-yə müəyyən məbləğdə ödənişlər etməklə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı ödənişlərin bu qaydada yığılmasını qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər. Həmçinin həmin qərarla qərara alınmışdır ki, çoxmənzilli binaların mənzil və digər sahələrinin mülkiyyətçiləri ilə ümumi əmlakın saxlanmasına dair xidmətləri həyata keçirən idarəedici təşkilatlar arasında müqavilə bağlanarkən Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, cavabdehdən tələb edilən məbləğ (mənzilin hər kvadrat metrinə görə 30 qəpik) “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 saylı Qərarının tələblərinə uyğundur. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdeh iddiaçı ilə aralarında müqavilə olmamasını bildirsə də bu hal iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə təsdiq edilmişdir. Belə ki, daha əvvəllər də tərəflər arasında kommunal ödənişlərlə bağlı mübahisə olmuş, cavabdehdən 2015-2019-cu illər üçün 3168 manat tələb edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1472/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh 2188 (iki min yüz səksən səkkiz) manat borc və ödənilmiş 9 (doqquz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-456/2021 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2 (060)-1472/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(060)-268/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(060)-268/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1247/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1247/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver