Məhkəmə qərarları › İş №2(105)-1256/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1256/2023

24.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1256/2023 24.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 Ərşad oğlu və X5 maraqlı şəxs Abşeron rayonu 2 saylı Dövlət Notariat Kontoruna qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) X13 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Qafari və X8 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Maraqlarına toxunan şəxs X9, Ərizəçi4 hüquqi varisləri X10 və X4 iştirakları ilə, Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 Ərşad oğlu və X5 "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli 2(012)-79/2012 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs X16 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Ərizəçilər Ərizəçi4 və qeyriləri “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişlər.

2. Ərizəçilər tələbi onunla əsaslandırmışlar ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 2172 ünvanında yerləşən torpaq sahəsi üzərində Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 Ərşad oğlunun, X5 və mərhum X2 ümumi birgə mülkiyyət hüququ xx.xx.1999-cu il tarixdə qeydə alınmışdır. X7 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra da onlar bu bağ sahəsindən istifadəni davam etdirmişlər. Vərəsəliyin qəbuluna dair ərizə ilə bağlı Abşeron rayon 2 saylı Notariat Kontoru xx.xx.2011-ci il tarixli, 22 saylı məktubu ilə bu bağ sahəsinə dair vərəsəlik işinin açılmasına qoyulmuş müddətin keçirildiyini bildirmişdir. Bağ sahəsindən X2 vəfatından sonra da mütəmadi olaraq istifadə etdikləri üçün miras əmlakın qəbuluna dair ərizə ilə müraciət etməmişlər.

3. Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli 2(012)-79/2012 nömrəli qətnaməsi ilə (hakim Şəmsəddin Abasov) ərizənin təmin edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172 ünvanında yerləşən torpaq sahəsinin mərhum X3 aid miras hissəsinin ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 Ərşad oğlu və Ərizəçi3 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172 ünvanında yerləşən 0.024 ha torpaq sahəsi faktiki olaraq ərizəçilərin ümumi mülkiyyətindədir, onların bərabər payları olduğu üçün mərhum X2 mülkiyyətində payı 0.024 ha-dır. Ərizəçilər də onun ölümündən sonra faktiki olaraq mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişlər.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1246 və 1248.1-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 307.2.9, 308, 77.1, 216-220, 307-311, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

6. Maraqlarına toxunan şəxs X1 Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli 2(012)-79/2012 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Şikayətin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi onun hüquqlarına toxunur və o, qətnamə barədə Abşeron Rayon Məhkəməsində baxılmış e- 2(012)-2863/2022 saylı işə baxılarkən məlumatlı olmuşdur. Mərhum Ərizəçi4 Suqra Əbülfəz qızı ilə birgə nikah münasibətlərindən iddiaçı X16, cavabdehlər X17, X10, X11, Əhmədova (Muradova) Xuraman Dadaş qızı və X12 anadan olmuşdur. Tərəflərin atası Ərizəçi4 xx.xx.2013-cü il tarixdə, anası isə xx.xx.2006-cı il tarixdə vəfat etmişlər. xx.xx.2015-ci il tarixdə Abşeron rayon 2 saylı Notariat ofisində 2V-1-23 reyestr nömrə və xx.xx.2019-cu il tarixdə 2V-63 reyestr nömrə ilə təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” vərəsəlik işi açılmışdır. Vərəsəlik işi açılanda Elçin Muradov vərəsəliyə dəvət edilməmiş və bununla da onun hüquqları pozulmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Maraqlarına toxunan şəxs X16 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, o, Rusiya Federasiyasının vətəndaşı olsa da, 1996-cı ildən Azərbaycanda yaşayır. Qeyd edilən mübahisəli torpaq sahəsində 1988-ci ildən olmamışdır. Həmin sahədən valideynləri, daha sonra bacı və qardaşları istifadə etmişlər. Onun yaxın qohumları ilə münasibəti gərgin olduğundan həmin bağ sahəsinə son 2 ilədək getməmişdir. Eləcə də anasının ölümündən sonra da torpaq sahəsi ilə maraqlanmamış, oradan istifadə etməmiş, mirasın qəbul ilə bağlı notariat orqanına müraciət etməmişdir. 2021-ci ildə bağ-torpaq sahəsinə getmiş, həmin vaxt mübahisələndirdiyi məhkəmə aktı barədə məlumatı olmuşdur.

10. Maraqlarına toxunan şəxsin nümayəndəsi və vəkili Vəkil 12 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Ərizəçi4 hüquqi varisləri X10 və X14 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz etdiklərini bildirilər və şikayətin təmin edilməməsini xahiş etdilər. Həmçinin göstərdilər ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi üçüncü şəxslərə özgəninkiləşdirilmişdir.

12. İş üzrə ərizəçilər Ərizəçi1, Ərizəçi2 Ərşad oğlu, X18 və mraqlı şəxs Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.1 Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli 2(012)-79/2012 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs X16 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, icraata qəbul qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2023-cü il tarixli, 2(105)-1256/2023 nömrəli qərardadı ilə maraqlarına toxunan şəxs Elçin Muradovun şikayəti mümkün hesab edilmiş və mülki iş baxılması üçün təyin edilmişdir.

16. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Bu baxımdan demək olar ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması mülki-prosessual qanunverciliyin tələblərinə uyğun deyildir.

17. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsinə mövcud apellyasiya şikayəti əsasında baxılması mümkün olmadığına görə şikayətin mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2023-cü il tarixli, 2(105)-1256/2023 nömrəli qərardadı ləğv edilməlidir.

18. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

19. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və sair amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin və ya şikayətlərinə baxılmasının fərqli qaydalarını müəyyən etmişdir.

21. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır (K.Marayevin şikayəti üzrə xx.xx.2016-cı il tarixli Qərar). Həmin şəxslərin statusunun səciyyəvi əlamətlərinə onların məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, yaxud işdə tərəf olsalar da bu barədə məlumatsız olduqları üçün iştiraklarının təmin edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir.

22. İşdə iştirak etməyə cəlb olunmayan şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən şəxslərin prosessual fəaliyyəti onların iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir. Lakin hər bir halda bu şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması, habelə keçən müddət ərzində məhkəmə aktlarından xəbərsiz olmalarının onların iradəsindən asılı olmaması və özləri tərəfindən dəf edilməli imkanlardan kənara çıxması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir.

23. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyünü araşdıran məhkəmə həmin şəxsin müvafiq prosessual hüquqa malik olub-olmamasını, qanunvericiliyin tələblərinə əməl edib-etməməsini yoxlayır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227.3-cü maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir.

25. Maraqlı şəxsə birinci instansiya məhkəməsinin qətnaməsinin MPM-nin 227.3cü maddəsində göstərilən müddətlərdə təqdim olunması (alınması) və ya rəsmi qaydada verilməsi barədə sübut yoxdur. Lakin hazırki işin vəziyyəti, apellyasiya şikayətinin verilməsində müddətlərin həllində bir qədər atraflı araşdırma aparılmasını tələb edir.

26. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərardadı ilə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə onun hüquq və vəzifələrinə toxunan şəxs qismində X16 tərəfindən 01 aprel 2023-cü il tarixdə, yəni mübahisəli qətnamədən 11 ildən çox müddət keçdikdən sonra verilən apellyasiya şikayəti, Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarlarında şərh olunan hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipinin tələblərinə cavab verib-verməməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulan müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının həmin prinsipin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirib-gətirməməsi, ən əsası isə mülki məhkəmə icraatında iştirakı təmin olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsi məsələləri araşdırılmadan, bu məsələlərə heç bir hüquqi qiymət verilmədən, o cümlədən MPM-in 364-cü maddəsinin tələbləri yerinə yetirilmədən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

27. Halbuki, maraqlı şəxs Murad Dadaşov məhkəmə araşdırması zamanı mübahisələndirilən məhkəmə qətnaməsi barədə 2021-ci ilin oktyabr ayında məlumat əldə etdiyini, lakin 28 yanvar 2023-cü il tarixdə müraciət edərək məhkəmə qətnaməsini rəsmi qaydada qəbul etdiyini bildirdi.

28. İş maeteriallarından görünür ki, Elçin Muradov eləcə də xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli qətnaməsini əldə etmək üçün məhkəməyə müraciət etmişdir.

29. Məhkəmə kollegiyası yuxarıda şərh olunan hüquqi mövqeydən çıxış edərək qeyd edir ki, X19 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu an müəyyən edilməli, sözügedən tarix təsbit edildikdən sonra 11 il müddətin keçməsində apellyatorun təqsirinin olubolmamasına, həmçinin onun bu barədə məlumatlı olduqdan sonra qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddətə əməl edib-etmədiyinə, hər iki halda müddətin buraxılmasının üzrlü sayılıb-sayıla bilməyəcəyinə hüquqi qiymət verilməlidir.

30. Göründüyü kimi Elçin Muradov mübahisələndirilən məhkəmə qətnaməsindən ən azından 2021-ci il tarixdən məlumatlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətincə məhkəmə qətnaməsinin rəsmi qaydada verilməsi ifadəsi hərfi məna daşımamaqla şəxsin məhkəmə aktı barədə məlumatlı olmasını ehtiva edir. Eyni zamanda qeyd olunmalıdır ki, maraqlı şəxs 2021-ci ilin oktyabr ayınd məhkəmə aktı barədə məlumatlı olsa da, məhkəmə aktını rəsmi qaydada əldə etməsi ilə bağlı hərəkət etməmiş, apellyasiya şikayəti verməmişdir.

31. Bununla yanaşı kollegiya qeyd edir ki, məhkəmə iclasında izahat verən Elçin Muradov bildirmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşı olsa da, 1996-cı ildən Azərbaycanda yaşayır. Qeyd edilən mübahisəli torpaq sahəsində 1988-ci ildən olmamışdır. Həmin sahədən valideynləri, daha sonra bacı və qardaşları istifadə etmişlər. Onun yaxın qohumları ilə münasibəti gərgin olduğundan həmin bağ sahəsinə son 2 ilədək getməmişdir. Eləcə də anasının ölümündən sonra da torpaq sahəsi ilə maraqlanmamış, oradan istifadə etməmiş, mirasın qəbul ilə bağlı notariat orqanına müraciət etməmişdir. 2021-ci ildə bağ-torpaq sahəsinə getmiş, həmin vaxt mübahisələndirdiyi məhkəmə aktı barədə məlumatı olmuşdur.

32. Kollegiya qeyd edir ki, göründüyü kimi Elçin Muradov mirasın qəbulunda maraqlı olmamış, ötən 11 il ərzində torpaq sahəsi ilə maraqlanmamış, istifadə və sahiblik etməmiş, mirasın qəbulu ilə bağlı nortariat orqanına müraciət etməmiş, mübahisəli qətnamədən 11 il müddət keçdikdən sonra apellyasiya şikayəti vermişdir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şikayətdə Elçin Muradov tərəfindən onun hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması, habelə keçən müddət ərzində məhkəmə aktlarından xəbərsiz olmasının onun iradəsindən asılı olmaması, məhkəmə aktı barədə məlumat əldə etdikdən (2021-ci il) sonra uzun müddət ərzində mübahisələndirməməsinin səbəblər, müddətində ötürülməsinin üzürlü səbəbləri ilə bağlı hallar əsaslandırılmamışdır.

34. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

35. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz.

36. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır.

37. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.

38. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.

39. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.

40. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”

41. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin uyğunluğunu yoxlamalı olduğu halda, bunu etmədiyindən həmin şikayətə apellyasiya qaydasında baxılması mümkün deyildir. Ona görə də hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməsi və işin icraata qəbul edilməsi haqqında qərardadı ləğv edilməklə, iş apellyasiya baxışından çıxarılmalı və apellyasiya qeyri-mümkün hesab edilməklə Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

43. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, maraqlarına toxunan şəxsin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.

44. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366, 400, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldi:

Apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2023-cü il tarixli, 2(105)-1256/2023 nömrəli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli 2(012)-79/2012 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs X16 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar