Məhkəmə qərarları › İş №2(105)-1253/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1253/2024

13.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1253/2024 13.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Xaçmaz X6 İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh Xaçmaz X6 İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1335/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh İB-nin Xaçmaz RQİİ-in xx.xx.2023-cü il tarixli 8/3-1K-195/2023 saylı əmrin surətindən müəyyən olunur ki, struktur bölməsi Xaçmaz X6 İdarəsinin Şabran rayonu üzrə Qəza-dispetçer xidməti olan plastmas qaynaqçısı vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli 164 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən təminatlar: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə 16 (on altı) təqvim gününün pul əvəzi ödənilməsi.

2. İddiaçı ünvanlanan əmək kitabçasının təhvil verilməsi barədə məktubdan müəyyən olunur ki, əmək kitabçasının işçi tərəfindən təhvil alınması ilə bağlı ona rəsmi qaydada müraciət olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Xaçmaz RQİİ-in xx.xx.2023-cü il tarixli 8/3-1K195/2023 saylı əmrinin ləğv edilməsi, onun işə bərpa olunmağı və məcburi işi buraxma üçün əmək haqqı ödənilməsi və ödədiyi 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddianı onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 1976-cı ildə başlamışdır. Qaz təsərrüfatında isə əmək fəaliyyətinə xx.xx.2006-cı ildən başlamışdır. Bir müddət ərzində Şabran Qaz istismar sahəsində elektrik qaz qaynaqçısı və plastmas qaynaqçısı peşələrində işləmişdir. X7 Qaz İstismar İdarəsinin İnsan Resursları şöbəsinin rəisi Tengiz Cəlillinin səriştəsizliyi, Əmək Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan əsaslara və qaydalara əməl edilmədiyi halda o, Xaçmaz RQİİ-nin rəisi A.Abasovun xx.xx.2023-cü il tarixli əmri ilə xəbəri olmadan işdən azad olunmuşdur. Əlavə məlumat üçün bildirir ki, o, menyer xəstəliyi ilə əlaqədar xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi Z.Əliyeva adına Mərkəzi Klinika tərəfindən ambulator müalicədə olmuşdur. xx.xx.2023-cü il tarixindən işə başlamışdır. 12 sentyabr 2023-cü il tarixində ona Xaçmaz RQİİ-nin İRŞ-nin şöbə rəisinin tapşırığına əsasən DSMF-dən pensiya alıb-almamağı barədə arayışı almağı bildirilmişdir. O, da öz növbəsində yaşadığı Şabran rayonundakı DSMF-nin qəbul şöbəsinə bu barədə müraciət etmişdir. 13 sentyabr 2023-ci ii tarixində pensiya almağı barədə DSMF-nin publik hüquqi şəxsinin Siyəzən şəhərində yerləşən 2 saylı Quba-Xaçmaz Regional filialından ərizəsinə əlavə etdiyi ƏƏSMN-nin mərkəzləşdirilmiş electron informasiya sistemindən əldə olunmuş ********** saylı arayışı alaraq 19 sentyabr 2023-cü il tarixdə Xaçmaz RQİİ-də Tengiz Cəlilliyə təqdim etsə də, həmin bu sənədi qəbul etməmiş və ona bildirmişdir ki, ona möhürlü, qeydiyyat və ştamplı, imza ilə təsdiq olan arayış gətirsin. Ona arayışı Quba Asan Xidmətdən almağını bildirmişdir. O, məcburiyyət qarşısında qalıb Quba “Asan xidmət”ə getmişdir. Oradan da idarənin İRŞ-nin şöbə rəisi Tengiz Cəlillinin tələb etdiyi qaydada olan arayışı verməmişdirlər. Bu barədə ona dedikdə bildirmişdir ki, tapsın, dediyi formada arayışı gedib Bakıdan DSMF-dən alıb gətirsin. O, Tengiz Cəlilliyə e-sosial.az portalından yoxlayıb məlumatlanmasını bildirmişdir. Hətta onu da bildirmişdir ki, güzəştli şərtlərlə 57 yaş həddində pensiya təyin olunmağı barədə RQİİ-nin sorğusuna əsasən xx.xx.2015-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə pensiya almağı barədə şəxsi işində DSMF-nin Şabran rayon şöbəsinin rəsmi məktubu da var. Cavabında ona bildirmişdir ki, həmin məktub köhnədir. O, qərara gəlmişdir ki, xx.xx.2023-cü il tarixində idarəyə pensiya almağı barədə arayışı təqdim edəndə xx.xx.2023-cü ildən işdən də azad olsun. Bu barədə ərizə də yazmışdır, idarənin İRŞ-nin şöbə rəisinin T.Cəlillinin səriştəsizliyi, qanunvericiliyi bilməməsi və mərkəzləşdirilmiş Elektron informasiya sistemindən əldə edilmiş sənədlərə inamsızlığı, tərəfindən pensiya almağı barədə DSMF-nin Şabran rayon şöbəsindən alaraq Xaçmaz F.C.İ-nin kadrlar şöbəsinə təqdim etdiyi və şəxsi işində olan sənədin köhnə olması səbəbindən baxılmayaraq qəbul edilməməsi və onu süründürməçiliyə salması, onun xəstəliyinin kəskinləşməsinə səbəb olmuşdur. xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək təkrarən əmək qabiliyyətinin müvəqqəti itirməyinə səbəb olmuşdur. xx.xx.2023-cü il tarixdə o, Şabran rayon Mərkəzi xəstəxanasında həkim qəbulunda olarkən İRŞ-nin şöbə rəisi T.Cəlilli onunla telefon əlaqəsi zaman Bakıdan DSMF-dən arayış almağını soruşdu. O, isə ona izah etmişdir ki, onu əsəbləşdirdiyinə görə xəstədir. Sonra isə bildirmişdir ki, Səhiyyə Nazirliyinə sorğu verəcək. Haradan xəstəlik vərəqəsi açılmasını müəyyənləşdirəcək. O, isə ona bu bərədə də demişdir ki, hansı xəstəxanadadır. Təxminən xx.xx.2023-cü il tarixində işlədiyi Xaçmaz RQİİ-nin Şabran rayonu üzrə xidməti sahəsinin kargüzarlıq xidmətinin texniki ona zəng edib bildirmişdir ki, bəs RQİİ-dən Tengiz müəllim dedi ki, Nazim bir ərizə yazsın ki, pensiya alır. O, da xidməti sahəyə birtəhər getmiş. Kiminsə tərəfindən onun adından yazılan pensiya almağı barədə ərizəyə imza atmış. Əmək müqaviləsinə xitam verilməsi barədə məlumat isə ona xx.xx.2023-cü ildə işlədiyi Şabran xidmət sahəsinin texniki Könül vermişdir. İdarənin xx.xx.2023-cü il tarixli “Əmək kitabçasının təhvil verilməsi barədə” məktubunu da xidmət sahəsinin işçisindən xx.xx.2023-cü il tarixdə almışdır. xx.xx.2023-cü il tarixdə isə xx.xx.2023-cü il tarixdən etibarən açılmış ******* saylı xəstəlik vərəqəsini Xaçmaz RQİİ-nə təqdim etmək istəyərkən şöbə rəisi Tengiz Cəlilliyə şöbənin işçisi Murad zəng edib bildirmişdir ki, Şabranda İddiaçı xəstəlik vərəqəsini gətirib. O, isə bildirmişdir ki, qəbul etməyin və onlar da qəbul etməmişdirlər. Hesab edir ki, onun işdən çıxarılması barədə xx.xx.2023-cü il tarixl i8/3-lK- 195/2023 saylı əmr qanunsuz verilib. Onun işdən çıxarılmağı Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə ziddir.

5. İddia ərizəsinə cavabdeh tərəf etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı öz iddiasının əsası kimi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin pozulduğuna görə əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğunu göstərmişdir. O, iddia ərizəsində xx.xx.2023-ci il tarixli 8/3-1 К-195/2023 saylı əmrin verildiyi vaxt xx.xx.2023-cü il tarixdən açılmış ******* nömrəli xəstəlik vərəqəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirdiyini göstərmiş və bu halın 79-cu maddədə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar kimi qeyd edildiyinə görə əmrin qanunsuz verildiyini sübut etməyə çalışmışdır. Lakin onun bu arqumentləri reallığı əks etdirmir. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları ilə (yəni Əmək Məcəlləsinin 70-ci və 73-cü maddəsində nəzərdə tutulmuş əsaslarla) əmək müqaviləsinə xitam verilərkən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar sadalanmışdır. xx.xx.2023-cü il tarixli 8/3-1K-195/2023 saylı əmrlə isə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsi rəhbər tutulmaqla (bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdikləri digər hallar) onunla bağlanmış əmək müqaviləsinin müəyyən etdiyi hallara əsasən xitam verilmişdir.

6. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1335/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) İddiaçı Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2023-ci il tarixli əmrlə İddiaçı əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdığı üçün xitam verilmişdir. Qeyd olunan əsasla işçinin əmək müqaviləsinə xitam verilməsinə dair müddəa işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin şərtlərində öz əksini tapmış, işçi işəgötürən ilə əmək müqaviləsi bağlayarkən əmək müqaviləsinin şərtləri ilə tanış olmuş, müqavilənin şərtlərini qəbul etməsini öz imzası ilə təsdiq etmişdir.

8. İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.

9. İddiaçı məhkəməyə bildirdiyi əsas dəlilinə, yəni onun əmək müqaviləsinə əmək fəaliyyətini müvəqqəti itirdiyi dövrdə xitam verilməsinin qanunsuz olduğuna münasibətdə qeyd etmişdir ki, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində tərəflərin özlərinin müəyyənləşdirdiyi şərtlər öz əksini tapmışdır. Tərəflərin özlərinin müəyyənləşdirdiyi şərtlərdən biri də sözügedən müqaviləyə işçi qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda işəgötürən tərəfindən bir ay ərzində xitam verilməsi halı olmuşdur. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü bu dəlil Əmək Məcəlləsinin 73.2 və 79-cu maddəsinin təsiri altına düşmür. Belə olan halda əmək müqaviləsinə qanunvericiliyin şərtlərinə əməl edilməklə xitam verilmişdir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 42, 68, 70, 75 və 79-cu maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddianın təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin, yəni əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilir. Qanunvericikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Lakin hazırda mübahisələndirdiyi iş üzrə cavabdeh tərəf olan işəgötürən onun bir işçi kimi əmək hüquqlarını kobud şəkildə pozaraq bağlanmış əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətli olmadığı müddətdə xitam vermişdir. İddia ərizəsi və eləcə də, hazırkı şikayətinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli Şabran Rayon Mərkəzi Xəstəxanasının SN 00008 seriyalı, ******* nömrəli həmin xəstəxananın baş həkiminin imza və möhürlə təsdiq edilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nə nəzər yetirsək görərik ki, menyer xəstəliyi diaqnozlu olsa da işdən azad edilir- xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək, işə başlanılır - xx.xx.2023-cü il tarixdə. Qeyd olunan Şabran Rayon Mərkəzi Xəstəxanasının SN 00008 seriyalı, ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi” ilə təsdiq olunur ki, xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək əmək qabiliyyətini müvəqqəti itirmişdir. İşə götürən isə xx.xx.2023-cü il tarixli 14-2-2-8/3-1K-195/2023 saylı əmrlə onu işdən azad etmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri əmək qabiliyyətini müvəqqəti itirən işçi ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsini birbaşa qadağan edir. Belə ki, həmin Məcəllənin 79-cu maddəsində imperativ norma kimi birbaşa əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilib: 1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağınıtəkbaşına böyüdən kişilərin; yeganə qazanc yeriişlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olmasısəbəbinə görə; həmkarlar ittifaqlarıtəşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olmasımotivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Göründüyü kimi, Cavabdeh İB-nin Xaçmaz RQİİ mənimlə bağlamış olduğu əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətli olmadığı, yəni müvafiq tibbi arayışa əsasən xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək aralığında xəstə olduğu müddətdə xitam verməklə əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz iddia ərizəsinə etirazla eyni məzmunludur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

16. Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vİİ. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Vİİİ. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:

17. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

18. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

19. Maddə 11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

20. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

21. Maddə 75. Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi

1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.

2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.

3. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər.

4. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır.

5. Əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, bu Məcəllədə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər.

22. Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; ; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

23. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. (...)

24. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak dən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.

34. İşdən görünür ki, xx.xx.2023-ci il tarixli əmrlə İddiaçı əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdığı üçün xitam verilmişdir. Qeyd olunan əsasla işçinin əmək müqaviləsinə xitam verilməsinə dair müddəa işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin şərtlərində öz əksini tapmışdır.

35. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9.5.1-ci bəndində əsasən, işçi Azərbaycan Respublikasının Qanunverciliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən 1 ay müddətində xitam verilə bilər.

36. İddiaçı öz iddiasının əsası kimi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin pozulduğuna istinad edir.

37. Belə ki, mübahisələndirilən əmr onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə verilmişdir. Cavabdeh isə göstərilən halı mübahisələndirmir və göstərir ki, xx.xx.2023-cü il tarixli 8/3-1K-195/2023 saylı əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsi rəhbər tutulmaqla (bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdikləri digər hallar) onunla bağlanmış əmək müqaviləsinin müəyyən etdiyi hallara əsasən xitam verilmişdir. Bu hal Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşmür.

38. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü bu dəlil Əmək Məcəlləsinin 73.2 və 79-cu maddəsinin təsiri altına düşmür. Belə olan halda əmək müqaviləsinə qanunvericiliyin şərtlərinə əməl edilməklə xitam verilmişdir.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmır və ilk öncə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsidir və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsi isə müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyir.

40. Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar adlanan 79-cu maddəsində, həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəaların Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmədiyi konkret olaraq göstərilmişdir.

41. Göründüyü kimi əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçiləri və halları müəyyən edən normada Əmək Məcəlləsinin 75.2-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi hallarına şamil edilmədiyi kimi müddəa nəzərdə tutulmamışdır.

42. Əmək Məcəlləsinin 76-cı maddəsində göstərilmişdir ki, 1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

43. Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətlərində işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış edir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

45. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, işəgötürən cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əməl edilməmiş, belə ki, iddiaçı ilə olan əmək müqaviləsinə onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə xitam vermişdir. Odur ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ-in xx.xx.2023-cü il tarixli 8/3-1K195/2023 saylı əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işi buraxma üçün əmək haqqının ödənilməsi barədə iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır.

46. İşdən həmçinin görünür ki, cavabdeh pensiya yaşına çatması ilə əlaqədar iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə edib və bu barədə müvafiq əmr imzalayıb. Kollegiya qeyd edir ki, həmin əmrin ləğv edilməsi onun müqavilə ilə şərtləşdirilmiş qaydada əmək müqaviləsinə xitam vermək hüququnu aradan qaldırmır, sadəcə bu hüququn realizəsini gecikdirir.

47. Belə ki, cavabdehin əmrdə qeyd olunan maddənin tələbinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək hüququ olub, lakin bu hüququ iddiaçının xəstəlik vərəqinə əsasən onun işə çıxdığı gün həyata keçirməli olduğu halda, həmin müddəti gözləmədən mübahisəli əmri qəbul etmişdir. Bu hal müvafiq əmək haqqının hesablanma zamanı da nəzərə alınmalıdır.

48. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

49. Beləliklə, göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1335/2024 nömrəli qətnaməsi ləğv edilərərk iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir.

50. Məhkəmə kollegiyası MPM-in 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1335/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh İB-nin Xaçmaz RQİİ-in xx.xx.2023-cü il tarixli 8/3-1K195/2023 saylı əmri ləğv edilsin. İddiaçı Xaçmaz X6 İdarəsinin Şabran rayonu üzrə Qəza-dispetçer xidməti struktur bölməsində plastmas qaynaqçısı vəzifəsinə bərpa olunsun və ona məcburi iş buraxma üçün əmək haqqı ödənilsin. Ödənilmiş 60 (altmış) manat mediasiya xərci Cavabdeh İB-nin Xaçmaz RQİİ-dən alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar