Məhkəmə qərarları › İş №2(105)-1258/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1258/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1258/2024 16.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” 20 iyun 2024-cü il tarixli, 2(012)-3864/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pulun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 09 nömrəli “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqavilə” üzrə öhdəliklərin icra edilməsi, Lənkəran şəhəri X3, 2 ünvanında tikilmiş yeni çoxmərtəbəli binanın 3-cü mərtəbəsində üz tərəfi Xəzər dənizinə və yan tərəfi Lənkəran şəhər Dəmiryol stansiyasının önündəki dairə istiqamətində (layihə üzrə 2a saylı mənzil) olan 3 otaqlı, 80 kv.metr sahəsi (içdən-içə) olan, müqavilənin 4.3-cü bəndinə əsasən tam təmirli mənzilin ona təhvil verilməsi (təhvil-təslim zamanı 80 kv.m sahədən az sahəli mənzil təhvil verildiyi halda, hər çatışmayan 1 kv.m sahəyə görə 1000 manat məbləğində pul ödənilməsi), müqavilənin 4.6-cı bəndinə əsasən mənzilin ƏMDK yanında DƏDRX-nin Lənkəran Şəhər Ərazi İdarəsində öz adına rəsmiləşdirilməsi üçün lazımi qanuni hərəkətlərin edilməsi və zəruri xərclərin ödənilməsi, xx.xx.2023-cü il tarixdən hesablanmaqla qətnamənin icra olunduğu vaxtadək aylıq 400 manat müvəqqəti yaşayış üçün kompensasiyanın ödənilməsi, məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkillə bağlanmış hüquqi yardım haqqında müqavilə üçün hesaba köçürdüyü 320 manat məbləğində pulun cavabdehdən onun xeyrinə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3864/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (hakim Məlahət Abbasova). Qərardaddan İddiaçı şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3864/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3864/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Məlahət Abbasova). Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3864/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalı olması barədə qənaətini onunla əsaslandırmışdır ki, ərizədən göründüyü kimi, iddia tələbi Lənkəran şəhəri X3, 2 ünvanında yerləşən daşınmaz əmlakla (mənzillə) bağlıdır. İddiaçı iddia edir ki, müqavilə əsasında daşınmaz əmlakı əldə etmişdir, yəni mənzilin qanuni sahibidir. Cavabdeh MMC isə onun mənzilə dair hüquqlarını pozur... Göründüyü kimi, hazırkı mülki işə müstəsna aidiyyət qaydaları tətbiq edilməli, yəni tərəflər arasında daşınmaz əmlakla bağlı yaranmış mübahisəyə dair mülki işə həmin daşınmaz əmlakın olduğu yer üzrə məhkəmədə baxılmalıdır. İddiaçı isə şikayətini onunla əsaslandırmışdır ki, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Onunla cavabdeh arasında yaranmış mübahisə və irəli sürdüyü tələblər sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır. Bu halda, MPM-in 35.2-ci maddəsinə uyğun olaraq, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. O da iddia ərizəsini Cavabdeh MMC-nin hüquqi ünvanı üzrə məhkəməyə vermişdir. Hesab edir ki, məhkəmə onun iddia ərizəsini geri qaytarmaqda haqlı deyildir. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunan işin hallarına əsasən, iddia ərizəsindən məlum olur ki, iddiaçını cavabdeh tərəfindən Lənkəran şəhərində ona verilən mənzilin vəziyyəti qane etmir, yəni mənzilin istilik sistemi quraşdırılmayıb, təmiri qaneedici deyil. Aralarında bağlanmış müqaviləyə görə cavabdeh mənzili ona müqavilədə razılaşdıqları vəziyyətdə (tam təmirli, istifadəyə tam yararlı) və şərtlərə uyğun (80 kv.m sahəsi olmalı, sahəsi bundan az olduqda hər kv.m əskik sahə üçün 1000 manat pul ödəməlidir) təhvil verməli, həmin mənzilə köçənədək ona hər ay üçün 400 manat kirayə haqqı ödəməlidir. İndi cavabdehin verdiyi mənzil müqavilə şərtlərinə uyğun olmadığından iddiaçı onu qəbul etmək və mənzilə köçmək istəmir, habelə cavabdehə qarşı məhkəmədə “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul tələbinə dair” iddia irəli sürür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının tələbləri onun qanuni sahibliyinə verilən mənzillə bağlı hüquqlarının pozulmasını aradan qaldırmağa yönəldiyindən, həmin tələblərə dair iddia ərizəsi mübahisəli mənzilin (daşınmaz əmlakın) olduğu yerə görə, yəni müstəsna aidiyyət qaydalarına uyğun verilməlidir. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərarında qeyd olunur ki, ... müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir... Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Hazırkı iş üzrə də iddiaçıya verilən mənzilə baxış keçirilməsinə, həmin mənzilin vəziyyətinin mütəxəssisin və (və ya) cavabdehin nümayəndəsinin iştirakı ilə müayinə olunmasına zərurət yarana bilər. Ona görə də qanunvericilik belə mübahisələr üzrə işlərə düzgün, vaxtında və obyektiv baxılmasına əlverişli şəraiti təmin etmək məqsədilə onlara mübahisəli daşınmaz əmlakın olduğu yerin məhkəməsində baxılması qaydasını müəyyən etmişdir. Əgər cavabdeh binanı ümumiyyətlə inşa etməsəydi və ya inşa etdiyi binadan iddiaçıya mənzil verməsəydi, bunu müqavilə öhdəliklərinin yerinə yetirilməməsi kimi qiymətləndirmək olardı. Lakin iddia ərizəsindən belə başa düşülür ki, iddiaçı mənzillə (daşınmaz əmlakla) bağlı müqavilə öhdəliklərinin qüsurlu, natamam icra olunmasını mübahisələndirir. Cavabdehin xx.xx.2023-cü ildən iddiaçıya müvəqqəti kirayə haqqının ödənişini dayandırması da onu göstərir ki, cavabdeh artıq iddiaçını mənzillə təmin etdiyini və bununla da müqavilə öhdəliklərini yerinə yetirdiyini zənn edir. Halbuki, iddiaçının mənzilin vəziyyəti və görülmüş işlərin keyfiyyəti ilə bağlı cavabdehə qarşı iradları vardır. Göründüyü kimi, iddiaçının tələbləri bilavasitə ona verilmiş mənzillə bağlıdır. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, iddiaçı onun sahibliyinə verilən mənzillə bağlı hüquqlarının pozulmasını aradan qaldırmağa yönəlmiş tələblərinə dair iddia ərizəsini həmin mənzilin (daşınmaz əmlakın) olduğu ərazi üzrə məhkəməyə verməlidir. MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. İddiaçı iddia ərizəsini ərazi aidiyyəti üzrə bu iddiaya baxmalı olmayan məhkəməyə vermişdir. Bununla razılaşmayan iddiaçının mövqeyini və şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız kimi qiymətləndirir. İddiaçının şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir və həmin şikayətlə bağlı qərardadın ləğvi üçün başqa əsaslar da müəyyən olunmamışdır. Ona görə də şikayət təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” 20 iyun 2024-cü il tarixli, 2(012)-3864/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin iddia ərizəsinin qaytarılması haqqında, habelə ərazi aidiyyətinin mübahisələndirilməsi ilə bağlı qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128-133, 266-269, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” 20 iyun 2024-cü il tarixli, 2(012)-3864/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar