Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1251/2022 18.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X5 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi: X6, İddiaçının nümayəndəsi və vəkili: Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili: Vəkil2 iştirakları ilə, İddiaçı Həmı̇ dov Seyfəddı̇ n Həmı̇ d oğlunun cavabdehlər Həmı̇ dova Mafı̇ zə Məhəbbət qızı, Məmmədova Sı̇ ma Seyfəddı̇ n qızı və Əlı̇ yeva Rı̇ ma Seyfəddı̇ n qızına qarşı kompensasiya ödənilməklə yaşayış evindən çıxarılma və s. tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı Cavabdeh3 və qeyrilərinə qarşı kompensasiya ödənilməklə yaşayış evindən çıxarılma və sair tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlərə ümumilikdə 1800 manat birdəfəlik kompensasiya verilməklə onun mülkiyyətində olan Xaçmaz rayonu, Qımıl Qışlaq kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Mafizə onun arvadı, digər cavabdehlər isə qızlarıdır. Boşandıqdan sonra cavabdehlər onu zorla mülkiyyətində olan Xaçmaz rayonu, Qımıl Qışlaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarmışlar və onu evinə qoymurlar. Hazırda qoca yaşında öz evi ola-ola kirayədə yaşayan bacısı ilə yaşayır. Ona görə də cavabdehlərin kompensasiya müqabilində ona məxsus evdən istifadə hüquqlarına xitam verilməsini istəyir. Qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq 3 illik kirayə pulunun birdəfəlik verilməsi müqabilində kompensasiya ödəməklə onların evdən istifadə hüququna xitam verilməsini mümkün və zəruri hesab edir. Ona məxsus Xaçmaz rayonu, Qımıl Qışlaq kəndində yerləşən 138,9 kv.metr ümumi sahəsi olan evin aylıq kirayə pulu hazırda 50 manat civarındadır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, onun iddia tələbini təmin etməyən məhkəmə MPM-nin 218.3-cü maddəsinə istinad etməkdə səhvə yol vermişdir. Bu qayda mübahisələrdə iddia ərizəsində göstərilən kompensasiya məbləğinin artırılıb-azaldılması iddia tələblərinin hədlərindən kənara çıxma kimi qiymətləndirilmir. Eyni zamanda cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına da gətirib çıxarmışdır. Cavabdehlər eyni zamanda açıq-aşkar şəkildə onun xüsusi mülkiyyətində olan əmlakından qovmuşlar, onu öz əmlakından qanunsuz məhrum etmişlər. Birinci instansiya məhkəməsində xx.xx.2022-ci il tarixdə işə baxılan zaman sədrlik edən hakim iş üzrə sübutların tədqiqinin qurtardığını elan etməmiş, çıxışlara keçməsini bildirməmişdir. Çıxış üçün ona və nümayəndəsinə söz verməmiş, müşavirəyə getməsini elan etməmiş, qətnaməni elan etməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli məhkəmə baxışı iclası protokoluna qeydlər verilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə baxışı iclası protokolunda onun iş üçün əhəmiyyətli olan izahatları xeyli qısaldılmış, bir çox hissəsi ümumiyyətlə qeyd olunmamışdır, prosessual pozuntuya yol verilmişdir. İclas protokolunun tərtibində yanlışlığa yol verilmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixli məhkəmə baxışı iclası protokoluna qeydlər verilmişdir. Məhkəmə hazırkı mülki mübahisədə onun irəli sürdüyü kompensasiya məbləğindən fərqli şəkildə onun razılığı ilə kompensasiya məbləğini müəyyən edə bilər və bunu qətnamədə qət edə bilər. Bu hal iddia tələbinin hədlərindən kənara çıxma sayılmır. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsini ləğv edib, iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı, nümayəndəsi M.H.Həmidova, nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, iddia ərizəsinə uyğun izahat verdilər, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, eyni məzmunlu izahat verdi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı rədd edərkən, iddiaçının cavabdehlərin Xaçmaz rayonu Qımıl Qışlaq kəndində yerləşən evə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində 1800 manat məbləğində kompensasiyanın ödənilməsini hazırkı mübahisə üzrə adekvat məbləğ hesab edilə bilmədiyinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********89- 10301 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Qımılqışlaq kəndində 0,24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,9 kv.metr olan fərdi yaşayış evi tam İddiaçı, 0,24 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X1, X2, X3, X4 və Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu özünün 28 sentyabr 2007-ci il tarixli Qərarında mülkiyyət hüququnun yaşayış sahəsində istifadə hüququndan fərqləndiyi qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqlı təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin Qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütansibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun evə bir əvəzləşdirməsini nəzərdə tutur ki,mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1-ci Protokol 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin Qərarını rəhbər tutaraq, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı apellyasiya şikayətinə əlavə verərək göstərmişdir ki, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 onun ilə etibarlı ailə əlaqələrinin mövcud olmaması, nikaha daxil olaraq ərin evinə köçmələri və daimi orada yaşamaları onun mülkiyyətində olan yaşayış sahəsinə ehtiyacın aradan qalxdığı barədə birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırmamasını nəzərə alıb, həmin cavabdehlərə kompensasiya verilmədən istifadə hüququna xitam verilməsini, digər Cavabdeh1 hazırda 6000 manat verməklə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hər bir cavabdehə 600 (ümumilikdə 1800) manat birdəfəlik kompensasiya verilməklə onların istifadə hüquqlarına xitam verilməsini və cavabdehlərin həmin evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən müvafiq olaraq məhkəmə iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya qaydasında yeni iddia tələbinin irəli sürməsinin yol verilməməsini qeyd edir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf kompensasiyanın məbləğini 1800 manat ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla belə hesab edir ki, iddiaçının cavabdehlərin Xaçmaz rayonu Qımıl Qışlaq kəndində yerləşən evə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində 1800 manat məbləğində kompensasiyanın ödənilməsi hazırkı mübahisə üzrə adekvat məbləğ hesab edilə bilməz. Belə ki, hazırkı iş üzrə cavabdeh 3 şəxs olması nəzərə alınarsa 1800 manat kompensasiya məbləğinin onlara düşən payının 600 manat olması, həmin şəxslərin istifadə hüquqlarına xitam verilməsi üçün adekvat məbləğ hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə düzdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 50 (əlli) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Həmidov Seyfəddı̇ n Həmid oğlunun apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 25 fevral 2022-ci il tarixli 2(067)-359/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1251/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1251/2022
18.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver