Məhkəmə qərarları › İş №2(105)-1254/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1254/2024

17.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1254/2024 17.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Ərizəçi hüquqi əhəmiyyəti olan mirası qəbul etmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-64/2024 nömrəli qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-64/2024 saylı qətnaməsi ilə ərizəçinin mərhum anası X1 miras qalmış Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 saylı binanın 4 yaşayış otağından ibarət 18-ci mənzilinə münasibətdə Ərizəçi mirası qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən işdə iştirak etməyən Maraqlı şəxs2 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-784/2024 saylı qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-64/2024 saylı qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir ( hakimlər S.Qafari (sədrlik edən və məruzəçi) A.Mahmudov və L. Məmmədova). Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-64/2024 saylı qərardadına əsasən, bu məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(059)-64/2024 saylı qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti həmin qətnamə onun hüquq və vəzifələrinə toxunmadığına görə geri qaytarılmışdır (hakim B.Ələkbərov). Daha sonra, Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-64/2024 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs2 üçüncü şəxs qismində işə cəlb etməli olduğu halda bunu etməmişdir. Bununla da, məhkəmə tərəfindən miras əmlakla bağlı, yəni mübahisə edilən hüquqla bağlı mübahisənin olub-olmaması aydınlaşdırılmamışdır. Halbuki, miras əmlak Maraqlı şəxs2 həyat yoldaşı Cavabdeh tərəfindən faktiki qəbul edilmiş, miras əmlak üzərində təmir, bərpa, artırma işləri görülərək dəyəri əhəmiyyətli dərəcədə artırılmışdır. Belə olan halda, hüquq haqqında mübahisə olduğu üçün hazırki ərizə baxılmamış saxlanılmalı və maraqlı şəxsə - ərizəçiyə ümumi əsaslarla məhkəmədə iddia qaldırmaq hüququ izah olunmalıdır. Aydın görünür ki, hazırki mübahisə Maraqlı şəxs2 maraqlarına toxunur. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-64/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)- 64/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maraqlı şəxs2 məhkəmə aktından apellyasiya qaydasında şikayət versə də, sözügedən qətnamənin onun hansı maraqlarına toxunduğunu əsaslandıra bilməmişdir. Qeyd olunan qətnamə ilə ərizəçinin mərhum anası X1 miras qalmış əmlakının Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Belə ki, mübahisə miras əmlakla bağlı olduğundan, qətnamədən miras qoyanın vərəsələri olan işdə iştirak edən şəxslərin apellyasiya şikayəti vermək hüquqları olduğu halda, şikayət həmin ünvanda qeydiyyatda olmaqla, mənzilə istifadə hüquqlarının olmasını iddia edən Maraqlı şəxs2 tərəfindən verilmişdir. Lakin, şikayət verilən qətnamə Maraqlı şəxs2 barəsində hər hansı hüquq və vəzifə yaratmamaqla, hazırkı məqamda sonuncunun maraq və mənafelərinə toxunmur. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-64/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar